Bir nənəm vardı...

Bir nənəm vardı...
25 fevral 2019
# 14:46

Aygün Aslanlı

Mənim bir nənəm vardı - Pürzə ana (nənələrimin ikisinə də ana deyirdik). Uşaq vaxtı mən nənəmi yox, babamı daha çox sevirdim - Qurban dədəmi. Təkcə mən yox, elə o biri nəvələri - bacım, dayım oğlanları da.

Babam hər səhər yeməkdən sonra səliqəli geyinib, aerodrom kepkasını başına qoyub «idarənin yanı» deyilən bir yerə yollanırdı (böyüyəndən sonra oranın kəndin inzibati idarələrinin yanında yerləşən çayxana olduğunu öyrəndim), hər gün günorta alman dəqiqliyi ilə eyni saatda nahara gəlirdi, sonra yenə “idarənin yanına” gedirdi, bir də axşam qoyunlar örüşdən qayıdan vaxtı dönürdü. Qoyunları rahlayırdı, sonra vaxtını bizimlə keçirirdi: bizimlə söhbət eləyirdi, qarpız kəsirdi, dombalaq aşmaq öyrədirdi. Babam mənim mütaliə həvəsimi dəstəkləyən iki insandan biriydi. Yay tətillərində onlarda qaldığım günlər (on gün atamgilin kəndində, on gün anamgilin - üç aylıq yay tətili belə keçirdi) kənd kitabxanasından bədii kitablar alıb gətirirdi. Hansı kitabın adını çəksəm, ertəsi gün nahara gələndə əlində olurdu. Belə babaydı mənim Qurban dədəm.

Amma nənəm… Nənəm bütün günü deyinirdi. Bizə yox. Qətiyyən. Sevimli babamızın qarasına deyinirdi. Ona alçaldıcı bir ləqəb də qoymuşdu. İş görəndə, sakit oturanda dayanmadan dodağının altında mızıldanırdı, təkcə babam evdə olanda susurdu. Biz də məzələnirdik onunla: “Nə dedin, Pürzə ana? Ləlöyün kimdi? Ay Pürzə ana, Ləlöyün niyə elə eləyirdi ki?”

Yalnız böyüyəndən, o üç aylıq yay tətilləri birdəfəlik bitəndən sonra onun mızıltılarını diqqətlə dinləməyə başladım. İlahi, o mızıltılarda qorxu vardı! Döyülmək qorxusu, əziyyət görmək qorxusu. Təkcə babamdan yox, doğma xalası olan qayınanasından, dost-doğma xalası qızları olan baldızlarından. Bir də sonsuz nifrət. İndi xatırlayıram ki, o mızıltılarda babamın əsl adını eşitməmişəm. Ümumiyyətlə, özümü bildim-biləli nənəm bir dəfə də babamın adını dilinə gətirməyib. Hər halda bizim yanımızda olmayıb belə şey.

Sonra bir dəfə iki-üç günlük kəndə gedəndə (ya yasa getmişdim, ya toya) çardağa atılmış köhnə şəkillərin arasında Pürzə ananın uşaqları ilə birlikdə çəkilmiş bir şəklini tapdım. Mamam, xalalarım, dayılarım - hamısı balacaydı orda. Amma Pürzə ana mənim uşaqlıqda, yeniyetməliyimdə, yetişkənliyimdə gördüyüm kimiydi - qoca, saçları çallaşmış, sərt baxışlı. Keçi quyruğuna oxşayan nazik, kül rəngli hörükləri Peppininki kimi hərəsi bir tərəfə baxırdı. Elə bil, heç vaxt cavan olmamışdı, heç vaxt gülməmişdi. Hərçənd uşaqların balacalığını nəzərə alsaq, o şəkil çəkiləndə qırx, maksimum qırx beş yaşı olmalıydı.

İndiyə qədər də onun əhvalatını tam bilmirəm, nə mamagil, nə nənənin bacıları bu barədə danışmağı xoşlamırlar. Amma fraqmentar şəkildə, sözarası eşitdiklərimdən anladığım qədərilə, əri, qayınanası, baldızları ona çox əziyyət verirlərmiş.

Nəvələr başlarından dağılışandan bir müddət sonra nənəm tez - tez şəhərə gəlməyə başlamışdı. On gün bizdə, iyirmi gün bir oğlunun, beş gün o birinin evində qalırdı və… Bir - iki aydan sonra bir gün hövlnak oyanıb boğçasını (məhz, boğçasını) yığmağa başlayırdı. Hara getdiyini soruşanda isə «Siz o dəli Ləlöyünü çağırmısız, gəlib öldürəcək məni!» deyirdi. Heç bir təkidə, yalvarışa, xahişə fikir vermirdi, qaçıb gedirdi, öz övladlarına da güvənmirdi. Bir gün-iki gün sonra kəndə qayıtdığını eşidirdik.

Nəhayət, lap yaşlı vaxtında babamdan ayrıldı. Atasının ikinci arvadı öləndən sonra (atası çox uzun yaşamışdı) «atama mən baxacam» deyib evdən çıxmışdı və bir də babam öləndən sonra qayıtmışdı evinə.

Deyilənə görə, nənəmin ən böyük arzusu təhsil almaq imiş. Hətta buna görə, arabaya atılıb şəhərə getmək istəyib, amma atası “sən getsən, bu səkkiz uşağa kim baxacaq?” deyərək, əlini atıb onu arabadan düşürüb. Ancaq mənə elə gəlir ki, Pürzə ana ömür boyu səyahət eləməyi arzulamışdı. Çünki şəhərə gələndə bir dəqiqə belə sakit otura bilmirdi, «gedim, bir dünyanı görüm» deyib evdən çıxırdı, bir də axşam əlində bir “Koka-kola”yla geri qayıdırdı. Hərçənd nə bilim, bəlkə də sadəcə içindəki narahatlığın, qorxunun ucbatından sakit ola bilmirdi, olduğu yerə sığışmırdı.

Mənim bir nənəm vardı… Çox ümid eləyirəm ki, o dünya deyilən bir şey yoxdu və sən öz dediyin kimi, sadəcə torpağa qarışacaqsan. Yox, əgər varsa… Orda o Ləlöyünlə qarşılaşmamağın, nəhayət, hüzur tapmağın diləyiylə.

Ölümün xeyir, Pürzə ana!

# 3399 dəfə oxunub

Müəllifin son yazıları

# # #