Bizdə Səməd, Bəxtiyar, onlarda Markes - Yekə-yekə danışmaqla deyil...

Bizdə Səməd, Bəxtiyar, onlarda Markes - Yekə-yekə danışmaqla deyil...
13 fevral 2025
# 12:52

Kulis.az Şərif Ağayarın Bəxtiyar Vahabzadənin Səməd Vurğunla bağlı xatirəsi haqqında yazısını təqdim edir.

"Ana dilim" şeiri "Kommunist" qəzetində necə çap olundu?

Səhifələrin birində Xalq şairi Bəxtiyar Vahabzadənin Səməd Vurğunla bağlı bir xatirəsini oxudum. Xəstə yatan vaxtı Bəxtiyar müəllim ona “Ana dilim” adlı yeni yazdığı şeirini göstərir, deyir, çap eləmirlər. Səməd Vurğun şeiri oxuyur və balaca bir epiqraf yazır:

“Biz Vətənimizi, millətimizi və dilimizi sevirik!” V.İ.Lenin"

Bundan sonra şeir "Kommunist" qəzetində çap olunur.

Təsəvvür edirəm, Bəxtiyar müəllim bu söhbəti sağlığında hansı pafosla danışırmış və ətrafındakı adamlar “Puah!!!” deyib necə başını bulayırmış.

And içirəm, o adamların bəzilərinin, hətta Xudu Məmmədov kimi ayıq birinin gözlərinin necə dolduğunu da çox aydınca görürəm.

Hətta sovetin şil-küt edib bambılı günə saldığı şərq müdrikliyinin Rəmişin gitarası kimi necə kişnədiyini də eşidirəm.

Əntiqədir!

Demək, vəziyyətdə üç tərəf var: müəllif, Lenin və oxucu...

Üçünü də aldadıblar e!

Müəllifi də, Lenini də, oxucunu da!

Bəxtiyar Vahabzadənin ilham mənbəyi

Və şübhəsiz, alicənab “Kommunist” qəzeti öz ideologiyasının ayaqlarını yuyan bu bənzərsiz möhtəkirliyi lazımınca qiymətləndirib.

Mən bu balaca epiqrafla Bəxtiyar Vahabzadənin sonrakı – hər dövrə aid ayrıca mədhiyyə şeirlərinin və poemalarının ilham mənbəyini də kəşf etdim.

Və düşünməyə bilmədim: əcəba Səməd Vurğundan cəmi beş-altı yaş böyük olan və başqa bir müstəmləkə ölkəsində yaşayan Xorxe Borxes həmin vaxt öz gənc tələbələrinə nə öyrədirdi?

Əlbəttə, Folknerin, Coysun, Prustun roman sənətkarlığını...

Ona görə, bizdə “Leninlə söhbət” poeması yazıldı, onlarda “Yüz ilin tənhalığı”.

Ona görə Borxesdən sonra Kortasar, Lyosa, Markes yetişdi, Səməd Vurğundan sonra Nəriman Həsənzadə, Fikrət Qoca, Seyran Səxavət...

Ona görə, kolumbiyalı yaşıdım Xuan Qabriel Vaskes ortabab bir romanla dünyanı gəzdi, mən heç Tiflisə gedib çıxa bilmədim.

Elə bilirsiniz asandı?

Üç-dörd nəfər istisna olunmaqla əl atıb yapışmalı sağlam bir budağımız yoxdur...

Tarixdə də, indi də.

Yekə-yekə danışmaqla deyil...

# 4528 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər