Mahnı oxuyan gəlin, beş min manatlıq sifariş, musiqiçilərə hücum edən bəy... – Toy müğənnisinin HEKAYƏTİ

Mahnı oxuyan gəlin, beş min manatlıq sifariş, musiqiçilərə hücum edən bəy... – <span style="color:red;">Toy müğənnisinin HEKAYƏTİ
19 dekabr 2017
# 09:00

Kulis.az “Həyat içindən” layihəsində Ayxan Ayvazın "Toy müğənnisi" yazısını təqdim edir.

Onu gördüyümdə başı qarışıq idi. Bir topa adam yığılmışdı ətrafına. Toy hardasa başlamaq üzrəydi. Ütülü, səliqəli, kostyumlu, qalstuklu adamlar bir-bir şadlıq sarayının qapısından içəri keçirdi.

Hərə bir tərəfdən toy müğənnisinin başını kəsdirmişdi.

- Qardaş, məni də yaz.

İki nəfərdən biri belə deyirdi. Məşhur “O dəftərə məni də yaz” şeiri kimi oldu lap. Cavan oğlan da onların sözündən çıxmır, kağızda qeydlər aparırdı.

- Görürəm, yaman məşğulsunuz. – bir az keçəndən sonra yaxınlaşıram. – Bir az söhbət edərdik.

Məni də toya gələn hər hansı bir adam hesab edir. “Bir dəqiqə icazə verin” – deyib şəhadət barmağını qaldırır, başına yığışan adamlara göstərir.

- Nə gözəl. Şad oldum. Məni məşhur elə də, qardaş.

Jurnalist olduğumu biləndə əlləri sevincdən atılıb-düşür: gah çiynimə vurur o əli, gah əlimi sıxır.

Jele vurulmuş saçını geri eləmək istəyir, yaxasını düzəldir. Elə bilir televiziyadan gəlmişəm.

Kürəyimin arxasında gülüş səsləri eşidirəm. Onun dostları, ofisiantlar, çalğıçılar, operatorlar şaqqanaq çəkirlər. O anı kameraya çəkmək olsaydı kaş: məşhur olacağını sanan toy müğənnisi və ona gülən dostları. Kadrda barmağını ona tuşlayan operator, əlini əlinə vuran ofisiant, uğunub gedən çalğıçı donub qalır.

Amma son gülən yaxşı gülər. Nə bilmək olar, bəlkə bu, toy müğənnisi... Doğurdan adı nəydi?

- Hacıyev Zaman!

Elə bil əsgərlikdə sıra düzülüşüdür. İstədim deyəm ki, üç addım irəli, marş!

- Məşhur olmaq üçün bir səbəbin var. Zaman yaxşı addır. – bu da mənim yumorum.

Zamanın qiymətli Zamanı artıq toylara lövbər salıb. Hər dəfə öz istedadının gəmisini bu toy limanına gətirib yük boşaldan kimi boşaldır.

Hələ bunun səninlə məzələnməkləri, zarafata salmaqları var. Sən onlar üçün toy müğənnisisən...

- Halbuki mən ciddi sənətlə məşğul olmaq istəyirdim. – Zaman deyir. – Amma ehtiyac ucbatından toylara getməli oldum.

Dama-dama göl olar prinsipi ilə başlayıb toylara: əvvəl ad günləri, sonra nişan mərasimləri və...

- Saysız-hesabsız toylarda olmuşam. Hər cür toyda.

Yaxasını düzəldib sözünü tamamlayır:

- Yəni 2009-dan bu sənətə başlamışam.

Sənət e! Sizi güldürməsin. Düzdü, yenə dostları pıqqıldayıb aralandılar bizdən. Amma məncə, gülməli heç nə yoxdu burda. Bu da bir sənətdir. O boyda toyu təkbaşına idarə eləmək bilirsiniz nə məşəqqətlidir. Hər adamı yola vermək, hamıyla dost, hamıyla arxadaş olmaq asan deyil.

- Həm də tamadalıq eləyirəm.

Üstəlik bu da varmış. Buna nə sözünüz?

- Bayaq başına yığışanlar...

Gülümsünür:

- Hə, toyda çıxış eləyən adamların siyahısını yazırdım.

- Niyə sən? Tamada yoxdu? Adətən tamadalar bir az yaşlı adamlar olur axı. Sözü-söhbəti olan.

- İndi elə zamandır ki, heç kim artıq xərc çəkmək istəmir. Tamadalığı da toy müğənnisi öz üzərinə götürür.

Biz şadlıq sarayında söhbət etməkdə olaq sizi Zamanın uşaqlıq zamanına aparım.

Babasının səsindən yapışan bir uşağın xatirəsidir bu. Dinlədiyi bu səsin sehrinə qapılıb Zaman. Və bu sehrə qovuşmaq istəyib. Gecə-gündüz babasının səsi beynində lent yazısı kimi dolaşırmış.

- Aşıq olub babam.

- Hansı aşıq? Bəlkə tanıdıq.

- Əslimiz Şamaxılıdır. Aşıq Salam. Şirvan aşığı olub.

Allah o Aşıq Salamın ruhunu şad eləsin! İndi bu oğlan çörək qazanırsa onun hesabınadır. Xahiş edirəm, birlikdə təkrarlayaq: “Amin”. Deməyənləri yazıdan qovacam. Hamı bir nəfər kimi əməl eləsin.

- Hacıqabulda musiqi məktəbinə getmişəm. Daha sonra Asəf Zeynallıya qəbul olunmuşam. Vokal da bilirəm.

- Heç başqa səhnələrin arzusunda olmamısan?

- Bilirsiniz, - səsi ciddiləşir. - müğənni kimi tanınmaq üçün arxanda kiminsə olmalıdır.

Onun arxasında pıqqıldayan çalğıçılar, ofisiantlar, operatorlar var... Taleyə bax!

Saat 6-da gəl bura, bəzən-düzən, otur çıxış eləyənlərin siyahısını yaz, hamını razı sal, sonra düz gecə 11-ə qədər mahnı oxu, camaatı əyləndir. Sonra da bir yığın adam sənə şəbədə qoşsun. Bu, bir toy müğənnisinin taleyidir. Növbəti abzasa diqqət kəsilək.

- Bakı camaatı yaxşıdır. Onlar rəqsə üstünlük verir. Rayon camaatı həmişə mahnı sifariş eləyir.

Yenə çal-çağırlı toyların birində müğənni kimi mikrofona can verirmiş. Toyun ortalarıdır. Toy deyirəm e sizə, varlı-hallı adamların toyu. Pullar ortaya səpələnir. Zamanın gözü kəlləsinə çıxır, daha canlı oxumağa başlayır.

Birdən səndələyə-səndələyə bir kişi ona yaxınlaşır, sözləri də ağzından ləngər vura-vura çıxır: “Ala... bir mahnı... var...”

Nəysə, indi Zamanın yadına düşmür ki, hansı mahnını sifariş verib. Ancaq o gün o mahnını bilmədiyinə görə özünə nifrət edir. Həmin adam cibindən bir topa dollar çıxarıb qoyub ortalığa.

- Hardasa beş min olardı. – bu Zamanın təxminidir.

- Nə oldu bəs?

- Heç nə, oxuya bilmədim. Dedim, bilmirəm. O da “əh” eləyib pulları götürdü, getdi.

Yenidən qaqqıltı səsləri eşidilir. Ay Zaman müəllim, belə eləmək olarmı? Ayda-ildə bir fürsət çıxır, sən də geri itələyirsən. Olmaz axı. Bizi də camaata güldürürsən.

- Amma... – elə bil məhkəmədə özünü təmizə çıxarmaq istəyən cinayətkar ədasıyla sözə başlayır. – Elə toy olub 500 manat götürmüşəm. 200 manata sifariş aldığım da olub.

- İndi necədir?

- Az olur. Əvvəlki toyların yerini vermir. İndi pulumuzu şadlıq evi verir. Yenə şükür, yaxşıdır. Birtəhər dolanırıq. “Zakaz” eləyən də olur, eləməyən də. Ürəyi istəyən pul verir, istəməyən vermir. Belə...

Bu da bir toy müğənnisinin dramının davamı. Üç seriya çəkmək olar. Toy müğənnisi evdə, toy müğənnisi işdə, toy müğənnisi tənha. Fon musiqiləri də onun mahnıları.

Hərdən qəribə “zakazlar”, bir də qol qaldırıb dəli kimi oynayan adamlar onun üzünü güldürür.

- Əylənirik onda. Ləzzət eləyir toy. Məsələn, biri “piyan” olur, gəlir ki, ver mən oxuyum da.

Toyların birində gəlin gəlib mikrofonu istəyib. Qəribə deyil? Bütün toy camaatının qulaqları şəklənib. Gəlin mahnı oxumağa başlayıb. Zaman da çaş-baş qalıb, çalğıçılar da. İş ondadır ki, musiqi də yoxdur. Şokdan çalğıçılar əllərini tərpədə bilmirlər. Bəy qızmış buğa kimi musiqiçilərə hücum çəkib.

- Aləm dəymişdi bir-birinə. Mən hələ elə toy görməmişdim. Deyəsən, o gəlinin müğənni olmaq arzusu varmış. İstədi, mahnı oxusun. Amma gərək toy günü eləməyəydi.

- Sonra nə oldu?

- Heç, birtəhər sakitləşdirdilər. Toyun yarısında da nə olasıdır? Hamı bir-birini qucaqlayıb öpdü. İnciklik yaddan çıxdı. Hətta bəylə-gəlin bir yerdə mahnı oxudular. Dedilər-güldülər.

Zamanın zamanı çatıb. Mikrofon onu gözləyir. Qulağıma vağzalı səsi gəlir.

Toy artıq başlayıb. Zaman çalğıçılar olan yerə keçir. Tənha mikrofon onu görən kimi sevinir.

# 1023 dəfə oxunub

Müəllifin son yazıları

# # #