“Uşaqlar üçün silsilə” - MƏTN

“Uşaqlar üçün silsilə” - MƏTN
1 iyun 2011
# 10:00
Uşaqların üsyanı

Ataların sizə verdiyi
“azadlıqdan məhrumetmə” cəzasını-
otaq künclərini
əyləncə bilib qaçın.
zindanlara öyrəşmək
uşaq taleyi üçün tez deyil!

Gəlinciklərin qol-budunu sındırın
bircə zərbə ilə yastılayın
palçıqdan düzəltdiyiniz adamları
canlı insan qanına bulaşmaq belə
körpə biləkləri üçün tez deyil!

tükürpədən bir təbəssümlə gülümsəyin
qocaların
əlillərin
və vətəni olmayan şərəfsizlərin üzünə
qocalar evlərini
qul bazarlarını
yandırmaq
çadır şəhərlərini dağıtmaq belə
uşaq əlləri üçün tez deyil!

...sonra
yeməyinizi pişiklərlə
yatağınızı itlərlə
vücudunuzu
küçələrə öyrətməyin vaxtı
ötüb keçməsin!

Yetim uşaqlara təsəlli

Valideynlər öz uşaqlarına
Ciblərində
göyərçinlər üçün dən gəzdirməyi
küçə pişiklərininin
gümrahlığına sevinməyi
yollara yapışan heyvan cəsədlərini
basdırmağı öyrətmirlər

yetimlik aqibəti üçün ağlamamaq da olar!

Atalar hər zaman qəhrəman
Analar mələk olmur
Bəzən ataların içində rəzil bir qorxaq
Anaların içində ifritə yaşayır

O zaman hər ucaboy kişidə - ata
Hər gözəl qadında – ana axtarmamaq da olar!
Yetimlərin dişlərinə görə olmayan sümük
Dırnaqlarına görə olmayan dəri olmaz

Ağlamaq istəyəndə
Dırnaqlar ovucları deşincəyə qədər
Yumruqları yummaq da olar!

Böyük uşaqların fəlsəfəsi

Qaçqın uşaqlarından bəhs edən “günəş və bulud”
Filminin ssenari müəllifi Rafiq Həşimova


Məğlubiyyət – hökmdarların
Təhqirlər – kişilərin
Fahişəlik – qadınların üzlərində
İz buraxmadan keçib getmir
Amma
Acılar və yoxsulluq
Uşaqların üzündə heç bir iz buraxmır

Çünki
Uşaqlıqdan dizlərinin üstünə qoyduqları
Üzüyuxarı açıq ovuc
Və üzüaşağı meylli dodaq ucları ilə
Uşaqlar acılara və səfalətə
Öyrətmiş olurlar
Bütün bədən üzvlərini

Uşaqlar
Yoxsulluqda hələ qaçqınlıq yaşamır!

Buna görə də gecələr
Yağmur damlalarının döyəclədiyi çadır tavanlar
Səhərlər üzərinə qırov düşmüş yorğanlar
Tüstüsü göz çıxaran məktəb sobaları
Ekzotik narahatlıqdan savayı bir şey deyil
Qocalar vətən həsrətini – qəbirstanlıq
Valideyn kimi təstiq olunmaq
İmkanı əllərindən alınmış böyüklər isə -
Maddi məhrumiyyətlər səviyyəsində yaşayanda
Uşaqlar üçün vətən – qayğısız uşaqlıqdan savayı
Bir şey deyil!

Qışda yandırmaq üçün
Şam qozası yığmağa yollananda –
Günəş - isti
Bulud – yağışdan savayı bir şey deyil!

Uşaqlar soyuqda-çovğunda hələ qaçqınlıq
Yaşamır!

Uşaqlar qaçqınlığı
Çox-çox sonralar yaşayır, qardaş!

Nəzakətli valideynlər
Tərbiyəli uşaqlar
Təmtəraqlı evlər gördükləri zaman
Keçirdikləri utanc hissində yaşayır qaçqınlığı
uşaqlar!
Bu zaman
Uşaqların etirazı dözülməzdi –
Etiraz bütün uşaqların gözündə olanda!

Hökmdarlar ağlayanda - çarəsiz
Kişilər ağlayanda – miskin
Qadınlar ağlayanda – gözəl olur

Uşaqların ağlamağı kədərlidi...
# 1693 dəfə oxunub

Oxşar xəbərlər

"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

11:30 7 oktyabr 2025
"Kruq ədəbiyyatı" - “Estetik inqilab” ocağı yoxsa, haqsız rəqabət mühiti?

"Kruq ədəbiyyatı" - “Estetik inqilab” ocağı yoxsa, haqsız rəqabət mühiti?

12:00 4 oktyabr 2025
Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

13:00 3 oktyabr 2025
"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

11:47 3 oktyabr 2025
"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

10:00 3 oktyabr 2025
Tanınmış tarzənin yubileyi qeyd olunub

Tanınmış tarzənin yubileyi qeyd olunub

11:13 2 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər