Əhməd bəy Ağaoğluna həsr edilən kitabın təqdimatı oldu

Əhməd bəy Ağaoğluna həsr edilən kitabın təqdimatı oldu
1 aprel 2026
# 15:13

İstanbulda Azərbaycan və Türkiyənin tanınmış ictimai xadimi, mütəfəkkir, yazıçı, hüquqşünas və şərqşünas-alim Əhməd bəy Ağaoğluna həsr edilən “Doğu ile Batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu” (Şərq ilə Qərb arasında bir mütəfəkkir: Əhməd Ağaoğlu) adlı kitabın təqdimatı keçirilib. Türkiyə türkcəsində hazırlanan nəşr Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən “Türkiyədə tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində ərsəyə gəlib.

Kulis.az xəbər verir ki, azərbaycanlı tarixçi, araşdırmaçı Dilqəm Əhməd tərəfindən arxiv materialları əsasında hazırlanan kitabda Əhməd bəy Ağaoğlunun heç vaxt araşdırılmayan və çap olunmayan elmi-ədəbi məqalələri, xatirələri, memuarları, yazıları, onun haqqında müsahibələr, tanınmış şəxsiyyətlərin fikirləri əks etdirilib.

Kitabda Prezident İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması haqqında Sərəncamında ədibin fəaliyyətinə dair fikirləri də yer alıb.

Türkiyənin ən qədim və nüfuzlu elm-təhsil müəssisələrindən olan İstanbul Universitetində keçirilən təqdimat mərasimində əvvəl Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, hər iki ölkənin şəhidlərinin xatirəsi yad edilib.

Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, İstanbul Universitetinin rektoru, professor Osman Bülent, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İstanbuldakı baş konsulluğumuzun konsulu Sevinc Süleymanova, Türkiyədəki səfirliyimizin müşaviri Füzuli Məcidli, universitetin müəllim heyəti, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar iştirak ediblər.

Tədbirdə çıxış edən rektor Osman Bülent Azərbaycan - Türkiyə qardaşlığı haqqında danışaraq, ötən əsrin əvvəllərində çox sayda azərbaycanlı fikir adamının Türkiyəyə köç edərək ideoloji fəaliyyətlərini burada davam etdirdiyini bildirib. O, bu insanların gələcəyin strategiyasında böyük rol oynadıqlarını, ölkələrimizin bugünkü baxışına istiqamət verdiyini bildirib.

O, nəşrin hazırlanmasını, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək bu istiqamətdə ortaq araşdırmaların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Nazir müavini Murad Hüseynov Azərbaycan - Türkiyə qardaşlığı, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını qeyd edərək, mədəni əlaqələrimizin güclənməsi, habelə Əhməd Ağaoğlu kimi düşüncə insanlarımızın araşdırılmasının ortaq irsimizin davam etdirilməsi üçün mühüm əhəmiyyət daşıdığını deyib.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada doğulmuş Əhməd bəy Ağaoğlunun yaradıcılığının həm Azərbaycan, həm də Türkiyənin ortaq mənəvi sərvəti olduğunu, onun maarifçilik, mətbuat sahəsində fəaliyyəti, dünyəvi təhsilin yayılması, milli oyanış ideyalarının formalaşmasında xidmətlərini qeyd edib.

Ağaoğlunun Şərq ənənələri ilə Qərb modernləşməsi arasında balansın tapılmasını vacib hesab etdiyini bildirən S.Abbasov, Azərbaycan Mədəniyyət Mərkəzinin dövlətimizin dəstəyi ilə gələcəkdə də bu kimi layihələr çərçivəsində iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə töhfə verən, Türkiyədə yaşamış tanınmış azərbaycanlıların zəngin irsinin araşdırılması və geniş şəkildə tanıdılması istiqamətində işlər həyata keçiriləcəyini bildirib.

Səfirliyimizin müşaviri Füzuli Məcildli Ağaoğlu mirasının bizim üçün düşüncə ideologiyası olduğunu qeyd edərək bu gün bu fəlsəfənin dövlətlərimiz arasındakı bağlarla ən bariz şəkildə nümayiş olunduğunu söyləyib.

Müəllif Dilqəm Əhməd kitabın yaradılması, məzmunu və Əhməd Ağaoğlunun həyatı barədə iştirakçılara məlumat verib. Vurğulayır ki, Əhməd bəy Ağaoğlunun Şərq və Qərb mədəniyyətləri arasında apardığı müqayisələr onun həm ənənəvi dəyərlərə bağlılığını, həm də modern düşüncəyə açıq mövqeyini nümayiş etdirir.

İstanbul Universitetinin hüquq fakültəsinin dekanı professor Fethi Gedikli və bu ali təhsil müəssisəsinin tarix bölməsinin professoru Halil Bal çıxışlarında Əhməd bəy Ağaoğlu, eləcə də bu kimi mütəfəkkirlərin Türkiyə ilə Azərbaycan arasındakı tarixi bağların daha da möhkəmlənməsi istiqamətində xidmətləri haqqında danışıblar.

Tədbir çərçivəsində yeni nəşr olunmuş kitabın sərgisi təşkil olunub, müəllif oxucular üçün imza mərasimi keçirilib.

Kitabın 20 nüsxəsi İstanbul Universitetinin kitabxanasına hədiyyə edilib.

# 933 dəfə oxunub

Oxşar xəbərlər

"Təhlükəsiz" olanı deyil, həqiqəti axtarmaq lazımdır...  - "Etikanın metodları"ndan bir hissə

"Təhlükəsiz" olanı deyil, həqiqəti axtarmaq lazımdır... - "Etikanın metodları"ndan bir hissə

15:30 28 avqust 2026
Londonun yeraltı aləmi ekranlaşdırılır - Məşhur repçinin prodüserliyi ilə

Londonun yeraltı aləmi ekranlaşdırılır - Məşhur repçinin prodüserliyi ilə

14:45 28 avqust 2026
Əli İsa Cabbarov namizədliyini geri götürdü - İşdən çıxmaqla bağlı ərizə yazdı

Əli İsa Cabbarov namizədliyini geri götürdü - İşdən çıxmaqla bağlı ərizə yazdı

14:10 28 avqust 2026
Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparır

Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparır

13:50 28 avqust 2026
"Üsyan edən arvadınızdırsa, qaça bilməzsiniz..." - Feminist yazardan sitatlar

"Üsyan edən arvadınızdırsa, qaça bilməzsiniz..." - Feminist yazardan sitatlar

13:10 28 avqust 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

12:45 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər