Gəncə avtobusundakı 70 yaşlı Ələsgər dayının sevgi etirafı

Gəncə avtobusundakı 70 yaşlı Ələsgər dayının sevgi etirafı
17 avqust 2011
# 12:48
Bütün istirahətlər gec-tez başa çatır və yenidən iş yerinə geri dönməyə məcbur olursan. Yayın isti günlərindən yalnız 4-5 gün “oğurlayıb” doğma kəndimizdə dincələ bildim. Günlər sürətlə keçdi və mən ayıldım ki, səhər tezdən oğlum Ayhanla Gəncəyə yola düşəcək mikroavtobusdayam.

Səfərim Gəncədən keçməklə Bakıya idi və mən bir gündə təxminən 600 km məsafə qət eləməli idim. 3 yaşlı oğlumla istənilən yolçuluq macəralı və maraqlı olur. Bu dəfə də, nənəmin üzündən öpüb evdən çıxanda başa düşdüm ki, məni macəra dolu bir yolçuluq gözləyir. Ayhanla bilet almamış mikroavtobusa əyləşəndə avtobusda bizdən və sürücüdən başqa yalnız bir nəfər var idi: ağlım kəsəndən kəndimizə gəlib-gedən avtobuslara kassirlik edən 70 yaşlı Ələsgər dayı.

Mikroavtobus kənddən tərpənəndə Ayhan da öz oyuncaq maşınını “yerindən tərpətdi.” Rayonumuzun ərazisini tərk edənə kimi Ayhan avtobusda sahibi-ixtiyar olduğunu anlayıb “at oynatdı”. Mənim yalvarışlarıma, Ələsgər dayının hədə-qorxusuna, sürücünün şirin dilinə məhəl qoymadan öz kefini çəkidi. Mikroavtobusu onun şən gülüşləri, birdə bayağı musiqilər doldurmuşdu

Dünyagörmüş ağsaqqalın söhbəti

Kənddən uzaqlaşmamış Ələsgər dayı arxaya çevrilib ilk sualını verdi:

-Deyəsən Gəncəyə gəzmək üçün gedirsən?

Məni və valideyinlərimi yaxşı tanıyan, boşandığımı və Ayhanı anasının yanına apardığımı yaxşı bilən, Ələsgər dayı sualı sual dalınca verib məni danışdırmağa ciddi cəhdlə israr etsə də mən Ayhanla məşğul idim. Bir tərəfdən isti, bir tərəfdən Ələsgər dayının boşanmaq və evlilik haqqındakı uzun “məruzəsi” məni təmiz özümdən çıxarmışdı. “Dişim bağırsağımı kəssə də” candərdi onun suallarına cavab verir, onu qane eləməyən cavablarımla ağsaqqalı yola verməyə çalışırdım. Şəxsi suallara cavab vermədikcə Ələsgər dayı öz maraqlı “məruzəsi”ni və “seminarını” yekunlaşdırıb dünyadakı proseslərdən və siyasətdən danışmağa başladı.

Cəmi yarım saata Suriya-Türkiyə münasibətlərini çözdü, Fələstin muxtariyyətinə yüksək status verilməsinin yollarını göstərdi, Xəzəri Xəzəryanı dövlətlər arasında bölüb Qarabağı da işğaldan azad elədi.

Bununla ürəyi soyumayıb Somalidə aclıqdan əziyyət çəkən insanlara bol-bol dua eləyib,

Yaponiyanı zəlzələnin fəsadlarından xilas eləməyə də vaxt ayırdı. Daha sonra daxili
siyasətimizdəki boşluqları çox dəqiq təhlil edib, uğurlu xarici siyasət kursu üçün tezislər irəli sürdü. Bir sözlə dünyagörmüş ağsaqqal hətta qlobal istiləşmənin səbəblərini aşkar edib, qlobal maliyyə böhranın aradan qaldırılması yolları haqqında dəyərli fikirlər səsləndirdi. Ağsaqqalın rəvan və qüsursuz nitqindən heç nə anlamasa da oynamağını saxlayıb sakitləşən Ayhanı yuxu basdı və qucağımda yerini rahatlayıb sakitcə yuxuya getdi.

Uşağın yatdığını görən ağsaqqal səs tembrini nizamlayıb yenidən evlilik haqqında ciddi nəzəri biliklərini və təcrübələrini bölüşməyə başladı. Həyatını boşa vermədiyini isbatlamaq üçün böyük həvəslə gəzdiyi ölkələrdən və şəhərlərdən danışıb söhbəti yenə də Gəncəyə bağladı.

“Gəncə o vaxtdan (yəni Sovet vaxtından) birtəhər şəhərdir. Həmişə bu şəhərin insanlarını başa düşmək çətin olub. Analar var ki, oğluna oğurluq eləməyi məsləhət görür. Bilirsən nə qədər həbsdə olan adam var? Orda türməyə düşməyənə pis baxırlar.”

O dəqiqə başa düşdüm ki, Gəncə haqqında çox cüzi təsəvvürləri var. Danışdıqlarını da elə sovet dövründə görüb. Anladım ki,Gəncənin əsil həyatından onun qətiyyən xəbəri yoxdur.Yalanlarını üzünə vurmasam da üzü Nizamidən bu yana Gəncə ziyalılarından, Gəncədə fəaliyyət göstərə ilk Milli Hökumətimizdən, Gəncə üsyanlarından danışıb onu fikrindən döndərməyə çalışsam da mümkün olmadı. Ağsaqqal dediyindən dönənə oxşamırdı.

Qəfildən söhbəti fırlayıb Gəncədəki qohumlarının üstünə gətirdi. Danışdığı əhvalat maraqlı olduğu üçün bayaqdan elədiyi söhbəti unudub ona qulaq kəsildim.

MELS-in “Mers”i

“Gəncədə yaşayan bacanağımın bir dostu var. Uzun illər bundan qabaq bacanağıma qonaq getmişdim. Əlindən gələn qonaqpərvərliyi göstərəndən sonra məni Göy-gölə aparmaq üçün dostunu çağırdı. Dostunun təp-təzə bir maşını var idi. Lap quş kimi uçurdu. Məni qabaqda otuzdurub, yola düzələndən bacanağımın dostu bircə kəlmə də danışmırdı. Yolda da söhbət eləmədin heç nə.”

Bunu deyib mənə göz vurdu. Mən də candərdi başımı tərpədib onun aforizmini təsdiq elədim. Yəni, “sən allah qısa elə, ürəyimizi üzmə.” Amma ağsaqqal səbr və təmkinini zərrə qədər pozmadan söhbətinin maraqlı olduğuna inandığndan məni qətiyyən maraqlandırmayan söhbəti davam etdirdi.

“Gördüm ki, bu xarici maşın yaman sürətlə gedir, maşının adını soruşdum. Bacanağımın dostu yola baxa-baxa dilləndi: “Mers”. Bu yaşıma qədər o qədər maşın tanımışam ki, saymaqla qurtarmaz. Amma “Mers” adını birinci dəfə idi ki, eşidirdim. Bir neçə dəfə “Mers”in nə demək olduğunu soruşsam da bacanağımın dostu narazılıqla yola baxıb susdu. Toğanadakı kafelərdən birində yaxşıca yeyib içəndən sonra yadıma düşdü ki, kişinin maşının adını soruşdum, qaldı öz adı. Fikirləşdim ki, ürəyində məndən küsüb inciyər. çay içə-içə soruşdum ki, qardaş sən allah incimə, bəs öz adın nədir? Bacanağımın dostu bu dəfə də çayını hörtdədib dedi ki, Mels. Maşının adının mənasını öyrənə bilməsəm də, öz adının mənasını soruşdum:

-Mels adı eşitməmişəm, sən allah bu adın mənası nədir? Həqiqətən əsil adın Melsidr?

O da qayıtdı ki, “valideyinlərim mənim adımı Arif qoyub. Əsgərlikdə sinəmin üstünə Marksla Englisin, kürəyimə də Leninlə Stalinin şəkillərini “döydürdüm”. Əsgərliyi qurtarıb Gəncəyə qayıtmaq əvəzinə oğrulara, cibgirlərə qoşuldum. Onsuz da bura gəlib eyni işlərlə məşğul olası idim. 23 yaşında ağır bir cinayət işlədiyim üçün məni həbs elədilər. Bu cinayətin cəzası güllələnmə idi. Adamım olmadığına görə oturub məhkəmədə oxunacaq hökmü gözləyirdim. Məhkəmədən qabaq mənə vəkil təyin elədilər və mən “siyasi döymələrim” haqqında vəkilimə məlumat verdim. Vəkilim üçün bu göydəndüşmə müdafə vasitəsi oldu və məhkəmədə məni soyundurub məhkəmə heyətinə şəkilləri göstərdi. Nakolkalar əsil sənət əsəri idi. Vəkil çıxış elədi ki, bədənində belə dahilərin şəklini gəzdirən insane təhlükəli cinayətkar ola bilməz və ona ağır cəza vermək şəkil sahiblərinə hörmətsizlikdir. Məhkəmə mənə nisbətən yüngül hökm çıxarıb həbsxanaya göndərdi. Orda da bədənimdəki döymələrə görə mənə heç bir ağır iş gördürmürdülər. Yeyib-içib günləri sayır, hərdən yeşik düzəldir, şəkil yiyələrinə dua eliyirdim..

Bir dəfə türmədə yenə dinc dura bilmədim, narkotikə görə ilişdim. Artıq özümü müdafiə eləmək üçün bəhanəm var idi. Türmə rəisinin otağında soyunub döymələri rəisə göstərib dedim ki, heç bədənində belə dahi liderlərin şəklini gəzdirən adam da narkotik istifadə eliyər? Rəis heç nə deməyib məni otağından qovdu. Qalan “sroku”da birtəhər yola verib həbs müddətimi başa vurdum. Türmədən çıxan kimi, Moskvada adımı dəyişdirdim. Marks, Engels, Lenin və Stalinin adlarının baş hərflərindən özümə yeni ad düzəltdim: Mels. Arif adını da o gündən unutdum.”

Arif (Mels) söhbətini qurtaranda maşının adıyla bağlı sual vermək yadımdan çıxdı. Neçə il “Mers”in hansı maşın markası olmağını öyrənməyə çalışdım. Bu yaxınlarda bilmişəm ki, “Mers” Mersedesin qısaltmasıdır.”

Qoca kişi “padxod eləyir”

Ağsaqqal söhbətini bitirər-bitirməz 55-60 yaşlarında bir qadın əl eləyib yolçuluğa çıxdığımız mikroavtobusu saxlatdırdı. Ağsaqqalın gözləri işıqlandı sanki. Arxada bütün yerlər boş olsa da, qapını açıb onu qabaqda özüylə oturmağa dəvət elədi. Bu yaşlı kişini çoxdan tanıdığı mehriban şəkildə salamlaşmasından məlum olan qadın xüsusi bir ədayla keçib ağsaqqalın yanında oturdu. Sevindim ki, bir az da gözümü yumub dincələrəm.

Amma dil-boğaza qoymayan ağsaqqal qolunu qadının belinə elə seksual şəkildə dolamışdı ki, mənzərə “Bolliwood” filimlərinin kədərli sevgi səhnələrini xatırladırdı. Elə bil indicə bunları ayırıb hərəsini bir tərəfə atacaqdılar. Arvadının ölümdən təəssüflə danışan ağsaqqallın əlləri də dinc dayanmır, yazıq arvadı az qala didib dağıdırdı. Mənzil başına qədər qadın bu əl hərəkətlərindən tez-tez narahat olub çevrilib mənə baxır, mənim onlara baxmadığımı görəndə sakitcə ağsaqqalı sorğu suala tuturdu. Ağsaqqal da utanıb qızarmadan hərbi biletindəki gənclik fotosunu qadına göstərir, onu kəndimizə bulaq başına kabab yeməyə dəvət edirdi. Sürücü isə özünü gülməkdən saxlaya bilmir, məcburən ağsaqqalın danışdığı yalanları təsdiqləyirdi.

Bu səhnə məni o qədər bezdirdi ki, gözümü yumub Ayhanı bağrıma basdım. Ayılanda ağsaqqal da, qadında avtobusda yox idi. İkisi də Mingəçevir yolunda düşüb getmişdi. Avtobusda üçümüzdən başqa heç kəs yoxdu. Səhərdən baş verənləri xatırlaya-xatırlaya mikroavtobusun şüşəsini açıb bir siqaret yandırdım. Ayhan da yuxudan oyanıb yenə də öz saf və təmiz dünyasına qapılmışdı. Hay-küylə öz oyuncaq maşınını boş oturacaqların üstündə “sürürdü”

P.S. Gəncədə dostlarımdan öyrəndim ki, Mels adlı şəxs hələ də Gəncədə yaşayır

Cəlil Cavanşir

Xaçmaz(Oğuz)- Gəncə- Bakı

12-16 avqust 2011
# 1683 dəfə oxunub

Oxşar xəbərlər

Məktub yetişmədi - Abdulla Şaiqin hekayəsi

Məktub yetişmədi - Abdulla Şaiqin hekayəsi

18:23 24 iyul 2024
"Gələcək onu ölümə tərk edəcək" - Aqşin Yenisey

"Gələcək onu ölümə tərk edəcək" - Aqşin Yenisey

11:18 24 iyul 2024
Qadınlar cəmiyyətin diktələrinə məğlub olan insanlardır - İlahə Səfərzadə

Qadınlar cəmiyyətin diktələrinə məğlub olan insanlardır - İlahə Səfərzadə

14:41 23 iyul 2024
"Dəyişən reallıqlar: Haruki Murakaminin "1Q84"ü - Adam Kirş

"Dəyişən reallıqlar: Haruki Murakaminin "1Q84"ü - Adam Kirş

13:13 23 iyul 2024
Musiqiçilərin, ədəbiyyatçıların biabırçı vəziyyəti... - 2006-cı ildən bəri qiymətlər niyə qalxmır?

Musiqiçilərin, ədəbiyyatçıların biabırçı vəziyyəti... - 2006-cı ildən bəri qiymətlər niyə qalxmır?

17:27 22 iyul 2024
Qoyuna yas saxlayan çoban - İnsanlıq necə məhv oldu?

Qoyuna yas saxlayan çoban - İnsanlıq necə məhv oldu?

16:20 22 iyul 2024
#
#
# # #