Mikelancelonun "Davud"undan Cüzeppenin "Badımcan"ına - Bakıdakı meyvəli sərgidən təəssüratlar

Mikelancelonun "Davud"undan Cüzeppenin "Badımcan"ına - Bakıdakı meyvəli sərgidən təəssüratlar
7 mart 2025
# 12:20

Kulis.az Mirmehdi Ağaoğlunun “Təbiətin nemətləri” sərgisindən təəssüratlarını təqdim edir.

Dünən Heydər Əliyev Mərkəzində italyan heykəltəraş Cüzeppe Kartanın “Təbiətin nemətləri” adlı sərgisinin açılışı oldu. Mərkəzin həyətindən bizi qarşılayan azman meyvə-tərəvəz heykəlləri sərgisi muzeyin içində də davam edirdi. Deyərdin nəhəng bir devin meyvə səbətinin içinə düşmüsən, ya da həmən devin balalarının oynatdığı meyvə oyuncaqlarının arasındasan. Çünki mənim oğlumda da belə meyvə maketləri var, bu ölçüdə olmasalar da. Biz arada bu meyvə-tərəvəz maketlərini ona göstərib soruşuruq, bu nədir? O da deyir: hıyar, pamadur, baacan, alma.

Şəkillərdən də görürsüz ki, sərgidə əsasən polad, polixrom qətran və polixrom bürüncdən tökülmə meyvə-tərəvəz heykəlləri təqdim edilib. Sərginin kuratorları Cüzeppe Karta haqqında deyirlər: “Onun əsərləri təbiətin bizə bəxş etdiyi ən dəyərli nemətləri əks etdirərək tamaşaçılarda xoş təəssürat yaradır. Bu nümunələr meyvə və tərəvəzlərin əyani təzahürü kimi görünür və insanlara Yer kürəsində mövcud olan nemətlərin nə qədər böyük dəyər kəsb etdiyini ifadə edir. Məhz bu xüsusiyyət Cüzeppe Karta yaradıcılığının incəsənət nöqteyi-nəzərindən nə qədər ümumbəşəri mahiyyət daşıyan mesajlarla zəngin olduğunu göstərir”.

Nə əcəbsə, kuratorlar “Təbiətin nemətləri” ilə Füzulinin “Meyvələrin söhbəti”, elə Cüzeppenin yerlisi Canni Rodarinin “Çipollininin sərgüzəştləri” nağılı ilə əlaqə yaratmağa ehtiyac duymamışdılar. Mən isə sərgi haqqında təqdimatda “Bu nümunələr meyvə və tərəvəzlərin əyani təzahürü kimi görünür və insanlara Yer kürəsində mövcud olan nemətlərin nə qədər böyük dəyər kəsb etdiyini ifadə edir” kimi banal fikir tirajlamaqdansa ədəbiyyatla sənətin bu qohumluq əlaqələrinə fokuslanardım, o heykəl meyvələrə qulaq verərdim, bəlkə, yenə nəsə danışırlar? Özü də bir halda ki sərgidə Çipollininin iki bacısı – “Soğan” heykəllər – da nümayiş olunurdu.

Müasir sənətin çox amansız lənəti var. Ağzıyla quş da tutsa yenə bəyənmirik. Sərgiyə gedirsən, işlərə baxa-baxa elə bil şeytan da bir tərəfdən qulağına pıçıldayır ki, bu sənət deyil, nə var burda, bunu sən də düzəldərsən, Mikelancelonun “Davud”u hara, Cüzeppenin “Badımcan”ı hara? Hə, müasir sənət sərgilərindən maksimum həzz almaq üçün gərək başından belə axmaq fikirləri qovasan. Yoxsa deyəcəksən: “Harası sənətdir axı bu “Limon”un?.

Deyim ki, Çili bibərləri instalyasiyasını bəyəndim, elə bil bibərlərdən ibarət aləmlə qarşı-qarşıyaydın. Bir də sərgidəki işlərdən görkəmi və konsepsiyası ilə tamamilə fərqlənən “Qadın və təbiət” heykəli xoşuma gəldi, cüzi də olsa heyrətlənə bildim. Qalanları isə kuratorların qeydlərində yazıldığı kimi xoş təəssürat üçün idi.

Görünür, müasir sənət yalnız bunun üçündür: Xoş təəssürat yaratmaq üçün.

Daha sənətdən heyrət gözləmə ki, surətin gördükdə lal olasan!

# 3603 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər