Nəriman Əbdürrəhmanlı: “Münsiflər mənə dedi ki, heç darıxma...” - SÖHBƏT

Nəriman Əbdürrəhmanlı: “Münsiflər mənə dedi ki, heç darıxma...” - SÖHBƏT
20 may 2011
# 14:47
“Mütəxəssislərlə məsləhətləşdim, dedilər ki, bir qonaqlıq ver, səni səsvermədə qalib edək”

- MKM qalibinin adının açıqlanmasına 10 gün qalıb. Nə gözləyirsiniz, necə olacaq, proqnozlarınız varmı?

- Müsabiqənin nəticələrini heç cür proqnozlaşdıra bilmərəm. Keçən il proqnozda kobud səhv etdim. Gözlədiyim əsərlərin heç biri qalib olmadı. Oxuduğum, dəyərləndirdiyim heç bir kitab layiqli yer tutmadı.

- Builki əsərlər barədə nə deyə bilərsiniz?

- Beşini oxumuşam. Etimad Başkeçidin hekayələri gözəldir, Məqsəd Nurun povesti haqqında müsbət fikirdəyəm, Azər Abdullanın romanını onluğa düşməyə layiq hesab edirəm, Paşa Qəlbinurun romanı isə şair qələmindən çıxmış əsərdir...

- Sonuncu kəlmələrinizdə kinayə hiss etdim...

- Yox, ironiya məsələsi deyil, bu, şair nəsridir. Yazışı nəsri tamam başqa şeydir. Tutaq ki, Azər Abdullanın romanı müəyyən məqamlarda problemlidir, ancaq peşəkarlıq, yazıçı manevri baxımından daha mükəmməldir.

- Hansı əsərin onluğa düşməsini və yaxud qalib olmasını ədalətsizlik hesab edərdiniz?

- Düzü, bunu deyə bilmərəm. Çünki 5 əsəri oxumamışam. Bəlkə, oxumadıqlarım arasında mənim əsərimdən daha yaxşısı var...

- Bəs, müsabiqənin obyektivliyinə necə, inanırsınızmı?

- Ekpertlərin obyektivliyindən çox razıyam. Təkcə özümə görə yox, ümumən qəbul etdiyim müəlliflərin əksəriyyəti onluğa düşdüyünə görə. Buna görə də ekspertlərə minnətdarlıq edirəm, onlar maksimum dərəcədə obyektiv oldular. Bununla belə, münsiflərdə problem var...

- Nədir o problem?

- Ən əsası dil baryeri var. Münsiflərin bəzisi rusdillidirlər. Onların Azərbaycandilli, həm də təhkiyəsi etibari ilə çətin olan nəsri oxuyub dəyərləndirmələri mənim üçün bir az problemli görünür.

- Rəşad Məcid haqqınızda danışmışdı...

- Hə, demişdi ki, Nəriman Əbdürrəhmanlının əsərini oxumaq üçün münsiflərə kompensasiya vermək lazımdır.

- Onu zarafatyana demişdi...

- Yox, bu, Rəşad Məcidin ədəbiyyata, oxuduğu əsərə münasibətidir. Onun açıqlamasını çox normal qəbul etdim, o, Dostoyevskini də, Markesi də oxuyub bəyənməyə bilər. Ədəbiyyat birinci növbədə zövq məsələsidir. Ədəbiyyatda bir əsəri hamıya bəyəndirmək olmaz. Ancaq münsiflər heyətinin bir neçə üzvü mənə deyib ki, heç darıxma...

- Yəni müsabiqənin nəticəsi Rəşad Məciddən asılı deyil, hə?

- Təbii ki, onların da fikri belədir. Yəni iki mövqe var. Ona görə də bunu normal qəbul edirəm.

- Oxuduğunuz 5 əsər arasında özünüzü neçənci yerdə görürsünüz?

- Təkrar edirəm ki, 5 əsəri oxumamışam. Oxuduqlarım arasından, məncə, ilk üçlüyə düşə bilərəm. Yazdığıma arxayınam. Təkcə ekspertlər yox, zövqünə bələd olduğum bir neçə ədəbiyyat adamı da oxuyaraq müsbət fikirlər söyləyib.

- Müsahibə aldığımız üç yazar – Mirmehdi Ağaoğlu, Etimad Başkeçid və Pərviz Cəbrayıl rusdilli kitablar üçün ayrıca müsabiqə keçirməyin tərəfdarı olduğunu bildirib. Yəni onlar rusdilli kitabların MKM-də təmsil olunmasına qarşıdırlar. Bu məsələ barədə nə düşünürsünüz?

- Mən fərqli fikirdəyəm. “Milli Kitab Mükafatı” deyəndə təkcə dil yox, həm də düşüncə, məkan faktoru nəzərə alınır. Rus dilində yazanlar da Azərbaycan məkanından, Azərbaycan insanından, Azərbaycan ədəbiyyatı üçün yazıblar. Yox, əgər azərbaycanlı rus dilində başqa ölkədən yazsaydı, onda mən də həmin fikri dəstəkləyərdim.

- MKM ölkə ədəbiyyatının inkişafında hansı rolu oynaya bilər?

- Gürcüstan ədəbiyyat məkanı ilə də tanışam, dünya ədəbiyyatından etdiyim tərcümələrə görə dünya ədəbiyyatında gedən prosesləri də məcburən də olsa, izləyirəm. Dünyanın müxtəlif məkanlarında onlarla belə mükafatlar var. Kitab ticarətinin, tərcüməçilərin, redaktorların və yaxud ayrıca bir şəxsin adına mükafatlandırma keçirilir. Bunlar ədəbi mühiti canlandırmaq üçün təşkil olunur, dəyərli əsərləri itib-batmağa qoymurlar. Bu cür yanaşanda, əlbəttə, MKM-i müsbət dəyərləndirirəm. Ancaq gərək müxtəlif xoşagəlməz hərəkətlərlə bu mükafatı gözdən salmasınlar. Bu il MKM-in sınaq ilidir. Əgər bu il də ötənilki kimi olsa, üzü ağ çıxa bilməsə, artıq üçüncünü keçirməyə ehtiyac qalmayacaq.

- Ötən il onluqda vardınız, amma mükafat almadınız...

- Keçən il çox gülməli müsabiqə oldu. Gənclər Nazirliyinin gənc yazarlara ayırdığı mükafat 53 yaşlı yazıçı Əlabbasa verildi. Gənclər mükafatını almalı olan əsər isə MKM-in mükafatını aldı. Bunu qəsdən, planlı şəkildə etdilər. Yəni əvvəlcədən razılaşma olmuşdu. Ona görə də bu il mükafatlandırma şəffaf keçirilməlidir. Belə olmazsa, gələn il müsabiqəyə lüzum qalmayacaq. Müsabiqə keçirilsə də, mən onda iştirak etməyəcəyəm. Onsuz da keçən ildən sonra iştirakçıların və yaxşı əsərlərin sayı əhəmiyyətlı dərəcədə azaldı. Nüfuzlu yazarların sayı yarıya düşdü. Ona görə də nüfuzu qorumaq lazımdır.

- Keçən il mükafat kimə verilməli idi?

- Şərif Ağayar, Rafiq Tağı, Fəxri Uğurlu mükafata layiq idilər.

- Mətbuatda yazılır ki, Paşa Qəlbinurla Natiq Rəsulzadə özlərini “tapşırtdırıblar”. Bu barədə eşidibsinizmi? Ümumiyyətlə, bu məsələyə də münasibətinizi öyrənmək maraqlı olardı...

- Bu barədə həm eşitmişəm, həm də Nigar Köçərlinin bəyanatı olub, saytda da yayımlanıb. Əlbəttə, yaxşı hal deyil. Bundan əlavə, əsərlərə saytlarda səsvermə qaydası da uğursuz idi. Bu barədə Nigar xanıma iki dəfə məktub da yazmışam. Həmin məktubun birincisində bildirmişdim ki, müsabiqədə iştirakdan imtina edirəm. Çünki mənim əsərimi ekspertlərdən başqa heç kim oxumayıb. Səsvermədə olan əsərlərdən Azər Abdullanın, Aslan Quliyevin, Paşa Qəlbinurun və başqalarının əsərləri çap olunub, amma çap olunmayanlar da var. Çap olunmamış əsərin nəyinə səs verilə bilər ki?!
Sonradan texniki fırıldaqlar da baş verdi və bir gündə biri 50 min səs irəli gedirdi. Mən ikinci dəfə Nigar xanıma məktub yazdım....

- O kim idi?

- Natiq Rəsulzadədə və bir neçə başqa yazıçıda belə hal olub. Mən mütəxəssislərlə məsləhətləşdim, dedilər ki, bir qonaqlıq ver, səni səsvermədə qalib edək. Yəni kodu sındırıb istədiklərini edə bilirdilər. Əlbəttə, bu nəticəyə təsir etmir, ancaq əsər haqqında pis imic formalaşdırır. Deyirlər ki, sənin əsərin nə gündədir ki, cəmi min səs veriblər...

Vüqar Qurdqanlı
# 947 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanı dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir?

Dünyanı dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir?

15:00 15 may 2024
Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO

09:00 8 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

15:00 6 may 2024
Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

09:01 6 may 2024
Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
#
#
# # #