Villalara sığmayan karantin ərköyünləri  

Villalara sığmayan karantin ərköyünləri  
6 iyul 2020
# 11:30

Koronavirus bəlası meydana çıxandan bəri bütün qəzetlər, saytlar, televiziya kanalları, sosial media dönə-dönə insanları virusa yoluxmanın qarşısını almaq üçün köməyə çağırır. Mobil telefonumuzun belə yuxarı hissəsində “Evdə qal” yazılır. Lakin heç bir nəticə əldə edə bilmirik. Qorunmaq üçün qaydalara riayət etmək vacibdir.

Amma edirikmi? Yox. Fikir vermişəm, dünyada ən çox karantin qaydalarını pozanlar müsəlman ölkələridir. Öndə də bizimkilərlə türk qardaşlarımız gəlir. Bu gün eşitdim ki, hətta Rusiyada da ən çox karantin qaydalarını pozan azərbaycanlılardır.

Dünyada trend olan on saniyəlik bir video var. Meymun insanın qulağına “Evdə qal” deyir. Bu videonu məncə bizim televiziya kanalları günaşırı yayımlamalıdır. Gedişat onu göstərir ki, insanın dilindən ötürülən bu vacib mesaj bizim cəmiyyət tərəfindən qavranılmır. Çünki biz cəmiyyət olaraq məsuliyyətsizik. Məsuliyyətsiz cəmiyyət də həmişə problemli nəsil yetişdirir.

Varlı-kasıb arasındakı fərqi bütün dünyada aradan qaldıran koronavirus deyəsən bizim insanımız qarşısında aciz qalıb. Koronavirusun ölkəmiz də daxil bütün dünyanın kabusuna çevrildiyi bir zamanda, internetin varlı uşaqları deyəsən bu epidemiyadan çox da təsirlənməyib.

Böyük bağçalı, dərin hovuzlu villalara sığmayan ərköyün gənclər öz lüks həyat tərzlərini dünyaya diz çökdürən pandemiyaya təslim etmirlər. Ömür boyu “yoxdur” kəlməsi eşitməyən, türklərin “sosyete” adlandırdığı özünə düşünmək əziyyətini verməyən varlı təbəqənin qlamur övladları qaydalara əməl etmədikləri bir tərəfə bu qanunsuzluqlarını hələ bir fotolarla ölümsüzləşdirib sosial şəbəkələrdə paylaşırlar.

Alov Qüllələrinin ağuşunda yerləşən “Fairmont” otelində hovuz keyfi edən bu gənclərin fotosu ötən gün sosial şəbəkəni yerindən oynatdı. Gərginlik içərisində, xəstəlik, sosial və maddi çətinliklərlə mübarizə aparan insanlar bu görüntüləri görər-görməz mindilər cin atına. Onları o atın belindən düşürmək üçün iki gündür bu mənzərədən xəbərsiz olan qanun keşikçiləri sosial şəbəkədə yayılan kef-damaq kadrlarından sonra vaxt itirmədən hərəkətə keçdi. Operativ əməliyyatla hovuzdan tutulan on-on beş qlamur və cüssəli gənc boy sırası ilə dəhlizdə düzləndi.

Bu dəfə şöbəyə aparılan varlı balası idi. Bu, bir anlıq qanunun aliliyini yadımıza salıb bizi xoşbəxt də etdi. Hətta bir nəfər mənə inboxa mesaj yazıb xahiş etdi ki, o fotonu çəkib yayan vətəndaşı tapmaqda ona kömək edim. Dedim, neynirsiniz? Dedi, təbrik edəcəm. Yadıma “Evləri köndələn yar” tamaşasındakı Şakir Şəkəroviçin Surxayzadə ilə “dütdülü” söhbəti düşdü, gülüş işarəsi qoyub söhbəti bağladım.

Maraqlı bir məqam da müşahidə etdim. Hər zaman olduğu kimi kütlə yenə razı və narazı olmaqla iki hissəyə ayrıldı. Bir neçə “humanist” xanım, bəy gördüm, yenə polisin hərəkətini doğru hesab etməyən... Bir neçəsi deyir, insandır də, darıxıb istirahət edir, niyə bu qədər böyüdürsünüz? Məncə, bu adamlar düşünmə əngəllidir.

Bir az özlərinə əziyyət verib düşünsələr görərlər ki, aylardır uzadılan və sərtləşdirilən karantin məhz darıxanların başısoyuqluğunun əsəridir.

Biz millət olaraq darıxan millətik.

Varlımız da darıxır, kasıbımız da.

Həmişə darıxırıq.

Çünki özümüzlə məşğul olmaqda acizik. Halbuki oturub bir filmə baxsaq, bir az kitab oxusaq, bir az yaradıcı olsaq bu problemi həll edərik. Amma biz ömür boyu narazı olmağı seçmişik. Bizi heç nə ilə xoşbəxt etmək, razı salmaq olmur. İçimizdə oturuşmuş bir bədbəxtlik var.

# 20859 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər