"Döyülən uşaqlar böyüyəndə döyənə çevrilir..." - Bizə "Pişik qadın" lazımdırmı?

"Döyülən uşaqlar böyüyəndə  döyənə çevrilir..."  - Bizə "Pişik qadın" lazımdırmı?
4 sentyabr 2025
# 12:00

Kulis.az Gülər Qasımovanın “Uşağını döymə, dizini döy” yazısını təqdim edir.

Bu yaxınlarda Ağdamda 2023-cü il təvəllüdlü azyaşlının valideynləri tərəfindən ağır işgəncələrə məruz qalması haqqında xəbər hər kəsi sarsıtdı.

Cəmiyyət isə artıq yavaş-yavaş belə halların qarşısının alınması üçün danışır. Bəs cəmiyyətdə uşaqlara qarşı zorakılığın səbəbləri nələrdir? Bu barədə düşünən və danışan varmı?

Bir Marvel qəhrəmanı təsəvvür edin: “Pişik qadın”. Onun ancaq bir missiyası var, o da hər gecə çıxıb uşaqlarını döyənləri cəzalandırmaq, onları zəncirlə döymək. Bəlkə də, bu, bütün döyülən uşaqların qəhrəmanı, arzusu ola bilərdi.

Əslində, belə bir qəhrəman bir az da uydurma olmalı deyil. Uşaqları qorumaq dövlətin, cəmiyyətin, valideynin borcudur. Bu gün yeni süni zəka dövründə hələ də Azərbaycanda ən adi insani haqlarından məhrum, zorakılığa məruz qalan uşaqların olması ürəkağrıdan mənzərədir. Amma səbəb bilinmədən də heç nə düzəlməz - deyirlər.

“Əti sənin, sümüyü mənim”

“Əti sənin, sümüyü mənim” deyərdi uşaqlığım olan dövrdə övladlarını müəllimlərə təhvil verən valideynlər.

Bu cümlənin altında, əslində, həm də dünya böyüklüyündə bir zorakılıq yatdığını başa düşməzdilər. Çünki onlar üçün nə olursa olsun, intizam vacib idi. Uşaqların intizamı üçünsə döyülməkləri. Çoxumuz müəllim kötəyindən keçmişik və bunu lazımlı qəbul etmişik.

Ötən illərin birində məktəbdə döyülən bir şagird haqqında videoya gələn şərhlərin böyük əksəriyyəti müəllimlərin tərəfini tutur, özləri də bu yoldan keçdiklərini və bunun onlara həyat dərsi olduğunu bildirirdi.

Filosof Mişel Fukoya görə, ailələr mikro institutlardır. Məktəblərdə, həbsxanalarda olduğu kimi, ailədə də uşaqların davranışını formalaşdırmaq üçün qaydalar tətbiq edilir. Uşaqlar üçün döyülmək əvvəlcə cəza kimi görünsə də, sonradan qorxaraq özlərini idarə etməyi öyrənirlər.

Bəzi valideynlər övladlarını tərbiyələndirmək məqsədi ilə döydüklərini deyirlər ki, beləcə zorakılıq adiləşdirilmiş və intizam donu geydirilmiş olur.

Döyülən uşaqlar böyüyəndə özləri də döyənə çevrilir və bu nəsildən nəsilə keçən adi bir hala düşür, az qala adətə çevrilir.

Bizim bəzən işlətdiyimiz intizam, təhsil və ya hətta valideynlik məsuliyyəti kimi ifadələr gücü maskalayır.

Fuko deyirdi ki, bilik və güc bir-birindən ayrılmazdır. Tərbiyə və nizam-intizam sosium tərəfindən daha rahat qəbul edilsə də, əslində, gücün nümayişidir.

“Qızını döyməyən, dizini döyər”

Belə bir atalar sözü var: “Qızını döyməyən dizinə döyər”. Xüsusilə qız uşaqlarını hədəfə alan və zorakılığı birbaşa təbliğ edən atalar sözünün mənşəyi yuxarıda bəhs edilən intizam metodlarına söykənir və patriarxal güc münasibətlərini möhkəmləndirir.

Sosioloq Pyer Burdyeyə görə, döyülərək böyüyən uşaq özü də bilmədən zorakılığı “normal valideynlik” olaraq görəcək. Bu, onların bir növ Habitusuna (alt şüurda, dərində ilişib qalan, nəsillərdən gələn “adət” və “vərdişlər”) çevrilir.

“Müəllim məni xeyrimə döyür” deyən uşaq da özlüyündə zorakılığa haqq qazandırmış olur. Uşaqlar beləcə gücün bərabər bölünmədiyini öyrənirlər. Böyüklər əmr verir, sən riayət etməlisən. Necə ki, ailədə, cəmiyyətdə də qeyri-bərabərliyi asanlıqla qəbul edirlər.

Dominantlıq əsasında böyüyən uşaqlar sonralar dominantlığa tabe övladların valideynlərinə çevrilirlər.

Ölkədə hələ də döyülən, işgəncə görən uşaqların çoxluğuna baxanda sosioloq Emil Durkeimin dedikləri yerinə düşür.

O deyir: “Uşaq döymək sosial funksional olduğuna görə hələ də davam edir. Döyülmək fərdlərə ciddi ziyan vursa da, avtoritar bir ənənənin caynağında nəsildən nəslə keçir. Ailələr və məktəblər cəmiyyət onlardan nizam-intizam və tərbiyə gözlədiyinə görə zorakılığa meyl edir, çünki bu istək şəxsi sevgini aşır”.

Xülasə, biz yalnız normalar dəyişdikdən, cəmiyyətin fikri övlad sevgisindən daha az önəmli olduqdan, kollektiv şüurda “Uşaqları qorumaq lazımdır”, “Onlar qorunmağa layiqdirlər, zorakılığa yox” fikirləri formalaşdıqdan sonra uşaq döyülməsi haqqında daha az xəbər oxuya bilərik.

Onda nə “Pişik Qadına”, nə də zəncirə ehtiyac qalar. Yanlız sevgi və məsuliyyət yeni, sağlam nəsil yaradar.

# 1185 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Musiqi Akademiyasında “Kənd namusu”

Bakı Musiqi Akademiyasında “Kənd namusu”

10:15 24 oktyabr 2025
TCL, QLED televizorlarında kvant nöqtələrinin olmamasında ittiham olunur

TCL, QLED televizorlarında kvant nöqtələrinin olmamasında ittiham olunur

10:14 24 oktyabr 2025
Neolit dövründə insanlar hansı işləri görürdülər? - 6 min illik saqqızın sirri

Neolit dövründə insanlar hansı işləri görürdülər? - 6 min illik saqqızın sirri

17:45 23 oktyabr 2025
Mark Eliyahu: "Ondan həm musiqini, həm də həyatı öyrənirəm"

Mark Eliyahu: "Ondan həm musiqini, həm də həyatı öyrənirəm"

17:13 23 oktyabr 2025
Luvr muzeyində  ən böyük oğurluq  nə vaxt olub?

Luvr muzeyində ən böyük oğurluq nə vaxt olub?

17:08 23 oktyabr 2025
Şeyx Əbdül:  "Ramiz Mehdiyev ermənilərlə bağlı çəkdiyim verilişi bağladı"

Şeyx Əbdül: "Ramiz Mehdiyev ermənilərlə bağlı çəkdiyim verilişi bağladı"

17:01 23 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər