Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi
30 oktyabr 2026
# 10:00

Kulis.az Vüsal Bağırlının "Kanoe" essesini təqdim edir.

Tuneldə qatar dayanmaq üzrədir. Maşinist əyləci basır. Dəmir təkərlərin relslərlə sərt təmasından yaranan tükürpərdici səs yarımqaranlıq boşluğa yayılır. Ətalətli ləngərdən müvazinətimi itirib, sərxoş adamlar kimi səndirləyirəm. Əlimdəki kitabı bel çantama dürtə-dürtə yıxılmamağa, qollarımı havada oynadaraq haradan gəldi tutmağa çalışıram. Tutacaqlara tərəf dartınıram. Əllərim boşa çıxır. Birdən arxamda dayanmış və üzünü görmədiyi, naməlum sərnişin möhkəm əlləriylə çiynimdən yapışır, məni yıxılmağa qoymur.

Vaqon astmalı, xəstə adamlar kimi dərindən, sinədolusu nəfəs alaraq fısıltıyla dayanır. Açılmış qapıların şaqqıltısıyla bir-birinə yapışmış tərli, acıqlı sərnişinlərin perrona, perrondakıların isə səbirsizliklə vaqona dürtülməsi eyni anda, sinxron baş verir. Bu həngamədə bir kimsə digərinə yol vermir, güzəşt etmək istəmir. Basa-basa birtəhər sinə gərib özümü güc-bəla ilə bayıra tullayıram.

Perron izdihamı bütün sərnişinləri fırtınaya düşmüş dəniz kanoesi kimi udur. İstəyimə tabe olmayan axın burulğanı məni əvvəlcə öz episentrinə tərəf dartır, sonra yerində fırladır və dartıb eskalator istiqamətinə sarı sürüyür.

Hərəkət edən pilləkənlər aramla məni yuxarıya çəkir. Nizamla, əsgər ardıcıllığı ilə bir-birinin arxasına düzülüb paralel şəkildə küçədən perrona düşən, metroya təşrif buyuran sərnişinləri gözdən keçirirəm. İslanmış adamlar saçlarını çırpır, üst-başlarını qaydaya salır, nəm çətirləri yığırlar.

Bu payız soyuqlar bir az gec gəldi.

Birdən mexaniki ardıcıllıqla, avtomat kimi şaqqıldayan diktorun rəsmi, quru səsi perronu başına götürür:

“Qocalara, uşaqlı qadınlara yer verin, metroda şübhəli şəxslər gördükdə...”.

“...şübhəli şəxslər gördükdə...” Hmm, maraqlı ifadədir.

Yeniyetmə vaxtı detektiv əsərlərə aludə olmuşdum: Şerlok Holms, Erkül Puaro, Miss Marpl, Komissar Meqre, Oqüst Düpen, Arsen Lüpen.
Oxuduğum əsərlərin dərin təəssüratına qapılaraq macəra axtarır, təhlükələrə can atırdım. Özümdən kriminal süjetlər uydurur, xəfiyyələrin detektiv yanaşma prinsipini, araşdırma metodunu gözdən keçirir, mübhəm cinayətləri açmaqla insanlar arasında gizlənmiş məkrli qatili tapmağa çalışırdım. Ayaqqabı üzərindəki palçıq ləkəsindən, pencəyin üstünə düşmüş lələkdən, eynəyin, sağanağın formasından, papağın görünüşündən, tipin geyimindən, yerişindən şübhəli şəxsin kimliyini tapardım.

Bəzən küçədə mənə davranışı qəribə görünən birisini qarabaqara izləyər, təxəyyülümdə onun hansısa bankı qarət etməyə hazırlaşdığını, yaxud ən dəhşətlisi kimisə öldürmək, qətlə yetirmək istədiyini zənn edərdim.

Qaşların, gözlərin hərəkətini, mimikaları, jestləri, əl titrəməsini müxtəlif potensial cinayət ehtimalına yozar, hər vəchlə gözdən yayınmaq istəyən, ilk baxışda kiçik, lakin qətlin açılmasında böyük rol oynayacaq narahat və vacib nüansı tapdığımı sanardım. O zamanlar hər şey nəzərimdə sirrə, tilsimə bürünər, canlı-cansız hər bir element, əşya, obraz daha maraqlı, qeyri-adi və möcüzəli görünərdi.

İndi isə hər şey başqa cürdür. Maraq ölüb, mühit boz təbəqəyə bürünüb. Ətrafda baş verənlər sanki laqeydlik pərdəsi arxasında oynanılan vecsiz hadisələri, qatı duman arxasından baxılan tutqun siluetləri xatırladır.

Qəflətən təkan hiss edib, sanki yuxudan ayılıram. Artıq yuxarıda, eskalatorun son pillələrində olduğumu görüncə qamətimi düzəldirəm və addımlarımı nizamlayaraq eskalatorun hərəkətli hissəsindən, metronun çıxış qapısına doğru yönəlirəm.

Bayıra çıxan kimi, narın payız çiskini üstümə səpələnir. Düşüncə və xəyallarım üzərinə budaq tolazlanmış ürkək sərçə sürüsütək dağılıb gedir.
Başımı qaldırıb boz səmaya baxıram. Bir-birinin üzərinə qalaqlanmış və maya xəmiri kimi köpəşiyib şişmiş yağmur buludları küləyin təsirindən tənbəlcə yırğalanır, ağır-ağır sağdan-sola, şərqdən qərbə sürünürlər.

Addımlarımı yavaşıdıb, qollarımı yana açıram. Ən sevdiyim fəslin nəm havasını qarşısıalınmaz ləzzətlə ciyərlərimə çəkirəm.

Rütubətli soyuqdan büzüşən, yağışdan islanan qaşqabaqlı adamlar gözlərini bərəldərək təəccüblə mənə baxaraq yanımdan sürətlə ötürlər...



# 120 dəfə oxunub

Oxşar xəbərlər

"Daxilən şahzadə qala bilmək əsl qələbədir..." - İngilis yazardan sitatlar

"Daxilən şahzadə qala bilmək əsl qələbədir..." - İngilis yazardan sitatlar

12:30 29 oktyabr 2026
Erməni qızı  - Qəşəm Nəcəfzadənin yeni hekayəsi

Erməni qızı - Qəşəm Nəcəfzadənin yeni hekayəsi

12:00 29 oktyabr 2026
Musson küləkləri - Orxan Cuvarlının hekayəsi

Musson küləkləri - Orxan Cuvarlının hekayəsi

14:10 28 oktyabr 2026
"İnsan ağlı həqiqətdən daha çox yalana inanmağa meyillidir..." - Rotterdamlı Erazm

"İnsan ağlı həqiqətdən daha çox yalana inanmağa meyillidir..." - Rotterdamlı Erazm

14:00 28 oktyabr 2026
"İnsan xoruzdan qat-qat aşağı səviyyədə dayanır..." - Mark Tvenin essesi Aygün Əzizin tərcüməsində

"İnsan xoruzdan qat-qat aşağı səviyyədə dayanır..." - Mark Tvenin essesi Aygün Əzizin tərcüməsində

15:00 27 oktyabr 2026
"Rəylər yer üzündəki ən ucuz məhsullardır..." - Amerikalı yazıçıdan sitatlar

"Rəylər yer üzündəki ən ucuz məhsullardır..." - Amerikalı yazıçıdan sitatlar

15:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər