"Azərbaycan Kitab Mükafatının məqsədi yalnız qalibi seçmək deyil..." - Mətanət Vahid

"Azərbaycan Kitab Mükafatının məqsədi yalnız qalibi seçmək deyil..." - Mətanət Vahid
5 dekabr 2025
# 12:10

Kulis.az filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahidin Azərbaycan Kitab Mükafatı ilə bağlı yazısını təqdim edir.

Dekabrın 4-də Mədəniyyət Nazirliyi rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov 2026-cı ildə Azərbaycan Kitab Mükafatı elan olunacağını bildirib.

Bu mükafatın təsis olunması ilə ölkəmizdə uzun illərdir müzakirə edilən bir boşluğun dolacağına ümid edirəm. Çünki ədəbiyyatımızın inkişafı və dünyaya çıxması naminə ədəbiyyat fondunun yaradılması, miqyaslı və davamlı ədəbi müsabiqələrin keçirilməsi arzusu illər boyunca hər imkanda ədəbiyyatşünas və yazıçılarımızın dilində olub.

Ötən ay Milli Məclisin iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı deputat Elnarə Akimovanın bu mövzunu yüksək tribunadan səsləndirməsi də həmin çağırışların dövlət səviyyəsində qaldırılması demək idi. Odur ki, bu barədə xəbər ədəbi mühitdə özü ilə yeni bir ümid dalğası gətirəcək və yaradıcı təşəbbüslərin canlanmasına rəvac verəcək.

Aydındır ki, müsabiqə və mükafatların uğuru yalnız təsis faktı ilə deyil, mexanizmin necə işləyəcəyi ilə ölçülür. Nəticəni zaman göstərəcək. İndilik belə bir mükafatın təsis olunması barədə xəbəri ədəbiyyatımız üçün dünyaya çıxış perspektivləri açan mühüm bir addımın müjdəsi kimi dəyərləndirirəm.

Xəbərdən göründüyü qədərincə, sözügedən mükafatın tək qalib modeli üzərində qurulacağı, bununla belə, qısa siyahıya düşənlərin də həvəsləndirici mükafata layiq görüləcəyi planlaşdırılıb.

Nəzərdə tutulmuş məbləğin tərcümə öhdəlikləri, xarici yayımlanma və satış gəlirinin müəllifə verilməsi kimi addımların regional səviyyədə yüksək standartlara uyğun olduğunu demək olar.

Məncə, bu seçimlər müəlliflər üçün real iqtisadi dəyər yaratmaqla yanaşı, həm də ədəbiyyatı mədəniyyətimizin gündəminə qaytara bilər. Yerli yazıçının ölkəmizin hüdudlarından kənarda tanıdılması üçün mexanizm yaradılması, prosesin dövlət tərəfindən götürülən öhdəliklərlə idarə olunması yaxşı imkandır.

Təbii ki, ilin ən yaxşı əsərini bircə imza ilə müəyyənləşdirmək həmişə mübahisə doğuracaq; nəticələrdən narazı qalanlar da olacaq, qeyri-obyektivlikdən şikayət edənlər də - bu, bütün miqyaslarda müsabiqələrin dəyişilməz aqibətidir. Mükafatın uğuru həm də və daha çox mexanizmin şəffaflığı ilə ölçülür; münsiflər heyətinin tərkibi, reputasiyası, mətnəyanaşmada obyektivlik meyarları ilə seçilən mütəxəssislərlə təmsil olunması və qərarların əsaslandırılması böyük əhəmiyyətə malikdir. Əks halda, niyyət nə qədər gözəl olsa da, legitimlik problemi yaranacaq.

Mükafatın final mərhələsinin şou formatında düşünülməsinə gəlincə, bu, ədəbiyyatı daha görünən edə bilər. Amma bu da balanslı olmalıdır, çünki ədəbiyyatın nüfuzu asanlıqla televiziyalaşdırılmış tamaşanın içinə sıxıla bilər. Bu sahədə şou yalnız əsas niyyətə çox kiçik bir əlavə şəklində olmalıdır.

Nazirliyin kitab sənayesi ilə bağlı son illərdə atdığı addımlar – nəşrlərin satınalınması, ədəbi-mədəni platformaların yaradılması, kitabxanaların yenilənməsi ilə bağlı fəaliyyət planı və s. kimi istiqamət ümumi mənzərədə aktiv mədəniyyət siyasətini nişan verir.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadənin APA-ya müsahibəsindən də görünən reallıq budur ki, nəşriyyatların institusional hazırlığı tam formalaşmayıb; tərcümə, redaktə, korrektə, dizayn, marketinq kimi sahələrdəki peşəkarlıq qənaətbəxş deyil.

Belə olduğu halda, Mükafatın məqsədi yalnız qalibi seçmək yox, bütövlükdə ədəbi sistemin hazırlıq səviyyəsini qaldırmaq olmalıdır. Bunun üçün isə peşəkar hazırlıq proqramlarının olması da məqsədəuyğundur. Bu proqramlar müxtəlif yollarla həyata keçirilə bilər; Mədəniyyət Nazirliyi yanında yaradılmış “Kitab Sənayesi Təlim Mərkəzi”, Ədəbiyyat Fondu çərçivəsində xüsusi bölmə, dövlət və özəl nəşriyyatların, eləcə də beynəlxalq tərəfdaşların birgə iştirakı ilə hibrid model, xarici mütəxəssislərin seminarları və onlayn modul sistemləri kimi mexanizmlər bu məqsədə xidmət edə bilər.

Bütün bu mənzərədə ən vacib məsələ odur ki, Azərbaycan Kitab Mükafatı qalibin timsalında təkcə bir uğurlu imza yaratmaq üçün deyil, bütün sahəni sistemli şəkildə gücləndirmək üçün açar rolunu oynasın.

Bunun üçün ədəbi fond ideyasına yenidən qayıtmaq, paralel inkişaf mexanizmləri qurmaq və mükafatı geniş ekosistemin mərkəzi elementi kimi formalaşdırmaq lazımdır. Bu addım atılsa, yeni mükafat təkcə illik yarışma olaraq qalmaz, real ədəbi hərəkatın başlanğıc nöqtəsinə çevrilə bilər.

# 145 dəfə oxunub

Oxşar xəbərlər

İspaniya və Niderland  “Eurovision”dan imtina etdi - İsrailə görə

İspaniya və Niderland “Eurovision”dan imtina etdi - İsrailə görə

12:38 5 dekabr 2025
Məşhur aktyorun həbsində təqsirli bilinən həkim həbs edildi

Məşhur aktyorun həbsində təqsirli bilinən həkim həbs edildi

12:28 5 dekabr 2025
Atatürkün qarşısında tamaşa göstərən azərbaycanlıların hekayəsi - Heç yerdə tapılmayan "Hemşehri" qəzetində yazılanlar

Atatürkün qarşısında tamaşa göstərən azərbaycanlıların hekayəsi - Heç yerdə tapılmayan "Hemşehri" qəzetində yazılanlar

12:00 5 dekabr 2025
Kinorejissor Vasif Məmmədzadə:  “Mövzular “sponsor cəlbetmə gücü”nə görə seçilir” - Müsahibə

Kinorejissor Vasif Məmmədzadə: “Mövzular “sponsor cəlbetmə gücü”nə görə seçilir” - Müsahibə

11:37 5 dekabr 2025
"Bir adam gözdən düşəndə ona kömək etmirlər..." - Düma Qafqaz xalqları haqqında nə yazırdı?

"Bir adam gözdən düşəndə ona kömək etmirlər..." - Düma Qafqaz xalqları haqqında nə yazırdı?

11:30 5 dekabr 2025
​​​​​​​Abidələrin köçürülməsinə dair yeni tələb müəyyənləşir

​​​​​​​Abidələrin köçürülməsinə dair yeni tələb müəyyənləşir

11:08 5 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər