"Başa düşdük, sənin başın daşa dəyib, icazə ver..." - Nadirdən Kəramətə SƏRT CAVAB

"Başa düşdük, sənin başın daşa dəyib, icazə ver..." - Nadirdən Kəramətə SƏRT CAVAB
4 sentyabr 2025
# 16:00

Kulis.az Kəramət Böyükçölün müsahibəsində ədəbi mühitlə bağlı səsləndirdiyi fikirlərə Nadir Yalçının münasibətini təqdim edir.

Gənc müəllif öz müasirləri ilə fikir mübadiləsi aparır, düşünür, götür-qoy edir. Bəzən təbii olaraq, müəyyən periodda yaşca özündən böyük ədəbi nəsillərlə ünsiyyətə can atır, onların hansısa fikrini öz süzgəcindən keçirir, elə olur, razılaşır, elə olur, tam əksinə, deyilənlər hamısı ona absurd görünür. Müəllif ədəbi mühitin içində, bəzən üç-beş nəfərin toplaşdığı dar çevrədə öz potensialı üzrə yazmaq istədiyi mətnləri, arzuladığı obrazları qətiləşdirir. Təbii ki, bu dediklərimin arxasında yaxşı mütaliə və xas istedad olmalıdır. Lakin ədəbi mühitin bu və ya digər şəkildə bəzi ziyanları kimi müəllifə qazandırdıqları da çoxdur.

Bir yandan, səmimi olsaq, müəllif kimi cəmiyyət tərəfindən təsdiqlənməyin yolu əvvəlcə dar çərçivədə tanınmaqdan, ədəbi mühitdə qəbul olunmaqdan keçir. Düzdür, yazıçı yalnız yazı və mətnin ərsəyə gəlmə prosesi barədə düşünür, onun ağrısı, məşəqqəti bu prosesdir və yalnız ali mətn barədə düşünməlidir. Lakin şöhrət, qəbul olunmaq arzusu kimi imtina olunmaz instinktlər var.

Kəramət Böyükçölün Orxan Həsəniyə verdiyi son müsahibəsini oxudum.

Kəramət deyir ki, “ədəbi mühit deyəndə boş-boşuna gecədən-səhərəcən uzanan mənasız içki məclisləri yadıma düşür. Yazıçısansa, get, otur, romanını yaz. Daha bu barədə uzun-uzun danışmağa ehtiyac yoxdur”.

Təəssüf ki, Kəramət bu mövzunu içki məsələlərinə çəkir. Ancaq ədəbi mühit həmişə içkinin başına yığışmır. Əlbəttə, aşıq gördüyünü çağırar. Kəramət cavanlığında səhər-axşam yeyib-içib, ədəbi mühit dediyi ancaq içkinin başına yığışıb. İndi də belə məclislər olur. Amma bunun mühit məsələsinə, faydalılıq əmsalına təsirinə heç bir dəxli yoxdur. Ədəbi mühit deyəndə kitab nəşrindən, naşir-yazıçı-redaktor üçbucağından, ədəbi meyyarlar naminə sağlam polemikadan, fikirləri, estetika, üslubu uyuşan şəxslərin birləşib bir konsepsiyadan, ya da, tam əksinə, ayrı kontekstlərlə çıxış etmələrindən gedir. Bu ədəbi mühit dediyimiz şeyin durğunluğundan, əskiklərindən, artıqlarından danışmaq lazım idi. Yoxsa, yeyib-içmək belə gəldi, araq elə getdi. Belə söhbətlər lazımsızdı, başucalığı gətirməyən yanaşmadı. İndi kimsə bir yerə yığışıb ədəbi söhbət edirsə, sonra da nəsə içirsə, birincisi, bunu belə dilə gətirməyin nə mənası var, ikincisi də, bunun kimə nə dəxli var?

Yazıçını gözdən salan elə yazıçı olub. Kəramət müsahibədə Səfər Alışarlı və Şərif Ağayarın adını çəkir, bu müəlliflər də özü bir mühitin üzvləridi. Onlar da az yeyib-içməyiblər. Ətraflarına gənclər toplaşıb, danışıblar, fikir bölüşüblər. Ümumiyyətlə, bir yazıçının ədəbi mühit haqqında danışanda içki məclislərini yada salmağı, ona işarə vurmağı qeyri-adekvat, yazıçıya yaraşmayan hərəkətdir. Bununla ədəbi mühitdəki içki söhbətlərini bəzi ünsürlərin ağzına salır. Yazıçının ədəbi təəssübkeşliyi olmalıdır.

Həm də bunları elə adam deyir ki, vaxtilə o məclislərin gözü idi. İndi uzaqlaşıb rahat məsləhət verir: “Yazıçısan, get romanını yaz”. Başa düşdük, sənin başın daşa dəyib, qayıtmısan, icazə ver, bizim də başımız daşa dəysin, qayıdaq. Bəlkə, elə başımız daşa dəyməlidi?! Deyir, ədəbi mühit aldanışdır. Necə aldanışdır ki, Kəramətin özü o mühitin yetirməsidir. Deyir, ədəbi mühit mənə lazım deyil... Əlbəttə, Kəramət belə deyəcək. Ya yazıçı kimi, ya da feysbuk fenomeni kimi tanınır, tirajlanır. Amma bu cür özünü ədəbi mühitin içindən kənarda tutub, hardasa, yuxarıdan aşağı, ikrahla mühitə yanaşmaq, onu inkar etmək yazıçının feysbuk fenomeni obrazına uduzmağı ilə bağlı şübhələr yaradır.

Müəyyən bir yaşı keçəndən sonra, ola bilsin, ədəbi mühitdən uzaqlaşmaq lazımdır, uzaqlaşıb özünə qapanmaq, yaradıcılıqla məşğul olmaq vacibdir. Ancaq yaradıcılıqla məşğul olmaq da özündə əməkdaşlıq deməkdir, yəni yazdığının redaktəsi, ona gələn münasibətlər, haqqında fikirlər...

Kəramət Böyükçöl bunları yaxşı bilir, özü də çox yaxşı. O da ədəbi mühitdə formalaşıb, bu “şinel”dən çıxıb.

# 631 dəfə oxunub

Oxşar xəbərlər

"Bu detal məni heyrətləndirmədi" - Hekayə müzakirəsi

"Bu detal məni heyrətləndirmədi" - Hekayə müzakirəsi

12:00 3 sentyabr 2025
Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

10:00 24 avqust 2025
"Bomboz həyat bağrımı çatladacaq..." -   “Tütək səsi”nin Cəbrayıl rolunu  niyə Şahmar Ələkbərova vermədilər?

"Bomboz həyat bağrımı çatladacaq..." - “Tütək səsi”nin Cəbrayıl rolunu niyə Şahmar Ələkbərova vermədilər?

10:00 23 avqust 2025
Ayxan Ayvazın "Banan qabığı" hekayəsinin psixopoetik yozumu: Selincer podteksti - Mətanət Vahid

Ayxan Ayvazın "Banan qabığı" hekayəsinin psixopoetik yozumu: Selincer podteksti - Mətanət Vahid

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər