Gözlərin bütün gözlərin müəlliməsi idi

Gözlərin bütün  gözlərin müəlliməsi idi
10 oktyabr 2012
# 10:51
Kulis.az Qafqazinfo saytına istinadən Aqşin Yeniseyin "Qapqaraciyərin sevgisi " şeirini təqdim edir:

Bədəninə toxunduqca kədərlənirəm,
Kədərlənirəm ki, bu gözəllik bir gün həyatda olmayacaq.
Öləcəyəmsə, bu gözəlliyin yerini Tanrıdan soruşmaq üçün öləcəyəm.
Tanrıya – insanı palçıqdan, sevgini ayrılıqdan,
Ayrılığı ölümdən yaratmış bu tanrısıza sübut etmək istəyirəm ki,
Səni tapmaqdan ötrü, yoxa çıxmaqdan belə qorxmuram.
Yaşayıb səni itirməkdənsə,
Ölüb səni tapmaqdı sevgi - mənim üçün.
Mən Tanrının yox, sənin yoxluğunun ateistiyəm.
Gözlərin bütün qadınların gözlərinin müəlliməsi idi
İnsana necə baxmağı öyrədirdi.
Əllərin uzaqlaşmaq dərsi keçirdi.

Çünki biz
insanlardan uzaqlaşa-uzaqlaşa yaxınlaşmışdıq bir-birimizə.
Səni hamını itirdiyim yerdə tapmışdım, doktor.
Bundan sonra başqasını sevsən də sevinəcəyəm
Biləcəyəm ki, o da mənəm.

Amma sən
bu boyda gözləri necə, kimin arxasında gizlədəcəksən,
Hardan tapacaqsan o nəhəngi?
Danışdıqca ağlamağım gəlir,
Ağladıqca susmağım
Susduqca yoxa çıxmağım gəlir, doktor.
Bax, yenə də ağrıyıram
Saatımın əqrəbi sol qolumu sancıb!
Zamanın zəhərini qatıb qanıma.
Bir insan ört üstümə, tənhalıqdan üşüyürəm
Bax, əlçatmaz ağacların başında mürgüləyən külək əsməyə başladı yenə
Gecənin qaranlığından ağappaq qar yağdı
Üşüdük və göylər yenə sübut etdi ki,
Sevəndə qaranlıq da ağappaqdı.
Doktor, hər qadın Həvvanın uzaq qohumudu
Hər kişi Adəmin yaxın dostudu.
Alma ağacı görəndə iyrənirəm
Çünki bu ağacın əcdadı
Qadının cənnətdə yediyi
Qadağan olunmuş meyvənin
Mədəsində gətirdiyi toxumudu.
Gülü ağac olmaq arzusu soldurur
Bizi Tanrı olmaq iddiası öldürür.
Ağaclar Tanrının özünə bağışladığı nəhəng güllərdi.
Vaxt vardı, ümidsizliyim də
mənə yaşamaq üçün ümid verərdi.
Doktor, geri dönmək, yenidən gil, palçıq olmaq istəmirəm
Məni elə sev ki, yenidən palçıq yox,
biryolluq yox olum.

Aç qolundakı saatı, doktor, gözəlliyini zamana qısqanıram.
Biz ayrı-ayrılıqda o qədər xoşbəxtik ki,
Bir yerdə olanda bir az da bədbəxt olmaq istəyirik.
Doktor, məni unutsan, elə unut ki,
Səndən sonra heç kimin yadına düşməyim.
# 2589 dəfə oxunub

Oxşar xəbərlər

Varaqları oxunmaq üçün ağrıyan romanlar - Cavanşir Yusifli

Varaqları oxunmaq üçün ağrıyan romanlar - Cavanşir Yusifli

15:00 10 yanvar 2026
"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

12:00 7 yanvar 2026
"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

15:00 5 yanvar 2026
Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

12:00 28 dekabr 2025
Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

17:00 22 dekabr 2025
"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

15:00 22 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər