Qalib Şəfahət: “Anar Rəsul Rzanı dinləmədi, mən dinlədim”

Qalib Şəfahət: “Anar Rəsul Rzanı dinləmədi, mən dinlədim”
7 iyun 2011
# 14:34
İxtisasca kardioloq olan şair Qalib Şəfahətin Kulis.az-a müsahibəsi

- Əvvəlcə özünüzü təqdim edin.

- 1973-cü ildə Gədəbəyin Parakənd kəndində anadan olmuşam. Tibb Universitetinin müalicə işi fakultəsini bitirmişəm. Birillik internatura dövrünü Sabunçu xəstəxanasında keçmişəm. Daha sonra 29 saylı “Binə” şəhər xəstəxanasında həkim-kardioloq kimi işləməyə başlamışam. 1999-cu ildə tibb xidməti kapitanı kimi hərbi xidmətə çağırılmışam. 2009-cu ildə ordu sıralarından təxris olunmuşam. Hazırda 34 saylı şəhər xəstəxanasında həkim-kardioloq kimi fəaliyyətimi davam etdirirəm.

- Yaradıcılığa şeirlə başlamısınız? Hansı nəşrlərdə çap olunub?

- Məktəbdə oxuduğum dövrlərdə rayon qəzetində məqalələrim, şeirlərim çıxırdı. Tələbəlik illərimdə universitet nəzdində çıxan “Tibb” qəzetində yazılarım çap olunurdu. “Şəhriyar”, “Hürriyət”, “Çağ” qəzetində şeirlərim yer alıb.

- İxtisasca həkim olan bir çox yazıçılarımız var. Ən tanınmışları Rafiq Tağı və Paşa Qəlbinurdur. Ancaq dünya ədəbiyyatında Bulqakov, Çexov, Şəhriyar... Bu sərhədi nədə görürsünüz? Ədəbiyyat da müalicədirmi?

- Biri var məlhəmlə, biri də sözlə müalicə. Ancaq çox rast gəlmək olur ki, həkimin bir xoş sözü xəstəyə necə müsbət təsir edir, onu sağalmağa sövq edir. Xəstənin sağalmasının bəlkə də yarı faizi həkimin sözlərindən asılıdır. Əslində, həkimliyi seçməyim təsadüfi hadisə oldu. Mənim ədəbiyyata, tarixə meyilim vardı. Rəsul Rzanın Anara yazdığı məktublarda bir söz vardı: “dəqiq elmləri seç”. O söz mənə çox təsir etdi. Fikrimi qətiləşdirərək tibbi seçdim.

- Ancaq Anar BDU-nun filologiya fakültəsini bitirib. Maraqlı situasiyadır. Öz oğlu məsləhətə qulaq asmadı, amma siz riayət etdiniz...

- Brodskinin belə bir sözü var, ədəbiyyat kütləni yetişdirə bilməz, müəyyən bir fərdi yetişdirə bilər. Rəsul Rzanın məsləhəti Anara təsir etməyib, mənə edib. Bəlkə, məndən sonra da kimsəsə təsir edəcək.

- Uşaqlarınız varmı?

- Bəli, iki övladım var.

- Onların hansı ixtisası seçməyini istəyirsiniz?

- Onların qərarlarına təsir etmək istəməzdim.

- Sizdən asılı olsaydı?..

- Oğlumun, yəqin ki, hüquqşünas olmağını istərdim. Özüm həmişə qanunçuluğu sevdiyim, qoruduğum üçün oğlumun da qanun keçikisi görmək istərdim. Ancaq onun texniki fənlərə, kompüterə marağı böyükdür.

- Texniki və humanitar fənləri sevənlər arasında həmişə ziddiyyətlər olur. Məsələn, texniki fənləri oxuyan adamlar humanitar sahədə oxuyanlara qeyri-ciddi baxırlar. Texniki fənləri oxuyanların iradı budur ki, ədəbiyyat mücərrəddir, nə qədər kitablar yazılıb, amma fizika fizikadır. Humanitarpərəstlərin digər tərəfə iradı isə onların çox boz olması, hər şeyi hazır düsturlara uyğunlaşdırmaq, kreativliyin olmamasıdır. Siz hansına daha çox meyillisiz?

- Mən əslində, hər ikisini də cəmləşdirə bilmişəm. Amma ədəbiyyata marağım həmişə olub. Məktəb vaxtı müəlliməm çox tələbkar olub, bəlkə, onun nəticəsidir ki, humanitar fənləri sevmişəm.

- Bayaq qanunçuluqdan söz saldınız. Sizcə, qanunlar insanları çox sıxmır ki?

- Məncə, müəyyən qanun çərçivəsi var. İnsan fikirlərində azad ola bilər, amma hərəkətlərində bunu çərçivələmək məcburiyyətindədirlər. Cəmiyyətin qanunları var, onlara da tabe olmaq lazımdır.

- Yanınıza gün ərzində çoxlu xəstə gəlir. Ədəbiyyat insanı olmaq nə dərəcədə köməyinizə çatır?

- Təbii ki, gün ərzində müxtəlif dünyagörüşlü insanlarla qarşılaşıram. Hiss edirəm ki, bu xəstənin sözə daha çox ehtiyacı var. Hansı sözü hansı tərzdə deyilməsini xəstənin danışığından, həyat tərzindən, dünya görüşündən anlamaq olur.

- Gəlin poeziyadan danışaq bir az. Şərq poeziyasında “ürək”, “qəlb”, “könül” sözləri çox işlənir. Hətta Nazim Hikmət şeir yazanda “ürək” sözünü dəftərin qırağına yazırmış ki, onu işlətməsin. Amma tibb sübut edir ki, sevgi ürəklə deyil, sırf beyinlə bağlıdır.

- Tənqidçi Əsəd Cahangir bir dəfə demişdi ki, bədən, can və ruh birlikdə olmasa, insan mövcud olmaz. Mən də sual etdim ki, hazırda ürəyin transplantasiyası əməliyyatları keçirilir, bəs onda necə olacaq? Əgər sevgi ürəklə bağlı olsaydı, hər şey başqa cür olardı. Ürək fizioloji bir orqandır, qan dövranını tənzimləyir. Beynin sıxılması, stress halında olması ürəyə təsir edir. Ürəkdə qidalanmanın pozulması nasazlıqlara səbəb olur. Bəzən deyirlər, filan hadisəni düşündüm, ürəyim ağrıdı. Sadəcə, beyin sıxılmasıdır ki, ürəyə təsir edir. Ağrı mexanizmi belədir.

- Hətta belə bir misal var ki, şairin ürəyi xəstə olur...

- Şairlər hissiyyatlı insanlar olurlar. Ürək yorulursa, daha çox işləyirsə, onun sıradan çıxma ehtimalı böyük olur. Ədəbiyyat adamının sinir sistemi daha gərgindir. Ona görə də, bu deyimdə həqiqət payı böyükdür.

- Hərbi xidmətdə olarkən, yəqin ki, çoxlu maraqlı hadisələrlə qarşılaşmısınız. Onları nəsrə çevirmək fikriniz yoxdur?

- Bəlkə, gördüklərim təsəvvür etdiklərimdən daha böyükdür. Ola bilsin ki, zamanı yetişəndə yazdım. Mən şəxsiyyətlərə şeir ithaf etməyi çox da sevmirəm. Amma Milli Qəhrəman Mübariz İbrahimovun fədakarlığına həsr etdiyim iki şeir var. Hər ikisi də mətbuatda çıxıb. Azərbaycanın bir neçə Milli Qəhrəmanı haqda da yazmaq fikrim var. Məsələn, sovet imperiyasına qarşı döyüşmüş insanlardan Yaqub adlı qəhrəman var. 40-cı illərə qədər mübarizə aparıb. Döyüşdə son gülləsini özünə vurub.

- Şeir yazmağa necə vaxt tapırsınız?

- Şeir insana qəfildən gəlir. Gərək oturub onu işləyəsən. Həm də maraq, həvəs və istedad varsa, insan hər şeyə vaxt tapa bilər.

- Ondan nəsr də yaza bilərsiniz?

- Yarımçıq yazdığım əsərlər var. Ancaq ciddi ədəbiyyat, nəsr yaradıb çap etdirmək istəyirəm. Qəbuluma gələn xəstələr hərəsi bir hekayədir. Vaxı ilə nədənsə qorxub və problemlər yaranmağa başlayıb səhhətində. Başa salıram ki, bu xəstəlik necə yaranıb. Elə xəstələri bəzən iynə-dərmansız, sözlə müalicə edirəm.

- Deməli, onlara həm də psixiatr kimi yanaşırsınız...

- Bəlkə də bu mənim ədəbiyyatla bağlı olduğum üçün belədir. Xəstəni anlamaq, duymaq çox vacibdir.


Günel ƏSGƏRZADƏ
# 1351 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #