"Bu insan mənə tanışdır..." - İnandıra bilərsinizmi, Nigarı üçün bənövşə yığmağa getməyib Rəsul Rza?

"Bu insan mənə tanışdır..." - İnandıra bilərsinizmi, Nigarı üçün bənövşə yığmağa getməyib Rəsul Rza?
1 aprel 2026
# 15:00

Bu gün Xalq şairi Rəsul Rzanın anım günüdür.

Kulis.az Südabə Ağabalayevanın "Bu insan mənə tanışdır" yazısını təqdim edir.

Mən onu görməmişəm - bir əsrdə, bir şəhərdə yaşamışıq. Mən onu tanıyıram - bu «tanıyıram» qənaəti onun şöhrətindən yox, "Şair dərdlilərdə həmdərd doğulur" fikrindən boy verir. Və onu da dəqiq bilirəm ki, ucuz zövqün, bəsit düşüncənin ah-zarı, «öldüm-yandım» qınından sıyrılmağı ağlının ucundan belə keçirməyən «əzabkeş» «Mən»in dərdindən çox uzaq, lap qütb uzaqlığında duran həmdərdlikdir bu.

Mən onu tanıyıram. Özü verib tanışlığı:

İnsanlardan soruşun,

Onlar məni tanıyır.

Onu tanıyan insanlan xatirəığında şair, məmur, dost, vətəndaş, insan Rəsul Rza «ömür pəncərəsini sabaha açır», ötüb keçənrə, gələnlərə üz tutur:

İnsana,

İnsana,

İnsana

İnan!

Ən sərt adam ən kövrək adamdı.

Ən kövrək adam ən sərt adamdı. (Sərt adam acıdil olar, kəmhövsələ olar, ağır xasiyyət də ola bilər, amma sərtlik - kobudluq deyil!)

Dünyanın ən sərt və ən kövrək adamları şair olur. Şeir yazır demirəm, şairlik onların içində, düşüncəsində, həyata baxışlarındadır.

Bu insanın sevgisinin soyuğunda donmaq da olar:

Ömrümdə aman deməmişəm,

İstər vuruş olsun,

İstər küsüş, istər barış.

istisində ərimək də:

Gözlərinə baxmasam

Göz nəyimə gərəkdir

deyə, ən qiymətli olanından çox asanca (!) imtina edə biləcək qədər kəskin olan insan «mənsiz olacaqsan» demək qorxusu qədərincə kövrəkdir, həssasdır. Amma bu qorxu başqa qorxudur:

Ömrüm nə uzun olsun-

Təngə gətirə məni,

Hər gün məni görəni

misraları gerçək ola bilməyən arzuların ağırlığı altında boğulan küsgünlüyün, ömürdən, yaşamaqdan bezməyin diqtəsi deyil. Elə olsaydı, gerisi belə gəlməzdi:

Nə elə qısa olsun –

Sevindirə düşməni!

Sadəcə, itkisiz, ayrılıqsız ölümün mümkünsüzlüyü qarşı­sın­da bu insan sıtqamır, «doğrunun acısı»nı «bir dərdli, adi ömür»lə qane olmaq təmkini ilə qarşılayır. Amma adilik onun­çün deyil, o, çarpışmalarda, mübarizədə keçən həyat yaşamaq üçün doğulan­lardandı.

Mübarizə bu gün də var,

yarın da,

mən də onun ən ön sıralarında.

Bu, gəlişigözəl deyim deyıldi, bu, yaşanacaq ömrün qa­yə­si idi və bu ömür hər günü ilə bu qayəni təsdiq etdi. Çarpışmalar, mübarizələr üçün əsr, dövran elə meydan açmışdı ki, doğulanlar az qala ana qoynundan vuruşmalar girdabına düşürdülər.

Körpəliyin tükənməz

Bir xəyal dünyası var.

Belə yazacaqdı şair və körpəliyi zamanın o kəsiyinə düşür ki, bu kəsikdə hadisələr, olanlar vaxtın basırığındadır, göz açıb yumunca “İndilər dünən olur”

«Rəsul altı yaşından məktəbdə oxumağa başlamış, bir il sonra uzaq Petroqradda axırıncı rus imperatoru II Nikolay taxtdan salınmış, inqilab başlamışdı...» yeddi yaşı ilə on yaşı arasındakı illər - anarxiya və hərcmərclik illəri - nə üçünsə «hürriyyət dövrü» adlanırdı, elə bir «hürriyyət dövrü» ki, gecələr heç kəs küçəyə çıxmırdı, axşamlar həyət qapıları möhkəm bağlanırdı və gecələr kimin qapısı döyülürdüsə, ev sahibi tüfəngini götürüb çaxmağını ayağa çəkirdi, sonra qapıya gedirdi ki, ay adam, kimsən?»

İnqilab bu dövrün uşaqlarının uşaq həyatının tarazlığını əymişdi və Ənvər Məmmədxanlının xatirəsi müvazinətini itir­miş, axarından çıxmış uşaqlığın aydın təsviridir. «... biz gündüzlər şəhər uşağı idik, şəhərin mərkəzindəki məktəbə gedirdik, o məktəb qabağındakı meydanda keçirilən mitinq­lərə qulaq asırdıq, şəhərdə nümayiş başlananda nümayişçi­lərə qoşulurduq, axşamlar isə kənd uşağı idik, şəhərin kəndə çevrilməyə başlayan həddindəki evlərimizə qayıdırdıq...»

O evi xatırlayanda – Rəsul Rza

Ağzım torpaq dadır – yazacaqdı,

«Molla Nəsrəddin»in məzəli şəkillərini, «Tuti», «Babayi-Əmir», «Probujdeniye», «Niva» jurnallarını, bacısının uzun qış gecələrində «Min bir gecə»dən, «Natpinkerton»dan oxuduğu nağılların sevincini xatırlayacaqdı, çox-çox illər sonra anlayacaqdı bacısının nağıllarla baş qatmasını:

Atasızlıq acısı

Çökməsin körpə qəlbimizə.

Amma o ahəng ki, çöldə tüğyan edirdi, o ahəngin coşqun ovqatı, uşaqlığın yaşından qabağa qaçan müstəqilliyi evdə oturmağı mümkünsüz edirdi, əyalətin dar küçələrinə, ləngə­rinə sığmırdı və o ovqat bir az da Rəsulun canında-qanındaydı, bu təbəddülatın içində özünə sığmamaq xislətindən gəlirdi.

Saya gəlməz arzuların çeşidi tərcümeyi-halına, ilk baxışda qəribə səslənən, gec həzm olunan bu sətirləri yazacaqdı: «...ağıllı-başlı bir məktəb də qurtarmamışam...» amma tələsməyin, təəccüblüsü hələ sonra gəlir – heç tanrı bəndəsinə məsləhət görmədiyi belə təhsil üsulunu yenə də özünə rəva bilir. «...ancaq mən yenidən cavan olub təhsilə başlasam, yəqin təxminən belə bir yol keçərdim...»

Təəssüf zəiflərin işidir, xarakteri yetkin, iradəsi güclü insan üçün dərk olunmuş həqiqətdir ki,

Bütün ötüb keçən günlər

Ən gözəl günün müqəddiməsi imiş.

Təzada bax ki, «ağıllı-başlı məktəb qurtarmamış» Rəsul Rza XX əsr Azərbaycan poeziyasında məktəb yaratdı. Poezi­ya­da, şeirdə məktəb yaratmaq ifadəsi, bu məktəbin yaranmağa başlandığı illərin özündə olduğu kimi, bu gün də ehtiyatlı pauza, boğazarıtlama ilə dilə gəlir. Zəngin ənənəsi olan Azər­bay­can şeirinə yeni məzmunun zamanın diqtəsindən gəl­mə­sində təəccüblü bir şey yoxdur, amma formada yenilik, vəzndə sərbəstlik iddiası çoxlu sayda eksperiment, sözçülük, həyatın özündən gələn ritm, pafos xaosundan sıyrılıb çıxmaq, eyni zamanda, yeniliyin heç də ənənəyə arxa çevirmək, ondan üz döndərmək olmadığını sübut etmək bunları sadəcə sadalamaq deyildi. Şeirə yeni keyfiyyət gətirməyin – asan olmayan bir yolun – nə olduğunu, nə ilə nəticələndiyini uzun-uzadı şərh etmək cəhdlərini Fikrət Qoca belə yekunlaşdırıb:

Dedilər: Vəzni pozdu.

O, bir Şeir də yazdı.

Dedilər: Şeirinin bəzəyi azdı.

O, bir Şeir də yazdı.

Dedilər: Dayazdı.

O, bir Şeir də yazdı.

…Amma öz aramızdı,

o vaxt sözümüzə baxsaydı,

İndi Rəsul Rzamız olmazdı!

Rəsul Rzanın ədəbiyyata gəldiyi illər tarixdə xüsusi ab-havası, özünəməxsus təşbehri ilə seçilir. «Hürriyyətin hava­sı» özünü yavaş-yavaş göstərirdi. Zaman

Sənəti yumruqla

İlhamı zirzəmi ilə

qorxudanlar, «əli mandatlı ədəbiyyat darğaları» üçün işləyirdi,

Xorenlər iş başındaydı,

ruhullalar zirzəmidə can üstündə.

Zaman o zamandı ki,

Tanrısı «gözəllik və sevgi»

Cavid olmuşdu «xalq düşməni»…

Amma elə bu zamanın içində

Səhrada tək qalıb bağıran

Haray çəkib çağıran

Bir itgin kimi

Haraysız qalacaq

Sözü düşünənlər da vardı və belələri «dözüb hər möhnətə, hər dərdə, o çətin illərdə, o ağır günlərdə yenə də yaradır, qurur», şeir yazırdılar. Bütün mürək­kəb, vahiməli, təzadlı təzahürləri ilə həyat bir həqiqəti, bir aydın, sadə yol göstərmişdi: Aydındır şeirin dili.

Sevincinə də, qəminə də tərcüman olan bu dilin, bu ay­dın­lığın da ağrısı varmış:

Elə aydındır bu dil,

Nadan yüz il oxusun yenə bir şey anlamaz.

Çətini bura qədərdi – dolaşıq kələfin ucunu tapanacan-sonra çözməyə nə vardı ki. Sonralar, bu aydınlığın ağrısı ilə dostlaşanda - kimə deyim dərdimi, dünya dolu adamdır - çözmək müşkülə dönəndə Ezop dili çatacaqdı köməyinə... (Nə eybi var, göy atdan bir nəm-nişan qalmasa, zato, hər yanda boldur at ətindən kolbasa!)

(Qoca timsah, yekə timsah

udur xırda balıqları

udduqca da

gözlərindən bol yaş axır

Humanistdir timsah axı!)

Hələliksə, bu aydın, sadə dillə istəyini, umacağını bəyan edir və bu bir qəlbin səsi, insanlığın qəlbində əks-səda verir:

Mən nə istəyirəm?

Ciyər dolusu hava!

Könül dolusu sevinc!

Sevincin qədrini daha çox bilməyə hərdən kədər arzu­la­yan şair üçün dost da, düşmən də öz yerində, sabitqə­dəm, hər şey öz adında-dadında olmasıyla gözəldir, mənadır. Hər şeyin öz yerində, öz adında-dadında olmasının da, sən demə, çox asan çəmi var.

İnsanda insan oyadın,

Kamança çalın.

Mirzə Cəlildən gələn kamança kövrəkliyimizin görk olası aqibəti bəlli isə belə, şair öz qənaətində qətidir:

Yəqin kamança çala bilmirmiş Habil,

Yoxsa çalardı.

Nə araya qan düşər,

Nə kin-küdurət qalardı…

Bu nə şair sadəlövhlüyüdü, nə də həyata cəhrayı eynək­dən baxan yaşın pafosu. Bu şeiri yazanda (1967) Rəsul Rza ömrünün yarıdan çoxunu yaşamışdı, həyatın hər üzünü gör­müş­dü, insan münasibətlərinin çeşidli çalarlarından çeşidli hiss­­lər yaşamışdı, vəzifənin, mövqenin xarakterdə çevik çev­ril­­mələrinin təəssüfünü-göynəyini, dünən öydüyünü bu gün söy­mək, bu gün söydüyünü sabah öymək simasızlığının ağrı­la­rını da az dadmamışdı, amma bütün yaşadıqları, gördükləri əqi­də və baxışlarında, davranış və münasibətlərində səbatını sın­dıra bilmədi, kəskin ağlını korşalt­madı, «yer üzünün yara­şı­ğı, gözlərində həyat işığı insanlara...» inamını azaltmadı. İnam, bütövlük yaradıcılığına da yarlıq oldu, insanlara inam: «Mən-insanam» qürurunda qəlbiləndi. Bu insan ömrü xırda hisslərə xərcləmir, məhəlli çərçivəyə sığmır:

Yüz min illik olsa bu yol,

Yenə keçərdim onu yorulmadan,

Həsrətilə sürünə-sürünə,

Yeriyə-yeriyə

Üzümü qoyardım

Ən adi, tozlu torpağına.

Planetim mənim.

Planetin harasında olur-olsun, torpaq - bozmu, qəhvəyi­mi, sulumu – və insan – ağmı, qaramı, sarımı - onun şeirinin, dü­şün­cə­sinin başlıca mövzusudur. Eyni torpaq üstündə gəzən insanların

Sevincdən, qəmdən keçən,

Mübarizələrdən keçən

YAŞAMAQ adlı bir yolu var.

İstər Hindistan, Suriya, İraq, Həbəşistan olsun, istər Yaponiya, Almaniya – elə hər yerdə

Əllər iş istəyir,

Ağızlar çörək.

Gördüklərinin şair qəlbində-qələmində göyərtdiyi arzu da elə hamının arzusudur – hamının dilində şeirə çevrilmir (bəlkə buna görə şairləri arzular tərcümanı adlandırırlar?)

Bir elə gün olaydı ki, deyəydilər:

Planetin heç yerində bir güllə də açılmadı.

Bir gün ilə, əsrə dönüb uzanaydı…

* * *

Rəsul Rza yaradıcılığında bir mövzunu da müharibə qo­yub. «Müharibənin yaralanmış düzlərini, yaralı yollarını» «in­san­lığı güldürəcək nurlu səhər bizimdir» inamı ilə keçib: Azərbaycanlı döyüşçü «Bəxtiyar»la birgə, «And içib», döyü­şən «Vətən oğullarıyla səngərdaş olub» ki:Bir cüt gözün matəmi//Min-min gözə çökməsin.

Gözü ilə gördüyü dəhşətlərin bir qismini «Krım xatirə­lə­ri»nə köçürüb. Amma itkilər da yad deyildi, ağrılar da. Rəsul müharibəyə «qazanca qaldığı» illərdən gəlmişdi, dost itirmiş­di, səsini çıxara bilməmişdi... Cəbhədə itirdiklərinin, insan ölü­mü­nün yenə bir adı vardı. Amma Müşfiq, Cavid, adları uzun müddət həyatın tufanlarında «qum üstündə ləpir kimi» itən neçə-neçə qələm yoldaşı, tanış, yaxın-uzaq, hələ üstəlik, əmisi, həyat yoldaşının soyadı ilə bağlı ailənin başı üstündə diş qıcayıb duran «sürgün» qorxusu, taleyindən nigaranlıq da ürəyində idi.

«Rəsul müəllim bu gecə məni nəslinin acı taleyi ilə tanış etdi. Nigar xanımın və öz valideynlərinin çəkdiyi iztirablardan, siyasi repressiya qurbanları olanlardan ürək ağrısı ilə danışdı. Bunlar indiyədək nəinki mənə, bəlkə də çoxlarına məlum deyildi. Təbii ki, adi şəraitdə o, mənimlə belə açıq danışmazdı. Dərd insanları birləşdirir, deyirlər. O, tərcümeyi-halını danışdıqca gözüm qarşısında misilsiz iztirablar görmüş, böyük bir nəslin faciəli salnaməsi böyük aləm canlanırdı. Onun həyəcanlı və alovlu sözləri bir növ tövbə, bir növ açıq etiraf, quruluşa, ədalətsizliyə qarşı kəskin etiraz kimi səslənirdi... Rəsul müəllimi heç zaman belə həyəcanlı görməmişdim. Görə də bilməzdim. Dərd və qüssədən az qala ürəyi partlayacaqdı. O, birdən dəhşətli yuxudan ayılmış kimi susdu, dərindən köksünü ötürüb dedi:

- Ürəyim sənə qızdığı üçün hər şeyi söylədim».

Süleyman Vəliyevin «Qaranlıq gecənin işıltısı» («R.Rza xatirələr işığında») adlı xatirəsindən götürülmüş bu sitatın böyüklüyünü nöqsan tutmayın, sadəcə, Rəsul Rzanın belə etirafına, öz ağrısını bayraq edib ondan dividend kimi istifadə etdiyinə bircə dəfə də rast gəlinmir. Amma dilə gətirilməyən ağrının ağırlığına dözmək əzabı əzabların ən dözülməzidir.

Şair qəlbinin etirazı, etirafı özünü bir də «Qızıl gül olmayaydı» poemasında göstərib. Poemanın ədəbi-ictimai fikir tariximizdə yeri, rezonansı haqqında istənilən qədər fikir söylənib, rəylər yazılıb. Haqlı-haqsız. «Qızıl gül olmayaydı» - Zamanın Tarixə zərbəsinin İnsan Talelərində qoyduğu çeşidli izlərin poetik şəklidir. Olmuşların qabağında heç yerə yetməyən təəssüfün, əli bağlı əlacsızlığın için-için ovduğu qəlbin yanğısıdır, göynəyin göz yaşıdır.

Elə bil ki, dil-dil ötür

Hər hüceyrəmdə

Göz-göz açılmış yaralarım.

«Qızıl gül olmayaydı» - etirafdır. Məgər «37 səhifəsi» yalnız «bircə anda «yoldaş»dan donüb «vətəndaş», «əqlini itirib xoşbəxt olan»ların faciəsi idi? Eldə bir deyim var:

Özün öldün qurtardın,//Məni qoydun yamana. Bəs qalanlar, susanlar (susmayıb nə edəcəkdin?) o xofu nəsil-nəsil soyuna bilməyənlər? Etiraf da vicdana, əxlaqa bağlıdır.

Lakin necə sakit deyim ki,

Səsim gəldikcə bağırmadım.

Təsəvvürə sığmayan dəhşətin, qorxunc həqiqətin qaba­ğın­da sükuta sığınmaq hələ meşşan səadəti axtarmaq deyil.

Yox, qaldırmadıq səsimizi,

Çünki düşmən aldatdı bizi.

Dost cildinə girdi,

Dost göründü.

Özünü sığortalama, təmizə çıxarma cəhdi də deyil... (“heç kəs məndən iltizam almad”ı)

Axı, bizlərdən kim qorumaqçın inqilabı

Verməzdi öz canını…

Və məhz inam («biz inanmışdıq ki, inqilab üçün belə gərəkdir»):

Hansı böyük məqsədi

Çətin günlər sınamır?

yüzlərin, əqidəni vasitə yox, məqsəd bilənlərin iztirabla­ra dözməyinə kömək oldu. Əslində, bu da təsəllidir. Gələnlər üçün, gedənlərin həsrətinə dözməyin əl ağacıdır. Və bu təsəlliyə söykənən insan yaxşı bilir ki, «min-bir ümumi sevinc dağıda bilmir bir həsrətdən, bir ölümdən doğan qəmi». Aydın məsələdir,

Qəmin böyük ağrısına

Şəfa deyil söz məlhəmi.

Və bu etiraf, bu təsəlli, gedənləri qaytarmasa, yaraları sağaltmasa belə, gərəkdir. Ən azı ona görə ki, «onların təkrarına bir də olmasın imkan».

Zamanın və bu zamanın içindəki insanın ömür yolu olan «Qızıl gül olmayaydı» bu yolda ilk addımlardandı. İlk addım və bu addımı ata bilmək cəsarəti... «Qızılgül olmayaydı»... Kaş olmayaydı, olmasaydı solduğunu da görməyəcəkdin... amma bu, qızılgülün qədrini-qiymətini bilməməkdənmi gəlir? Bəlkə əksinə, könlünü, gözünü, ruhunu oxşayan bu təravət, bu zəriflik gözünün qabağında ləçək-ləçək saralır, yarpaq-yarpaq solur, sənin isə əlindən heç nə gəlmir, gücün çatmır əldən gedən gözəlliyi tutub saxlamağa, özünü günahkar bilirsən, gücsüzlüyün yaxıcı hikkəsi sözləri qaynadır içində: Nə gözüm səni görsün,//Nə könlüm şan-şan olsun. Amma vallah, nə bu görməzliklə, nə də itkilərin ağırlığı ilə yaşamaq mümkündür – qızıl gülün gözündə, qəlbində qalan işığı olmasa... Ağrının özünü bu ağrını aradan götürməyə səfərbər etmək, insan talelərinin elə insan əli ilə pozulmuş nizamını bərpa etmək cəhdinin özündə belə, işıq var və bu işıq bütöv­lük­də Rəsul Rza yaradıcılığının leytmotividir.

Arzuların, saf duyğu və təmiz niyyətin tərcümanı olan sözün urvatını bir boy da qaldırmaq – onu pafosdan adi söhbət tonuna keçirmək, şeirdə ali mətləbləri adi tərzdə də deyə bilməyin mümkünlüyünü göstərmək də, yeni ədəbi təfəkkürün formalaşma­sına və yeni ədəbi ənənələrin yoluna işıq salırdı. Bu işıq içimizdə mürgüləyən özümüzü oyadır, mürgüdən ayılıb, təlqin və təqdimatın pafosu, ritualı arxasında az qala görünməz olan başqa bir insanla üz-üzə qalırıq. Qəfil işıqdan gözü qamaşan insan ətrafına göz gəzdirir. Sən demə, həyat təkcə ağ və qara zolaqlardan ibarət deyilmiş.

Rəsul Rza ömrümüzün rənglərini göstərirdi. «Rənglər» ədəbi fakt kimi o qədər gözlənilməz idi ki, adi axarın ahən­gi­nə öyrədilmiş mühitdə çaşqınlıq yaratdı. Onu qəbul etmək, təsdiq etmək? Necə yəni, «ömrün, mübarizənin, qəlbin, nifrə­tin, gecənin, səhərin və insan taleyinin könlümüzdə canlanan rəngi?» Bu nə əllaməçilikdir?

Rənglər könlümüzdən keçir,

İsti, sərin küləklər kimi.

Nəğmələr, sözlər, səslər

Qəlbimizə dolur müxtəlif rənglər kimi.

Axı, belə deyiblər – belə demişik, belə görüblər – belə görmüşük:

Qara – matəm

Qırmızı – bayram

Sarı- nifrət rəmzi

İndi Rəsul Rza öz «yenilikçi iddiası», «sərbəst ədası ilə» nə demək istəyir?

Gördüyümüzdən artıq görmək istəməsək

Hər rəng adi boyadır.

Gördüyü ilə kifayətlənmək – bu vəziyyət rejimə sərf edir­­di. Ona bu lazım idi. Amma vəziyyətin sakit gölünə daş atılmşdı. İtkilərə, gedənlərə etiraz etməmişdilər, susmuşdular, amma... içəridə inama çat düşmüşdü. İnandıqlarını tanımağa başlayırdılar. «Yaxşı dostun itkisinin ağrısı»ndan betər ağrı baş qaldırırdı: şübhə, inanmsızlıq, etirabın itməsi... hələlik bu eti­ra­zın səsi təəssüf idi: «Qızıl gül olmayaydı...», daha qəlbin gö­zü­nü yummaq olmurdu. Demək istədiyini demişdi və başa dü­şənlər vardı ki, hamının baxdığında hamının görmədiyini gör­mək üçün qəlbin gözü ilə baxasan gərək. Onda qara mə­həb­bət rəmzi də ola bilər, «Qara matəm rəngidir – deyirlər, yox, yalandır, qaldır kirpiklərini, gözlərinlə inandır». «Yükü Təb­rizdə qalmış dəvə bir gün gələcək» ümidinin rəngi mavi­dir.

Dilimizin «ağ yalan», «sarı həsrət» ifadələri var. «Rəng­lər» – üstünü toz basmış yaddaşın qədimliyimizin dibin­dən cücə­rib boy göstərən yaşıl inadı idi, görmə və qavrama effektini yeni müstəviyə keçirmişdi. İnsanın və təbiətin, duy­ğu­ların və rənglərin ahəngdar uyarlığının qövsi-qüzeh heyran­lı­ğını təkrarlayırdı. Zaman və insan haqqında düşüncələri yeni yozumda – rəng dilində dilə gətirirdi.

Assosiativ düşüncə təkcə günün tələblərini, şeirin kanon­la­­rını geridə qoymamışdı, Rəsul Rza öz şair adını da qabaq­la­mışdı «Rənglər»də. Amma öz vətənində peyğəmbər olmaq çətinliyi qabaqcıl düşüncənin də payında idi. «Rənglər» «düzü-dünyanı» gəzib gəlmişdi. Deyəsən, təkcə Azərbaycan­da Rəsul Rza «çətin başa düşülürdü», azərbaycanlı oxucunun «zövqünü oxşamırdı». İctimai fikrə «sırınan» bu fikrin yalan olduğunu «sübut etmək» üçün çox da uzun vaxt lazım gəlmədi. 60-cılar ədəbiyyatının müəllim, ədəbi məktəb deyə qəbul etdiyi Rəsul Rza isə bu zamanı gözləmək fikrində deyildi. «Tapşırıqlı mərdimazar» hay-küylərinə çoxdan öyrəşmiş Rəsul Rza sözünü demişdi:

Xalq, oxucu adından

Yazmayın: filan, filan

Sənət idman deyil ki,

Qazansın çox tullanan.

Quru asfalt altından göyərən nərgizi görməyənrin «təşviş də tanış idi, tünd qəhvəyi rəngli – namərd tənəsi də.

Yenilikdən qaçmayın,

Hər dəfə

Yeni sözü gələndə

Tər-tələsik

İki dırnaq açmayın

Azərbaycanda «Rənglər»ə rəng veriləndə, onu tərcümə etmiş İlya Selvinski bu silsiləni belə qiymətndirmişdi:

«Bu gözəllik, rəngri hərflərdə görən Artur Rembonun rənglər cazibədarğını da kölgədə qoyur». Bu ikili münasibə­tin arasında qalan şair isə poeziyasının başlıca xüsusiyyətlərini şərh edir: «...Təmtəraqlı ibarələrdən, bayağı qəşənglikdən, çoxsözlükdən qaçmaq...danışıq tərzi, sınanmış sa­də­lik, özünə­məx­susluğa canatma, orijinallıq (ancaq orijinal­lıq xatirinə olanı yox), hər sözdə nəsə təzə bir şey demək, təsvir etdiyim obyektin yeni cəhətlərini göstərmək...». Əslində, heç ola bilməz ki, ədalətli tənqidin nəzər-diqqəti bu ümumi­ləş­dirmə üçün yetərli olmasın. Amma tənqidin «vəzifəsi» əsərin ideo­lo­ji baxımdan «faydalılıq dərəcəsi»ni «aydınlaş­dır­maq»dı və Rəsul Rza poeziyasını ənənədən uzaq, oxucu zövqünü çaşdı­ran gərəksiz eksperiment adlandırmaqdan çəkinmirdi.«Məgər ənənə yaratmaq keçmişin mütləq haqqıdırmı? Niyə keçmişdən 100 dəfə maraqlı, zəngin olan bizim gerçəkliyimiz belə ənənələri yarada bilməsin va yaratmasın?» (R.Rza)

Mən demirəm, yenilik

Yaxşılıqla əkizdir.

Sən də hökm vermə ki,

Nə yenidirsə, pisdir.

Amma bu da həqiqətdir ki, «Rənglər»i Azərbaycanda da layiqincə qiymətləndirənlər, onu ədəbi uğur hesab edənlər, müəllifini məhz bu silsiləyə görə daha çox sevənlər vardı və elə təkcə «Rənglər»in təsiri ilə yazılan neçə şeiri misal gətirmək mümkündür.

XX əsr Azərbaycan şerində Sabir, Səməd Vurğun, Rəsul Rza ədəbi məktəblərini bir-birinə qarşı qoymaq və ya pye­desta­­lın pilləsində onların yerini müəyyən etmək cəhdlə­ri­nin özü bütövlükdə poeziyaya, ən azı, səriştəsiz və hətta düşmən mövqeyi ilə səsləşən münasibət nümayiş etdirmək deməkdir.

Qoy şeirə toxunmasın

Şeir anlamayanlar,

və yaxud,

Babamla çox oxşarımız var:

Bir çox da oxşarsızlığımız…

Babam olmasaydı,

Mən də olmazdım.

Təkcə nəsil davamı kimi deyil, ümumən kökə bağlılıqda Rəsul Rzanın şair mövqeyi – «rahat qoysunlar əziz xatirəsini böyük ustadların» – bu günün də çox ehtiyac duyduğu nəsihət­dir. Ustad­lardan görüb-götürdüyü «mərdlik, ədalət, məhəbbət» «düşmənlə düşmən, dostla dost» nəsihətinə əməl etmək, Nəsi­mi­yə, Füzuliyə, Sabirə «ustadım, babam, atam» deyə bilmək haq­qını qazanmaq üçün bir insan, «bir şair ömrünü girov qoydu» – «girov» qoyulmuş bu ömür məsuliy­yə­tin nümunəsi idi. Bu məsuliyyət yaradıcılığının zahiri görün­tülərində əks olunmur, mahiyyətə enir. Onun yenilik cəhdləri hər cür köhnə­ni inkar etməkdən başlamır, ümumiy­yətlə, bu maksimalizm ya­ra­dıcılığının ilkin dövrlərində – yeni həyatın coşqun ahən­gin­dən doğaraq – özünü göstərsə də, köhnəyə, ənənəyə yara­dı­cı münasibət getdikcə dərinləşir. Məsuliyyət Rəsul Rzanın poe­zi­yasında yox, sözə münasi­bə­tind­ə yox, bütövlükdə Azər­baycan dilinə, bu dilin saflığı, onu anlaşılmaz edən yad tərkib və ifadələrdən təmizləmək, ədəbi dili sadə anlaşılan, fikri rahat, aydın tərzdə ifadə edə bilmək imkanlarını artırmaq barə­də düşüncə və fəaliyyətində özünü göstərir. Bu məqamda və­tən­daş – ziyalı Rəsul Rzanın obrazı onun şair obrazı ilə qoşalaşır: «Rəsul Rzanın Yazıçılar İttifaqının rəhbərliyindən uzaq­laş­­dırılmasının əsas, daha doğrusu, yeganə həqiqi səbəbi latın əlifbasından rus əlifbasına keçidlə bağlı idi». (Anar)

«Azərbaycan dili Vaqifin «Ay qabaqlı, bulud zülflü gö­zə­lin, duruban başına dolanmaq gərək...» misralarında əks olun­muş gözəl dilin ruhunu, ənənələrini saxlayaraq inkişaf etməlidir... Biz istəyi­rik ki, gələcəkdə də dilimiz ərəbçilik, farsçı­lıq, osmançılıq təsirinin qatışıqlarından təmizlənsin, ancaq bu iş ... birinci növbədə xalq dilinin zəngin xəzinəsi hesabına, dilimizin öz imkanları hesabına olsun...» (R.Rza, 1939-cu il).

Tarixini bilərəkdən qeyd etdiyim bu sitatda qoyulan mə­sə­lə Rəsul Rzanı ömrünün sonunadək narahat edən mövzu­lar­dan oldu: «Şeirimizdə yenilik, söz yaradıcılığı, ədəbi dilimizin inkişaf yönü, dilimizin gərəksiz əlamətlərdən qorunması...» Narahat ziyalı - vətəndaş mövqeyi, ilk addımın çətinliyi və mə­su­liyyəti boyuna biçilmiş Rəsul Rza ilk kino naziri olanda da, ilk milli ensiklopediyanın yaradılması işinə rəhbərlik edən­də də, İraq-Suriya səfərindən Nəsimi ilə «dönəndə» da, dün­ya­nın nadir dillərindən olan xınalıq dilində danışan xına­lıq­lıları və Xınalığı Azərbaycana tanıdan ilk ziyalı dəstəsində olanda da onunla birgə olub.

***

Rəsul Rzanın ümumiləşmiş insan və sənətkar obrazı üçün yada düşən təyinlər BÜTÖVLÜK sözündə cəmləşir. Rəsul Rzanın şeiri, sözü də, özü də aydındır. Bütövlük də buradan gəlir; məqsəd, əqidə aydındırsa, inamın güclüdür. Başqalarından umduğu, gözlədiyi də budur: aydınlıq. El arasında buna sözünün ağası olmaq deyirlər. Şair ilhamı hərdən səni alıb aparar, lap olar ki, yeri gələndə, «Aldanma ki, şair sözü, əlbəttə yalandır» əlyeri ilə sözünün dalından qaçasan. Rəsul Rza incə və kəskin yumorunda da, ağrının, sevincin «şəklini çəkəndə» də «baltanı kökündən vurması» – sərrastlığı və lakonizmi ilə seçilir. Hədə­fə birbaşa vuranda da, sətiraltı mənalara üz tutmaq mə­qa­mın­da da kəskin, aydın və ciddidir. Sənətkarlığın səmi­miy­yətlə çulğaşması nümunəsi sayıla bilən bu sifətlər, əslində, insana böyük sevginin təzahürüdür və nə yazıq ki, qəlbində insanlara, həyata məhəbbət olmayanlar, insan kədərinə, sevin­cinə biganalər üçün bunun məhz belə olduğunu dərk etmək çətindir. Fərqli düşüncədə, həyata və hadisələrə baxışda özündən hətta bir addım qabaqda, bir boy ucada duranı görmək belələrinə dünyanı dar edir və qəribə bir hücum başlanır əks tərəfə. Amma «mərdi qova-qova namərd etmək» məsəlinin «bıçağı sümüyə dayanır». Bir incə yozum da var axı bu məqamda: mərdi qova-qova namərd etmək həmişə mümkün olmur, belə olanda, mərdi qova-qova... namərd də olurlar.

İnsanlar,

ey insanlar!

Məni hərdən incidib

könlümü sındıranlar!

Axtarın bu qəlbimi,

bir caninin dolaşıq

cinayət yollarını

gəzib axtaran kimi.

Orda sizlərə qarşı

Nə bir parça ədavət,

Nə də kin görərsiz.

Bəlkə tənə daşından

büllur kimi qırılmış

ürəyimin

Qızıl qan verdiyini görərsiz.

Mən də ürəyi ət, qan

bir canlı, bir insanam.

Mən də adi insanam,

Nə başdan-başa tərif,

Nə də cılxa nöqsanam.

Sabirdən gələn bu ağya, İskəndərin anlamaq dərdi«Acı olur doğru söz» təllisinin gətirdiyi inam qoşulur:

Acıdil desələr də mənə bəzi adamlar,

Yaxşıların içində mənim yaxşı adım var.

***

İnsan və sənətkarın xatircəmlik xoşbəxtliyini dadmaq üçün «bütün varğınla sevdiyi böyük anamız müqəddəs Vətən torpağına» tapşırılmağı gözləmək lazim deyil. O torpağa ki, səni ədəbiyyat aləmində yaradıcılıq zirvələrini fəth etməyə pərvazlandırıb. O torpağa ki, onun yetirəcəyi gələcək yeni nəsillər əsərlərinə görə səni hörmətlə, məhəbbətlə yad edəcəklər». (S.Rüstəm) Və 40 ilin dostu «mənə – onun köhnə dostuna inanın» – deyirsə, bizim inanmamağa haqqımız yox­dur. Gözünün qabağında böyüyüb püxtələşən şair dostun yara­dı­cılığına verdiyi qiymətə də eləcə: «Rəsul – müdrikdir, amma bu, həyatdan təcrid olunmuş bir öyüdçünün təkəbbürlü müd­rik­­liyi deyil, həyatın özünün müdrikliyidir. Bir də onun poezi­ya­sı əbədi gəncliyi ilə seçilir». Gənclik – Rəsul Rzanın ruhun­da­dır və bu ruh olmasa «bir oğlan, bir qız gəlir – dodaqlarında gəncliyimin təbəssümü» deyə bilməzsən. Bu ruhu hiss etmə­səy­­di, onun ardınca gedən nəsil olmazdı.

Əgər yoxluğu insan qəlbində «nə yaxşı ömrümdə o günlər ötub» (Niyazi) işığı yandırırsa, şeirin bu gününə «içimdə dəli bir fəryad,// necə olacaq axırımız, ustad» (T.Abdin) - nigaranlığını yaşayanlar ruhuna üz tutursa... «tabutunu özü apara bilmək xoşbəxtliyi» elə budur ki, var. Əlbəttə, misranın müxtəlif yozumları mümkündür. Bu məqamda isə, tabutunun arxasınca özünə və sözünə hörmətin, ehtiramın səfərbər etdiyi insanların könüllü borc anlamı da var.

* * *

İnsanın, sənətkarın ümumxalq məhəbbəti qazanmasının, «Xalq şairi», «Sosialist Əməyi Qəhrəmanı», dünyanı dolaşan şöhrət sahibi olmasının kökündə dünyaya, həyata, insanlara, arzu və ümidlərə inamı, məhəbbət, kökə, torpağa bağlılıq durmasa, mümkün deyil. Amma insanın, sənətkarın bütövlüyü, tamlığı üçün çox vacib bir amil də var. İnsan ailəsində dayaq görməsə, «Könlünü ilhamda, qəddini şuxda, gözünü işıqda saxlayanı» (Musa Yaqub) olmasa, nə eldə, nə fəaliyyətdə yüksələ bilməz. Rəsul Rzanın «İnsan və sənətkar» bütövlüyünün mühüm cizgisini görməmək, qeyd etməmək, onun obrazının tamamlanmaması demək olardı:

Sən, ömrün yolunda mənə rast gəlib,

Könlümü eşq ilə çəkib bağlayan!

Sən, təmiz adıyla başım yüksəlib,

Namərd tənəsindən məni saxlayan.

Nigar xanıma deyilib bu sözlər. Bunlar da!

Sevdim səni həyatı sevən kimi,

Sevdim həyat kimi

Dedim Xızır olaram:

Aradım səni abi-həyat kimi.

Sevdim, sevirəm,

Sevəcəyəm səni həyat kimi.

Bu sevginin qabağında «nə qəm, illər sovuşur, getdikcə artır yaş».

Mən şeir yazmamışam

Xurmayı saçlarına.

Tərifin yox sənin də,

Ala gözlü yarına.

Bu səssiz, zərif sevginin dağdan ağır dözümünə söykənib yaşamağın səadəti Rəsul Rzanın «namərd tənəsinə, dost itkisnə dözüb çinar ömrü yaşamağına» bəs etdi.

əsl xoşbəxtlik budur: «ömrün son akkordları», yorğun ömrün məlhəmi etiraf:

Hansı göz var ki,

ona açıq və dik

baxa bilmədik?!

E bu etiraf yazdırır bu sözləri də.

Rahat olun, dostlar, rahat olun!

Nigaranlığa yoxdur əsas…

Hələ mən

Gedəcəyəm iyli, rəngli,

Adlarını yüzdə bir adam bilməyən

yeni çiçəklər dərməyə…

Dəstəm böyük olacaq, çox böyük,

dünyanın bütün yaxşı adamları,

bir də yurdumun baharı…

İnandıra bilərsinizmi məni, dünyanın yalan günündə, ölümün özünü aldadıb Nigarı üçün bənövşə yığmağa getməyib Rəsul Rza?

Bu sözlərin bütün zamanlarda eşidiləcəyinə isə heç kəsi inandırmağa ehtiyac yoxdur:

«Möhtəşəm vüsətinizə, poetik istedadınıza, insanlığınıza görə, insana bəxş etdiyiniz hər şeyə görə çox sağ olun!» (Eduardas Mejelaytis )

# 257 dəfə oxunub

Oxşar xəbərlər

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

12:00 1 aprel 2026
Rasim Balayevin yerinə təyinat nə vaxt reallaşacaq? - AKİ-dən cavab

Rasim Balayevin yerinə təyinat nə vaxt reallaşacaq? - AKİ-dən cavab

16:10 31 mart 2026
"Gözlərimdən sanasan dəryayi-ümman ayrılır..." - Rasim Balayevin son vidası

"Gözlərimdən sanasan dəryayi-ümman ayrılır..." - Rasim Balayevin son vidası

15:20 30 mart 2026
Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edildi

Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edildi

14:32 30 mart 2026
"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər