Pərviz: “Rəşad Məcid şantajla məşğuldur”

Pərviz: “Rəşad Məcid şantajla məşğuldur”
6 iyun 2011
# 13:42
Milli Kitab Mükafatının (MKM) qalibi Pərviz Cəbrayıl qalib gəldikdən sonra ilk müsahibəsini Kulis.az-a verib.

- MKM-in qalibi olacağınızı gözləyirdinizmi?

- Mükafatı alanda da dedim ki, qalib olacağımı gözləmirdim. Seçimlər vaxtı Rəşad Məcid mənim kitabım haqqında müəyyən fikirlər səsləndirmişdi. Amma inanmırdım qalib ola bilərəm. Azərbaycanda inamsızlıq sindromu var. Hamımızın içində bu var.

- Adınız açıqlananda Rəşad Məcid zalı tərk etdi. Sonra isə o və digər bir neçə münsif istefa verdiyini açıqladı.

- Adım açıqlananda heç özüm eşitmədim. Qan Turalı məni dürtməlidi ki, sənsən, dur. Sonra orda nə baş verdiyini bilmədim. Tədbirdən sonra eşitdim ki, bir neçə münsif mən qalib gəldiyimə görə istefa verib.

- Rəşad Məcidin bu münasibəti nədən qaynaqlanır?

- Bir neçə ay əvvəl müsahibəsində demişdi ki, Natiq Rəsulzadə birinci olacaq. Bunu onun canfəşanlığı ilə əlaqələndirmişdi. Rəşad Məcidin özü də Natiq Rəsulzadənin qalib olması ilə məşğul idi. Görünür, o istəyirdi ki, qalib xoşladığı, sevdiyi adam olsun. Xoşladığı olmadı, buna pis təsir etdi. Rəşad Məcid də insandı, istefasına normal baxıram.

- Belə qalmaqal olacağını gözləyirdiniz?

- Özümün qalib olacağını ehtimal etsəm də, bu dərəcədə etirazların olacağını gözləməzdim. Rəşad Məcid deyib ki, münsiflər qrup yaradıb məni qalib ediblər. Münsiflərin fikri üst-üstə düşübsə, məntiqlə bu, qrupdur. Amma baxır qrup nəyə xidmət edir. Biri var qruplaşma yaradıb hansısa saxta işi yürüdürsən, biri də var hansısa ideya barədə sözün üst-üstə düşür. Belə qruplaşma mənfi sayıla bilməz.

- Rəşad Məcid deyib ki, sponsorlar müsabiqədən imtina etməlidir

- Bu artıq şantajdır. Kişiliyə yaraşmayan hərəkətdir. Sponsorlar bunu niyə etməlidir? Azərbaycanda ədəbiyyata heç bir təşkilat, heç kim qayğı göstərmək istəmir. Sponsorlar burda xeyirxah işlər görüb.

- Qalib gələndən sonra zənglər, təbriklər çoxmu oldu?

- İnanılmaz dərəcədə çox zənglər gəlir. Telefonun gündə 3-4 dəfə enerjisi ölür. Belə şeyləri ancaq filmlərdə görmüşdüm ki, adamı bu qədər təbrik edər, məktublar yazarlar. Gözləmədiyim adamlardan təbriklər gəldi. Ancaq bəzi gözlədiyim adamlar hələ də təbrik etməyib.

- Kimlərdir onlar?

- Adların çəkmək istəmirəm. Təbrik edənlər də sağ olsun, etməyənlər də.

- Qalibiyyəti necə qeyd etdiniz?

- Tədbirdə axıra qalan dostların iştirakı ilə hər zamankı kimi kasıbsayağı yeyib içməklə qeyd etdik. Atamın səhhəti ilə bağlı vəziyyətim elədir ki, şadyanalıq edə bilmirəm. Qalib gəldikdən dərhal sonra xəstəxanada olan atama zəng etdim. Xəbəri eşidib sevindiyindən hönkür-hönkür ağladı. Bu gün yenə danışdım. Deyir o xəbərdən sonra sanki ağrılarım çəkilib. Atamı sevindirdiyimə görə xoşbəxtəm. Çünki yazdıqlarım həmişə ona ancaq əzab-əziyyət gətirib. İşindən-gücündən olub.

- Ailəniz necə qarşıladı?

- Yüksək səviyyədə. Oğlanlarım rayondadır. Zəng edib təbrik elədilər.

- Sizcə, ikinci və üçüncü yeri tutanlar o yerlərə layiq idilərmi?

- Hər halda münsiflər bu yerləri ora layiq görüblərsə, deməli, layiqdirlər. Mən desəm ki, filankəsə niyə mükafat verdiniz, onda Rəşad Məcid kimi münsiflərə şübhə etmiş oluram. Əsərlərə mən bəyənməyə bilərəm. Amma münsiflərin seçiminə hörmət edirəm.

- Natiq Rəsulzadə mükafatdan imtina edib. Deyib ki, mənim yerim üçüncü ola bilməz.

- Natiq Rəsulzadə öz aləmində o qədər böyükdür ki, gərək mükafata əsər təqdim etməzdi. Gələn dəfə bunu nəzər alsın.

- Mükafat aldığınız pulu hara xərcləyəcəksiniz?

- Mən çox istərdim ki, bu pulu əyləncəli şeylərə xərcləyim. Amma bu pulu atamın sağlamlığı üçün xərcləyəcəm. Atam xəstədir və 3000 manat onun müalicəsi üçün lazım olan pulun onda birindən də azdır.

- Yeni əsərinizi üçüncü MKM-ə təqdim edəcəksinizmi?

- İndidən bunu fikirləşməyim çox tezdir. “Yad dildə”ni də təqdim etmək fikrində deyildim. Birinci də təqdim etmədim. Birincidə fikirləşirdim ki, mənim kitabım birinci olsa, Nigar Köçərliyə problem yarana bilər. Keçən il fikirləşdiyim bu il baş verdi.

- Belə fikirlər səslənir ki, mükafatın sizə verilməsi MKM-in obyetkiv olduğunu sübut etmək, birincidə sarısılmış inamı geri qaytarmaq üçündür.

- Bunu etmək üçün gərək əvvəldən bir taktika qurasan. Orda elə münsiflər var ki, onlara heç bir taktikanı yeritmək, təsir etmək mümkün deyil. Rafiq Əliyevə, Cəmil Həsənliyə, Niyazi Mehdiyə necə deyə bilərsən ki, biz MKM-in nüfuzunu qaytarmaq istəyirik, filankəsə səs verin. Bu adamlara kimisə tapşırmaq absurddur. İkincisi də ki, əgər belədirsə niyə məni seçirdilər. Orda başqa yazıçılar da vardı. Məncə bu heç də doğru fikir deyil.

- Münsiflər arasında sizə yüksək ballar verən kimlər olub?

- Elçin Şıxlı radioda demişdi ki, Pərvizin əsərinin ideyası xoşuma gəlib, ona yüksək bal vermişəm. Rafiq Əliyev orda mənə təşəkkür etdi və ən yüksək balı verdiyini dedi. Bildiyim qədəriylə, Niyazi Mehdi, Şahbaz Xuduoğlu mənə yüksək bal verib. Mənə də maraqlıdır ballar. Yaxın günlərdə açıqlansa, yaxşı olardı.

- Yazıçı Əli Əkbər deyib ki, Şahbaz Xuduoğlu onun və sizin kitablarınızı sataraq qazanc götürüb, sizi aldadıb. Buna münasibətiniz necədir?

- Bu məsələ iki nəfərin arasındadır deyə ona qarışmaq istəməzdim. Amma “Ən yeni ədəbiyyat”ın adı orda keçirsə, fikrimi bildirməliyəm. Əli Əkbərin dediklərini oxumamışam. Mənim cəmi 1000 kitabım satılıb. Burda nə qədər qazanc ola bilər ki!? Əgər mən o kitabı öz hesabıma çap etsəydim, bu qazancdan daha yuxarı xərcim çıxacaqdı. Şahbaz Xuduğolu böyük bir iş görüb, 3-5 manata görə onun xidmətin danmaq olmaz. Kitabım çıxmazdan əvvəl müqaviləmiz olub.

- Nə yazılmışdı müqavilədə?

- Orda göstərilir ki, kitabın ilk min tirajından qonorar ödənməyəcək. İkinci min tirajdan müəllifə 10 faiz ödənəcək. O seriyadan kitabı çıxan hər bir müəllif bu müqaviləyə qol çəkib. Müqavilə rəsmi şeydir, bunu bir kənara qoyaq. Mən necə durub deyə bilərəm ki, dünən belə danışmışdıq, bu gün fikrimi dəyişdim, mənə pul ver.

- Onda Əli Əkbər niyə belə edir?

- Bu onların arasındakı məsələdir, qəti qarışmaq istəmirəm. Nəsə araları dəyib yəqin. Sırf insani münasibətlərlə bağlıdır.

- “Yad dildə”nin uğurunu nəzərə alıb onu başqa dillərə çevrilməsinə və yenidən dərcinə çalışacaqsınızmı?

- MKM kitabı yenidən dərc edəcək. Kitab türk dilinə tərcümə edilir, Türkiyədə nəşr olunmalıdır. Mükafatlandırma mərasimində bir xanım yaxınlaşıb “Yad dildə”ni ingiliscəyə pulsuz çevirmək istədiyini bildirdi.


Elmin HƏSƏNLİ
# 1038 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #