"Gülçöhrə və Əsgər" pyesinin təhlilinə həsr olunan monoqrafiya nəşr olundu

"Gülçöhrə və Əsgər"  pyesinin təhlilinə həsr olunan monoqrafiya nəşr olundu
19 may 2026
# 14:30

Müasir Azərbaycan humanitar düşüncəsində ədəbiyyatın fəlsəfi, semiotik və mədəni yaddaş kontekstində təhlili xüsusi aktuallıq daşıyır. Bu istiqamətdə aparılan araşdırmalar arasında professor Əli Abasovun yeni çapdan çıxmış "İtki və qayıdışın estetikası. Kamal Abdullanın "Gülçöhrə və Əsgər" pyesi əsasında" adlı kitabı diqqəti xüsusilə cəlb edir.

Kulis.az xəbər verir ki, əsərin “Ön söz yerinə” hissəsində vurğulandığı kimi, kitab klassik elmi monoqrafiya çərçivələrini aşaraq müəllifin fərdi düşüncə trayektoriyasını, estetik baxış sistemini və fəlsəfi-intellektual yanaşmasını ortaya qoyur.

Professor Əli Abasov burada yalnız tədqiqatçı mövqeyində dayanmır; o, həm də mətnin daxili enerjisini, səsini və susqunluğunu eşidən bir interpretator kimi çıxış edir.

Müəllif Kamal Abdullanın “Gülçöhrə və Əsgər” pyesini sırf dramaturji mətn kimi deyil, milli yaddaşın, zamanın metafizikasının və Azərbaycan insanının kollektiv şüuraltısının bədii modeli kimi təqdim edir. Kitabda postkolonial dram, arxetiplərin rekonstruksiyası, metafizik mətn anlayışı, səssizlik fenomeni, sevgi və qayıdışın estetikası kimi anlayışlar vahid konseptual sistem daxilində təhlil olunur. Müəllif göstərir ki, “Gülçöhrə və Əsgər” yalnız məhəbbət hekayəsi deyil; burada zaman, yaddaş, milli tale və insanın metafizik tənhalığı bir-biri ilə mürəkkəb əlaqə sistemində təqdim edilir.

Kitabın mühüm nəzəri istiqamətlərindən biri “metafizik mətn” anlayışıdır. Əli Abasov Kamal Abdullanın dramaturgiyasını metafizik mətn kimi xarakterizə edərək onun görünən süjetdən daha dərin qatlara malik olduğunu göstərir. Müəllifə görə, “Gülçöhrə və Əsgər” pyesində hadisələrdən daha çox görünməyən enerjilər, daxili səslər və tarixi yaddaşın izləri fəaliyyət göstərir. Burada obrazlar yalnız fərdi xarakterlər deyil, kollektiv yaddaşın simvolik daşıyıcıları kimi çıxış edirlər.

Əli Abasov kitabında “Gülçöhrə və Əsgər” pyesini postkolonial kontekstdə də təhlil edir. Müəllif hesab edir ki, Azərbaycan xalqının tarixi travmaları, repressiyalar, parçalanmalar və milli yaddaş problemləri əsərin dərin qatlarında öz əksini tapır. Bu baxımdan, pyes yalnız estetik hadisə deyil, həm də tarixi şüurun bədii rekonstruksiyasıdır. Milli yaddaşın parçalanması, insanın öz səsinə yadlaşması və zamanla münasibətin pozulması müasir insanın əsas ekzistensial problemlərindən biridir.

Kitabın əsas üstünlüklərindən biri onun multidissiplinar xarakteridir. Burada fəlsəfə, estetika, dramaturgiya, semiotika, mədəniyyətşünaslıq və psixoanalitik yanaşmalar vahid interpretasiya sistemində birləşdirilir. Əli Abasov göstərir ki, böyük ədəbiyyat yalnız hadisələri təsvir etmir; o, xalqın tarixi yaddaşını, mənəvi travmalarını və metafizik axtarışlarını ifadə edir. “Gülçöhrə və Əsgər” pyesinin təhlili əsasında müəllif müasir Azərbaycan dramaturgiyasının yeni estetik imkanlarını üzə çıxarmağa nail olur.

Qeyd edək ki, professor Əli Abasovun “İtki və qayıdışın estetikası. Kamal Abdullanın “Gülçöhrə və Əsgər” pyesi əsasında” adlı monoqrafiyası “Füyuzat” nəşriyyatında işıq üzü görüb. Kitabın rus dilindən tərcüməsi və elmi redaktəsi Zeynal Məmmədli tərəfindən həyata keçirilib. Nəşr müasir Azərbaycan humanitar fikrinin aktual istiqamətləri ilə maraqlanan filoloqlar, filosoflar, teatrşünaslar, kulturoloqlar və estetik fikir tədqiqatçıları üçün mühüm elmi mənbələrdən biri kimi diqqət çəkir.

# 924 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər