Onda adımız uşaq idi... - Şeirlər

Onda adımız uşaq idi... - Şeirlər
31 yanvar 2020
# 15:20

Kulis.az Əsmər Hüseyn Xanın şeirlərini təqdim edir.


Bilirsən?

Bilirsən, bircə dənəm
Bu zəhrimar darıxmaq
Dağıdır ürəyimi
Bu nadan xatirələr
Ən ağır bir yük kimi
Ağrıdır kürəyimi.

Bilirsən?
Bilisənmi həsrətim
Sən olmayan gecələr
Kabusa, dərdə dönür.
Yuxusuz gözlərimdən
Sənin əksin süzülür.

Yox...
Vallah bacarmıram
Mən bu zülmət gecəylə
Gərək çıxım bayıra
Yeriyim küçə ilə...
Soruşum səni gərək
Küləklə rəqs eləyən
İşıq dirəklərindən,
Bacası tüstüləyən
Balaca evciklərdən,
Daş hasardan, qapıdan
Soruşum gərək səni
Qonşumuz “lal əmidən”.
O da lal sevgi kimi
Boylana... baxa, baxa...
Cavabında gözündən
İki damcı yaş axa.
Adlayam səkiləri,
Keçəm yolları
Gələm qapınıza
Döyəcləyəm ümidlə
Sarıla boynuma xəyalının qolları...

Yenə səhər açılır...
Gün işığı süzülür
Bum-buz olan yatağa
Eeeeeh...
Bu zəhrimar darıxmaq
Çıxacaq axırıma...

Qoymazdım...

Onda balaca idik
Adımız uşağıydı
Onda təzə deyildi
Əynimiz yamağıydı
Nənəm qoymazdı yerə
İynəsini, sapını
Bağlamazdı atamız
Darvazanı, qapını
Anamızın qucağı
İsti sobamızıydı.
Onda yaxın qonşular
Ən yad doğmamızıydı.
Biz ən böyük ağrını
Çapığımız bilərdik.
Gözümüzün yaşını
Qolumuza silərdik.
Anamızın verdiyi
Dürməyi bölüşərdik
Doyunca yeməsək də
Doyunca gülüşərdik
Uzun nar çubuqları
Bir çaparaq at idi
Acı sözü bizimçün
Ancaq istiot idi...
Soyuq qış gecəsində
Qar örtərdi yolları
Bütün pəncərələrdə
İsti nəfəs buxarı...
Yorğandan qısa idi
Onda ayaqlarımız.
Onda dünya balaca
Böyük idik hamımız

Nənəm nağıl deyərdi
Dinləməkdən doymazdım
Bilsəydim böyüyəndə
Hamı çıxıb gedəcək
O balaca uşağı
Böyüməyə qoymazdım...

# 3350 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər