Seçkilərlə maraqlanan neçə rejissorumuz var? – Zamin Hacı

Seçkilərlə maraqlanan neçə rejissorumuz var? – Zamin Hacı
12 may 2025
# 09:50

Kulis.az Zamin Hacının “Yadımda qalan Vaqif İbrahimoğlu” yazısını təqdim edir.

Bu yaxında internetdə sörfinq edəndə təsadüfən qarşıma bir məzar fotosu çıxdı. Rejissor Vaqif İbrahimoğlunun məzarının şəkliydi. Ürəyim sıxıldı. Birdən-birə Vaqif bəyin yoxluğunu çox pis hiss elədim. Özümü də xeyli qınadım. 2011-ci ildə ölən dostumu bu illərdə bir dəfə olsun ziyarət etmədiyimi fikirləşdim.

İndi təsadüfə bax, vikipediyada Vaqif bəyin səhifəsini açıram, istəyirəm, onun nədən, niyə öldüyünü yada salım və ordakı rəqəmdən heyrətə gəlirəm: 12 mayda ağ ciyər xərçəngindən ölübmüş. Mənim bu yazım da "Kulis"də 12 mayda çıxacaq. Qoy bir xatirə yazısı olsun...

Əslində, mənim Vaqif bəylə elə yaxın ünsiyyətim, münasibətim olmayıb. Cəmi bir-iki dəfə başçılıq elədiyi “Yuğ” teatrında tamaşalara baxmışam. Bəs o zaman niyə bayaq özümdən razı şəkildə onu “dostum” adlandırdım?

Çünki Vaqif İbrahimoğlu onu tanıyanların hər birinin ürəyində mehribanlıq, səmimiyyət, dostluq zərrələri səpərək aramızdan gedib. Pafos saymayın.

Örnək üçün, siz indi Azərbaycanda seçkilərlə maraqlanan, namizədlərin çıxışlarını təhlil edib yazılar yazan neçə teatr rejissoru tanıyırsınız? Vaqif müəllim yazırdı.

“Yazmaq” demişkən, siz ölkəmizdə, ümumiyyətlə, yazı yazmağı, fikrini adam balası kimi ifadə eləməyi bacaran neçə rejissor tanıyırsınız?

Vaqif İbrahimoğlu uzun illər köşə yazarı oldu, mədəniyyət, siyasət, cəmiyyət temalarında yüzlərlə yazısı çıxdı. Sizcə, ona kim bu şəraiti yaratmışdı?
Bax, burda da növbəti şablonu dağıtmağın məqamıdır: bəyənmədiyimiz, yeri gəldi-gəlmədi mız qoyduğumuz Xoşqədəm Hidayətqızı!

Vaqif müəllim onun “Üç nöqtə” qəzetində köşə yazırdı. Ümid edirəm, bu əməyinin əvəzində pis-yaxşı qonorarı da verilib. O illərdə hələ teatrlarımıza neft pullarından balaca şlanq çəkilməmişdi, aktyor və rejissorlar xalq kimi yaşayırdı, “Xalq artisti” kimi deyil. Hər manata ehtiyacları vardı.

Azərbaycan teatrının Oyun Babası - Vaqif İbrahimoğlu 70

Kimə lazım olsa, Vaqif bəyin o yazılarından toplanmış, 2009-cu ilə aid “Amma və lakin” kitabını internetdən tapıb elektron variantda oxuya bilər. Onun necə hərtərəfli adam olduğunu, yaşadığı ölkənin, dünyanın bütün dərd-sərinə yandığını, sözün əsl anlamında işıqlı adam olmasını o yazılardan indi anlamaq olur. O yazılar Vaqif bəyin boş qalmış yerini də mənə aydın göstərdi.

Burada qeyri-təvazökarlıq olmasın, Vaqif bəyin 90-cı illərdə mənim haqqımda da yazı yazdığını xatırladım. Təsəvvür edin, ölkənin ən tanınmış rejissorlarından biri hansısa “südəmər” gənc jurnalistin yazı-pozusu haqda köşə yazır. O yazının mənə necə ruh verdiyini, necə deyərlər, canıma necə sarı yağ kimi yayıldığını unutmamışam.

İndi gənc jurnalistlərə dəstək olan, onlar haqda yazı yazan neçə teatr xadimi tanıyırsınız?

Hər teatr tamaşasından sonra jurnalistləri tamaşanın müzakirəsi üçün otağına yığan neçə rejissorumuz var?

Əslində, mən indi fikirləşirəm ki, Vaqif bəyin “Yuğ” teatrı, elə 90-cı illərin məhsulu olmalıydı. Nahaq yerə adına “psixosof teatr” demirdi ki? Düşüncə teatrı kimi bir şey yaratmışdı, ancaq mənim aləmimdə Vaqif bəyin vaxtında “Yuğ” ölkənin hər cür, yaxşı mənada, dəlilərinin toplaşdığı bir məkan idi. Burda dəlilər pyeslərini təqdim edir, başqa dəlilər oynayır, tamaşa salonunda da dəlilər otururdu.

Mən indi o qədər peşmanam ki,“Yuğ”un tamaşalarına az getdiyim üçün... Ancaq bu peşmanlıq nəyi dəyişir? Heç nəyi...

Onun burdan çıxıb getmək üçün hər cür imkanı vardı. Estoniyada, Moskvada, Gürcüstanda, Türkiyədə tanıyırdılar. Bir çoxlarının xəyal kimi gördüyü Türkiyədə hələ SSRİ dövründə, teatrda çalışmışdı. Ancaq ağır iqtisadi şərtlərə baxmayaraq, Vaqif bəy 1990-larda Türkiyəyə çıxıb getmədi. Burda qaldı, dişi-dırnağıyla, min zülmlə, darısqal otaqlarda, hamam binalarında tamaşalar qoymağa çalışdı. Neçə-neçə gənclərə dəstək, dayaq oldu, aktyorlar, rejissorlar yetişdirdi.

Vaqif bəyi 2000-lərin sonlarında Atatürk prospektində, parkda gördüyümü heç unutmuram.

Mən balaca qızımı gəzməyə çıxarmışdım. Vaqif bəy isə avtobusdan düşüb evinə gedirdi, yanılmıramsa.

Rastlaşdıq, mənə bu sözləri dedi: “Uşaqların balaca vaxtı çox təmiz qoxusu olur, adam iyləməkdən doymur. Sənə də məsləhət görürəm, uşağını tez-tez qucaqla. Bunlar, təəssüf ki, çox sürətlə böyüyürlər”...

# 5466 dəfə oxunub

Oxşar xəbərlər

Vətən müharibəsinin həkimi:  "Yaralı əsgərlərdən biri üzərində qan ləkəsi olan bayrağı mənə hədiyyə etdi..." - Müsahibə

Vətən müharibəsinin həkimi: "Yaralı əsgərlərdən biri üzərində qan ləkəsi olan bayrağı mənə hədiyyə etdi..." - Müsahibə

11:48 8 noyabr 2026
“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

12:00 2 noyabr 2026
"İnqilabi-demokratik mətbuatla burjua məfkurə orqanları arasında..."  - "Molla Nəsrəddin"lə "Füyuzat"ı kim üz-üzə qoyurdu?

"İnqilabi-demokratik mətbuatla burjua məfkurə orqanları arasında..." - "Molla Nəsrəddin"lə "Füyuzat"ı kim üz-üzə qoyurdu?

10:00 1 noyabr 2026
İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

12:00 27 oktyabr 2026
Oğurlanmış sənət əsərlərinin izi ilə -  İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

Oğurlanmış sənət əsərlərinin izi ilə - İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

18:40 26 oktyabr 2026
Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

15:00 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər