Robert Hosseinin göz yaşları

Robert Hosseinin göz yaşları
18 noyabr 2016
# 11:34

Rəsmi tədbirdən qeyri rəsmi - yadımda qalanlar

Dünən Xəzər Universitetində, professor Hamlet İsaxanlının həmtəsisçisi olduğu, Avrasiya Akademiyasının 2-ci rəsmi toplantısı oldu. Akademiyanın iki yeni üzvü də qonaqlar arasında idi: Məşhur aktyor və rejissor Robert Hossein və türk filmlərində kişilərin həmişə əlçatmaz bir qadın kimi izlədiyi Türkan Şoray.

Tədbir, yeni üzvlər haqqında hazırlanmış filmlərlə başladı. Bilməyənlər üçün, deyim ki, fransalı aktyor Robert Hossein Azərbaycan əsillidir. Atası Səmərqənddəndir. Filmlərdən gördüyüm bu gümrah, yaraşıqlı oğlan, indi, gözlərində illərin yorğunluğu olan bir qocaya çevrilib. Sanki yaratdığı obrazların hamısını öz taleyi kimi yaşayıb. Hossein tamaşaçıların yaddaşında ən çox 60-cı illərdə “Anjelika” seriyasından olan filmlərdə canlandırdığı qraf de Peyrak obrazı ilə qalıb. Bu obraz təkcə tamaşaçıda yox, həm də aktyorda dərin iz buraxıb. Müsahibələrinin birində Hossein qeyd edib ki, qəbri üstündə Peyrak obrazının əks olunmasını istəyir.

Tədbirdə Robert Hosseinin filmlərindən parçalar nümayiş olunarkən, üzümü çevirib aktyora baxdım. Hosseinin gözlərindən yaş axırdı. Qoca aktyor böyük ekranda öz gəncliyini izləyərək ağlayırdı... Bu vaxt Hamlet İsaxanlı yan masadan ayağa qalxaraq Robertə yaxınlaşdı, əlini çiyninə qoydu və nə isə dedi. Gəncliyini geridə qoymuş bu iki böyük adam: Biri ağlayır, digəri təsəlli verirdi... Çox kədərli mənzərə idi.

Bəlkə bu qədər kövrək və hissiyyatlı olmağından, bəlkə də Azərbaycan əsilli olmağından, Azərbaycanı çox sevməyindən, Robert Hosseinə qarşı qəribə bir doğmalıq hiss etdim.

Robert Hossein Azərbaycana öz xanımı ilə gəlmişdi. Çox gözəl qadın idi. Onun, Hosseinə həddən ziyadə diqqət ayırması nəzərimdən yayınmadı. Tez-tez aktyorun saçını, paltarını, yaxasını düzəldir, nə isə soruşur, fikrini ondan ayırmırdı. O anda öz-özümə düşündüm ki, əslində bütün yaradıcı adamların bu cür xanımı olmalıdır, xüsusən də Robert kimi uşaqqəlbli bir adamın...

Sonra Türkan Şoray haqqında film başladı. Yaratdığı obrazlardan, çəkildiyi kinolardan nümunələr nümayiş olundu. Tədbirə hopmuş nostalgiya hissi daha da gücləndi. Türkan xanımın yanında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral əyləşmişdi. Gənc səfir, aktrisanın çəkildiyi filmləri izlədikcə, gözləri doldu. Tədbir iştirakçıları, film boyunca, xısın-pısın danışır, pıçıldaşır, təəccüb dolu nələrsə deyirdilər. Ara-sıra pıçıltılar eşidilirdi: “Necə gözəl idi”, “İndi yaman qocalıb”, “Amma yenə də gözəldir”... Ekranda isə filmlərindən hansındansa bir parça nümayiş olunurdu. Gənc Şoray oxuyurdu:

Boş yere bekleme geçen günleri

Böyledir ne yazık ki ezelden beri

Kimi benim gibi sever gönülden

Kimi senin gibi el olur gider...

# 3499 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər