"Müharibə ilə təkbətək qalmaq lazımdır..." - Lui-Ferdinand Selinin «Gecənin sonuna səfər» romanından bir hissə

"Müharibə ilə təkbətək qalmaq lazımdır..." - Lui-Ferdinand Selinin «Gecənin sonuna səfər» romanından bir hissə
4 oktyabr 2026
# 10:00

Kulis.az fransız yazıçı Lui-Ferdinand Selinin «Gecənin sonuna səfər» romanından bir hissəni Malik Atilayın tərcüməsində təqdim edir.

Dünya ədəbiyyatının ən radikal, qalmaqallı və sarsıdıcı şah əsərlərindən biri — fransız yazıçı Lui-Ferdinand Selinin 1932-ci ildə qələmə aldığı «Gecənin sonuna səfər» romanı ilk dəfə Azərbaycan dilinə tərcümə edilir.

Birinci Dünya müharibəsinin dəhşətlərindən, sivilizasiyanın riyakarlığından və insan təbiətinin qaranlıq qatlarından bəhs edən bu əsər nəşr olunduğu gündən dünya nəsrində əsl inqilab yaratmışdır.

Selin akademik qəlibləri darmadağın edərək canlı küçə dilini, səmimi və amansız bədbinliyi yüksək ədəbiyyata gətirmiş, Sartr, Bekket və Bukovski kimi nəhənglərə birbaşa təsir göstərmişdir.

Bəşəriyyətin mənəvi böhranına tutulan bu qəddar və dahi "güzgü"nün bir hissəsini oxucularımıza təqdim edirik.

Səyahət etmək faydalıdır — insanın təxəyyülünü işə salır. Qalanı isə məyusluq və yorğunluqdur. Bizim səyahətimiz başdan-ayağa uydurmadır. Gücü də elə bundadır.

Bu səyahət həyatdan ölümə aparır. İnsanlar, heyvanlar, şəhərlər, əşyalar — hamısı uydurmadır. Roman da elə uydurma bir əhvalatdan başqa bir şey deyil. Littre belə deyir, o isə heç vaxt səhv etmir. Ən başlıcası budur: bunu hər kəs edə bilər. Gözlərini yummaq kifayətdir.

Həyatın o üzündədir bu.

Hər şey belə başladı. Mən dinməz-söyləməz oturmuşdum. Ağzımdan bir kəlmə də çıxmırdı. Məni danışdıran Artur Gane oldu. O da tibb tələbəsidir, özümüzünküdür. Bir gün Klişi meydanında rastlaşdıq. Səhər yeməyindən sonraydı. Mənimlə söhbəti varmış. Yaxşı, qulaq asıram.

— Burada küçənin ortasında niyə dayanmışıq? Gəl, içəri keçək.

Yaxşı, girdik.

— Burada, terrasda ancaq yumurta qaynatmaq olar, — deyə qızışdı. — Gəl, kafeyə gedək.

Elə bu vaxt gördük ki, küçədə bir nəfər də yoxdur — hava adamı yandırır; faytonçular da görünmür. Soyuq düşəndə də heç kim çölə çıxmır. Yadımdadır, elə həmin Artur bir dəfə bu barədə belə demişdi:

— Parislilər həmişə elə görünürlər ki, guya başları işdən açılmır. Əslində isə səhərdən axşama kimi avara-avara gəzirlər. Hava çox isti olanda, ya da çox soyuq düşəndə, yəni düz-əməlli gəzmək mümkün olmayanda isə birdən-birə hamısı yoxa çıxır: kafelərdə oturub südlü kofe, ya da pivə içirlər. Vəziyyət belədir. Deyirlər, sürət əsridir. Harada? Hamı danışır ki, böyük dəyişikliklər baş verir. Nədə? Açığı, heç nə dəyişməyib. Hamı yenə özünə tamaşa etməklə məşğuldur, vəssalam. Bu da təzə şey deyil. Dəyişən bircə sözlərdir, onu da elə çox yox: xırda-para şeylər, biri-biri.

Bu dərin həqiqətləri söyləyib özümüzdən razı halda oturduq və kafedəki qadınlara baxmağa başladıq.

Sonra söhbət prezident Puankareyə gəlib çıxdı. Həmin səhər o, ev itləri sərgisinin təntənəli açılışında iştirak etməyə hazırlaşırdı. Söz sözü çəkdi, axırda söhbət “Tan” qəzetinə gəlib çıxdı. Çünki bütün bunlardan qəzet də yazmışdı.

— “Tan” — bax, qəzet buna deyərlər! — Artur Gane məni qızışdırmağa başladı. — Fransız millətini bundan yaxşı müdafiə edən qəzet yoxdur!

— Elə bil fransız millətinin buna ehtiyacı var! Həm də belə millət yoxdur, — dedim ki, guya mən də hər şeydən baş çıxaran adamam.

— Var, necə yox. Həm də necə millətdir! — deyə öz bildiyini yeritdi. — Dünyanın ən yaxşı millətidir. Ondan üz döndərən adamın da ağlı yoxdur.

Sonra ağzını açıb mənim üstümə gəldi. Mən də, əlbəttə, geri çəkilmədim.

— Boş-boş danışma! Sənin dediyin millət, elə mənim kimi yaramazlardan ibarət böyük bir sürüdür: çürümüş, bitli, donmuş adamlar. Aclıq, vəba, çiban, soyuq bunları dünyanın hər yerindən qovub bura yığıb. Bundan o yana yol yoxdur — dənizdir. Bax, sənin Fransan, fransızların budur.

— Bardamü, — Artur ciddi və bir az da kədərli səslə etiraz etdi, — bizim atalarımız bizdən pis olmayıblar. Onlar haqqında belə danışma.

— Elə mən də onu deyirəm, Artur! Əlbəttə, pis olmayıblar — elə bizim kimi olublar. Onları zorlayıb, qarət edib, bağırsaqlarını töküblər, amma yenə də bizim kimi. Ən pisi də odur ki, başsız olublar. Ona görə sənə etiraz etmirəm. Biz heç nəyi dəyişmirik: nə corabımızı, nə ağamızı, nə də əqidəmizi. Dəyişsək də, çox gec dəyişirik. Müti doğuluruq, müti də ölürük. Hamının gözündə fədakar əsgərik, qəhrəmanıq, amma əslində danışan meymunlardan, ağzı çox işləyən ağlaşqanlardan başqa bir şey deyilik — Aclıq kralının əlaltılarıyıq. O da bizi istədiyi kimi oynadır. Bir az baş qaldıran kimi boğazımızı sıxır... Əlləri həmişə boğazımızdadır. Danışmağa macal tapmırsan, heç olmasa, nəfəs almağa qoysun deyə can atırsan. Bir qəpiyə adamı boğar. Buna həyat demək olar?

— Bəs sevgi necə?

Mən də Artura dedim:

— Artur, sevgi pudellərin taburetini əvəz edən əbədiyyətdir. Mənim isə öz ləyaqətim var.

— Sənin? Anarxistsən də, vəssalam.

Bu hiyləgərin qabaqcıl fikirlərindən danışmağı da elə birinci baxışdan bəlli idi.

— Düz deyirsən, kökə. Anarxistəm. Sübutu da budur: bayaq bir şey qoşmuşam, dua kimi bir şeydir — ictimai qisas duası. İndi de görüm, xoşuna gələcək, ya yox. Adı “Qızıl qanadlar”dır.

Və oxumağa başladım:

“Dəqiqələri və pulları sayan Tanrı, ümidsiz, şəhvətpərəst, donuz kimi xırıldayan, qarnı üstə hər yerdə uzanmağa və sığallanmağa hazır olan Tanrı — bax, bizim ağamız budur. Gəlin, bir-birimizin qucağına atılaq.”

— Sənin yazdığının həyatla heç bir əlaqəsi yoxdur, — dedi. — Mən mövcud qaydanın tərəfdarıyam, siyasəti də sevmirəm. Vətən bir gün məndən onun uğrunda qan tökməyi tələb etsə, qanımı verəcəyəm, qaçmayacağam.

Belə cavab verdi mənə.

Elə bu vaxt biz heç nə hiss etmədən müharibə asta-asta yaxınlaşırdı, mənim də başım hərlənməyə başlamışdı. Söhbətimiz qısa, amma qızğın oldu, mən də yoruldum. Bir az da əsəbiləşmişdim: ofisiant mənə xəsis demişdi — bəxşişi az vermişdim. Bir sözlə, Arturla barışdıq. Birdəfəlik. Demək olar ki, hər şeydə razılaşdıq.

— Ümumiyyətlə, haqlısan, — dedim, söhbəti yumşaltmaq üçün. — Axı, nəhayət, hamımız bir böyük qalerdə oturub var gücümüzlə avar çəkirik. Buna nə deyəsən? Özümüz mismarın üstündə oturmuşuq, başqalarını da özümüzlə sürüyürük. Bəs əvəzində nə alırıq? Heç nə. Dəyənək zərbələri, bitib-tükənməyən ehtiyac, yalan və hər cür murdarlıq. “İşləmək lazımdır!” — deyə başımızı aparırlar. Onların işi isə bütün qalan şeylərdən də iyrəncdir. Gəminin anbarında ilişib qalmısan, üfunət içində, tərdən su içindəsən — al, bax, budur sənin həyatın! Göyərtədə ağalar kef çəkirlər, təmiz hava udurlar, dizlərində qadınlar oturub — gözəl, çəhrayı, ətirli qadınlar. Sonra bizi yuxarı çağırırlar. Cənablar silindr şlyapalarını başlarına qoyub başlayırlar bizi coşdurmağa: “Alçaqlar, müharibə! İkinci vətənin o əclaflarına gününü göstərərik. Hamısını havaya sovuracağıq. İrəli! İrəli! Gəmidə lazım olan hər şey var. Hə, hamınız bir ağızdan! Əvvəlcə elə bir bağırın ki, hər yer titrəsin: “Yaşasın birinci vətən!” Qoy hər yerdən eşidilsin. Ən bərk bağırana medal və İsanın payı! Dənizdə ölmək istəməyən də quruda ölsün: orada ölmək daha rahatdır.”

— Düz deyirsən, — Artur razılaşdı. Birdən onu razı salmaq çox asan olmuşdu.

Elə bil qəsdən, oturub sığındığımız kafedən bir alay keçdi. Qabaqda at belində komandir gedirdi; çox yaraşıqlı adam idi, deyəsən, yaxşı oğlana oxşayırdı. Mənim də içimdə qəfil bir qəhrəmanlıq hissi oyandı.

— Gedib baxacağam, görüm bütün bunlar doğrudanmı belədir! — deyə Artura qışqırdım və könüllü yazılmağa yollandım.

— Axmaqsan, Ferdinand! — deyə arxamca qışqırdı. Yəqin mənim qəhrəmanlığımın ətrafdakı camaatın xoşuna gəlməsinə əsəbiləşmişdi.

Əlbəttə, onun bu münasibəti mənə bir az toxundu, amma dayanmadım. Artıq məni aparırdılar.

“Buradayam və burada da qalacağam”, — dedim öz-özümə.

— Görərik, turp! — deyə ona son dəfə qışqıra bildim və komandirlə, alayla, orkestr ilə birlikdə döngənin arxasında gözdən itdim.

Hər şey elə dediyim kimi oldu.

Uzun müddət marş etdik. Bir küçə, sonra o biri. Hər yerdə mülki adamlar arvadları ilə bizi ruhlandırır, üstümüzə gül atırdılar. Terraslar, vağzallar, kilsələr adamla dolu idi. Bəli, o vaxt vətənpərvər çox idi!

Sonra onların sayı azalmağa başladı. Sonra yağış yağdı və daha da azaldılar. Axırda alqışlar da kəsildi. Bütün yol boyu bir dəfə də alqış eşitmədik. Deməli, yalnız özümüzünkülər qalmışdı? Cərgə-cərgə? Bu vaxt orkestr də susdu.

“Həə, — hər şeyin necə dəyişdiyini görüb düşündüm, — bu heç də yaxşı əlamət deyil! Gərək lap əvvəldən başlayaydım.”

Qaçmağa hazırlaşdım. Gec idi. Arxamızca, mülki adamların dayandığı tərəfdən, səssizcə darvazaları bağladılar. Siçovul kimi tələyə düşmüşdük. Düşmüşdünsə, lap yaxşıca düşmüşdün. Bizi atlara mindirdilər, iki ay sonra isə yenidən piyada etdilər. Yəqin belə daha ucuz başa gəlirdi. Bir səhər komandir atını axtarmağa başladı. Adyutantı da yox idi — hara yoxa çıxmışdı, bilinmirdi. Yəqin güllələrin yoldakından az vıyıldadığı bir yer tapmışdı.

Beləcə, yolun ortasında ikimiz qaldıq: komandir və mən. Əmr kitabı da əlimdə idi; əmrləri o kitabda qeyd edirdi.

Uzaqda, lap uzaqda, şosenin ortasında iki qara nöqtə görünürdü. Eynilə bizim kimi. Amma bunlar almanlar idi və artıq on beş dəqiqəyə yaxın idi ki, dayanmadan atəş açırdılar.

Bizim komandir bəlkə bu ikisinin niyə atəş açdığını bilirdi. Almanlar da yəqin bilirdilər. Amma mən, and olsun Allaha, bilmirdim.

Yaddaşımı nə qədər qurdaladımsa, bir şeyi dəqiq xatırladım: almanlara heç vaxt pisliyim dəyməmişdi. Əksinə, həmişə onlarla son həddə qədər nəzakətli, son həddə qədər mədəni davranmışdım.

Almanları bir az tanıyırdım. Uşaq vaxtı, haradasa Hannover tərəflərində, hətta onların məktəbində oxumuşdum. Dillərində danışa bilirdim. O vaxt onlar mənə solğun, qaçaq baxışlı, canavar gözünə oxşayan gözləri olan, bağırıb-çağıran balaca səfehlər dəstəsi kimi görünürdülər. Dərsdən sonra birlikdə yaxınlıqdakı meşəyə gedib qızları qucaqlayırdıq. Sonra arbaletlərlə, bir də dörddəbir markaya satılan oyuncaq tapançalarla atəş açırdıq. Şirinləşdirilmiş pivə içirdik.

Amma bu, başqa məsələdir.

Yolun ortasında əvvəlcədən bir kəlmə də demədən bizə atəş açmaları isə tamam başqa şey idi. Fərq az deyildi. Arada uçurum vardı. Həm də lap böyük uçurum. Bir sözlə, müharibə mənim üçün anlaşılmaz bir şey idi. Belə davam edə bilməzdi. Bəlkə bu qəribə adamlara mənim hiss etmədiyim hansısa xüsusi bir şey olmuşdu? Hər halda, öz tərəfimdən belə bir şey görmürdüm. Onlara münasibətim dəyişməmişdi. Hətta içimdə onların niyə birdən-birə belə kobudlaşdığını anlamaq istəyi vardı. Amma daha çox qaçmaq istəyirdim. Dözülməz dərəcədə qaçmaq istəyirdim. Birdən-birə bütün bunlar mənə dəhşətli bir səhvin nəticəsi kimi görünmüşdü.

“Belə bir bəladan çıxmağın bircə yolu var — qaçmaq”, — bir az düşünüb qərara gəldim.

Başımızın üstündən, gicgahımızdan iki, bəlkə də bir millimetr aralıdan, güllələr bir-birinin ardınca vıyıldayırdı. İsti yay havasında dartılmış polad tellər kimi cingildəyir, bizi öldürməyə necə tələsdiklərini bildirirdilər. Ömrümdə özümü bu güllələrin və günəşin altında olduğum qədər lazımsız hiss etməmişdim. Bu, ölçüyəgəlməz, kainat boyda bir istehza idi. Onda cəmi iyirmi yaşım vardı. Uzaqda adamsız fermalar, taybatay açıq, bomboş kilsələr görünürdü. Elə bil kəndlilər bir ağızdan bu kəndlərdən cəmi bir günlük çıxıb kantonun o biri başında keçirilən bayrama getmişdilər. Öz mallarını-mülklərini də bizə etibar edib getmişdilər: torpaqlarını, qoşquları göyə dikilmiş arabalarını, şumlanmış tarlalarını, həyətlərini, şosenı, ağacları, hətta inəkləri və zəncirlənmiş iti belə.

Elə bil deyirdilər: “Buyurun, biz qayıdanacan öz evinizdəki kimi rahat olun.”

Düzü, bizə qarşı heç də pis davranmamışdılar.

“Amma onlar buradan getməsəydilər, — deyə düşünürdüm, — burada camaat olsaydı, adamlar yəqin belə murdar hərəkət etməzdilər! Belə alçaqlığa yol verməzdilər! Heç olmasa, camaatın gözü qarşısında buna cürət etməzdilər.”

Amma bizə göz qoyan heç kim yox idi. Tək qalmışdıq. Elə təzə evlənən ər-arvad kimi: hamının evdən çıxıb getməsini gözləyirsən, sonra da başlayırsan özbaşınalığa. Bir də fikirləşirdim ki, indi burada Deruledeni görmək istərdim. Haqqında qulaqlarımı o qədər deşiblər ki, qoy gəlib özü danışsın görək, qarnına güllə dəyəndə nə hiss edib. Almanlar yolun kənarına sığınıb inadla atəş açırdılar. Pis nişan alırdılar, amma patronları başlarından aşırdı; yəqin patron çantaları ağzınacan dolu idi.

Müharibənin qətiyyən bitmək fikri yox idi.

Bizim komandir isə — bunu əlindən almaq olmazdı, heyrətamiz cəsarət göstərirdi. Şosenin düz ortasında o tərəf-bu tərəfə gəzişirdi, sanki vağzal platformasında dostunu gözləyirdi. Sadəcə bir az səbirsiz görünürdü.

Mən — bunu lap əvvəldən deməliyəm — kəndi zərrə qədər sevmirəm. Orada adamın ürəyi sıxılır, hər tərəf xəndəkdir, evlərdə həmişə bir nəfər də yoxdur, yollar da heç yerə aparmır.

Bunların üstünə bir də müharibə gələndə, lap dözülməz olur. Hər iki yamac boyunca sərt külək əsirdi. Qovaq yarpaqlarının uğultusu almanlardan bizə qədər gəlib çatan quru atəş səslərinə qarışırdı. O naməlum əsgərlər durmadan bizə atəş açırdılar. Pis nişan alırdılar, amma bizi minlərlə ölümlə əhatəyə alırdılar; sanki ölüm bizi kəfən kimi bürümüşdü. Tərpənməyə qorxurdum. And olsun Allaha, mənim komandirim əsl canavar idi. İtdən də betər. Əminəm ki, ölümün bir gün onun öz qapısını da döyəcəyini heç ağlına gətirmirdi.

Bir də başa düşdüm ki, onun kimi cəsurlar bizim orduda da çox olmalıdır, əlbəttə, qarşı tərəfdə də az deyil. Nə qədərdir — bunu heç kim bilmir. Bir, iki, bəlkə bir neçə milyon. Elə həmin andan qorxum həyəcana çevrildi. Belələri ilə bu cəhənnəm cəfəngiyyatı, deyəsən, bir ömür boyu uzanacaq. Niyə də dayansın ki? Heç vaxt insanlara və əşyalara hökm edən o amansız hökmün nə qədər aydın və qaçılmaz olduğunu belə dərk etməmişdim.

«Yoxsa yer üzündəki yeganə qorxaq mənəm?» — deyə düşündüm. Həm də necə dəhşətlə düşündüm! İki milyon qəhrəmanlıqdan ağlını itirmiş, zəncirdən qopmuş, dişinə qədər silahlanmış manyakın arasında azıb qalmış bir qorxaq? Kaskalı, kaskasız, atsız, motosikletlə, maşınlarla, fit çala-çala, atəş aça-aça, hiylə işlədə-işlədə, uçaraq, dizləri üstündə sürünərək, marşla irəliləyərək, cığırlarla at oynadaraq, gurultu sala-sala, Yer üzünə dəlixanadakı kimi qapadılmış halda hər şeyi — Almaniyanı, Fransanı, bütöv qitələri — dağıtmaq üçün gəlmiş, nəfəs alan nə varsa, hamısını məhv etməyə hazır, itlərdən də quduz və öz quduzluqlarına vurğun (itlərdə belə bir xüsusiyyət yoxdur), min quduz itin min dəfə quduzluğundan da quduz, bir o qədər də kinli olan bu adamların arasında! Nə gözəl məxluqlarıqmış, demək! Nəhayət, başa düşdüm ki, özümü apokaliptik səlib yürüşünün içinə necə atmışam.

İnsan şəhvət baxımından bakirə olduğu kimi, dəhşət baxımından da bakirə ola bilər. Klisi meydanından çıxanda belə bir dəhşəti təsəvvür edə bilərdimmi? Müharibənin nə olduğunu dadmamış adam haradan bilsin ki, bizim qəhrəman və avara ruhumuzun içində nə qədər çirkab var? İndi isə kütləvi qətl üçün hamını bürüyən o hərislik məni də götürüb odun içinə aparırdı. Bu istək dərinliklərdən qalxıb üzə çıxmışdı.

Polkovnik isə yenə heç nə eşitmirmiş kimi davranırdı. Mən onun yamacın üstündə dayanıb generaldan gələn kağızları necə aldığını, güllələrin altında aramla oxuyub sonra xırda-xırda cırdığını seyr edirdim. Deməli, onların heç birində bu iyrəncliyə son qoymaq əmri yox idi? Deməli, yuxarıdakılar ona səhv düşdüyünü xəbər vermirdilər? Dəhşətli bir anlaşılmazlıq olduğunu? Qarışıqlıq? Səfeh bir yanlışlıq? Məgər onlar yalnız manevr keçirmək istəyirdilər — zarafat xətrinə, öldürmək üçün yox? Yox! General Konsome, diviziya komandirimiz, ümumi rəisimiz ona hər beş dəqiqədən bir rabitəçi vasitəsilə zərf göndərirdi; hər dəfə həmin rabitəçinin üzü qorxudan bir az da yaşıllaşır, özü bir az da əldən düşürdü. «Davam edin, polkovnik, düz yoldasınız!» — generalın, şübhəsiz, yazdığı məhz bu idi. Mən o oğlanda öz qorxaqlığımın qardaşını görürdüm. Amma qardaşlaşmağa vaxt yox idi.

Deməli, bu səhv deyil? Deməli, bir-birimizi heç kimi görmədən, nəyə atəş açdığımızı belə bilmədən rahatca güllələməyimiz qadağan deyil! Üstəlik, buna görə heç bir töhmət almaq təhlükəsi də yoxdur. Bu, ciddi adamların tanıdığı, hətta bəyəndiyi işlərdəndir — lotereya, toy, it ovu kimi. Nə deyəsən? Müharibə mənə bir anda bütün çılpaqlığı ilə açıldı. Mən bakirliyimi itirdim. Müharibə ilə təkbətək qalmaq lazımdır, mənim o an qaldığım kimi, bu fahişəyə həm üzdən, həm yandan baxmaq üçün. Bizimlə qarşımızdakılar arasında müharibəni alovlandırmışdılar və indi o, artıq alışıb yanırdı. Elektrik qövsündə iki kömür parçasının arasından keçən cərəyan kimi. Və o kömürlər tezliklə sönməyəcəkdi. Hamı bundan keçəcəkdi, polkovnik də, özünü nə qədər cəsur göstərsə də. O biri tərəfdən gələn cərəyan onun kürəklərinin arasına çırpılanda, onun cəsədindən də mənimkindən pis olmayan kabab çıxacaqdı.

Ölüm hökmünə məhkum olmağın min cür yolu var. Ah, lənətə gəlmiş axmaq mən, indi burada yox, həbsxanada olmaq üçün nələrimi verməzdim! Vaxtında, qabaqcadan bir şey oğurlamağa mənə kim mane olmuşdu ki! Amma yox, insan heç vaxt qabaqcadan heç nə düşünmür. Həbsxanadan diri çıxırlar, müharibədən isə qayıtmırlar. Qalan hər şey sözdür.

Kaş hələ vaxtım olaydı — amma daha yox idi, oğurlamağa da heç nə qalmamışdı. Halbuki hansısa xoş, rahat həbsxanada olmaq necə də gözəl olardı, deyə düşünürdüm; ora güllələr heç vaxt düşmür. Heç vaxt! Mən belə birini tanıyırdım — günəşli, isti bir yerdəydi. Daim onu xatırlayırdım; Sen-Jermendə, meşənin yanında idi və yadıma düşməsinin səbəbi də o idi ki, əvvəllər dəfələrlə yanından keçmişdim. İnsan necə də dəyişir! Onda, uşaq vaxtı, mən ondan qorxurdum. Çünki hələ insanları tanımırdım. İndi isə onların dediklərinə də, düşündüklərinə də inanmaram. Qorxmalı olduğumuz şey insanlardır, yalnız insanlar. Həmişə.

Bu cəfəngiyyat nə qədər davam edəcək, bu əcaib məxluqlar nə vaxt yorulub sakitləşəcəklər? Belə bir tutma nə qədər çəkə bilər? Aylarla? İllərlə? Bəs nə qədər? Bu manyakların hamısı məhv olana qədərmi? Sonuncusuna qədərmi? Hadisələr artıq belə ümidsiz bir yerə gəlib çıxmışdısa, mən də hər şeyi riskə atıb müharibəni təkbaşına dayandırmaq üçün sonuncu, düşünmədən atılan cəhdə qərar verdim. Heç olmasa, olduğum bu balaca küncdə.

Polkovnik məndən iki addım aralıda o yan-bu yana gəzişirdi. Onunla danışmaq qərarına gəldim. Əvvəllər belə şey etməmişdim. İndi risk etməyə dəyərdi. Olduğumuz yerdə, əslində, itirəcək heç nəyimiz yox idi. Artıq xəyalımda canlandırırdım ki, mənə: «Nə istəyirsən?» — deyəcək, əlbəttə, mənim bu cəsarətli müraciətimə təəccüblənəcək. Mən də ona bütün bunları necə başa düşdüyümü töküb danışacaqdım. Sonra görərdik, özü bu barədə nə düşünür. Həyatda ən vacib şey bir-biri ilə açıq danışmaqdır. İki nəfər olanda bunu etmək tək olandan daha asandır.

Artıq qəti addım atmağa hazırlaşırdım ki, birdən sırayla, taqətdən düşmüş, üst-başı dağılmış bir süvari piyada halda bizə tərəf qaçdı — o vaxt belələrinə belə deyirdilər. Əlində tərsinə çevrilmiş dəbilqə vardı, elə bil Velizariy idi. Özü isə bütün bədəni palçıq içində titrəyirdi, üzü birinci rabitəçidən də yaşıl idi. Nəsə mızıldanırdı və deyəsən, bu süvari qəbirdən çıxıb bura gəlmək istəyindən o qədər əziyyət çəkirdi ki, indicə gücdən qusacaqdı. Deməli, bu kabus da güllələri sevmir? Deməli, o da mənim kimi onların gəldiyini qabaqcadan hiss edir?

— Nə məsələdir? — polkovnik kobudcasına qışqırdı; onun söhbətinə mane olmuşdular. Polkovnik bu qorxulu ruha poladdan tökülmüş kimi sərt bir baxış atdı.

Bu piyada düşmüş süvarinin iyrənc görkəmi — formasına uyğun geyinməmişdi, qorxudan altını batırmışdı — polkovniki lap özündən çıxarmışdı. O, qorxaqları heç cür həzm etmirdi; bunu adi gözlə də görmək olurdu. Əlindəki şlyapa kimi çevrilmiş dəbilqə isə döyüşə başıaşağı atılan bizim kadr alayımıza ümumiyyətlə yaraşmırdı.

Komandirin xor baxan nəzərləri altında titrəyən rabitəçi belə məqamlarda necə lazımdırsa, «farağat» dayandı, qollarını yanına saldı. Bədənini dartıb dik dayanırdı, çənə qayışının üstündən tər süzülürdü, çənəsi elə titrəyirdi ki, yuxuda zingildəyən balaca itə oxşayırdı. Heç cür anlamaq olmurdu: danışmağa çalışır, yoxsa ağlayır.

Elə bu vaxt yolun lap o başında uzanıb qalmış almanlar silahlarını dəyişdilər. İndi də öz axmaq işlərini pulemyotla davam etdirirdilər; elə bil bir dəfəyə bütöv bir qutu kibriti sürtüb alışdırırdılar və ətrafımızda arılar kimi zəhlətökən, qəzəbli güllə sürüləri vızıldayırdı.

Nəhayət, oğlan ağzından birtəhər söz çıxara bildi:

— Vaxmistr Barussu öldürülüb, cənab polkovnik! — deyə qışqırdı.

— Sonra?

— Çörək maşınını Etapr yolunda axtarmağa gedəndə öldürülüb, cənab polkovnik.

— Sonra?

— Mərmi onu parçalayıb.

— Sonra nə oldu, lənət şeytan?

— Elə bu, cənab polkovnik...

— Hamısı budur?

— Elədir, cənab polkovnik, hamısı budur.

— Bəs çörək? — deyə polkovnik soruşdu.

Söhbət belə də bitdi. Yadımdadır, polkovnik bircə bunu soruşmağa macal tapdı: «Bəs çörək?» Sonra hər şey od və gurultudan ibarət oldu. Həm də necə gurultu! İnanmaq mümkün deyil ki, belə bir gurultu ümumiyyətlə ola bilər. Bir anda gözlərim, qulaqlarım, burnum, ağzım tutuldu və düşündüm ki, mənim də sonum çatdı, özüm də oda və gurultuya çevrildim.

Amma yox. Od söndü, yalnız başımın içində gurultu hələ uzun müddət davam etdi, əllərimlə ayaqlarım isə sanki arxadan kimsə məni silkələyirmiş kimi titrəyirdi. Artıq elə düşünürdüm ki, bədənimin hissələri qopub düşəcək, amma yenə də hamısı yerində qaldı. Üstəlik, gözlərimi uzun müddət göynədən tüstünün içində kəskin barıt və kükürd iyi yayıldı — bütün yer üzündəki taxtabiti və birələri tüstülədib çıxarmağa bəs edərdi.

Elə bundan sonra rabitəçinin dediyi kimi parça-parça olmuş vaxmistr Barussu yadıma düşdü. «Yaxşı xəbərdir! Nə gözəl, — deyə dərhal qərar verdim. — Alayda bir düşmən azaldı!» O, bir konserv bankasına görə məni hərbi məhkəməyə vermək istəyirdi. «Hərənin öz müharibəsi var», — dedim öz-özümə. Bu tərəfdən baxanda, müharibənin bəzən xeyri də olurmuş. Alayda Baruss kimi bir neçə belə it oğlu iti tanıyırdım ki, mərmiyə tuş gəlmələrinə ürəkdən kömək edərdim.

Amma polkovnikə pislik arzulamırdım. Buna baxmayaraq, o da ölmüşdü. Əvvəlcə onu tapa bilmirdim. Məsələ burasındaydı ki, partlayış onu yamaca tullamış, orada sərib atmış və elə həmin anda piyada düşmüş süvarinin — o rabitəçinin — qucağına atmışdı; rabitəçi də ölmüşdü. Bir-birinə sarılmışdılar və əbədi olaraq belə qalacaqdılar. Süvarinin başı isə artıq baş deyildi — boynunun yerində bir deşik vardı, oradan qan ləyənə tökülən mürəbbə kimi qaynayıb qabarcıqlanırdı. Polkovnikin qarnı yarılıb dağılmışdı, buna görə üzü tamam əyilmişdi. Yəqin, partlayış onu vuranda çox ağrımışdı. Özü bilərdi! Atəş fit çalmağa başlayanda çəkilib getsəydi, başına heç nə gəlməzdi.

Bütün bu ət yığını qan içində idi. Səhnənin sağında da, solunda da mərmilər hələ partlayırdı. Mən çox düşünmədən oradan götürüldüm və bir bəhanə tapıb qaçmağa başladım nə qədər sevindiyimi təsəvvür etmək çətindir. Hətta nəsə zümzümə edirdim, halbuki yaxşıca avar çəkəndən sonra olduğu kimi, ayaqlarım öz ayaqlarım deyildi, bədənim yellənirdi.

«Bir mərmi! — öz-özümə pıçıldayırdım. — Hər şey bircə mərmi ilə necə də tez yoluna düşür!» Sonra təkrar-təkrar deyirdim: «Vay-vay! Vay-vay!»

Yolun o başında artıq heç kim yox idi, almanlar çəkilib getmişdilər. Amma bir dəfəyə başa düşdüm ki, yalnız ağacların kölgəsi ilə hərəkət etmək olar. Düşərgəyə tələsirdim; kəşfiyyat zamanı alayda daha kimlərin öldürüldüyünü öyrənməyə can atırdım. Bir də deyib-dururdum: «Yəqin, bizimkilər artıq əsir düşməyin ən rahat yolunu tapıblar».

Budaq qırıntılarının o yan-bu yanında kəskin tüstü parçaları ilişib qalmışdı. «Bəlkə hamısı artıq ölüb?» — deyə öz-özümə soruşurdum. Bir halda ki, heç nəyi anlamaq istəmirlər, hamısının tezliklə mərmi altında qalması daha sərfəli və daha praktik olardı. Onda hər şey birdəfəlik bitərdi. Biz də evimizə qayıdardıq. Bəlkə Klisi meydanında təntənəli marşla keçərdik. Yaxşı, bir-ikisi sağ qalsın, eybi yox. Generalı müşayiət edən o sakit, xoşxasiyyət oğlanlar. Qalanları isə polkovnik kimi ölsün. Baruss kimi, Vanaill kimi (o da bir əclaf idi), başqaları kimi.

Bizə medallar, güllər verərdilər, Zəfər tağının altından keçərdik. Restoranlara girərdik, bizə pulsuz xidmət göstərərdilər və ömrümüz boyu bizdən pul almaq belə istəməzlərdi.

«Siz qəhrəmansınız! — hesab gətirmək əvəzinə bizə deyərdilər. — Vətənin müdafiəçiləri!»

Vəssalam. Hesabı balaca fransız bayraqları ilə ödəyərdik. Kassir qadın da bizdən pul almaqdan imtina edər, üstəlik kassanın yanından keçəndə özü bizə pul uzadıb bir də öpərdi. Bax, belə yaşamağa dəyərdi.

Qaçarkən gördüm ki, əlimdən qan gəlir, amma çox zəif. Çox yüngül yaradır, adi cızıqdı. İndi hər şeyi yenidən başlamaq lazım gəlirdi.

Yenə yağış yağmağa başladı. Flandriya çölləri tüpürcək kimi duzlu su ilə köpüklənirdi. Uzun müddət qarşıma heç kim çıxmadı — yalnız külək vardı və az sonra yenə günəş göründü. Bəzən haradan gəldiyi bilinməyən, bic bir güllə havanın və günəşin içindən gəlib çıxır, təkliyimin içində məni öldürmək üçün inadla can atırdı. Niyə? «Yüz il də yaşasam, bir də belə çöllərdə gəzməyəcəyəm», — deyə özümə and içdim.

Hara getdiyimi bilmədən sürünə-sürünə gedərkən dünənki mərasimi xatırladım. Təpənin arxa yamacında olmuşdu. Polkovnik gur səsi ilə alaya nəsihət verirdi:

«Cəsarətli olun! — deyə bağırırdı. — Cəsarətli olun və yaşasın Fransa!»

Təsəvvür qabiliyyətindən məhrum adamsansa, ölmək elə də böyük məsələ deyil; amma təsəvvürün varsa, ölüm artıq artıq bir şeydir. Mənim fikrim belədir. Həyatımda bir dəfəyə bu qədər şeyi mənimsəmək mənə qismət olmamışdı.

Polkovnikdə isə təsəvvür deyilən şey heç yox idi. Bütün bədbəxtliklərinin, daha doğrusu, bizim bədbəxtliklərimizin səbəbi də bu idi. Yoxsa bütün alayda ölümü təsəvvür edə bilən yeganə adam mənəm? Mən onun bir az da gözləməsini üstün tutardım. İyirmi-otuz il. İstəsə, bir az da çox.

İnsan öz ölümü barədə öz fikrinə sahib olmaq haqqına malikdir. Amma yenə də hara getməliyəm? Düz qabağa? Onda kürəyimi düşmənə çevirmiş olaram.

Yox, yolumu azmış halda dolaşarkən jandarm məni yaxalasa, aydındır ki, haqq-hesabımı artıqlaması ilə ödəyəcəklər.

# 98 dəfə oxunub

Oxşar xəbərlər

"Xəzan yarpaqlarındakı ölüm mənə bəs edir..."  - Amerikalı yazıçıdan sitatlar

"Xəzan yarpaqlarındakı ölüm mənə bəs edir..." - Amerikalı yazıçıdan sitatlar

10:30 4 oktyabr 2026
"Keçmişim onun gələcəyini məhv edə bilər..."  - Sara İbrahimin "Çəhrayı çobanyastığı" romanından bir hissə

"Keçmişim onun gələcəyini məhv edə bilər..." - Sara İbrahimin "Çəhrayı çobanyastığı" romanından bir hissə

14:00 3 oktyabr 2026
"Ürək etibar edilməyəcək bir vəhşidir..." - Qrem Qrin

"Ürək etibar edilməyəcək bir vəhşidir..." - Qrem Qrin

17:30 2 oktyabr 2026
"Ömrümüzü tələb olunan rollara uyğun maskalar yonmağa sərf edirik" - Yapon yazıçıdan sitatlar

"Ömrümüzü tələb olunan rollara uyğun maskalar yonmağa sərf edirik" - Yapon yazıçıdan sitatlar

16:30 2 oktyabr 2026
"Biz ona görə yazmağa başladıq ki, narazıydıq..." - Tanınmış ispan yazıçının essesi Anarın tərcüməsində

"Biz ona görə yazmağa başladıq ki, narazıydıq..." - Tanınmış ispan yazıçının essesi Anarın tərcüməsində

15:00 30 sentyabr 2026
"O gecə şorba cəsəd dadırdı..." - Holokostdan sağ çıxan yazıçının "Gecə"sindən sitatlar

"O gecə şorba cəsəd dadırdı..." - Holokostdan sağ çıxan yazıçının "Gecə"sindən sitatlar

13:00 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər