Derbi - Vüsal Bağırlının yeni hekayəsi

Derbi - Vüsal Bağırlının yeni hekayəsi
29 sentyabr 2026
# 12:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Vüsal Bağırlının "Derbi" hekayəsini təqdim edir.

“Bərbər kürsüsündən qalxan insan təkcə yeni saç düzümünə deyil, həm də yeni həyat tərzinə qovuşur”

(Koko Şanel)

Divanda oturub futbola baxırdım. Mavi ekranda İtaliya çempionatı göstərilirdi.

“Tifozi” adlanan azakeş kütləsiylə ağzınadək dolmuş və hər iki kluba məxsus olan şərikli arenada bir futbol tamaşası oynanılır, canlı yayımda “İnter” klubu öz əzəli rəqibi “rossyoner”ləri qəbul edirdi.

Bəli, bu bir Milan derbisidir.

Sürəkli alqış sədaları altında baş tutacaq oyun ərəfəsində kadrlar qızğın oyun atmosferinin, vəd olunan maraqlı seyrin, unudulmaz futbol keyfinin sorağını gətirirdi.

Bütün diqqətim ekranda baş verənlərə cəmlənmişdi. Dörd yaşlı oğlum isə yanımda ora-bura vurnuxur, bir yerdə qərar tutmadan yan-yörəmə keçir, diqqətlə üzümə baxır, olduqca narahat görünürdü.

Əhəmiyyət vermədim. Fikirləşdim ki, yəqin nəsə soruşmaq niyyətindədir, ona görə belə edir. Gümanımda yanılmamışdım.
O, ehtiyatla yaxınlaşdı, əlini dizimə qoyub soruşdu:
- Ata, saçların yaman uzanıb a...?!

Nəzərlərim televizorda, sol əlimi qeyri-ixtiyari başıma çəkdim.
“Uşaq düz deyir, tüklər həqiqətən uzanıb”.

- Hə, gərək sabah bərbərə baş çəkim!? Amma indi xahiş edirəm, mənə mane olma, əlavə suallar vermə, imkan ver futbola baxım.
Oğlum sakitcə aralandı, digər otağa keçib oradan bəzi əşyalar gətirməyə başladı. Onları səliqəylə divanın üstünə düzdü. Şuluq uşaqdır, ona görə də ehtiyatı əldən vermədən, sağ gözüm ekrandaykən, sol gözümü ona sarı qıydım.

Gördüm ki, ətrafıma müxtəlif qəribə şeylər yığılıb. Bunlar oyuncaq bərbər ləvazimatlarıydı. Plastmas qayçı, plastmas daraq, güzgü və sair bu kimi xırda-xuruş əşyalar.
O gedir-gəlir, hər dəfə yeni nəsə gətirir, bərk məşğul görünürdü. Mən də “eybi yox, qoy oynasın” düşüncəsiylə, nəzərlərimi derbi oyununa yönəldir, möhtəşəm futboldan zövq alırdım.

Oyun qızışmış, artıq hesab açılmışdı. Ekranın mərkəzində ağır zədə almış oyunçulardan biri, uzunsaç, sırğa-tatulu oyunçu yerə uzanıb zarıyırdı. O, sancılanmış adamlar kimi üz-gözünü turşudur, ağrıdan qıvrılır, onun komanda yoldaşları hakimlə qızğın mübahisə edir, rəqib oyunçular isə kənarda dayanıb acgözlüklə su içirdilər. Su onların ağız-burunlarından süzülüb sinələrinə axır, oradan islanmış çayırın üzərinə tökülür, otların arasında parlaq şeh damlaları yaranırdı.

Eyni anda oğlum da öz işini davam etdirirdi. Əvvəlcə o, qayçını, darağı, güzgünü götürüb divanın təpəsinə qalxdı, ordan da mənim boynuma adladı. Əslində tək boynuma dırmanmadı, bədənlə başı birləşdirən, yemək qəbulu zamanı ağızla mədə arasında qida körpüsü rolunu oynayan vətərli orqanı əməli-başlı mindi. Ayaqlarını aşırıb elə oturdu ki, sanki cəngavər öz madyanını yorğalayıb döyüşə hazırlaşır.

Bu vəziyyətdə o, mənim tərpənməyimə, göz açmağıma imkan vermirdi. O, darayır, qayçılayır, ağzından çıxardığı “dğğğ” səsiylə saç maşinkasını imitasiya edirdi. Elə işləyirdi ki, sanki başım üzərində əsl mahir bərbər, usta dəllək çalışır.

Paralel olaraq, derbidə də gərgin anlar yaşanır, hakim oyuna nəzarəti ələ almağa çalışır, qırmızı-sarı vərəqləri xəzan yarpağı kimi sağa-sola səpələyirdi. Mübahisəli epizodlar, cığallıqlar, zədələrlə bağlı yaranmış qısa fasilələrdə futbolçular plastik qablardan su içirdilər. Onlar butulkanı əndərərək pörtmüş tərli yanaqlarını isladır, növbə ilə hakimə yaxınlaşır və jestlərin imkan verdiyi ən qızğın əl-qol hərəkətləriylə nələrisə başa salmağa çalışırdılar. Mimika dili, italyansayağı danışıq və pantomim söhbət tərzi qarşılaşmanın dramatik çalarını artırır, oyuna dinamik və emosional rəng qatırdı.

Oyun ərzində hakim düz üç dəfə onbirmetrlik zərbə təyin etdi, on iki ofsayd qərarı çıxardı və nə az-nə çox düz beş dəfə VAR-a müraciət etdi. Hərdən operator tribunadakı qəzəbli, üz-gözündən söyüşcül olduğu bilinən müxtəlif adamları önə çəkir, rakursu lap yaxından götürür, təsvir tamaşaçıda həyəcan və maraq yaradırdı.

Bəzən kadra cazibədar qadınlar da düşürdü. Qaraqaş, qarasaç, yarıçılpaq, temperamentl, iri döşlü Milan gözəlçələri. Amma bütün yayındırıcı və çaşdırıcı məqamlara rəğmən mən bütün diqqətimi oyuna yönəltməyə çalışır, qanı cuşa gətirən adrenalin dolu hücum futbolundan zövq alırdım.

Derbi həyəcanı qarşılaşmanı püskürməyə hazır vulkan həddinə çatdırmışdı. Qollar ard-arda sıralanır, intirqa gərginləşir, rəqabət dərinləşirdi.
Birdən bədənimin yuxarı əzalarında dərin bir yüngüllük duydum. Boynum, başım, bədənim bütün perimetr boyu asanca dönür, özümü asudə və rahat hiss edirdim. Deməli, oğlum artıq boynumda deyil, o, harasa gedib, mövqeyini tərk edib.

Əlimi boğazıma çəkdim. Bu həqiqət idi. O, yox olmuşdu.
Amma sevincim uzun çəkmədi. Qəflətən o, yenə peyda oldu. Öz köhnə vərdişi ilə gəlib boynuma mindi. Yuxarıda elə arxayın, elə şahanə tərzdə oturdu ki, sanki dəvəyə qalxmış sarvan karvanı səhradan keçirirdi. Oğlum yuxarıda həvəslə işləyir, mən də eyni həvəslə oyuna baxırdım.
Qəflətən hiss etdim ki, işlər düzgün getmir, nəsə qaydasında deyil.

Başımın üzərindən müxtəlif qəribə şaqqıltılar eşidilir, boynuma, sinəmə intensiv şəkildə tüklər tökülürdü. Bu zaman qulaqlarımın üstündə, alnımda soyuq metalın hənirini hiss edib, tez yuxarı boylandım. Çiynimə tökülmüş saç topasını əlimə götürüb diqqətlə nəzərdən keçirdim.
Baho! Bu ki, öz tükümdür. Həqiqi tüküm.

Elə bil məni oturduğum yerdə eletrik cərəyanı vurdu. Dik atılıb, hövlank ayağa qalxdım. Oğlumu boynumdan götürüb, qarşıma qoydum. O, əlində plastmas qayçı deyil, əsl qayçı tutmuşdu. Qayçının tiyəsi havada bərq vuraraq parıldayır, oğlum üzümə baxıb pərt halda gülümsəyirdi.

Əlimi başıma çəkdim, ürəyim soyumadı, qaçıb güzgüdəki tanınmaz hala düşmüş əksimə də baxdım. Başım yanlardan qırxılmış, saçlarım ortadan xeyli azalmışdı. Başımın sol yarımkürəsi Ekvadorun ekvatorial Amazon meşələrini, sağ yarımkürəsi isə susuzluqdan cadar olmuş Atakama səhrasını xatırladırdı.

# 49 dəfə oxunub

Oxşar xəbərlər

"Əsl güc gözəlliyi heç vaxt zədələmir..." - Herman Melvillin "Mobi Dik" əsərindən sitatlar

"Əsl güc gözəlliyi heç vaxt zədələmir..." - Herman Melvillin "Mobi Dik" əsərindən sitatlar

14:30 28 sentyabr 2026
"Arzum budur ki, dəlilik həddinə çatacaq qədər seviləsən..." - Andre Breton

"Arzum budur ki, dəlilik həddinə çatacaq qədər seviləsən..." - Andre Breton

11:50 28 sentyabr 2026
"Xəyanət bəni-insanın mayasındadır..." - İsa Muğannanın "Məhşər" romanından bir hissə

"Xəyanət bəni-insanın mayasındadır..." - İsa Muğannanın "Məhşər" romanından bir hissə

11:30 27 sentyabr 2026
Tələbə və süpürgə kolu yığan qoca -  Qrasiya Deleddanın novellası

Tələbə və süpürgə kolu yığan qoca - Qrasiya Deleddanın novellası

10:00 27 sentyabr 2026
Püşk - Alberto Moravianın hekayəsi

Püşk - Alberto Moravianın hekayəsi

11:30 26 sentyabr 2026
"Pul ilə həll edə biləcəyin hər şey ucuzdur..."  -  Erix Mariya Remarkdan sitatlar

"Pul ilə həll edə biləcəyin hər şey ucuzdur..." - Erix Mariya Remarkdan sitatlar

15:00 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər