İranlı məşhur rejissor Cəfər Pənahiyə yeni həbs hökmü çıxarılıb.
Kulis.az xəbər verir ki, Tehran məhkəməsi rejissoru beş il bir ay müddətinə azadlıqdan məhrum edib.
Bundan başqa, onun daşınar və daşınmaz əmlakının müsadirə olunması, iki il müddətinə ölkədən çıxışına və sosial mediadan istifadəsinə qadağa qoyulması barədə qərar verilib.
Qərar rejissorun vəkili Mostafa Nilinin açıqlaması əsasında yayılıb. Hüquq müdafiəçisi ittihamın detalları barədə tam məlumat verməsə də, hökmün əvvəlki məhkəmə qərarları ilə əlaqəli olduğu bildirilir. Pənahinin qərardan şikayət vermək hüququ var.
66 yaşlı rejissor İran kinosunun beynəlxalq miqyasda ən tanınmış nümayəndələrindən biridir. O, filmlərində cəmiyyətin problemlərini, fərdi azadlıqları, siyasi və sosial təzyiqləri tez-tez gündəmə gətirib. Rejissorun yaradıcılığına uzun illər ölkə daxilində məhdudiyyətlər qoyulub, ona səyahət qadağası tətbiq edilib və bir neçə dəfə həbs hökmü çıxarılıb.
Pənahi 2025-ci ildə “It Was Just an Accident” filminə görə Kann festivalının “Qızıl palma budağı” mükafatını qazanmışdı. Ekran əsərinin İran şəraitində gizli çəkilməsi onun yaradıcılığı ətrafındakı beynəlxalq marağı daha da artırmışdı.
Rejissorun yeni hökmü kino ictimaiyyətində sənət azadlığı və sənətçilərə qarşı siyasi təzyiq məsələlərini yenidən gündəmə gətirib.