Allahın meyxanəsi - Füzuli oxuculardan niyə üzr istəyirdi?

Allahın meyxanəsi - Füzuli oxuculardan niyə üzr istəyirdi?
4 mart 2024
# 17:00

Kulis.az Məhəmməd Füzulinin “Bəngü Badə” əsəri haqqında Fərid Hüseynin "Zəfər zavalı" adlı məqaləsini təqdim edir.

Haqqın haqqı...

Əgər Allah var olmasaydı və biz onsuz dünyada kiməsə sidq-ürəkdən bağlansaydıq, bu halda yəqin ki, eşq Haqqdan məhrum olardı. O zaman nəticə etibarı ilə aşiqlər sevib-sevilərkən bunca haqlı olmayacaqdılar. Sevgi ona görə bizi çox zaman haqlı çıxarır, eşqə düşəndə başqaları tərəfindən əksər günahlarımız o səbəbdən sərt qarşılanmır ki, məhəbbətin özəyində Haqq var. Sevib-sevilərkən bizi əksərən haqlı edən insani hüquqlarımızdan çox, sevginin mahiyyətindəki Haqqın varlığıdır. Aşiqləri bir çox hallarda haqlı mövqeyə ucaldan sadəcə sevgilərinin dürüstlüyü, paklığı deyil, eşqin mahiyyətində Haqqın mövcudluğudur.

Ey verən bəzmi-kainata nəsəq

Buraxan camı-eşqə Nəşeyi Həqq.

Meyxanə nizamı...

Əksər meyxanələr gündüzlər nizama salınır, sahman qazanır, amma gecələr həmin yerlərdə boş badələr, dağınıq süfrələr, aşmış içki qabları, yerlə bir olan yemək-içmək qalıqları, bir sözlə meşşanlıq sərgisi meydan sulayır. Meyxanələr demək olar ki, hər səhər gecənin həzlərinin xarabalığını nümayiş etdirir. İnsanın qurduğu meyxanələr bircə gün yığışdırılmasa, sahmana salınmasa növbəti gün dağınıqlıq, sahmansızlıq ucbatından əksəriyyət ora ayaq basa bilməz. Çünki orda alınan hər həzz özündən sonra xırda xarabalıqlar, pintilik nişanələri yaradır. Eşq isə Allahın “meyxanəsidir”. Ona görə də, bu məkan – ora heç zaman dağılmır, tar-mar olmur, orada heç nə nizamından çıxmır.

Eşq meyxanəsini qılan məmur.

Sunan ondan cəhana cəmi-qurur.

Əsrlərdir milyardlarla aşiq məhəbbət bəlasına düşərək Allahın meyxanəsinə qonaq olur, orda həzz alır, ancaq Yaradanın meyxanasında heç bir qarışıqlıqdan söhbət belə gedə bilməz. Çünki Allahın nizamını dağıtmaq eşqin rahatlığını dadan heç kəsin ixtiyarında deyil. Həm də fiziki həzlər dağıtmağa, mənəvi həzlər isə qurmağa yönəlikdir. Dünya meyxanələrində insan daim dağıdıcılıqla məşğul olur, Allahın “meyxanəsində” isə qurmaqla. Ona görə Allahın meyxanəsi olan eşqin ünvanında insan dağıdıcı xislətindən uzaqlaşır, qurmağa, nizama salmağa meyl edir.

Fiziki həzlərin sonunda insan gücsüzləşir, mənəvi həzlərin axırında isə Adəm oğlunun qüvvəsinə qüvvə qatılır. Bunun səbəbi isə çox sadədir: Allah – eşqin meyxanəsini abad edərkən bizlərdən daddığımız sevginin müqabilində heç nə almır, əksinə bizə daha da mənəvi, irfani enerji verir, ancaq bədənin gücünü var edən qüvvə isə bizə nə qədər həzz və güc verirsə, zamanı gələndə əvəzini artıqlamasıyla çıxır, – bizim varlığımızın məhvərindəki qüvvəti azaldır. Bizim ölümümüzə səbəb maddi dünyamızdır, yəni ruhumuzun bədəndən ayrılması. Çünki bədəndə hər qazanc itki hesabına olur, ruh isə əbədi və sabitdir. İtirmək fanilərə xas əlamətdir. Ruh mənəvi dünya ilə bağlıdır deyə həzlərdən və qazandığı qüvvə əvəzində heç nə itirmir.

İnsan bəzən sağlamlığını itirir, heç zaman əvvəlki kimi ola bilmir, çünki bədənin tövbə etmək imkanı – paklanmaq şansı yoxdur. Bədən sıfırlanmır, amma insan tövbə edərkən ruh, mənəviyyat sıfırlanır. Ona görə də insan ruhən itirdiklərini bir sıra hallarda tövbə ilə bərpa edir, amma maddi, cismani itirdiklərini isə geri qaytara bilmir. Çünki insan mənəvən özünü bağışlaya bilir, cismən isə yox. Əgər insan cismani xətaları – özünə baxımsızlığı, ürəyəsalmaları, psixoloji gərginliyi – aradan qaldıra bilsəydi, onda bədən də ruh kimi tövbə ilə ona dəyən ziyandan arınar və əbədi olardı.

Tamam olmaq...

İçkinin, şərabın mahiyyəti onu dadanı tamamlamaqdır. İçki onu nuş edən hər kəsi bir cür tamamlayır. Məsələn, biri şər xislətlidirsə, o adam ayıq başla daxili dünyasındakı şəri büruzə verməyəcək. Nəticədə şər yarımçıqlığına görə başqalarına gizli qalacaq. Yaxud özgə biri içərkən cəsarətlənib çoxdandır demək istədiyini deyə bilmirsə, ancaq dilinə şərab dəyən kimi içindəkiləri açıb-ağardırsa, deməli, o da öz əskikliyini, yarımçıqlığını beləcə tamamlamış olur. Yəni şərab hər kəsi öz mahiyyətinə görə bütünləşdirir. Dünyəvi şəraba hər dəm meyl etmək daha çox yarımçıq qalmaq istəyinin, daha çox tamamlanmağa can atan nəfsin imkanlarının göstəricisidir. Kim nə qədər yarımçıqdırsa, o qədər çox tamamlanmaq istəyir. Füzuli “Bəngü Badə”də əsərində Xudaya müraciətlə deyir ki, mənə eşqin həzzi üçün elə şərab ver ki, əskikliyim, natamamlığım tamamlansın. Füzuli adi meyin əlamətini İlahi “meyin” xüusiyyəti kimi əks etdirir ki, İrfan əhli olmayanlar da bu nümunə ilə deyilən fikrin mayiyyətini tam anlaya bilsinlər:

Bəzmi içrə sun mənə bir cam.

Leyk cam ki, nəqsim edə təmam.

Bu əsər – “Bəngü Badə” iki düşmənin – iki yarımçıq varlığın hekayətidir. İki mənəvən yarımçıq sultan bir-biri ilə düşmənlik edir. İnsan bəzən öz düşmənlərinin varlığı ilə, onlarla mübarizə aparmaqla öz yarımçıqlığını tamamlayır. Nə qədər çox düşmənin varsa, nə qədər çox insanla münasibətlərin korlanıbsa, deməli, onların arasında sağ qala bilmək üçün o qədər mübarizə aparmalı, o qədər tamamlanmalısan. Hər düşmənlə mübarizədə qələbə çalandan sonra yarımçıqlıq bir o qədər də artır, yaxud da əksinə: tamamlanır. Ona görə də başqasına güc gələn, ona sözünü yeridən, onun üzərində qələbə çalan insanlar özlərini bir çox hallarda ruhən məğlub etmiş olurlar. Başqası üzərində çalınmış hər qələbə, həm də həmin insanın öz məğlubiyyəti deməkdir. Öz natamamlığını özü gücü ilə bir daha təsdiqləməkdir. Zira insan ağlın gücünü və fiziki qüvvəsini göstərdikcə ruhun özünüifadə imkanı məhdudlaşır.

Döyüşün qaydası belədir ki, məğlub olan adətən özünü, qalib isə qarşı tərəfi daha yaxşı tanıyır. Ona görə insan nə qədər çox qələbə çalırsa, bir o qədər özündən uzaqlaşır, nə qədər çox uğur qazanırsa, o qədər də ruhuna ögeyləşir. Qalib – qarşı tərəfi yaxşı tanıyan insan hər qələbədən sonra özünə qarşı yadlaşır. Bəng Badəni yaxşı tanıyır, Badə Bəngi. Ancaq onların heç biri özlərini tam mənada tanımırlar, anlamırlar. Çünki onların hər ikisi olduqları, rütbəyə, mövqeyə daimi qələbələr hesabına gəlib çatıblar. Badə Bəngə qələbə çalandan sonra Bəng yox olur, Badə isə meydanda qalır. Buna səbəb odur ki, məğlub olan dünyanı dərk edərək, Allaha çatır, özünü tanıyır, gücünü bilir. İnsan Allahı öz gücsüzlüyü ilə daha dərindən dərk edir. Qalib isə adətən yeni qurbanın yolunu gözləyir. Qalib Allahı yox, olduğu vəziyyəti daha dərindən anlayır. Məncə, Füzuli ona görə də Bəngi məğlubiyyətdən sonra meydandan çıxarır ki, onun timsalında fiziki varlığın yox olmasını, sonda məhvə məhkumluğunu oxucuya daha inandırıcı şəkildə göstərsin. Əgər fiziki güc yoxdursa, deməli, əvəzində mənəvi güc var. Fiziki güc isə mənəvi gücü heç zaman özünə rəqib hesab etmir. Ona görə ki, fani əbədiyə, bədən ruha, dünyaya bağlı olan Allaha aid olana mahiyyət etibarı ilə rəqib sayla bilməz. Dünya daim fırlanır deyə insanın daxilindəki qütblər heç zaman biri-birinə yaxınlaşa bilmirlər. Ona görə də insanın daxilindəki ziddiyyətlər həmişə insanın qəlbi ilə ağlı arasındakı məsafədə bir-birində aralıda dayanırlar. Ziddiyyət həmin məsafədə zühur edir. Həmin məkan ziddiyyətin vətənidir.

Mərtəbələr...

Füzuli “Bəngü Badə” əsərində Allahdan sonra Məhəmməd Peyğəmbəri vəsf edir, daha sonra İmam Əlini. Füzuli peyğəmbəri “meyxanə başçısı”, “məclis saqisi” adlandırır. İmam Əliyə isə “Kövsərin saqisi” deyir. Sonra İmamı “Peyğəmbərin varisi” adlandırır. Eşq meyxanəsində hər mübarək insan o meyi başqalara öz vəzifəsini icra etmək məqsədi ilə paylayır. Bu baxımdan saqilik vəzifə yox, missiyadır. Allah insanlara vəzifə yox, missiya tapşırır. Kim ki ona verilən missiya yerinə yetirə bilmir, o adam sonda vəzifəpərəst olur. Vəzifə bir sıra hallarda missiyası olmayanların yüksəlişidir. Missiyada isə yüksəliş yoxdur. O səbəbdən ki, missiya Tanrının düz xəttidir. Vəzifə isə insanların yüksəliş pilləkənidir. Missiya xəttinin üstü ilə yeriyənlər adətən yıxılmır, vəzifə pilləsindən aşağı aşmaq isə bir anın hökmüdür. Missiyanı insanın əlindən almaq olmur, vəzifədən isə hər yetəni salmaq çətin iş deyil. Füzuli dünyanı meyxanəyə, saqiliyi missiyaya bənzədir. Dünyanın meyxanəsində saqilik edənlər vəzifə sahibləri, Allahın meyxanəsində mey paylayanlar isə missiya yiyələridirlər. Füzuli Bəng və Badəni tanıtdırmadan – şahlığın ucalığından daha əvvəl Allahın rəva gördüyü mərtəbələri – görəvləri insanlara xatırladır.

Ayninədarın ucalığı...

Füzuli Həzrəti İmam Əli barədə yazır ki, o, “haqqın sürətinə aynatutandır”:

Oldur ayinədari-surəti-Həq.

Dində Allahın vahid sürəti yoxdur, amma adlarına uyğun əlamətləri var. O adlar isə xarakter, kimlik, necəlik barədə bizdə Allahın təssəvvürünü formalaşdırır. Allahın sürətlərinin xarakterini onun müqəddəslik mərtəbəsinə ucalmış vasitəçiləri bizə göstərir. Deməli, onlar Tanrının dində necə əks etdirilməsini insanlara çatdırır. Həqiqət Allahdadır, din isə həqiqət əks olunan güzgüdür, o güzgünü aynatutanı isə müqəddəslərdir. Füzuli əsərin əvvəlində Zəmanənin hökmdarına, daha sonra Zəmanənin saqisinə müraciət edir. Beləcə, yuxarıda da dediyimiz kimi, vəzifə və missiya bölgüsü əsərin bu yerindən sonra tamamilə bir-birindən ayrılır. Zəmanə gəldi-gedərdir, güc sahiblərinə aid zaman kəsimidir. Zamanənin hökmdarı, saqiləri isə Bəng və Badədir. Sonda bu iki zaman və rütbə fərqlərini bir daha nişan vermək üçün dahi Füzuli oxuculara, insanlığa xitabən yazır ki, “Əli övladının məclisində qal, məstlər kimi özgə məclisi unut”. Məst insanlar olduqları yeri əsas yer hesab edirlər, onları kənar aləmlər düşündürmür. Füzuli bu məqamı bilərəkdən oxucuya deyir, sanki bununla oxucunu hazırlayır ki, bir azdan səni meyin və tiryəkin gözəl sifətləri, keyfiyyətləri ilə tanış edəcəm, amma sən o həzlərin arxasıyca getmə – Allah məclisində qal. Din Allah məclisidir – o məclisi quranlar isə peyğəmbərlər və imamlardır. Allahın məclisinin nəticəsi sülh, dinclik, cənnətdir – insanın məclisinin sonu isə sonda müharibə, qan-qada, cəhənnəm. Ona görə də insan Allahdan uzaqlaşdıqca şəxsi qələbələrə həddən artıq üstünlük verir. Hər qələbənin çanağı isə bir məğlubun başında çartlayır. Bəngin hansı üstünlüyü olur olsun, Badənin hansı keyfiyyətləri olur olsun, onlar sonda müharibə etməyə məhkumdurlar. Onlar öz güclərini ancaq şər ilə ifadə edə bilirlər, çünki xudbinlik nəfəslərinə dolub. Dünyanın qurduğu məclisin gülabı qan, bəzəyi insan başları, havası ah-nalə, torpağı xarabalıq, buludları isə tüstü yığnaqlarıdır. Hansı hökmdar ki, məclispərəst oldu, onun diyarında bolsulu çayların mənbəyi qanlar, ən uca dağları insan başlarının yığnaqları olacaq. Dünyanın aqibəti budur. Ona görə də, Füzuli, bu vəziyyətlə demək istəyir ki, ey bəşər əhli, nə Badənin məclisində məst olmaqdan həzz al, nə Bəngün məclisində beyni dumanlanmaqdan. Dinclik, sülh Allahın “məclisindədir”.

Dünyanın təsviri...

Təsadüfü deyil ki, Allahın, dinin, müqəddəslərin hekayətlərindən sonra Bəng və Badənin hekayəsi başlayır. Füzuli Bənd və Badənin mübarizəsini, müharibəsinin başladığı günü gözəl bir gün kimi təsvir edir. Gül gülü çağırır, bülbül bülbülü. Bununla müəllif göstərir ki, dünya özlüyündə çox gözəldir, onu dağıdan biz insanların bir-biri ilə mübarizələrimizdir, əgər biz bir-birimizin ətini yeməsək, onda dünya güllük-gülüstanlıq olar. Biz bir-birimizə toxunaraq həm də dünyanı dağıtmış oluruq. Badə Bəngi, Bəng Badəni tanıyana qədər dünya gözəldir. Ümumiyyətlə, insan bu həyatda ancaq öz düşmənlərini tanıyana qədər xoşbəxt olur. Uşaqlar ona görə daim məsuddurlar ki, onların düşmənləri ya yoxdur, ya da var, amma uşaqlar onları tanımırlar. İnsan rəqibini tanıyan kimi onun ağzından cənnətin dadı itir, dünyanın dadı gəlir. Dünyanın dadı isə qanın dadıdır. Dünyanın tarixi Habil və Qabilin savaşıdır. İnsan ilk rəqibini tanıyan gündən “əli qana batır”.

Şərabın xisləti...

Füzuli şərabı Cəmşidin varisi hesab edir. Yəni şərab hökmdara bağlı bir nemətdir. Hökmdar dünyanı şərabın aynasında görmüş biridir. Ona görə də şərabda hökmdarlıq, mənəm-mənəmlik nişanələri var. Badə özünü tərifləyərkən sərxoş Saqi ona deyir ki, dünən mən sizin sözləri təkrarlayan, sizin kimi öz gücünü öyən, “dünyanın sahibiyəm” deyən birinə rast gəldim. Badə bu sözlərdən hirslənir, özündən çıxır, ancaq heç bir vəchlə düşünmür ki, başqasının qəbul etmədiyi özündənrazılıq əlaməti, bu naqis cəhət elə onun özünə də xasdır. Deməli, dolayısı ilə Badə Bəngə hiddətlənməklə həm də özünə qarşı nifrət püskürür. İnsan başqasında bağışlamadığı səhvlər çox zaman onun özündə də olur. Bu mənada insan özündə göz yumduğu cəhəti, başqasında gözardı edə bilmir, deməli, Adəm oğlu dolayısıyla özünü bağışlaya bilmir. Füzuli bu yerdə çox maraqlı bir psixoloji məqamı açır: İnsan özünə düşmənlik edə bilmir deyə özündəki mənfilikləri başqasında aşkarlayaraq onlara qənim kəsilirlər. Məsələn, xəbis başqa bir xəbisi bəyənmir, dilənçinin düşməni elə yanındakı dilənçidir. Eqoizm insanın öz pis xüsusiyyətlərini başqasında tapmağa yardımçı olur. Bu, öz xislətini dəyişməyi bacarmayan insanın özünün özüylə şüraltı, qeyri-ixtiyari mübarizəsidir.

Xislətlər...

Badənin adamları – Araq, Nəbid, Buzən – olar səlahiyyətləri olmayan vəzifə sahibləridirlər. Onların məsləhətləri Badəyə xilasa yol aça bilmir. Onlar Badəni döyüş məqsədindən, Bəng ilə savaşmaq istəyindən çəkindirməyə qabil olmurlar. Füzuli bu detalla səlahiyyətsiz vəzifələrin mənasızlığını ortaya qoyur. Qəzəb Badəni kor edir, kor hara gedəcəyi ilə bağlı məsləhət alsa, nə dəyişər ki? Səlahiyyət verilməyən insanlar üçün daşıdığı vəzifənin önəmi olmur. Onun üçün də belələri mövqelərini lazım gələndə asanlıqla dəyişirlər. Füzuli bu detalı incəliklə göstərir: Sülh üçün vasitəçiliyə gedən Buzə elçi kimi hüzuruna gəldiyi düşmənin – Bəngin yanında qalır, ona xidmət etməyə başlayır. Səlahiyyət sahibi olmayan vəzifəlilər üçün mövqeyini dəyişmək adicə yer dəyişimi sayılmır. Öz məxsusi yeri olmayan insan hər yerdə özünə “yer tapa” bilir.

Digərləri

Əfsun, Bərş Məcun isə Bəngin əyanlarıdır. O əyanların hər biri Bəngin xarakterinin göstəricisidir. Çünki əksərhakimiyyət vəzifələri öz xarakterinin göstəriciləri arasında paylayır ki, onlar bir-birini tamamlaya bilsinlər. Necə ki, Badə bütün əyyanların tövsiyəsini dinləyir, ancaq onlara qulaq asmır, eynisini də Bəng edir. Çünki Bəngin də Badə sayaq məsləhətçisi mənəm-mənəmlikdir, o, xudbinlikdən başqa heç kəsin “düşüncələrini” qəbul etmir. Zira nəfsin küyü Bəngin qulaqlarını batırıb. Füzuli əsərdə həm Badənin pis cəhətlərini əks etdirir, həm də onun yaxşı xüsusiyyətləri haqqında yazır. Oxşar hal Bənglə bağlı da təkrarlanır. Eyni zamanda Badənin özü haqqında təsəvvürləri ayrıca, Bəngin özü barədə düşüncələri də ayrıca verilir. Beləcə Füzuli formalaşan müxtəlifyönlü rəylər nəticəsində oxucuya tərəf seçməyə imkan yaradır.

Savaş meydanı...

Hökmdarlar – Bəng və Badə əvvəlcə sözlə savaşırlar, sonra qılıncla. Ancaq heç bir qüvvə – nə Allaha inam, nə də söz onları savaşdan çəkindirə bilmir. Çünki hər ikisi bihuşdurlar: Onlar mənəm-mənəmlikdən xoşhaldırlar. Biri mənəm-mənəmlik badəsini içib, o biri özünəvurğunluq bəngindən çəkib. Lovğalıq insanın ən səfərbər xarakteridir. O nə uyuyur, nə də xəyala dalır. Ona görə də Füzuli göstərir ki, bu cür xarakterə malik varlığın başını heç bir fikir qata bilməz. Bu səbəbdən döyüş qaçılmaz olur. Bəng məğlub olur. Bu dünyada heç nə yox olmur deyə hər kəs öz düşməninin varisidir. Beləcə Badə Bəngin varisinə çevrilir.

Ziyan ortaqları...

Əsərin sonunda Füzuli oxuculardan üzr istəyir, ona görə ki, hər bir tərif də vəsfdir, hər bir tənqid də. Çünki şərdə xeyir görmək istəyən kimsə Badənin pis xüsusiyyətlərini sadalayan müəllifin sözlərini həzzin tərifi kimi qəbul edərək ona meyillənəcək, yaxud da Bəngin insanı halsız eləməsini aləmin zövqü kimi qavrayacaq. Ona görə də doğru söz nə qədər insanları islah edəndirsə, o qədər də azdırıcıdır, yaman söz nə qədər çəkindiricidirsə də, bir o qədər də şirnikləndiricidir. Yəni həqiqət də, yalan da bu dünyada yozum imkanlarını çoxaldır, hər yozum imkanı isə bəzən insanları Allahın yolundan azdırmağa səbəb olur. Bu mənada Füzuli sonda oxucudan və Yaradandan üzr istəyir ki, o gərək bu cür hekayə yazmaqdansa, Allahın sifətlərini vəsf eləyəydi, qələm onun əlinə bu müqəddəs missiya üçün verilib, Badəni və Bəngi tərif, yaxud tənqid etmək üçün yox. Allahın yüz bir adının mahiyyətini açmalı olan qələm, əksinə insanın min bir xislətini qabardır, onun naqisliyinin çalarlarından yazır. Eyni zamanda mahiyyətində peşmanlıq duyğusu olan, iki səhv edən, yanlış yoldan çəkinməyən qüvvənin hekayətindən bəhs edən bu əsər təkcə qəhrəmanlara deyil, onu yazana da peşmanlıq gətirir. Yəni insanın gördüyü işin mahiyyəti onun varlığına təsirsiz ötüşmür. Ondandır ki, bir çox yazıçı əksərən yazdığı əsərə bənzəyir.

Sonra müəllif özünə də ironiya edir ki, təxəllüsünü Füzuli, yəni çox danışandır, boş kəlmələr israf edən, nədən gəldi söz açandır, bu səbəbdən gərək ədəbli danışmamağım mənə qulaq verənləri təəccübləndirməyə.

Sonda əsər maraqlı bir qeyd ilə bitir: Füzuli deyir ki, gərək Allahı yox, şərabı öyməyim bağışlana və belə günahların haqq-hesab günü, sorğu məqamı olmaya. Əsər Allahın varlığı – yəni dünyanın qurulması ilə başlayır, qiyamət əlamətlərinin nişanı ilə bitir. Sanki bununla da müəllif yaradılışın bütün tarixini çərçivələnmiş olur. Eyni zamanda Füzuli insanın özünün özünü bağışlamasının mümkünsüzlüyünü göstərir. Yəni o demir ki, mən səhvimi unudaram, yaxud Tanrı onları yaddan çıxarar. Deməli, bu halda insan özünü bağışlaya bilmir, müəllif deyir ki, biz öz günahlarımıza görə daim üzüqarayıq, Tanrı isə olanları gözardı edər və qiyamət günündə bizdən baş verənlər barədə heç nə soruşmaz. İnsan Allahın rəhminə sığınır. Eyni zamanda Füzuli bu fikirlə, məncə, onu göstərir ki, Allah insanı dünyaya bəşərin əşrəfi kimi gətirir. İnsan doğulanda o qədər pak olur ki, onu hər görənlər sevir. Körpələrin hər kəs tərəfindən sevilməsinə səbəb onların paklığı, günahsızlığıdır. Hər kəs tərəfindən sevilən varlıq kimi dünyaya gələn insan sonda o qədər günaha batır ki, nəinki başqaları, insan özü özünü belə sevə bilmir. İnsan özünü sevə bilmir deyə Allahın onu unutmasını istəyir. İnsan öz günahları ucbatından sonda o hala düşür ki, qiyamətdə onun Allahla danışmaq fürsəti yarananda, belə bir möhtəşəm şans zamanı Tanrının susmasını, ondan heç nəyi soruşmamasını arzulayır. İnsan dünyadan daim ziyanla ayrılır. Füzuli yazdığı əsəri müəllifin taleyindən kənarda təsəvvür eləmir. Ona görə də Bəng və Badənin hekayəsini yazmağı, onların günahlarına ortaq olmaq kimi qəbul edərək özünü də günahkar bilir.

Alleqoriyanın imkanı

Füzuli Bəng və Badəni şəxsiləşdirməsi yalnız alleqoriya kimi dərk olunmamalıdır. Şair o adların timsalında göstərir ki, əgər bir nəfərin timsalında əgər şərab və tiryək bu qədər dağıdıcı gücə malikdirsə, cəmiyyətə bu qədər ziyan vurmaq iqtidarındadırsa, onda bütün dünyada onlardan kam alanların törətdiyi vəhşiliklərin, axıtdığı qan-qadanın miqyası nə qədərdir? Məgər həmin miqyası insan ağlı idrak edə bilərmi? Hər ağılsızın başında bir qığılcım yaradan şərab, hər zəifin könlünə bir atəş salan tiryək deyilmidir ki, bu qədər bəlalara səbəb olan?! Əgər Saqi mey içib sərxoş olmasaydı və Bəngin dediklərini gəlib Badəyə danışmasaydı, onda bu qədər qan-qada, düşmənlik də yaranmayacaqdı. Deməli, xırda səbəblər ağır nəticələr üçün cığır açır. İnsan səbəbləri nə qədər görməzdən gəlirsə, sonda o qədər çox ağır nəticələrlə üzləşməli olur.

Allahın nəzəri

İnsan dünyaya bağlandıqca öz aləmində Allahın nəzərindən qaçır, onunla üzləşmək, hesablaşmaq istəmir. Namazdan, orucdan, xeyir əməldən, halal ruzidən qaçan insan Allahdan qaçdığını düşünür, sonda isə axirətdə bu dünyada yayınmaq istədikləri ilə üzləşir. Adəm oğlunun qaçdığı səbəblər çatdığı nəticələrlə əvəzlənir. Axirət rüsvayçılığı da elə budur. Bəng məğlub olduğuna görə Badədən qaçır, onun gözünə görünməkdən utanır, səbəb isə onun qarşısında aciz qalması, ona məğlub olmasıdır. Ancaq Bəng düşünmür ki, o Badədədən əvvəl öz mənəm-mənəmliyinə və ən əsası Allahın qoyduğu qayda-qanunlara məğlub olub. Bəng və Badə eyni pulun iki üzüdürlər. Suda batan üçün ən əziz əşya da yükə çevrildiyi kimi, Allahın qayda-qanunlarına məğlub olmuş Badə üçün də qələbə əlavə yükə dönür. Çünki onun qələbəsi öz gücünü göstərmək üçündür, əsl qalibiyyət isə Allahın ədalətini nümayiş etdirmək üçün olmalıdır. Bəng Badədən hara qaça bilər? Məğlubiyyətdən qaçanın sığınacağı onun ağrılı yaddaşıdır. O yaddaş ki, yeri gələndə hamıdan çox əzab verməyə qadirdir. Bəs qalib gəlmiş Badə necə etsin, o döyüşdən qalib gəlsə də, Allah yolunu tutmaq baxımından məğlubdur. Bəng Badədən qaçmaqla rüsvayçılıqdan qurtulacağını zənn edir. Bəs qalib Yaradanın nəzərindən necə yayınsın? Bu, mümkünsüzdür. Füzuli bu detalla həm də onu göstərir ki, Allahdan qaçanlara sığınacaq yoxdur...

# 941 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
# # #