Sənsiz ürəyimi əzir ayrılıq - Nəriman Həsənzadə

Sənsiz ürəyimi əzir ayrılıq - Nəriman Həsənzadə
25 iyun 2024
# 16:00

Kulis.az Nəriman Həsənzadənin "Qayıt" şeirini təqdim edir.

Tək çəkə bilmirəm can əzabını,
Sənsiz ürəyimi əzir ayrılıq.
Mən zəngi basanda, sən aç qapını,
Bəxtimə çıxıbsan, qarşıma sən çıx!

Tək sənin səsinə həsrətəm evdə,
Susub dinləsəm də dostu, tanışı.
Oğul-qız yanında mən təkəm evdə, -
Başqadır həyatda həyat yoldaşı.

Uşaqlıq yoldaşım, gözümün nuru,
Könlümün həyanı, ülfəti sənsən.
Qalxsam, ailədə ata qürurum,
Yıxılsam, dizimin taqəti sənsən.

Həyat çox sınadı xeyirdə, şərdə,
Mən dara düşəndə ilk həyanımsan.
Sən "Nabat xalanın çörəyi"ndə də
Mənim Fərəh adlı qəhrəmanımsan.

Yayın istisində - sərin günlüyüm,
Qışda od nəfəsin hərarət verir.
Mənim məğrurluğum, ərköyünlüyüm
Ancaq sənə görə, sənə görədir.

Qayıt, adamları təzədən tanıt,
Səhvimin üstündə danla xəlvəti.
"Mənsiz nə olacaq sənin axırın!" -
Bir də təkrar elə bu həqiqəti.

Evimin bəzəyi, qayıt evinə,
Pəncərə, döşəmə eləcə durur, -
Nə qədər silirəm toz basır yenə,
Sənin sildiyintək heç təmiz olmur.

Bəzən qohumların yanır ürəyi,
Deyirlər, gəl çay iç, çörək ye hərdən.
Sənin bişirdiyin dadlı xörəyi
Mən tapa bilmədim o süfrələrdən.

İlhamım, qələmim danışan deyil,
Qayıt, öz gözümdə itirəm sənsiz.
Ünvan mənimkidir, ancaq elə bil, -
Özgənin evinə gedirəm sənsiz.

Qoşa hacıleylək yuvası olur,
Heç qaranquşu da tək qoymur həyat.
Bütün canlıların dünyası olur -
Sən mənim dünyamsan, dünyama qayıt

# 1928 dəfə oxunub

Oxşar xəbərlər

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
Dövlət Xidməti Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı məsələni araşdırır

Dövlət Xidməti Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı məsələni araşdırır

15:41 29 sentyabr 2026
Məşhur türk aktyor vəfat etdi

Məşhur türk aktyor vəfat etdi

14:45 29 sentyabr 2026
Məşhur müğənni niyə sevgilisinin yanına göyərçinə çevrilib getmək istədi?

Məşhur müğənni niyə sevgilisinin yanına göyərçinə çevrilib getmək istədi?

14:00 29 sentyabr 2026
“Yatmış gözəl”  nağılının filmi çəkiləcək

“Yatmış gözəl” nağılının filmi çəkiləcək

13:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər