Sevgi üçbucağı yaşadı, ağlını itirdi, dostundan üz çevirdi... - Nitsşe haqqında maraqlı faktlar

Sevgi üçbucağı yaşadı, ağlını  itirdi, dostundan üz çevirdi... - Nitsşe haqqında maraqlı faktlar
15 oktyabr 2026
# 15:00

Bu gün görkəmli alman filosof Fridrix Nitsşenin doğum günüdür.

Kulis.az onun həyat və yaradıcılığına dair maraqlı faktları təqdim edir.

Fəlsəfə tarixinin fikir silsilələrinə qərq olan, ədəbi fraqmentlərlə bəzədilmiş arqumentlərini cəsarətlə təqdim edən və bəlkə də, ən çox yanlış anlaşılan mütəfəkkirini soruşsalar, şəksiz, ağla gələn birinci ad Fridrix Nitsşe olar.

Bir əldə çəkic, digərində qələm tutmuş bu alman filosofu sistemli, mürəkkəb akademizm çərçivələrini darmadağın edərək fikirlərini poeziya, aforizm və sarsıdıcı nida işarələri ilə kağıza həkk edib.

O, klassik kabinet alimi olmaqdan imtina etmişdi.



Fəlsəfəni kitabxanaların tozlu rəflərindən çıxarıb dağların sərin havasına, tənhalığın alovuna və insan ruhunun qaranlıq hüceyrələrinə daşıyan üsyankar olmaq onun üçün zərurət sayılırdı.

Nitsşenin həyatı və təfəkkür dünyası ensiklopedik məlumatların quru sərhədlərinə sığmır.

Onun fikirlərinin kökündə həyatın hər anını bütün ağrıları, uğursuzluqları və gözəllikləri ilə kədərsiz qəbul etmək, yəni özünün dediyi kimi "Amor Fati" (taleyini sevmək) prinsipi dayanırdı.

Bu heyrətamiz, faciəvi və ziddiyyətli şəxsiyyəti daha yaxından tanımaq üçün onun həyatından, düşüncə tərzindən və taleyindən süzülən ən diqqətçəkən məqamlara göz gəzdirmək kifayətdir.



Nitsşe 1844-cü ildə Lütsen yaxınlığındakı Rökken kəndində dindar bir katolik ailəsində doğulmuşdu.

Atası, babası və ulu babası protestant keşişləri idilər.

Ailə onun da gələcəkdə din xadimi olacağını gözləyirdi.

Hətta gəncliyində ona dinə olan dərin bağlılığına görə "balaca keşiş" deyirdilər.



Lakin Bonna Universitetində ilahiyyat təhsilinə başlayandan cəmi bir semestr sonra o, inancını tamamilə itirərək təhsilini filologiya istiqamətinə dəyişdi.

Ailəsinin əsrlərlə xidmət etdiyi dini sistemə qarşı çıxaraq "Xristianlıq – bəşəriyyətin böyük ləkəsidir" deyəcək dərəcədə kəskin tənqidçiyə çevrilməsi onun həyatının ilk böyük dönüş nöqtəsi idi.

Nitsşenin zəkası gənc yaşlarından ətrafındakıları heyrətə gətirirdi.

O, hələ 24 yaşında ikən, hətta doktorluq dissertasiyasını tam müdafiə etmədən İsveçrənin Bazel Universitetinə klasik filologiya üzrə professor təyin olundu.

Bu, universitet tarixində nadir görülən hadisə idi.

Akademik dünya onun qarşısında parlaq gələcək görsə də, Nitsşenin hədəfi qədim yunan dilinin incəliklərini araşdırmaqla məhdudlaşmırdı.

O, dili yox, varlığı anlayıb yenidən şərh etmək istəyirdi.

Nitsşenin gənclik illərinin ilham mənbəyi bəstəkar Rixard Vaqner olub.

Onların arasında ata-oğul, ustad-şagird münasibətlərini xatırladan dərin dostluq yarandı.

Nitsşe Vaqnerin musiqisində qədim yunan tragediyasının, xüsusilə Dionis ruhunun dirçəlişini görürdü.

İlk kitabı olan "Musiqi ruhundan tragediyanın doğuşu"nu da Vaqnerə həsr etmişdi.

Lakin illər keçdikcə Vaqnerin xristian motivlərinə və millətçiliyə meyil etməsi Nitsşeni dərin məyusluğa uğratdı.

Filosof çox sevdiyi bəstəkarla bütün əlaqələrini kəsdi və sonralar "Vaqner hadisəsi" əsərində dostunu amansızcasına tənqid etdi.

Bu, onun idealizmdən təmiz realizmə keçidinin simvolu hesab oluna bilər.

Nitsşenin səhv anlaşılan və qalmaqallı ifadəsi "Allah öldü!" kəlamıdır.

Bu cümlə sadəcə dini inkar və ya ateist nida keyfiyyətləri ilə qiymətləndirilə bilməz.

Əslində, filosof bununla Avropa sivilizasiyasının əsrlər boyu söykəndiyi mənəvi, əxlaqi və metafizik dəyərlərin çökdüyünü xəbər verirdi.

O, obyektiv həqiqətin itdiyini, cəmiyyətin puçluğa (nihilizmə) yuvarlandığını bildirirdi.

Nitsşe köhnə dəyərlərin dağıldığı bu boşluqda insanın özünü itirməməsi üçün bütün dəyərləri yenidən nəzərdən keçirməyi təklif edirdi.

Filosofun şəxsi həyatı heç vaxt hamar olmadı.

Onun həyatındakı yeganə sevgisi rus mənşəli ziyalı, yazıçı Lu Salome idi.

Nitsşe, dostu Paul Re və Lu Salome birlikdə intellektual üçlük yaratmışdılar.

Nitsşe ona evlilik təklifi etsə də, Salome bunu rədd etdi.



Hətta üçlüyün məşhur fotosunda Lu Salome kiçik bir arabada oturub əlində qamçı tutmuş, Nitsşe və Paul Re isə arabaya qoşulmuş halda təsvir olunublar.

Bu uğursuz sevdadan sonra Nitsşe dərin tənhalığa qapıldı və məşhur "Zərdüşt belə deyirdi" kitabını məhz bu qırılmadan sonra yazdı.

Nitsşenin əsərlərindəki alovlu, cəsarətli dil onun fiziki baxımdan nə qədər zəif və xəstə bir bədənə sahib olması ilə tam təzad təşkil edirdi.

O, ömrünün böyük hissəsini dəhşətli miqren tutmaları, mədə xəstəlikləri və gözlərinin tədricən korlaşması ilə mübarizədə keçirdi.

İlin yarısını xəstə yatağında saxlayan bu ağrılardan qaçmaq üçün daim səyahət edir, Alp dağlarının sərin havasında, kəndlərdə günlərlə təkbaşına piyada gəzirdi.

O, yazırdı: "Yalnız ayaqüstə, gəzərək düşünülən fikir dəyərlidir".

Onun kəskin aforizmləri məhz bu uzun, ağrılı dağ gəzintilərinin məhsulu idi.

Nitsşeyə yönəlmiş ədalətsizliklər onun ölümündən sonra da siraətini itirmirdi. Ancaq bu dəfəki tarixi əhəmiyyət kəsb edirdi.

Həyatının son illərində ağlını itirən filosofa bacısı Elizabet Nitsşe baxırdı.

Antisemit və millətçi fikirləri olan bacısı, Nitsşenin tamamlanmamış qeydlərini təhrif edərək "Hakimiyyət iradəsi" adı altında kitablaşdırdı.

İllər sonra Adolf Hitler və nasist ideoloqları bu təhrif olunmuş mətnlərdən istifadə edərək Nitsşeni nasizmin mənəvi atası kimi qələmə verdilər.

Halbuki Nitsşe sağlığında alman millətçiliyindən, irqçilikdən və antisemitizmdən nifrətlə bəhs etmiş, özünü "yaxşı avropalı" adlandırmışdı.

1889-cu ilin yanvarında, İtaliyanın Turin şəhərində Nitsşenin həyatını tamamilə dəyişən faciəvi hadisə baş verdi.

Küçədə bir faytonçunun öz atını amansızcasına qamçıladığını görən Nitsşe ağlayaraq atın boynuna sarıldı və "Səni anlayıram, qardaşım" deyərək yerə yıxıldı.

Bu, onun şüurlu həyatının son anı oldu.

Bu hadisədən sonra filosof tamamilə ruhi müvazinətini itirdi.

Ömrünün son 11 ilini anasının və bacısının qulluğunda, qaranlıq və sükut içində keçirən Nitsşe, 1900-cü ildə dünyasını dəyişdi.

Fridrix Nitsşeyə “o, sadəcə fəlsəfə yazdı” demək, məlum məsələdir ki, haqqsızlıq olar.

Nitsşe fəlsəfəni öz bədəni, ağrıları və ruhu ilə yaşadı.

İnsana öz zəifliklərinə qalib gəlməyi, kütlə psixologiyasından sıyrılıb öz "Üstinsan"ına çevrilməyi fısıldayan bu dahi, arxasında cavablandırılması çətin suallar və oxunduqca insanı sarsıdan zəngin irs qoyub aramızdan getdi, sülh bağlaya bilmədiyi dünya ilə sağollaşdı.

# 108 dəfə oxunub

Oxşar xəbərlər

Leysan zamanı binada köməksiz qaldılar - Türkiyəli məşhurlar təxliyyə edildi

Leysan zamanı binada köməksiz qaldılar - Türkiyəli məşhurlar təxliyyə edildi

15:00 15 oktyabr 2026
Tanınmış rejissorlardan Fransa hökumətinə etiraz - Təfərrüatlar

Tanınmış rejissorlardan Fransa hökumətinə etiraz - Təfərrüatlar

14:30 15 oktyabr 2026
İrlandiyalı yazıçının kitab satışları dayandırıldı - Səbəb

İrlandiyalı yazıçının kitab satışları dayandırıldı - Səbəb

14:00 15 oktyabr 2026
"Harri Potter"in müəllifi haqqında sənədli film çəkiləcək

"Harri Potter"in müəllifi haqqında sənədli film çəkiləcək

13:30 15 oktyabr 2026
İncəsənət Gimnaziyasının binası təmirdən sonra istifadəyə verildi

İncəsənət Gimnaziyasının binası təmirdən sonra istifadəyə verildi

12:49 15 oktyabr 2026
Dünyanın ən qədim batmış gəmisi aşkar edildi

Dünyanın ən qədim batmış gəmisi aşkar edildi

12:30 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər