Anar, Əkrəm Əylisli, Zamin Hacı və Seymur Baycanın domino əhvalatı

Anar, Əkrəm Əylisli, Zamin Hacı və Seymur Baycanın domino əhvalatı
28 dekabr 2022
# 14:30

Naxçıvanda domino oynamaq qadağası aradan qaldırılıb.

Bu münasibətlə bütün Naxçıvan xalqını, domino azarkeşlərini, 101 sevənləri, altı qoşanı əlində öldürənləri, oyunun axırında qoşa atanları, həyatda yalnızca domino parasını başa düşən adamları ürəkdən təbrik edir, bu gözəl xəbəri müjdələyirəm.

Biz illərdir Naxçıvanda domino qadağasına görə dəhşət narahat idik. Hətta dostlarla öz aramızda domino oynayanda deyirdik ki, gün o gün olsun, Naxçıvanda domino oynaya bilək. Hətta bir dostumuz özüylə Naxçıvana domino aparmağa, orda gizlicə oynamağa mürəxxəs olmuşdu. (Mürəxxəs sözünün mənasını bilməyənlər getsin tullansınlar şahmat oynasınlar).

Naxçıvanlı dostlarım bu ağrı-acı ilə yaşayırdı, daima qəlblərinin dərinliklərində bir kədər vardı ki, öz doğma yurd-yuvalarında domino oynamağın həzzini yaşaya bilmirlər.

Artıq hər şey geridə qaldı.

Problemlərimizin biri də azaldı.

Olmuş hadisədir. Günlərin bir günü Seymur Baycan, Anar, Zamin Hacı və Əkrəm Əylisli domino oynayırmış. Seymurla Zamin Hacı bir yerdəymiş, Anarla da Əkrəm. Oyunun ortasında Əkrəm Anarın üstünə qışqırıb deyir ki, “mənim daşlarımı niyə vurursan? Sənin mənlə nə qərəzin var? Nə istəyirsən məndən? İt ilində bir kitab yazmışam, tez-tez ondan danışıb, bundan zövq alırsan”.

Anar cavab verir ki, “sən AYB-ə sədri olmaq istəyirsən, mənim paxıllığımı çəkirsən”.

Zamin Hacı nəsə demək istəyəndə, Anar ona deyir, “tələsmə, Zamin”.

Seymur da qıraqdan baxıb gülür. Arabir deyirmiş ki, AYB-də donos yazanlarla donos yazılanların şəkilləri bir yerdədir.

Əkrəm Əylisli əsəbiləşib Anara deyir ki, “madam belə dedin, mən də bir sirr açmalı olacam”. Bu anda Zamin Hacı telefonunu çıxarıb onun səsini yazmağa başlayır ki, gedib evdə də qulaq assın.

Əkrəm deyir:

“2005-ci ildə mən deputat seçildim, amma Anarı seçmədilər. Onda çox yüksək vəzifəli bir adam mənə zəng edib dedi ki, hazırlaş, Yazıçılar Birliyinə rəhbər gəlirsən. Həmin an məni az qala soyuq tər basdı. Bu mənim qəbul edə biləcəyim bir şey deyildi. Mən ömrü boyu buna getmərəm. Hələ ondan xeyli qabaq – 80-ci illərdə Şüvəlanda Yazıçılar Evi açılanda mənə demişdilər ki, sən Yazıçılar İttifaqında birinci katib ola bilərsən. Yəni istəsəydim, olardım”.

Anar arxaya yayxanıb gözlərini uzaqlara dikir və deyir ki, “yalan danışma, Əkrəm. Mənim tövbə qapım hər zaman açıqdır. Sənə ancaq yaxşılıq etmişəm. Səni hər cür irəli çəkməyə, paxıllardan qorumağa çalışmışam. Niyə belə edirsən?”.

Seymur çayından bir qurtum alır və qocaman yazıçıları cırnatmaq üçün deyir, “Anarın yaradıcılığı qumdandır”.

Zamin Hacı isə xoşbəxt görünür. Sabahkı yazısının adını indidən tapıb:

“Anar müəllimin qumu”.

Bir az keçəndən sonra isə yenidən başları dominoya qarışır və axırda Seymurla Zamin Hacı qalib gəlirlər. Hesabı Anar verir.

Əziz Naxçıvanlılar, sizi bir daha təbrik edirəm. Oynayın, oynadın, xoşbəxt olun.

# 5022 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər