Yanmış çölə al qırmızı laləm kimi gəldin... - Xəlil Rza Ulutürk

Yanmış çölə al qırmızı laləm kimi gəldin... - Xəlil Rza Ulutürk
3 mart 2026
# 10:45

Kulis.az Xalq şairi Xəlil Rza Ulutürkün Lefortovo zindanında həbsdə olarkən həyat yoldaşına yazdığı "Firəngizin məktubu" şeirini təqdim edir.

Gəldinmi?
Çiçəklərdəki jaləm kimi gəldin,
Zülmətdə bir Ay şöləsi, haləm kimi gəldin.

Ey doğma, əziz məktubu imzalayan əllər,
Ey min yaramın məlhəmi, Loğman, həyan əllər!
Andım kimi, nəğməm kimi, naləm kimi gəldin,
Nur dalğası, eşq allahı, aləm kimi gəldin!

Çəkdim gözümə, gözlərimin şövqü qayıtdı,
Hər cümlən ürəkdə cücərib qol-budaq atdı.
Dar gündə məlakəm gəlib imdadıma çatdı.
Yanmış çölə al qırmızı laləm kimi gəldin,
Nur dalğası, eşq allahı, aləm kimi gəldin.

Mən – odlu cəhənnəm, sən - ətirli, təzə bir meh.
Mən – göy, sən – işıq, qövsi-qüzehlərdəki min zeh.
Mən şeh dilədim, yandı ciyər: bircə ləçək şeh!
Bal şərbəti oldun ki... piyaləm kimi gəldin,
Nur dalğası, eşq allahı, aləm kimi gəldin!

Hər cümləni, hər sətrini, hər cizgini öpdüm,
Yollarda qalan yorğunumu, üzgünü öpdüm,
Xəttin bir işıq güzgüsü, saf güzgünü öpdüm.
Dağdan tökülən yeddi şəlaləm kimi gəldin.
Nur dalğası, eşq allahı, aləm kimi gəldin!

Ey hicrana bais yağı, hicran sənin olsun.
Ey qan tökən ədna əyil, iç, qan sənin olsun.
Mən getsəm, ey ömrüm, al, iki can sənin olsun!
Tutğun komama, məşələ, şöləm kimi gəldin.
Nur dalğası, eşq allahı, aləm kimi gəldin!

Gəldinmi?
Qalıb gülşənim ol, bir də qayıtma!
At qüssəni, meydandakı zər bayrağı atma!
Yumsan gözümü, an Xəlili, qalx, daha yatma!
Ey məktubu qibləm, özü pir, hüsnü iman, din –
Sən ömrümə eşq allahı, yer-göy kimi gəldin.

Qüdrət dağı, qeyrət seli, min candı bu könlüm.
Ey sal qaya, dinlə, yatan ümmandı bu könlüm.
Coşsam, görəcəksən, dəli tufandı bu könlüm,
Sussam, demərəm bəxtimə bir qəm kimi gəldin.
Ölməz, əbədi şairə həmdəm kimi gəldin.

Moskva, Lefortovo zindanı,
10 mart 1990

# 1224 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər