Müəllimi aldadıb qiymət yazdıran "futbolçu", tələbələrini üzdən tanımayan dekan müavini, qızlara yalandan dərs keçən jurnalist – BDU-dan reportaj...

Müəllimi aldadıb qiymət yazdıran "futbolçu", tələbələrini üzdən tanımayan dekan müavini, qızlara yalandan dərs keçən jurnalist – BDU-dan reportaj...
6 oktyabr 2021
# 09:00

Kulis.az Ulucay Akifin Bakı Dövlət Universitetindən reportajını təqdim edir.

Nəhayət uzun aradan sonra universitetlərin qapısı tələbələrin üzünə yenidən açıldı. Virus, pandemiya, qadağa, karantin, icazə, vaksin kimi sözlərin qulağımızı və gözümüzü yorduğu vaxtda çox gözəl xəbər oldu.

Mən də fürsətdən istifadə edib Bakı Dövlət Universitetini ziyarət etmək qərarı verdim.

Ömrümün ən gözəl 6 ilinin keçdiyi doğma universitetim...

Təkcə universitet yox, elə “Elmlər” də mənə ən az universitetim qədər doğmalaşdı həmin illər ərzində. Dəftərxana dükanları, dönərçilər, dördü bir manata limon satan xala, bir ayağı olmayan dilənçi dayı...

Hər dəfə metro ilə harasa gedəndə, “Elmlər Akademiyası” stansiyasının musiqisini eşidib qatardan düşmək istəyi keçir içimdən.

Bu dəfə gerçəkdən düşdüm.

Fotoqrafımız İlkin Nəbiyev də mənimlə idi.

Elə təzəcə universitetin həyətinə ayaq basıb gəzişməyə başlamışdıq ki, 1 saylı korpusun önündə filologiya fakültəsinin dekanı Elçin Məmmədovu gördüm.

Elçin müəllim birinci kursda oxuduğum vaxt bizə Azərbaycan dili fənnini tədris edirdi. Onda hələ dekan deyildi. Tələbələrə qarşı çox mülayim idi. Mən rus bölməsində təhsil almışam, qrupumuzda iki oğlan, on üç qız vardı. Qızlarımızın ən çox sevdiyi müəllimlərdən biri də Elçin müəllim idi.

Onu sevməyimizə əsas səbəblərdən biri çox yaxşı yumor hissinin olması idi. Bizi həmişə zarafatları ilə güldürə bilirdi və dərs zərrə qədər gərginlik olmadan keçirdi.

Elçin müəllim auditoriyaya daxil olan kimi salfet çıxarıb partasını və stulunu təmizləyirdi. İlk zarafatını da çox vaxt elə bu proses zamanı edirdi.

Mən fakültəmizin futbol komandasında oynayırdım, həftəsonu universitetin meydanında çempionatımızın oyunları keçirilirdi. Elçin müəllim qız tələbə yoldaşlarıma deyirdi ki, kim Ulucayın oyununa baxmağa getsə, seminarda 10 alacaq. Onun hesabına oyunlarımızda xeyli azarkeş olurdu. O da həmişə sözünün üstünə dururdu. Düzü, hərdən mən yalandan gəlməyən qızların da adını gəlmişlər siyahısına qatıb 10 bal almaqlarına kömək eləyirdim.

Elçin müəllimlə görüşürük:

- Salam, Ulucay! Xoş gəlmisən! Oxuyuram yazılarını! O gün bərbərlə müsahibəni oxudum. Maraqlı idi.

Müəllimimin yazılarımı oxuduğunu bilmək məni çox məmnun edir.

Universitetdən, yeni təhsil sistemindən, tələbələrdən danışırıq, reportaj hazırlamaq üçün gəldiyimi deyirəm. Qəfil Elçin müəllim sual verir:

- Nadir hardadır?

Bizim Nadiri soruşur. Nadir Yalçını. Nadir filologiya fakültəsinin tələbəsidir. Yəqin reportajlarımda Nadirdən o qədər yazmışam ki, Elçin müəllim elə bilir bütün reportajlara özümlə onu da aparıram. Çoxdandı hazırladığım reportajlarda Nadir görünmürdü.

Gözün aydın, adın yenə reportaja düşəcək, Nadir!

Elçin müəllimlə sağollaşıb universitetin həyətində gəzişməyə davam eləyirəm.

Bir zamanların məşhur “Pepsi” kafesini söküb, yerində “Kitab evi” açıblar. O da təzədi, görünür, hələ fəaliyyətə başlamayıb.

“Pepsi” də universitetin ən əsas məkanlarından biri idi bizim üçün. “İndiki tələbələr bilməz”, o vaxt tələbə yoldaşlarla “Pepsi”də bir çaynik çaya 20 qəpik pul verib saatlarla söhbət eləyirdik. Hərdən lap bədxərclik eləyib iki çaynik aldığımız da olurdu.

Dərsdə olmayan tələbə yoldaşlarımızı mütləq burada tapırdıq.

Üzümdə təbəssüm yaradan xatirələri yada sala-sala öz korpusumuza üz tuturam: 2 saylı korpus.

Burada doğma fakültəm jurnalistika ilə yanaşı sosial elmlər və psixologiya, şərqşünaslıq və kitabxanaçılıq fakültələri də yerləşir.

Bütün tələbələrin dad döydüyü məntiq və fəlsəfə kafedraları da bu binadadır.

İlkinlə maskalarımızı taxıb binaya daxil oluruq. Addımımızı təzəcə içəri atanda tanış səs eşidirəm:

- Ay yoldaş! Ay qardaş! Dayanın görüm! Kimsiz? Hara gedirsiz? – korpusumuzun mühafizəçisi Qoşqar dayı bizi saxlayır.

- Ay Qoşqar dayı, tanımadın məni? – deyib maskamı aşağı endirirəm.

- Niyə tanımadım? Tanıdım. Xoş gəlmisən! – gümrah səsiylə deyir.

Bəlkə adım yadından çıxmış olar deyə onu sınamaq qərarına gəlirəm:

- Adım nədi?təbəssümlə soruşuram.

- Ulucay! – heç düşünmədən cavab verir.

Məni doğrudan tanıyıb adımı unutmamağına sevinirəm. Nə də olsa, üç ilə yaxın vaxt keçib. Bu illər ərzində on minlərlə tələbə üzü görüb, adını eşidib.

Qoşqar dayı ilə söhbət zamanı gözüm yeni bufetə sataşır. İndiki tələbələrin yadına düşməz, onda bufet belə deyildi. İki hissəyə ayrılmışdı və iki qapısı vardı. Bir tərəfi yemək üçün, o biri tərəfi çay və söhbət üçün ayrılmışdı. Yemək üçün ayrılan hissədə müəllimlərin ayrıca stolları vardı. Düzü, çox vaxt o stollarda da otururduq. Ən azı bufetçi xalalar bizi qovana qədər...

Fotoqrafımızla hərəyə bir kofe və simit alıb otururuq bufetdə:

- İlkin, görürsən nə qədər gözəl qız var universitetimizdə?özümü saxlaya bilməyib deyirəm.

- Həə, çoxdu – İlkin də gülə-gülə cavab verir.

Qızlara baxıb özümə heyrət edirəm ki, bu qədər gözəl qızın içində necə başım qarışmayıb, dərsləri oxuyub imtahanlardan keçmişəm, hələ magistratura da oxuyub dissertasiya müdafiə eləmişəm.

İşıqlı gənclər də universitetə qayıtmaqdan məmnun görünürlər. Ən azından semestr imtahanlarına kimi sevinmək olar.

Kofemizi içib üçüncü mərtəbəyə, jurnalistika fakültəsinə qalxırıq. Fakültədə ilk rastlaşdığım adam Aytəkin Zeynalova olur. Aytəkin xanım tələbələrə həmişə dost kimi yanaşan müəllimələrdən biridir. Çoxdandır bir-birimizi görmədiyimiz üçün bərk qucaqlaşırıq. Qızlarla bağlı yazdığım statuslara görə mənə ilişir, zarafatlaşırıq. Deyir, toyun olanda mütləq çağır, yoxsa inciyərəm.

- Baş üstə! - deyirəm.

Növbəti rastlaşdığım şəxs fakültənin magistratura üzrə dekan müavini Sevinc Əliyevadır. Sevinc xanım magistr olduğum vaxt mənim də “zamdekanım” idi. Nə yalan deyim, əlimdən boğaza yığılmışdı. Dissertasiyanı mənə güclə yazdırmışdı.

Bu dəfə şad görünür. Nə də olmasa, məndən canı qurtulub. Həm də sevinir ki, yeni təhsil sistemi gəlib: “blackboard”. Bu sistemin hesabına tələbələrin icazə istəklərindən canları qurtulub. Artıq tələbə ilə müəllimlər arasında “icazə-qayıb” məsələlərinin dövrü qapanmaqdadır. Onlayn olmadınsa, sistem özü avtomatik “qayıb”ını yazır.

Belə şey olar?!

Xahiş-minnətlə müəllimdən icazə alıb qızla kinoya getmədinsə, nə tələbəlikdir?

Bəxtim gətirib ki, o vaxt oxumuşam.

Tyutorumuz Arzu xanım yenə kompüter arxasında, kağız-vərəqlərin içində qalıb. Qrupumuzun “starosta”sı mən idim. Dərsdən sonra dekanlığa gəlib jurnal yazmaqdan, qiymət hesablamaqdan elə zəhləm gedirdi, amma Arzu xanımın təbəssümü xətrinə bütün o əzab-əziyyətlərə dözürdüm.

Dəhlizdə fakültənin dekan müavini Samir müəllimlə rastlaşıram. Samir Xalidoğlu ilə də müəllim-tələbə münasibətindən daha çox dost münasibətimiz var idi. O “Beşiktaş”, mən “Fenerbahçe” azarkeşi... Futboldan çox danışırdıq. Fakültə komandasının oyunlarını izləməyə də gəlirdi çox vaxt.

Bu dəfə də söhbətimizdə futbola yer veririk. Pandemiyaya görə iki ildir universitetdə futbol çempionatı təşkil olunmur.

- Futbol qalsın bir qırağa e, son iki ilin tələbələrinin üzlərini yadımda saxlaya bilməmişəm. Bu iki il ərzində bir-iki dəfə gəliblər, necə yadımda saxlayım? – deyir Samir müəllim.

Sonra yadına nəsə düşür, özünü gülmək tutur:

- Keçən dəfə ikinci kurs tələbəsi zəng eləmişdi mənə, fakültənin yerini soruşurdu. – bu tragikomik hadisəyə mən də gülürəm. - Qınamaq da olmur e, Ulucay. İki ildi universitetə qəbul olublar, hələ heç auditoriya görməyiblər.

Bu an gözüm qapısı açıq auditoriyalardan birinə sataşır. İçəridə gözəl qızların əyləşdiyini görüb daxil oluram.

Hazır müəllim masası da boşdur!

- Yəqin birinci kurs tələbələridir, onsuz da müəllimlərini tanımırlar. İçəri keçək, guya mən müəlliməm, sən də fakültənin fotoqrafı, ilk dərs gününə görə şəkillər çəkməlisən. – İlkini də öz yalanlarıma alət edirəm.

Başlayıram tələbələrlə söhbət eləməyə. Söhbət edə-edə hansı fənnin müəllimini gözlədiklərini müəyyənləşdirməyə çalışıram ki, o barədə danışım, yalanım üzə çıxmasın. Çox keçmir, qızlardan biri məni tanıdığını deyir, yalanımın ömrü nəinki 40 gün, heç 40 saniyə də çəkmir. Amma bu nadincliyim xətirlərinə dəymir, söhbətimizə davam eləyirik.

Sən demə, psixologiya fakültəsinin magistrlarıdır. Universitetdən, imtahanlardan, şeirdən, ədəbiyyatdan danışırıq.

Bitməsini istəmədiyim ilk dərs təcrübəmi tez yekunlaşdırmalı oluram.

Dəhlizdə fakültəmizin professoru Həmid Vəliyevlə rastlaşıram:

- Ooo, Ulucay! Xoş gəlmisən! Oxuyuram yazılarını... – deyib məni tərifləməyə başlayır.

Sonra keçir məni danlamağa:

- Niyə doktoranturaya imtahan vermirsən?! Elə öz yaradıcılığının təhlilini eləyib müdafiə edə bilərsən! – Həmid müəllimin sözləri qoltuğumun altına qarpız verir.

Elə bu həvəslə də keçirəm fakültənin dekanı Vüqar Zifəroğlunun otağına. Vüqar müəllimlə hələ dekan olmadığı vaxtlarda, tələbəliyimin ilk illərində gözəl münasibətimiz yaranmışdı. Hətta könül rahatlığı ilə deyə bilərəm ki, yaxşı dostlaşmışdıq.

Tələbəliyimin ilk ilində Vüqar müəllimlə bir-birimizə fəxri ad da vermişdik. Mən onu “Fakültənin ən yaraşıqlı müəllimi”, o isə məni “Fakültənin ən yaraşıqlı tələbəsi” adına layiq görmüşdü. Sonra Vüqar müəllimin vəzifəsi qalxdı, mən də onun fəxri adını “Universitetin ən yaraşıqlı dekanı” adı ilə əvəzlədim.

Yenə həmişəki yaraşığında olan Vüqar müəllimlə fakültə haqqında söhbət edirik:

- Son iki ildə qəbul olan tələbələrin keyfiyyətindən çox razıyam. Aralarında intellektliləri çoxdur. Fakültəyə qəbul üzrə keçid balı da qalxıb. Onlayn təhsilin ən yaxşı tərəflərindən biri də o oldu ki, əksər tələbələrimiz oxuya-oxuya özlərinə iş tapdılar. İndi əksər media qurumlarında, saytlarda, telekanallarda bizim tələbələr işləyir... Özü də hələ bakalavr pilləsində təhsil alanlar...

Onlayn təhsildən söz düşmüşkən, mənə maraqlı olan bir sualı da verirəm:

- Yaşlı müəllimlərimiz onlayn təhsil zamanı çətinlik çəkmirlər?

- Mən deyərdim tək yaşlı müəllimlər yox, orta yaşlı, hətta gənc müəllimlər də çətinlik çəkdi, amma sevindirici olan odur ki, adaptasiya dönəmini tez keçdik. Tez mənimsəyə bildik.

- Bəs, sizcə, onlayn təhsil nə qədər səmərəlidir? Ənənəvi təhsil yerini verə bilir?

- Mənim fikrimcə, ənənəvi təhsilin yerini heç nə verə bilməz. Müəllimlə tələbənin birbaşa ünsiyyəti mütləq olmalıdır. Dərs prosesində psixoloji amillərə kimi hər faktorun böyük əhəmiyyəti var.

Vüqar müəllim də doktorantura pilləsinə hazırlaşmağım üçün məni həvəsləndirir:

- Artıq sənin də ən yaraşıqlı müəllim olmaq vaxtındır - deyib aramızdakı xoş zarafatı unutmadığını göstərir.

Şübhəsiz, jurnalistika fakültəsinə gəlib bir çox peşəkar jurnalistin müəllimi olmuş professor Cahangir Məmmədlini ziyarət etməmək olmazdı.

Cahangir müəllim şeirlərim haqqında geniş təhlil yazısı yazmış ilk insandır. Özü də ikinci kursda oxuduğum vaxt... Bu, mənim üçün böyük bir sevinc idi.

İndi də belədir!

Onunla hal-əhval tutub xeyli söhbət edirik. Mediamızda onu ən çox narahat edən məsələdən danışır:

- Camaat girib oxusun deyə xəbərlərə elə başlıqlar qoyurlar ki... Bəzən kiminsə fikrini kontekstdən çıxarıb başlıq edirlər, adamlar da söhbətin məğzini anlamadan əlinə balta alır. Bu, heç yaxşı deyil. Daha peşəkar, daha ehtiyatlı yanaşmaq lazımdır. Başlıq məsələsi çox vacib məqamdır.

Cahangir müəllim bunları danışdıqca hazırlayacağım reportaj beynimdə yekunlaşır. Bundan sonrası qalır redaktorların öhdəsinə. Görək reportaja nə başlıq qoyacaqlar. Cahangir müəllim narazı qalmayacaq ki?

Foto: İlkin Nəbiyev

# 9500 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
# # #