“MKM-i Şahbaz Xuduoğlu iflasa uğratdı” - QALMAQAL

“MKM-i Şahbaz Xuduoğlu iflasa uğratdı” - QALMAQAL
7 iyun 2011
# 16:25
AYB-in gənclər üzrə katibi, Milli Kitab Mükafatının münsiflər heyətinin keçmiş üzvü Rəşad Məcidin Kulis.az-a müsahibəsi


“Pərvizin əsəri onluğa da layiq deyil”

- MKM-in qalibi açıqlananda zalı tərk etməklə etirazınızı bildirdiniz. Az sonra da münsiflər heyətindən istefa verdiniz...

- Bir gün əvvəldən mən təşkilatçının qərarını bilirdim. Baxmayaraq ki, Nigar Köçərli müsabiqəyə 24 saat qalmış zəng və mesajlarımıza cavab vermirdi. Amma söz vermişdim ki, nəticənin necə olmağından asılı olmayaraq, mükafatlandırma mərasimində iştirak edəcəyəm. Əvvəldən nəticələri bilsəm də, iştirak etdim. Mən hesab edirəm ki, Pərvizin əsəri öz bədii səviyyəsinə görə onluğa da layiq deyil. Onun birinci yerə çıxması təşkilatçının və juri üzvlərinin marağında olub.

- Kimləri nəzərdə tutursunuz?

- MKM münsiflər heyətində yeni olan Şahbaz Xuduoğlunun ambisiyalarının nəticəsində iflasa uğradı.


“...Azərbaycan dilində yazılmayıb”

- Demisiniz ki, təşkilatçı keçən il mükafatı Qaraqan verdi, bu il də Pərvizə...


- Münsiflərin bal yazarkən kimlərdən rəy öyrəndiklərini mən bilirəm. Əsas rəy öyrəndikləri təşkilatçıdır. Rüstəm İbrahimbəyov kimi adamların oxumağa vaxtları olmur. Şahbaz Xuduoğlu əvvəldən bildirmişdi ki, Pərvizi dəstəkləyir. O özünə yaxın olan jurilərə, məsələn, Niyazi Mehdiyə və başqalarına təsir edib. “Yad dildə”ni birinci yerə çıxarıblar. Bir sıra münsiflər var ki, bəlkə də o əsərin bir abzasını oxuyublar. Ümumiyyətlə, o əsəri tam oxumaq çox çətin məsələdir. Ötən axşam fikirləşdim ki, bəlkə, yanılıram. Kitabın bəzi hissələrini bir daha oxudum.O kitab heç bir bədii keyfiyyətə malik deyil, Azərbaycan dilində yazılmayıb. Mövzusu bəzi juri üzvlərinin xoşuna gəlib. Ən obyektiv mövqe Cəmil Həsənlinindir. Cəmil Həsənli mənə dedi ki, bədii keyfiyyətinə görə Məqsəd Nura, mövzusuna görə isə Pərvizə yüksək bal verib. Bu, aydındır. Bunu mən normal qəbul edirəm. Jurilərdən Cəmil Həsənli, Hamlet İsaxanlı, Nərgiz Cəlilova, Afaq Məsud bütün əsərləri oxuyub.

- Siz Pərvizə 7 bal vermisiniz...

- Biz balları kəskin fərqlə yazmamışıq. İstəsəydik kəskin fərq qoyub bizə yaxın olanlara – Natiq Rəsulzadəyə, Məqsəd Nura yüksək bal, Pərvizə 2 bal verərdik. Onda Pərviz məğlub olardı. Mən istəyirdim ki, insanlar öz vicdanlarının səsi ilə səs versinlər. Ola bilərdi ki, Pərviz 2-ci, ya da 3-cü yerdə olsun. Birinci yerə çıxarmaq əvvəlcədən nəzərdə tutulmuş plan idi. Mən bunu sonradan anladım.


“Müsabiqə siyasiləşdi”

- Birinci MKM-də Qaraqan qalib gələndə onu müdafiə etdiniz, halbuki etiraz edən yazarlar çox idi...


- Keçən il mənə şər atırdılar ki, Qaraqanı sən birinci etmisən. Allaha and olsun ki, mənim heç bir rolum olmayıb. Verdiyim ballarda ordadır. Fəxri Uğurlu, Şərif Ağayar olan yerdə mən Qaraqana ən yüksək balı verməzdim. Qaraqan gənclər arasında məşhurdur. Birinci yeri verməklə ona bir stimul verdik ki, gələcəkdə daha da yaxşı yazsın. 20 yaşlı gənc üçün bu normal əsərdir. Amma 40 yaşlı Pərviz üçün “Yad dildə” çox zəif əsərdir. Pərviz deyir ki, digər 9 əsəri oxumayıb. Məncə, o, öz əsərini də oxumayıb. Əgər oxusaydı, münsiflərə yazığı gələrdi. O əsəri oxumaq mümkün deyil. Nigar Köçərli çox əziyyət çəkir. Belə bir müsabiqə keçirmək asan deyil. Birinci MKM-da gördüm ki, bu gənc rusdilli qız ədəbiyyata xidmət etmək istəyir. Mən də ona kömək etdim. Rayonları gəzdik, təbliğat apardıq. Nigar xanım istəyirdi ki, iki ildən bir keçirsin müsabiqəni. Mən ona dedim ki, hər il keçirmək lazımdır. İkinci MKM-nın mükafatının Pərvizə verilməsi ilə müsabiqəyə siyasi çalar qatıldı. Bununla da MKM-in gələcəyi üçün böyük təhlükə yarandı.


“Şahbaz Xuduoğlu da öyrəşib ki, kimisə qabağa versin”

- Sanki daha çox müdafiədəsiniz...


- Mən AYB-də vəzifəli şəxsəm, ədəbiyyata yaxın adamam. Mən bu əsərləri istənilən hökümət üzvündən, Rəbiyyət xanımdan da daha yaxşı oxumuşam. Bu gün “Qanun” nəşriyyatını çap etdiyi onlarla əsər var ki, hakimiyyəti tənqid edir. Məsələn, Zümrüd Yağmur, Əli Əkbər, Samir Sarı, Pərviz və s. Bunların içərisnidə bədii cəhətdən ən zəifi “Yad dildə”dir. Pərvizin fikri olubsa ki, biz etirazçı ədəbiyyatı qiymətləndirəcəyik, bu, MKM-i təhlükəyə atmaq idi. Şahbaz Xuduoğlu da öyrəşib ki, kimisə qabağa versin. Mən Nigar xanımı qoruyardım.

- Suala konkret cavab vermədiniz. Gənclər üzrə katib postu ideoloji post deyil axı.

- Mən AYB-nin katibi kimi MKM-in münsifiyəm. Birliyin mövqeyini müdafiə edən, ədəbiyyatı bilən adamlardan biriyəm. Mən onu vicdani cəhətdən qəbul etmədim. Bu əsər bədii cəhətdən çox zəifdir. Onu planlı şəkildə birinci edirlərsə, onda siyasi tərəfi də ortaya çıxır. Onda MKM siyasi alətə çevrilir. Bədii ədəbiyyat naminə yaradılan bu institut üstündən bir il keçməmiş siyasi maraqlara xidmət edir. Ona görə də mən onun içərisində yoxam və ona etiraz edirəm.


“Siz Anar Rzayevi yaxşı tanımırsınız”

- Qarşıdan AYB-nin qurultayı gəlir. Ancaq konkret zaman açıqlamırsınız. Siz bir söz deyirsiniz, Ədalət Əsgəroğlu başqa söz.


- Qurultayqabağı məruzələr keçirilir. Bu ayın axırına yekunlaşacaq. Payızda qurultaya nümayəndələr seçməyə başlayacayıq. Bu da gələn ilin əvvələrinə qədər uzanacaq.

- Namizəd olmaq fikriniz varmı?

- Siz Anar Rzayevi yaxşı tanımırsınız. Anar müəllim çox iti ağıllı adamdır. Birmənalı mövqeyi olan adamdır. Anar müəllimin qocalığına baxmayın, min cavana dəyər. Hərdən ironiya ilə söz deyəndə Anar müəllim dərhal başa düşür, mənə göz vurur, mənim yaşıdlarım isə 3 gündən sonra başa düşür. Bir az şəkər xəstəliyi var, başqa problemi yoxdur. Əgər Anar müəllim sədr olmaq istəsə, mən onu dəstəkləyəcəm. Özünü yox, başqasının namizədliyini versə, mən yenə onu dəstəkləyəcəm. Anar özü necə qərar verəcəksə, elə olacaq.

- Özünüzü bu postda görürsünüzmü?

- Mən AYB-də 7 ildir fəaliyyət göstərirəm. Əvvəlki illərdə bura çox darıxdırıcı idi. Vaxt getmirdi. Amma sonradan proseslər qızışdı. Gənclər gəldi AYB-yə. Hər gün tədbirlər, mərasimlər keçirildi, dinamika oldu. Əgər mənim bu posta seçilməyim niyyəti olarsa, Anar müəllim desə ki, belə məsləhətdir, onda mən etiraz etmərəm. Özümü nəinki AYB sədrliyinə, daha yüksək postlara hazır görürəm.


Qan TURALI
Elmin HƏSƏNLİ
# 1247 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #