Məni gözləyirlər - Fidan Vahidin hekayəsi

Məni gözləyirlər - Fidan Vahidin hekayəsi
5 oktyabr 2026
# 11:50

Kulis.az Fidan Vahidin "Məni gözləyirlər" hekayəsini təqdim edir.

Tikəmi qumruyla böldüm.
Dimdik vurdu,
Çörəyi sıçradı.
Sevindik.
– O necə dostdur ki, səni bir dəfə də arayıb-axtarmır?
– Nə bilirsən, axtarmır?
– Necə yəni nə bilirəm? Qabağında uşaq yoxdu, Fərəh. Elə sən özün də uşaq deyilsən. Belə mənasız şeylərin başını burax.
– Xala...
– Biz səndən baş aça...
Onsuz da Fərəh son sözləri eşitməmişdi. Gözünü zilləyib xalasına baxırdı. İndi xalası gözünün önündəcə qulaqlarından ipə salınmış, havada yellənirdi. Külək onu o yana-bu yana yellətdikcə Fərəhi gülmək tuturdu.
Xalasını o mənzərəyə həkk edib yenidən otağına qayıtdı.
Pəncərənin içində oturub bağı seyrə daldı. Tənha söyüd ağacına baxdıqca onu kədər bürüdü. Əlləri ilə üzünü örtdü. İndi o, bu pəncərədən qanad açıb uçmaq bağın başındakı söyüd ağacına qonmaq, onun budağından Kürə baxmaq istəyirdi.
Bir vaxtlar çayın iki yaxası da söyüdlüklə örtülmüşdü. Söyüdlər o qədər böyümüşdü ki, budaqları çayın üzərinə düşür, onu naxış-naxış bəzəyirdi. Fərəhin orda öz yeri var idi. Atası düzəltmişdi. Birlikdə balıq tutur, qumqumada çay qaynadırdılar. Söyüdlər onu, atasını və anasını öz ağuşunda gizlədirdi.
Sonra bir gün buldozerlər o ağacları bir-bir kökündən qopardılar. Kəsib-tökdülər. Təkcə biri qaldı – atasının təkidi ilə. O gün Fərəh nə hala düşmüşdü? Yenidən o günü yadına saldı.
Çılpaq...
Bu hisslə illər sonra bir dəfə də əlbəyaxa olmuşdu. Valideynləri öləndə...
Bunları heç kimə deməmişdi. Deyə bilməmişdi.
Fərəhin daxilindəki sözlər səsə bürünən kimi gözündən düşür, mənasını itirirdi.
Bayaq xalasını qulaqlarından “asmazdan” öncə ona demək istəyirdi ki, təkcə dostu ilə yox, anası ilə də hər gün danışır. Amma xalasının qorxmasından ehtiyatlanmışdı.
Qapı açıldı. Xala əlində bir boşqab sıyıq pəncərəyə yaxınlaşdı. Fərəhin gözlərində yaş gilələnmişdi. Onun görməsini istəmədi.
– Fərəh, ay Fərəh.
– Hıııı.
– Yemək gətirmişəme sənə, qızım. Çıx ye.
– Hı.
– Fərəhim, ağıllı balam. Xala sənə qurban. Mən səni incitmək istəmirdim. Amma səninlə açıq danışmağa məcburam. Mən qorxuram...
Xalasının üzünə baxa bilmirdi, baxsa, mütləq onun başına nəsə bir oyun açar və dərhal susdurardı. Amma o susmurdu.
– Qorxuram ki, sən gedərsən. Amma o gəlməz...
Fərəh bu dəfə özünü saxlaya bilmədi. İçini çəkə-çəkə pərdəni araladı. Özünü yenə qəribə hiss edirdi. Xalasının qucağına sığındı. İndi onun yaxası Fərəhin göz yaşları ilə islanmışdı. Dinib-danışmaq istəmirdilər.
Fərəh kiminsə yolunu gözləyirdi. Başqa heç nəyi əminliklə bilmirdi. Yolunu gözləyən birinin varlığı onu sevindirirdi. Xalası bunu başa düşmürdü. Bu görüş olmasa, burda bir dəqiqə də qalmazdı, amma hələ ki ora gedən yolu ancaq xalasının evindən tanıyırdı. Onun qucağından sivişib çıxdı. Çörəyi cibinə yığıb qaçaraq otaqdan uzaqlaşdı. Üzü Kürə tərəf, söyüdlüyə tərəf... Orada olmağa ehtiyacı vardı.
Nə vaxt bir gözəlliyin seyrinə dalsa, məftun olsa, gözünün qabağına dostunun xəyali surəti gəlirdi. Yaxşı olan hər şeydə bir az o vardı.
Fərəh vədələşdikləri günə, aya, yerə özü ilə bir ömür dolusu səadət aparmaq istəyirdi. Kürün səsini pıçıldamaq istəyirdi onun qulağına.
Kür onun qabağındaca irəliyə axırdı.
Fikirləşdi: “Görəsən, bu çay hardan gəlir, hara gedir?”
Külək ayaqlarını üşüdəndə düşüncələrindən bir anlıq qayıtdı.
İndi bura əvvəlki qədər təhlükəsiz deyildi. Söyüdlük yox idi, atası və anası da.
Su ayağına qədər gəlib çatmışdı. Onu isladırdı. Ayağını geriyə çəkib ətrafına nəzər saldı. Vaxt nə tez keçmişdi? Artıq hava qaralmışdı. Cibindəki çörəyi kiçik parçalara böldü, hər tikəsini öpüb ehmalca suyun üzərinə qoydu. Çörəklər yavaş-yavaş uzaqlaşırdı.
Fərəh qalxıb bağa düşdü. O, yenidən qayıtdı. Xalasının evinə, onun otağına.
Və uzaqlığına...


Bakı–Marışlı, 29 iyul–4 avqust


# 205 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər