Süd yolunda dincələr qurumuş dodaqlarım...

Süd yolunda dincələr qurumuş dodaqlarım...
19 sentyabr 2012
# 10:14
Kadrarxası həqiqətlər


Kəsib dünənlərin kino-lentindən
onunla mehriban olduğumuz günləri
məchul sabahlara montaj etmək arzusu
yandırır içimi.
Fəvvarəli parkların açılışında əl çalan dostlar
çox görüblər qırmızı lentlərin kəsilməsini.
Mənsə bilmirəm, nə vaxt kəsildi
dilimizin qırmızı lenti,
nə vaxt açdıq ürəyimizi bir-birimizə ?

Kitablara Borxes baxım ki,
nə vaxt onu düşünmüşəmsə,
həmişə baş rolda olmuşam.

Ömür daha çox hansıdı :
zindan kamerası,
yoxsa kino kamerası ?

guya vecimizə deyil heç nə
darıxmamaqla qrimlənib
biganəni oynayırıq
və oyun həmişə başqaları üçündü
başqaları isə əbədidi əfsus ki...
Hamı bir-biri üçün başqasıdı, bilirəm
çox az adam var ki, başqası deyil
çox az adam var ki, bizim Qrimm qardaşımızdı.

əgər filmdirsə ömür,
mən operator işindən narazıyam.
işıqlandırması zəifdi,
gecələri çox gecədi...
bir də ki,
mən axı səni yaxın planda istəyirəm.

Klassika məşqlərindən - XX

Gözlərindən öpərəm, dodaqlarından sənin,
Şirin sözlər asaram qulaqlarından sənin,
Saçını oğurlayıb daraqlarından sənin,
Saxlayaram cibimdə, gizli-gizli qoxlaram,
Yandıraram gecələr, gəlirsənmi yoxlaram...

Əllərindən tutaram, biləyindən öpərəm,
Saçlarının gül qoxan küləyindən öpərəm,
Məni müqəddəs bilən ürəyindən öpərəm,
Öpərəm ki, biləsən mən müqəddəs deyiləm,
Nə var məndən qaçmağa, mən ki qəfəs deyiləm...

Qırmızı kəmturş şərab badələrə süzülər
Zarafatlar uzanar, ürəyimiz üzülər...
Barmaqlarım tələsər, düymələrin çözülər,
Içimə bir od düşər, titrəyər ayaqlarım,
Süd yolunda dincələr qurumuş dodaqlarım...

Ürəyimin parası, gözümün bir tikəsi,
Məni yaman qorxudur dinməmək təhlükəsi.
Mən özündənrazının, eqoistin yekəsi,
Sən zəriflik tanrısı, qadının ötəsisən
Bütün xoş şeylər kimi sən dəmi bitəsisən ?

Kədəri işarələmək.

Mötərizəni açırsan
bir kəlmə də yazmırsan
gücün çatmır
heç bağlaya da bilmirsən...
belə (

Xoşbəxtlik.

Kim məni inandıra bilər ki,
qucaqlaşmaqdan gözəl
nəsə var bu dünyada ?

İki söz

iki söz mənə dərd olub
son günlərdə.
Biricisini yaşlı bir kişidən eşitdim
Vaxt vardı –dedi, bizə-dedi, qonaq gələndə-dedi
qonağa-dedi,
yer salmağa –dedi, yorğanımız da –dedi,
yox idi –dedi, biz kasıbıq idik – dedi...

ikincisini isə keçmiş idmançı danışdı.
Dedi yarımfinalda uduzdum, dedi kariyeram bitdi,
dedi yuxuma medal girir indiyə qədər...
# 2351 dəfə oxunub

Oxşar xəbərlər

"Adəmlə Həvva Yer üzünə qovulduqdan sonra..." - "Həcc gündəliyi"nin gizlin tərəfləri

"Adəmlə Həvva Yer üzünə qovulduqdan sonra..." - "Həcc gündəliyi"nin gizlin tərəfləri

14:55 19 sentyabr 2025
Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

13:45 19 sentyabr 2025
Məşhur müğənniyə cinayət işi açıldı

Məşhur müğənniyə cinayət işi açıldı

10:54 19 sentyabr 2025
"Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən..." - 21-ci əsrin ən yaxşı Azərbaycan romanları

"Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən..." - 21-ci əsrin ən yaxşı Azərbaycan romanları

14:00 18 sentyabr 2025
Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

17:45 12 sentyabr 2025
Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa...

Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa...

09:00 11 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər