Araz Zəki: “Füzuli özü üçün yazırdı” - MÜSAHİBƏ FOTOSESSİYA

Araz Zəki: “Füzuli özü üçün yazırdı” - MÜSAHİBƏ FOTOSESSİYA
18 may 2011
# 13:57
Mən Araz Zəki (Əliyev Araz Ənvər oğlu) 1989-cu ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Sabunçuda bitirmişəm. Hazırda İncəsənət Universitetində təhsil alıram. Qazaxda hərbi xidmətdə olmuşam.

- Şeir yazmağa nə vaxtdan başladınız? Qazaxda hərbi xidmətdən sonra, yoxsa...

- Yox, mən orta məktəbdən şeir yazıram. Şeir, qəzəl, hekayə, mənsur şeir yazıram.

- Mənsur şeir yazmağı kimdən öyrənmisən?

- Gülhüseyn Hüseynoğlundan.

- Mənsur şeir yazan başqa kimləri oxumusan? Məsələn, Turgenevi oxumusan?

- Yox, Turgenevi oxumamışam. Əslində Gülhüseyn Hüseynoğlundan başqa heç kimi oxumamışam. Onun təsiri ilə yazmışam.

- Onun həyatı barədə yəqin məlumatın olar...

- Elə-belə. Bilirəm ki, AMEA-da işləyib...

- Onun gənclik illərində sürgünə göndərildiyini bilmirsən?

- Xeyr, bilmirəm...

- Azərbaycan ədəbiyyatında hansı şairlərdən xoşun gəlir?

- Ən birinci Füzulidən, sonra Əliağa Vahiddən. Mən Vahidi Füzulinin ən layiqli davamçısı hesab edirəm.

- Vahidi?

- Bəli!

- Amma Gülhüseyn Hüseynoğlu bunların heç birinə oxşamır axı? Hamısını necə bir yerə yığa bilirsən?

- Fərqli yazmağı çox xoşlayıram. Əvvəl sırf şeir yazırdım. Amma Gülhüseyn müəllimi oxuduqdan sonra artıq ay yarımdır ki, mənsur şeir yazıram.

- Sabir haqda da şeirin var, ona münasibətin necədir?

- Sabirin belə bir şeiri var:

“Ölmək istəyirəm, ölüm leh qaçır məndən əcəl,
Gör, nə gündəyəm ki, əcəldən də gərək naz çəkəm..”


Onu oxudum xoşuma gəldi, yazdım.

- Sabirin yüzlərlə sosial-siyasi şeirləri var, yaradıcılığının 80 faizi bunlardır. Niyə sosial olmayan bir şeiri xoşunuza gəldi?

- Mən, məsələn, hekayə yazanda da, nədənsə həmişə axırda qəhrəmanları öldürürəm.

- Özün də elə bil həyatdan bezmiş kimisən. Bunu şeirlərindən də hiss etmək olur. Bir şeirində yazmısan ki, sevdiyim vəfasız bədqədəmlidir...

- Bezmək yox, nakam sevgi demək olar ona. Allaha min şükür həyatdan bezməmişəm...

- Onda zəhmət olmazsa, o misranı bizə bir az aç, nə yazmaq istəmisən?

- Əziyyət verir mənə, qarşılıqsız olur sevgim. Birinci sevgim də qarşılıqsız olub, ikincisi də İncəsənət Universitetindədir, o da qarşılıqsızdır.

- Deməli, kimi sevirsənsə, sənə əzab verir?

- Bəli, həm də başqa bir şeirim də var, “Günahı gözümdədir”...

- Tələsməyək, ona da növbə çatacaq. İndi “İnsan” şeirinə keçid alaq. Yazmısan ki, hörməti qazanmaq deyildir asan. Bu həqiqətən belədir?

- Bəli. Mən elə düşünürəm ki, çətindir. Yəni insanın özündən asılıdır. İnsanın özünü necə göstərməyindən asılıdır. Elə insan var ki, özünü olduğu kimi göstərə bilmir və yaxud da göstərmək istəmir.

- Amma eyni şeirdə cəmi bir misra sonra yazırsan ki, hörməti qazanmaq asandan asan...

- Hə, təzadlı fikirdir.

- Bu necə olur ki, həm asan olur, həm çətin. Bəlkə, bu irfandır?

- Bilirsiniz necə? Çətindir, amma asandır.

- O necə olur ki?

- Çətindir ona görə ki özünü göstərə bilmir və yaxud da göstərmək istəmir. Amma öz əlində olan məsələdir də, istəsən göstərə bilərsən! Yəni mənim özümü təqdim eləməyim öz əlimdədir.

- Başqa bir şeirdə də yazmısan:
“Daha bezmişəm məhəbbətdən, eşqdən
Sifətim qəmli olub, əsər yoxdur gülüşdən”...


- Bu şeirdən sonra bir az fasilə verdim, yazmadım. Sonra nə isə gördüm dayana bilmirəm, alınmır. Başa düşdüm ki, yazanda rahat oluram...

- Yazanda rahat olursan, yoxsa vuranda?

- Yox, əstəğfürüllah, içmirəm...

- Amma şeirin var ki, “şərab iç, dünyanın pisini görmə”...

- Əslində o şeiri sizə vermək istəmirdim...

- Veribsən axı...

- Əvvəllər içən olmuşam, indi namaz əhlindənəm.

- Düz deyirsən ki, şərabla düşməzsən heç zaman dara. İçən vaxtlarında dara düşmüsən?

- İndi başa düşürəm ki, bir-iki saatlıq, yaxud da bir-iki günlük nəyisə unutdura bilər. Həm yaxşı, həm də pis mənada ona müvəqqəti ləzzət deyək.

- Ən çox sevdiyin Füzulidir dedin, oxumusan onu?

- Oxumuşam...

- Qəzəllərini, yoxsa poemalarını. Məsələn, “Leyli və Məcnun”u oxuyubsan?

- Onu orta məktəbdə oxumuşam. Amma mən Nizaminin də, Füzulinin də “Leyli və Məcnun”na inanmıram.

- Necə yəni inanmıram? Nəyə inanmırsan?

- İnanmıram ki, Leyli, Məcnun olub.

- Olmayıb, əlbəttə, ərəb əfsanəsidir. Yazı tərzindən söhbət gedir.

- Bilmirəm sizə təqdim etmişəm, ya yox. Bir şeirimdə Məcnunu Züleyxa ilə müqayisə etmişəm.

- Məcnunu Züleyxa ilə? O necə olub?

- “Ağlı olsaydı Məcnunun düşməzdi çöllərə”. Yəni Allaha dua etsəydi, Allaha səmimi-qəlbdən sevgisi olsaydı, Züleyxanın aldığını o da alardı. Hamı bilir ki, Züleyxa sonda istəyinə çatır...

- Məcnun da çatır axı...

- Məcnun, məncə, yox, çatmır...

- Amma bəzi elm adamları deyirlər ki, Məcnunun Leylidən imtina etməsi və yenidən dağlara qayıtması kamilləşməsi, Allahına qovuşması idi...

- Bilmirəm...

- Nizami yaxşı qəzəl yazıb, yoxsa Füzuli?

- Nizamini başa düşmək bir az çətindir.

- Bəs Nəsimi? Nəsimi ilə Füzulinin fərqi nədədir?

- İkisində də sufi fikirlər var. Amma hardasa Nəsimi fəlsəfi fikirlərə daha çox üstünlük verib...
- Füzulidə səni nə cəlb edir?

- Belə deyək ki, Füzulidə sırf üsyan yoxdur.

- Yəni Allaha, dinə, şaha... kimə üsyan yoxdur?

- Belə deyək də, özü üçün yazıb.

- Amma bu çox ağıla batan deyil. İnanmıram ki, kimsə sənin bu qiymətli fikrini oxuduqdan sonra gedib Füzulini oxusun...

- Axı, Nəsimidə sufi-panteist ideyalar çoxdur, amma Füzuli belə qabarıq verməyib. Düzü, Nəsimini də səhv başa düşüblər.

- Füzulinin məzhəb etibarı ilə şiə olduğunu bilirsən?

- Şiə də qardaşdır inşallah.

- Füzulidən “Şəbi-hicran”dan başqa bir qəzəl deyə bilərsən?

- Desəm ki, yadıma gəlmir... İndi yenə dalaşıb gəlmişəm...

- Füzuli ilə?

- Yox onunla, şeirlərə aidiyyatı olanla. Nə bilim vallah, indi başım doğrudan da bir az qarışıqdır.

- Füzuli olmasın, ümumiyyətlə ən çox xoşuna gələn şeir hansıdır?

- Nəsiminin “dilbəra, mən səndən ayrı özgə canı neylərəm”, sonra “ayrılıqdan yar mənim bağrımı qan eylədi” xoşuma gəlir.

- Belə görürəm ki, mədəni, etikalı, şeir yazan, namaz qılan oğlansan. Niyə qızlar tərəfdən başın dərd çəkir ki?!

- Şeir yazdığım qız mənə deyir ki, həddindən artıq yaxşı insansan, amma mən səni sevə bilmirəm.

- Səbəb nədir ki?

- Hər ikisinin sevdiyi olub. Mən onu sevirəm, o da başqasını – başqaları içində başqalaşmışam.

- Sən də sevgilisi olmayanı sev də...

- O ürəkdən gələn bir şeydir.

- Yəni ürəyindən ancaq sevgilisi olanı sevmək gəlir?

- Yox, mən onları sevəndə bilmirdim sevgililəri var. Bilmiş olsaydım da, yəqin ki, sevmiş olardım.

- Şeiri qızlar səni sevmirlər deyə yazırsan, yoxsa ürəyin istəyir deyə?

- Gəlir yazıram.

- Gecələr, yoxsa gündüzlər yazırsan?

- Elə olur ki, yolda yazıram. Orta məktəb vaxtı çantamı dizimə qoyub yolun ortasında yazmışam.

- Gəldi saxlamırsan da, harda gəldi yazırsan...

- Bəli.

- İlk şeirini nə vaxt yazmısan?

- İlk şeiri yazmamışam.

- Necə yəni birinci şeiri hələ yazmamışam. Birbaşa ikincidən başlamısan?

- Necə yazmamışam, elə-belə demişəm, sonra oturub yazmışam. 8-ci sinifdə Koroğlu haqqında:

Bizim elin igididir Koroğlu,
Bizim elin dayağıdır Koroğlu.
Dəliləri saya gəlməz,
Heç bir gün də dincəlməz...


- Amma Koroğlu bir dəfə sevib və qovuşub. Səndə isə alınmır. Səncə, niyə qızlar səni sevmir. Səbəb nə ola bilər?


- Özümdə də səhv ola bilər. Yəqin o istədiyi kimi qəlbini qazana bilmirəm.

- Sovet vaxtı şeirlə kobud desək “qız tutmaq” asan idi. İndi deyəsən çətindir...

- Elə deməzdim, dövr dəyişməyib. Dövr həmin dövrdür...

- Yəni qadınlar şeirə gəlirlər?..

- Yox, insanlar dəyişib, kitaba maraq azalıb və s.

- Kitaba maraq niyə azalıb?

- Belə deyək də, bu gün zəif dövlətlərinin, xüsusilə də müsəlman dövlətlərin başına nə gəlirsə, xaricdən gəlir. Güclü siyasətdir, təfəkkürü söndürmək üçün kino, serial, diskoteka atılıb ortaya.

- Diskotekaya getmirsən?

- Yox, getməmişəm, yəqin ki də getməyəcəyəm.

- Sən özün son dəfə hansı kitabı oxuyubsan?

- Axırıncı dəfə İlyas Əfəndiyevin “Körpüsalanlar” romanını oxumuşam.

- Bəs Seymur Baycanın “Körpüsalanlar”ını oxuyubsan?

- Kimin?

- Seymur Baycanın...

- Yox, tanımıram.

- O kitab universitetdə tapşırıq kimi verilmişdi, yoxsa könüllü oxumusan?

- Yox, tapşırıq kimi verilmişdi.

- Səncə, bu, İlyas Əfəndiyevin oğlunun sizin universitetin rektoru olması ilə əlaqəli deyil ki?

- İnanmıram, yox, müəllim tapşırmışdı. Plana uyğun idi, oxuyub ssenari qurmalı idik.

- Dedin ki, xarici ölkələrin İslam dünyasına qarşı planları var. Səncə, bu plan nəyə görədir? Məqsədləri nədir?

- Məqsəd İslamı məhv etməkdir.

- İslam məhv olsa nə olacaq, əllərinə nə keçəcək?

- Amerikanın “parçala, hökm sür!” siyasəti var, çalışırlar ki, İslamı məhv etsinlər. Amma bu onların əlində deyil. Gücləri çatmaz buna.

- Sünnisən, yoxsa şiə?

- Bölmək istəməzdim..

- Amma sənə qədər bölüblər...

- “Sunna”...

- Sələfilərdənsən?

- Bunun artıq konkret əleyhinəyəm. Peyğəmbərimizin (s.a.v) sünnətini yerinə yetirirəm.

- Sünnilərin də fərqli təriqətləri var axı, hənəfi, şafei, maliki, hənbəli...

- Mən bölmürəm!

- Bölməyə bilməzsən axı, məzhəblərdə elə fərqlər var ki, məsələn, əl qadına dəyəndə şafeidə dəstnamaz pozulur, hənəfidə pozulmur...

- Ümumi şərtlər var da...

- Nəzəri olaraq, bəli, amma praktik olaraq ümumi şərt yoxdur axı?

- Mən belə dərinliklərə getmirəm.

- Estrada rejissorluğunu oxuyursan. Qərbdə Den Braunun “Da Vinçi şifrəsi” əsərinə eyniadlı kino çəkilib və ortaya peyğəmbərlərinin günahsız olmadığını, Mariya adlı bir qadınla eşq yaşadığını və hətta bu qadından Sara adlı qızının dünyaya gəldiyini qoyublar. Sən necə düşünürsən, İslamın peyğəmbəri haqda belə film çəkmək olar?

- Məncə, yox. Çünki son peyğəmbər təkcə bizim yox, bütün aləmlərin peyğəmbəridir. Xristianlar İsa peyğəmbəri də düz təqdim etmirlər. Deyirlər, çarmıxa çəkilib. Amma əslində elə deyil, o qeybə çəkilib. Kim ki, onu çarmıxa çəkmək istəyirdi, Allah-Təala tərəfindən ona İsa peyğəmbərin siması verilib və o, çarmıxa çəkilib. İsa peyğəmbər isə qeyb olub.

- Ömər Xəyyama münasibətin necədir?

- Oxumamışam.

- Rejissorluğa münasibətin necədi?

- Həvəsim yoxdur.

- Bəs necə olub bu ixtisasa qəbul olunmusan?

- Açığı, əsgərlikdən gəldikdən sonra yenidən kitab oxumağa həvəs olmadı, yadımda qalanlarla imtahan verdim və estrada rejissorluğu ixtisasına qəbul olundum. Bir sinif yoldaşım, həm də məhləuşağı idi, o da orada təhsil alırdı, məsləhət bildi, mən də oxudum.

- Kann kinofestivalı gedir, izləyirsən?

- Yox.

- Universitetdə tələbələr, müəllimlər bu haqda danışmırlar? Hardan bilirsən ki, bu festival keçirilir?

- Bu gün qrup yoldaşım dedi. Onları izləməyə, baxmağa həvəs yoxdur, təkcə ədəbiyyata var.

- Aqşin, Rasim Qaraca, Həmid Herisçi, Seymur ... Bu yazarları oxuyursan?

- Oxumamışam.

- Sonuncu dəfə hansı dövrün kitabını oxumusan?

- Salam Qədirzadədən oxumuşam.

- Bəs dünya ədəbiyyatından?

- Onu hələ ötəri oxumuşam, Qərb ədəbiyyatı dərsindən öyrəndiklərimdir. Amma fikrim var ki, Azərbaycan ədəbiyyatını hələlik bir kənara qoyub dünya ədəbiyyatını oxuyum...

- Niyə?

- Yazan başqa uşaqlar deyir ki, ondan da yaxşı öyrənmək olur.

- İçkini niyə atdın?

- Haqqı tanıdım.

- Kim tanıtdı?

- Tanıyanlar... Əsas odur ki, Allah-Təala istəməsə, heç kəs namaza gələ biməz...

- Hələ həyat qabaqdadır, nə işlə məşğul olacaqsan?

- Ədəbiyyatda olmaq istəyirəm.

- Amma ədəbiyyatda olanlar az qala acından ölürlər...

- Yox, yaradılmamış insanın ruzisi verilir.

- Arxayınsan ki, ədəbiyyata gəlsən hər şey qaydasına düşəcək...

- Yox, arxayın deyiləm, amma istəyirəm...

- Sənə elə gəlmir ki, bu qədər az oxuyub yazmaq doğru deyil. Bəlkə, bir az da oxumaq lazımdır?

- Evdə atam da deyir ki, heç nə oxumursan, amma yazırsan. Əvvəl oxu, sonra yazarsan. Deyirəm, hələ ki yazıram...

- Qurtarana qədər yazım, sonra oxuyaram?

- Yox, inşallah yəni...

- AYB-nin üzvüsən?

- Yox.

- Uzun müddət sevgidən başı dərd çəkən, sevgi şairi olaraq yeni yazmağa başlayan şairlərə tövsiyən nədir?

- Mənim kimi yazmasınlar, oxuyub yazsınlar.


Araz Zəkinin bir şeirinə də sizə təqdim edirik:

Doğrudan yalan!

Yalanı doğru tək qəbul eylədin,
Doğrunu yalandan ayırammadın.
Doğrunun yerinə yalan söylədin,
Doğru nə, yalan nə, bunu qanmadın.

Söylədin doğrunu, dedilər ki, sən,
Deyəsən, sən yalanın həsrətindəsən?
Yalan söyləsən də hamı inandı,
Şirin yalanları, həm doğru sandı.

Şirin görsəndikcə doğrudan yalan,
Söylədin üst-üstə, onu sən hər an.
Əsası işlərin düz getsin deyə,
Fikrini yönəltdin, yalan deməyə.

Yaxşıca qulaq as, ver ki, sən diqqət,
qısaca söyləyim, sənə məsləhət:
“Dediyin yalanın üstünü gəl aç,
Yalandan uzaqlaş, doğruya sən qaç!”



Vüqar QURDQANLI
# 1272 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanı dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir?

Dünyanı dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir?

15:00 15 may 2024
Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO

09:00 8 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

15:00 6 may 2024
Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

09:01 6 may 2024
Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
# # #