Rəşadətli Ramiz Rövşən, şir ürəkli Seyran Səxavət  

Rəşadətli Ramiz Rövşən, şir ürəkli Seyran Səxavət  
20 iyun 2014
# 12:04

Cəlil Cavanşir

Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı da artıq tarixə qovuşmuşdur. Nadir Şah Əfşarın keçirdiyi “Muğan qurultayı”ndan sonra tariximizdə ikinci böyük qurultay hesab olunan bu tədbirdə, 1600 nəfərdən ibarət şair, yazıçı, tənqidçi, tərcüməçi və ədəbiyyatşünas ordusu isə sözün bütün mənalarında tarixin daha bir şanlı səhifəsini yazaraq, öz əbədi və əzəli sədrini, sərkərdəsini, liderini seçdi.

Bu münasibətlə hörmətli və izzətli, şərafətli və ləyaqətli, əzmli və mətanətli, istiqanlı və hərarətli, ləzzətli və lətafətli bütün şair, yazıçı, tənqidçi, tərcüməçi və ədəbiyyatşünaslarımızı səmimi qəlbdən təbrik edir, onlara növbəti onillikdə (məncə AYB qurultayları artıq on ildən bir keçiriləcək) böyük-böyük uğurlar, çoxlu “Nobel”lər, “Qonkur”lar, “Dublin İmpac”lar arzulayıram!

Qurultayöncəsi və qurultaysonrası, həmçinin qurultay zamanı bir neçə nəfərin davranışları milli-mənəvi dəyərlərimizə yüngülvari zərbə vurdu. Nəzərinizə çatdırım ki, yazıçı Nəriman Əbdülrəhmanlının və Çingiz Hüseynovun istefası, şair Məmməd İsmayılın tənqidi çıxışı qətiyyən arzuolunan və qəlbəyatan deyildi.

Eyni zamanda AYB-nin gördüyü çox nəhəng işləri kölgə altına salırdı. Anar müəllim kimi sərkərdənin əsgəri olmaqdan imtina etmək, onun gördüyü genişmiqyaslı işlərə kölgə salmaq insafsızlıq, gündən-günə çiçəklənən AYB-nin dünya intellektualları arasındakı nüfuzuna xələl gətirməkdir.

Amma unutmayaq ki, qurultayda milli adət-ənənəmizi çiçəklənməsinə və rövnəqlənməsinə öz töhfəsini verən Elxan Zal Qaraxanlı kimi alternativ, sərkərdəliyə namizəd də vardı. Cəsur döyüşçü (oxu: lirik şair) Elxan Zal 1600 nəfər sadiq və döyüşkən əsgəri öz arxasınca apara bilməyəcəyini anlayaraq sərkərdə Anara biət etdi və onun sıyrılmış qılıncının altından məğrurcasına və qürurla keçdi.

Eyni zamanda cəsur və rəşadətli şairimiz Ramiz Rövşən öz çıxışında şər qüvvələri (gənc yazarları) lazımınca tənqid edərək, onların hansı yuvanın quşu olması ilə bağlı əlindəki təkzibolunmaz faktları qurultayın sədarətinə təqdim etmiş, gənc yazarların ruhsuzluğundan gileyini də kədərlə dilə gətirmişdir. Böyük şair əsəbi şəkildə dünyanın mexanikləşdirilməsinə irad bildirərək çıxışını sona yetirmiş və qürurlu addımlarla zaldakı yerinə qayıtmışdır.

AYB-nin ən boy-buxunlu və əzəmətli döyüşçüsü Elçin Hüseyinbəyli isə Şabrandakı istirahət mərkəzlərindən birinin fəth edilməsinin vacibliyini vurğulamışdır.

Uzun sürən geniş müzakirələrdən sonra alternativ düşüncəli düşmən qüvvələrin məhvi planı səsə qoyulmuş və yekdilliklə qəbul edilmişdir.

AYB-nin qəhrəman sərkərdəsi, bir çox nüfuzlu mükafatların bir addımlığında olan Anar birliyin bayrağını öpərək əzəmətlə başı üstünə qaldırmı və zalın çıxış qapısına doğru yönəlmişdir.

Qurultayın keçirildiyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasından çıxan cəsur ordu Azad Yazarlar Ocağının döyüşçüləri ilə qarşılaşmış, düşmən qeyri-bərabər döyüşdə pərən-pərən düşmüşdür.

Beləcə qalib ordu qənimətlərlə möhtəşəm qələbəni qeyd etmək üçün Çənlibelə çəkilmişdir...

# 2713 dəfə oxunub

Müəllifin son yazıları

# # #