"Şeytanın sarayında bayramıdır cinlərin..." - Mixail Lermontovun şeirləri

"Şeytanın sarayında bayramıdır cinlərin..." - Mixail Lermontovun şeirləri
15 oktyabr 2026
# 15:30

Bu gün tanınmış rus şair, dramaturq, rəssam Mixail Lermontovun doğum günüdür.

Kulis.az onun şeirlərini Əhməd Cəmilin tərcüməsində təqdim edir.

Nə zaman ki, dalğalanar saralan zəmi

Yel də sərin meşəliyə uğultu salar;

Hələ bağın tünd qırmızı meyxoş göyəmi

Yaşıl yarpaq kölgəsində gizlənib qalar;

Nə zaman ki, gülgün axşam, ya qızıl səhər

Çiçəklərə ətir qoxan bir şəbnəm çilər.

Kol altından gümüş rəngli inciçiçəyі

Mehriban bir nəvazişlə mənə baş əyər;

Dərə boyu şırıldayar soyuq bir bulaq,

Fikri tutqun bir röyaya cumdurar yenə.


O gəldiyi dinc ellərdən verərək soraq

Sirli, qədim bir rəvayət pıçıldar mənə;

O vaxt qəlbin sakitləşər həyəcanı, ahı,

Tez dağılar alnımdakı dərin qırışlar.

Mən yerlərdə səadəti dərk edib, duyar,

Dərin mavi göylərdə də görrəm Allahı!..

***

ASMODEYİN KEF MƏCLİSİ

(Satira)

Şeytanın sarayında bayramıdır cinlərin,
Hər cür zir-zibillərin ruhu ora tələsir.
Aşpazlar tər tökərək təam hazırlayırlar,
Qulluqçular salonda donublar lal, müntəzir.
Hər kəs öz rütbəsinə, adına görə, budur,
Süfrə başına keçir, hamı təşrif buyurur.
Lakey kartof gətirir, hökmdar Mefistofel
Çünki nəcabətinə görə almandır özü,
Buna görə kartofu daha çox sevir, düzü.
Sağ tərəfdə oturub uzaqdan gəlmiş Pavel,
Solda isə doktorlar rəisi böyük Faust,
Bütün qayda-qanunun əsil kamil atası.
(Axmaqların fikrini və hökmünü ən dürüst
Yaymağım çox bilici o mötəbər ustası).
Hamı oturmuş ikən, sarayın qapıları
Lap taybatay açıldı. Təzimlə içəriyə
Daxil oldu üç demon: taxt-tacın önünə
Gətirib qoydu bir-bir üç demon üç hədiyyə.

1-ci demon (deyir)

Bu, bir qadın qəlbidir, o öz işlərini, bax,
Gizlətmək istəyirdi göylərdən belə, hətta.
Bu qəlbi çoxlarına vəd etmişdir, o ancaq
Verməmişdi heç kəsə, ömrü boyu həyatda.
Yalnız bircə özünə o bədbəxtlik istəməz
Sadiq qalardı hirsə, hikkəyə axıradək.
Bu kiçik hədiyyəni alın siz, lütf edərək,
Əslində, hərçənd ki, o heç öz adına dəyməz.
Nifrət ifadə edən acı təbəssüm ilə
"C'est trop commun!" deyib, hökmdar gəldi dilə:
"Hədiyyən bəlkə yaxşı bir hədiyyə olardı,
Ancaq ki, yenilikdir cahanın şahı bu gün.
Bu yaxında baş verən azmı hadisə vardı,
Hamısı ürək açan şey deyildimi bütün?
Mən belə düşünürəm: bu xəyanətlər ki, var,
İndi hər birisini eşidib min bir divar".

2-ci demon

Mən süfrənə azadlıq şərabı gətirmişəm,
Heç vaxt onunla atəş söndürə bilməmişlər.
Yer üzünün xalqları bundan içərkən o dəm
Bütün taxt-tacları sərmigün eyləmişlər.
Kömək edək? Ya çıxaq biz modaya əleyhdar?
Uçurub dağıtmağın önünü bizmi alaq?
Bu içkini qəbul et, ey qüdrətli hökmdar,
Mənim yeganə şahım, hökmündədir bu torpaq!
Söhbətin bu yerində şahlar qəzəbləndi bərk,
Boşqablarıyla birgə sıçradılar yer-yerdən;
Qorxdular ki, şeytanlar bu şərabdan içərək

Onlanı da buradan qovalar indi birdən.
Tez saray məmurları bir-birinə baxdı çəp,
Belə bir vaxtda qaçmaq hər şeydən salamatdı.
Şeytanlar şahı lakin hünər göstərdi əcəb,
O götürüb içkini tamam yerə boşaltdı.

3-cü demon

Moskvaya yaxında dartıb gətirdik vəba,
Həkimlər də köməyə yüyürdülər o saat.
Dava-dərmanlarıyla xalqı salıb əzaba,
Onlar vəbadan artıq qırıb öldürdü yüz qat.
Onlardan birinə ki, qulluq etmişdik qabaq,
Lap vaxtında, görünür, bizi saldı yadına.
Xəstələrdən kiməsə xlor içirdib qoçaq,
Yola saldı beləcə əcdadının yanına.
Belə deyib o, məşum stəkanın bu ara
Əlində təqdim etdi tez böyük hökmdara.
"Demək həmin lütfkar, pərişan qab da budur,
Bu, doktorluq elminin qiymətli sübutudur.
Çox təşəkkür edirəm, gecikməsinə rəğmən,
Qiymətlidir mənimçün bütün hədiyyələrdən".
Belə dedi o cinlər padşahı Asmodey,
Məclis davam elədi, güldü, hey, şənləndi hey.


1830-1831

***

Ah, yetər, pozğunluğu əfv etdiyimiz yetər!
Qoy axmaqlar onları allah yerinə qoysun.
Zirehmidir zalıma şahlıq xələti məgər?
Yox, qoy onun məddahı başqa bir rübab olsun.
Sen dayan, ey nəğməkar, dayan, hamıya bildir,
Bu dünyada qızıl tac sənin tacım deyildir.
Öyün doğma ölkədən sürgün edilmeyinle,
Hər yerdə azadlıqla öyünən kimi, fəqət.
Bu yüksək fikirlərin, işıqh ürəyinlə
Çox tez zəkalandırıb, bəli, səni təbiət.
Sən pislikləri - kini, qəzəbi gördün, ancaq
Əyilmədin vüqarlı, məğrur alnınla heç vaxt.
Edamlar dəhşət saçıb, müstəbid kam alanda
Sən tərənnüm elədin nəğmənlə hürriyyəti.
Qorxu nədir bilmədin sən heç bir vaxt cahanda,
Qorxdun məhkəməsindən yalnız əbədiyyətin.
Sən nəğmələr deyəndə biri vardı, bəlkə də
Tək o idi nəğməni anlayan bu ölkədə.


1830-1831

***

N.F.İ...YA


Əvvəl mən həyatın fərəhdən uzaq
Tək-tənhalığını sevərdim müdam.
Qüssəmi içimdə daldalayaraq,
Qorxardım gizləyə bilməyib, ancaq
Hamıda tərəhhüm hissi oyadam.
Sanardım, özümün baş açmadığım
Şeylərdən xoşbəxtlər heç nə baş açmaz.
Dostluq ülfətinin xoş anlarını,
Ehtiraslı öpüş alovlarını
Fikrin qara yeli götürüb qaçmaz.
Dedim, anlaşılmaz arzuları mən
Şer ilə ifadə eləyim asan
Ki, bu vərəqləri oxuyub hərdən
Sən məni bir dəli ehtiraslarla,
Bir də insanlarla barışdırasan...
Sənin sakit, təmiz baxışın ancaq
Zilləndi bir müddət mənə heyrətlə;
Sonra da başını yırğalayaraq,
Dedin: boş şeylərlə kor olub əqlim,
Əqildən xəstəyəm mən bu xislətlə.

Mən sənin sözünə inanaraq, bil,
Daldım ürəyimə - iş ürəkdədir.
Lakin mən orada yəqin etdim ki,
Əqlim boş, mənasız şeylərə deyil,
Gizli bir mətləbə meyl etməkdədir.
Bəli, o şeyi ki, Allah vəd edib,
Qaranlıq göylərin əlçatmaz, uzaq
Ulduzları ona girov verilib
Ki, uzun illərin təfəkkürüylə
Dərk eləyə bilim mən onu ancaq!
Lakin bu odlu, sərt xasiyyət məni
Gəmirir beşikdən ta bu günədək...
Həyatda daima pislik görərək,
Qəmli məqsədini bu qəmli fikrin
Qəlbən dərk etməmiş öləcəyəm mən!


1830

# 84 dəfə oxunub

Oxşar xəbərlər

"Kədərim nə vaxtsa arzularınıza mane olub ki?" - Nobel mükafatçısının  şeirləri

"Kədərim nə vaxtsa arzularınıza mane olub ki?" - Nobel mükafatçısının şeirləri

15:00 13 oktyabr 2026
“Gəl, bu gecə taleyin inadını sındıraq” - Günay Mirinin şeirləri

“Gəl, bu gecə taleyin inadını sındıraq” - Günay Mirinin şeirləri

13:00 13 oktyabr 2026
"Alnımın qırış yerindən taleyin çaparı keçir..."  - Əlisəmid Kürün şeirləri

"Alnımın qırış yerindən taleyin çaparı keçir..." - Əlisəmid Kürün şeirləri

11:50 13 oktyabr 2026
"Dər qığılcımlarımı, sıx buludlarımı..." - "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin şeirləri

"Dər qığılcımlarımı, sıx buludlarımı..." - "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin şeirləri

15:00 9 oktyabr 2026
Bizə "ölümün adamları" deyirlər...  - Məşhur seneqallı şairdən şeir

Bizə "ölümün adamları" deyirlər... - Məşhur seneqallı şairdən şeir

14:00 9 oktyabr 2026
"Necə gedir həyat, çabalayırsız?"- Marina Svetayeva

"Necə gedir həyat, çabalayırsız?"- Marina Svetayeva

12:00 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər