Rəşad Nağı Mustafa: "Müəllifin ölkədəki siyasi prosesi əsərinə gətirmək borcu yoxdur" - Müsahibə

Rəşad Nağı Mustafa:  "Müəllifin ölkədəki  siyasi prosesi əsərinə gətirmək borcu yoxdur" - Müsahibə
5 oktyabr 2026
# 10:00

Kulis.az Sadiq İsmayılın gənc şair Rəşad Nağı Mustafa ilə müsahibəsini təqdim edir.

- Sizi şeir yazmağa sövq edən əsas səbəb nədir?

- Mənə elə gəlir ki, insanı yazmağa xüsusi bir hadisə məcbur etmir; bu, daha çox təbii ehtiyacdır. Hətta düşünürəm ki, yer üzündə hər kəsdə hansısa istedad var. Allah heç kimə istedadı əskik verməyib; məsələ insanın onu kəşf etməsidir. Kimi rəssamlığı, kimi aktyorluğu, kimi rejissorluğu, kimi də sözlə işləməyi kəşf edir. Mən özümün bunu necə kəşf etdiyimi dəqiq bilmirəm. Bəlkə də bilməməyim yaxşıdır, çünki izah etsəm, sehrini itirə bilər. Mənə görə insan hikmətli danışırsa, onsuz da onun sözündə poetik bir damar var. Bunun üçün xüsusi obraza və ya qeyri-adi hadisəyə ehtiyac yoxdur.

- Deyirlər ki, insanların çoxu məktəb illərində, xüsusən də sevdiyi birinə şeir yazır, amma bu məşğuliyyəti davam etdirənlər sonradan şair olurlar. Bu fikirlə razısınız?

- Məktəb illərində rəssamlıq qabiliyyətim də vardı, yaxşı şəkillər çəkirdim, amma onu davam etdirmədim. Yazıda isə proses başqa cür baş verdi və bunu şüurlu şəkildə seçmədim. Mənim heç vaxt böyük müəllif olmaq, özümə xüsusi obraz yaratmaq kimi iddiam olmayıb. Yazanda müəllif oluram; bu, bəzən beş-on dəqiqəlik bir haldır. Sonra gündəlik həyatımda özümü bu statusa uyğun aparmıram. Mənim üçün bu, kimdənsə üstün olmaq demək də deyil. Məktəbdə yazıb sonra davam etdirən də, etdirməyən də bunu çox vaxt şüurlu şəkildə seçmir. Həyat necə gətirirsə, elə də olur. Burada müəyyən bir sehr var.



- Bir şeir necə yaranır?

- Məndə yazmaq əvvəlcədən planlaşdırılan proses deyil. “Bu gün şeir yazım” deyib oturmuram; ani baş verir. Məsələn, son mətnlərimdən birində maşından düşəndə göydən ya doluya, ya yağışa, ya da qara oxşayan bir şey yağırdı. Nə olduğunu anlamadım. Evə gedənə qədər öz-özümə mızıldandım, misralar yarandı. Telefona səsimi qeyd etdim, evə çatanda mətn hazır idi. Mən heç vaxt söz və ya qafiyə axtarmamışam ki, “buraya hansı sözü qoysam daha poetik səslənər?” Necə gəlirsə, elə də yazıram. Sonradan üzərində işləmək vərdişim də yoxdur. Mənə görə bu, bir anın və hissin məhsuludur. İnsan yaşadığı hissi on beş gün sonra eyni şəkildə yenidən yaşaya bilməz. Ona görə bir neçə bəndi bu gün, qalanını həftələr sonra yazılan mətnin bütövlüyü mənə qəribə gəlir. Əsas güc onun yarandığı andakı hissdədir.

Göydən nəsə yağır, nəsə bilmirəm,

Qara da oxşamır, yağış da deyil.

Baxışım yadlaşıb, gözüm yaşlanıb,

Bu sima özümə tanış da deyil.

- İstənilən yaradıcılıq sahəsində insanın təsirləndiyi, özünə yaxın bildiyi müəlliflər olur. Sizin sevdiyiniz və yaradıcılığınıza təsir edən şairlər kimlərdir?

- Ən çox sevdiyim müəlliflərdən biri, hətta birincisi Vaqif Səmədoğludur. Salam Sarvanı, Ramiz Rövşəni, Musa Yaqubu da sevirəm. Gənc yaşlarda insanın sevdiyi müəllifə bənzəmək mərhələsi olur. Mənim də belə dövrüm keçib. Amma müəyyən vaxtdan sonra həmin təsirdən çıxmaq lazımdır. Vaqif Səmədoğlunu sevməyimin səbəblərindən biri onun yaradıcılıqda azad olmasıdır. Dörd cümləlik mətni də var, daha uzun əsəri də; sərbəst və heca vəznində yazıb. Özünü bir çərçivəyə salmayıb. Məncə, bizim ədəbiyyatda ritmə və qafiyəyə həddən artıq bağlılıq problemi var. Müəllifə “belə yaz, burada qafiyə olsun” demək onun azadlığını məhdudlaşdırır. Vaqif Səmədoğlunun müxtəlif formalarda yazmasına baxmayaraq öz dəst-xəttini qoruması mənim üçün çox qiymətlidir. Sərbəst yazı həm də tərcümədə daha rahat yaşaya bilir. Sadalanan müəlliflərin hər birindən ayrı-ayrılıqda nəsə öyrənmişəm.

- Hazırda poetik üslubunuz üzərində dəyişikliklər edirsinizmi? Özünüzü həmyaşıdlarınızdan hansı cəhətlərinə görə fərqləndirirsiniz?

- Bunu mənim deməyim doğru olmaz. Desəm ki, filankəsdən bu və ya digər baxımdan fərqlənirəm, bir qədər təkəbbürlü və naşı səslənər. Bunu mənim yazdıqlarımı oxuyanlar daha yaxşı deyə bilərlər.



- Mən fərqliliyi üstünlük mənasında nəzərdə tutmuram; söhbət yalnız biçim və üslub fərqindən gedir. Sizcə, bu fərq nədədir?

- Yazanda auditoriyanı düşünmürəm. Elə mətnlərim var ki, illər əvvəl paylaşmışam, amma geniş yayılmayıb. Buna baxmayaraq, həmin yazıları sevirəm. Mənim fərqim varsa, daha çox yazarkən özümü azad hiss etməyimdədir. Söz axtarmıram, qafiyə xatirinə xüsusi seçim etmirəm, “daha hikmətli görünsün” deyə düşünmürəm. Necə gəlirsə, elə yazıram. İnsan hikmətli danışırsa, onun gündəlik sözlərində də poetik bir tərəf ola bilər. Bəzən “salam, necəsən?” sualını elə verirsən ki, qarşıdakı insanla doğrudan maraqlandığın hiss olunur. Məncə, məsələ bir qədər də bu yanaşmadadır.

- Az əvvəl auditoriyanı nəzərə almadığınızı dediniz. Sizcə, poeziya özlüyündəmi mövcuddur, yoxsa cəmiyyətlə münasibətdə məna qazanır?

- Bir əsər paylaşılır və oxucuya çatırsa, müəyyən mənada artıq auditoriya ilə münasibətə girir. Oxucu onu tənqid edə, bəyənə və ya başqa cür yozum edə bilər; müəllif də bunu qəbul etməlidir. Mənim məhrəm yazılarım da var: onları paylaşmıram, kitabıma salmıram, yalnız özüm və yaxınlarım oxuyur. Amma yayımladığın əsərə “bu yalnız mənim üçündür” demək çətindir. Tanınmaq və sevilmək istəyi də təbiidir. Sadəcə auditoriyanın reaksiyasını əvvəlcədən hesablayaraq yazmaq başqa məsələdir. “Oxucu bunu necə qarşılayacaq?” düşüncəsi ilə qurulan mətn mənə doğru yanaşma kimi gəlmir. Əvvəl yazı yaranmalıdır; sonra oxucu onu qəbul edirsə, bu artıq başqa məsələdir.



- Bəs müəllif qlobal bir problemi əsərində işıqlandırmaq və ona münasibət bildirmək istəyirsə, bunu auditoriyaya müraciət kimi qəbul etmək olar?

- Müəllifin ölkədə baş verən hər hadisəni, siyasi prosesi və ya qlobal problemi mütləq əsərinə gətirmək borcu yoxdur. Əlbəttə, bunu edə bilər. Amma sadəcə informasiyanı götürüb qafiyəyə və ritmə salmaq poetik əsər yaratmır. Hadisəni onsuz da qəzetdən və ya saytdan oxumaq mümkündür. Müəllif öz yanaşmasını ortaya qoymalıdır; oxucunu düşündürməli, hiss etdirməli, daxilində nəsə oyatmalıdır. Müharibə dövründə hamı vətənpərvər mətnlər yazırdı. Mən isə “Nəbatat bağı”nda həmin ab-havanı başqa bir hadisənin içindən çatdırmağa çalışdım. Mənim üçün əsas məsələ hadisəni sadalamaq yox, onun insanda yaratdığı hissi ifadə etməkdir. İnsanları bir anlıq güldürmək və ya coşdurmaq asandır; amma dərin bir hiss yaratmaq və iz buraxmaq daha çətindir.

- Oxucu sizdən yazdığınız əsərin mesajını soruşsa, bunu izah etməyi doğru hesab edirsiniz, yoxsa məna oxucunun öz yozumuna buraxılmalıdır?

- Kimsə yazdığım əsərin fikrini soruşsa, izah edə bilərəm. Amma mənim üçün daha maraqlısı oxucunun onu özünün yozmasıdır. Oxucu özünü harada görürsə, hansı hissi yaşayırsa, qiymətli olan da budur. Məsələn, “Nəbatat bağı”nda şeirimdə “papaq” sözünü ənənəvi qeyrət simvolu kimi işlətmişdim. Mən müharibədə iştirak etmirdim və döyüşən insanların yanında özümü başqa cür hiss edirdim. “Anam elə bilir ki, ölüm ayağındayam” misrasında isə bir tərəfdən ananın övladına münasibəti, digər tərəfdən həqiqi ölüm təhlükəsi ilə üz-üzə olan insanların vəziyyəti nəzərdə tutulurdu. Oxucu bunu başqa cür də başa düşə bilər. Məncə, mətnin gücü bir qədər də bundadır.

Hava yaman soyuqdur, özüm də bir az xəstə,

Heyf evdən çıxanda papaq da qoymamışam.

Anam elə bilir ki, ölüm ayağındayam,

Müharibə başlayıb, Nəbatat bağındayam.

- Ssenarist kimi də fəaliyyət göstərirsiniz. Poeziya ssenari yazmağınıza hər hansı şəkildə təsir göstərirmi?

- Yazmağın ssenarist fəaliyyətimə ciddi təsiri yoxdur. Daha çox komediya janrında işləyirəm və bu, əsas gəlir mənbəyimdir. Poeziyadan gəlir əldə etmirəm. Ona görə gənc müəlliflərə də deyərdim: bunu peşəyə çevirməyin. Yazanda yazın, qalan vaxt həyatınızı qurun, işləyin, qazanın. Təxminən səkkiz ildir ssenari yazıram, amma özümə çox vaxt “ssenarist” demirəm, “ssenari yazıram” deyirəm. Çünki bu işi məndən daha ciddi və peşəkar görən insanlar var. Komediya yazmağı sevirəm. Yaşadığımız problemlərin içində gülməli hadisələr tapmaq məni diri saxlayır.



- Pol Valeri deyirdi ki, şair əsəri masa arxasında bir bina kimi inşa etməlidir. Başqa yanaşmaya görə isə mətn bədahətən yaranmalıdır. Siz bu iki üsuldan hansına üstünlük verirsiniz?

- Bu məsələdə xüsusi cəbhə seçmirəm. Hər iki yanaşmanın yeri var. Gənclik illərində insanın inkişaf dövrü olur. Mənim “Endorfin” kitabım da belə bir mərhələ idi. Amma yaşadıqca bəzi şeyləri başqa cür dərk edirsən. Məsələn, atam sağ ikən ölüm haqqında yazdıqlarıma sonradan baxdım və gördüm ki, ölümü tam hiss etməmişəm. Atamı itirəndən sonra bu mövzuda başqa cür yaza bildim. İnsan yaşamadığı hissi texniki baxımdan ifadə edə bilər, amma onun həqiqətini tam çatdırmaya bilər. Ata olmamışdan əvvəl övlad haqqında yaza bilərdim, amma oğlum olandan sonra yazdığım mətn başqa oldu, çünki artıq həmin hissi yaşamışdım. Sifarişlə və göstərişlə yazmaq mənə yaxın deyil. Kimsə “filan mövzuda yaz” deyəndə bunu texniki olaraq etmək mümkündür, amma mənim üçün əsas məqam itir. İnsan özünü inkişaf etdirməli, oxumalı, dünyagörüşünü genişləndirməlidir. Burada bir təhlükə də var: çox oxuduqların şüuraltında qala və illər sonra bilmədən öz yazında üzə çıxa bilər. Ona görə əsas məsələ yalnız inkişaf etmək deyil, öz səsini qorumaqdır.

- Bu yanaşma bir qədər sifarişlə yazmağa da bənzəyir. Siz necə düşünürsünüz?

- Bəli, bir qədər sifarişə bənzəyir. Mənim üçün hər mövzuda yaza bilmək əsas deyil; əsas odur ki, yazdığının içində həqiqət olsun. “Əlli minə bir şeir yazaram” deməyim bir qədər zarafatdır, amma həyatdır, insan nəfsidir. Bununla belə, inkişaf üçün oxumaq, müşahidə etmək və dünyagörüşünü artırmaq lazımdır. Sadəcə oxuduqlarının təsiri altında qalmaq təhlükəsi də var. İllər əvvəl oxuduğun bir fikir şüuraltında qala və sonradan bilmədən öz yazında üzə çıxa bilər. Deməli, inkişaf yalnız texnikanı artırmaq deyil, öz səsini qorumaqdır.



- Az əvvəl ölümdən danışdınız. İnsan tək qalanda ölüm haqqında düşüncələr bəzən narahatlıq yarada bilir. Ümumiyyətlə, ölüm sizi qorxudurmu?

- Əlbəttə, yaşamaq istəyirəm. İndi övladım və ailəm olduğu üçün məsuliyyətim də var və tez ölmək istəmərəm. Amma xüsusi ölüm qorxum olmayıb. Allaha bağlılığım və möcüzələrə inamım səbəbindən bu barədə panikaya düşməmişəm. Yaxınlarım vəfat edəndə dəfnlərində iştirak etmişəm, hətta qəbirə enmişəm. Bir növ, ölümlə üzləşməkdən qaçmamışam. Bu, qorxunu tamamilə aradan qaldırmır, amma münasibətim daha çox qəbul etmək və hazır olmaq üzərindədir.

- Bəzi müəllifləri sevgi, kədər və ya müəyyən başqa mövzularla eyniləşdirirlər. Sizi də konkret bir mövzu ilə xarakterizə etmək olar, yoxsa yaradıcılığınız müxtəlif mövzulara açıqdır?

- Hər mövzuya açığam: sevgidən də, atadan da, vətəndən də yazmışam. Müəllifləri “sevgi”, “kədər” və sair kimi kateqoriyalara bölmək mənə doğru gəlmir. Birinə belə ad verəndə həmin adam sanki statusunu qorumaq üçün yalnız o mövzuda yazmağa başlayır. Mənim belə bir statusum yoxdur. Özümü ayrıca “müəllif obrazı” ilə yaşamıram. Yazanda başqa bir hala keçirəm. Bəlkə də yazmağımın əsas səbəblərindən biri azadlıq istəyidir: burada heç kim mənə sərhəd qoymur. Təbii ki, öz qırmızı xətlərim var və onları keçmirəm.

- Sizin üçün yaradıcılıq azadlıq anlayışı ilə nə dərəcədə bağlıdır?

- Bəli, mənim üçün yaradıcılıq azadlıqdır. Son illərdə bəzi gənclər Vaqif Səmədoğlunun və Ramiz Rövşənin Allahla danışığını səhv anlayırlar. Elə bilirlər ki, Allahla polemikaya girmək cəsarət göstəricisidir. Halbuki, Onların Allahla münasibəti yaşadıqları həyatın və keçdikləri yolun içindən gəlir. O dövrdə xurafata qarşı çıxmaq başqa məsələ idi. Bu gün cəsarət başqa şeylərdədir: özünü təkrar etməmək, hazır qəliblərdən çıxmaq və həqiqi söz demək daha vacibdir. İyirmi yaşında həyatı az görmüş bir insanın sırf poetik görünmək üçün eyni üslubu təkrarlaması mənə səmimi gəlmir.

- Sizcə, burada yanlış bir müqayisə qurulur?

- Allah haqqında yazmaq bəzən “cool” və cəsarətli görünür. Buna görə gənclər bunu asan yol kimi seçə bilirlər. Amma məncə, yaradıcılıqda cəsarət dinə ilişmək deyil. Cəlil Məmmədquluzadənin dövründə xurafata qarşı çıxmaq cəsarət idi. Bu gün isə cəsarət başqa yerdədir.

- Əhməd Haşim deyirdi ki, poeziya mövzudan çox musiqidir. Sizcə, burada əsas olan ahəngdir, yoxsa mövzu?

- Məncə, hər ikisi vacibdir: həm musiqi, həm mövzu. Mətnin daxili ritmi olmalıdır. Bu, hazır qaydalarla müəyyənləşən ritm deyil; müəllifin yaratdığı ritmdir. Oxuyanda insanı özünə çəkməli, zövq verməlidir. Mövzuya isə sərhəd qoymaq lazım deyil. Mənim bir mətnimdə bir neçə mövzu bir-birinin ardınca gəlib. Atamın ölümündən başlayıb, sonra bir qız haqqında misralara keçmişəm. Mətn məni hara aparıbsa, ora getmişəm. Əsas məsələ bunu ustalıqla etməkdir.

Sonra bir qız gördüm, yanağı dəlik,

Saçları dalğalı, gözləri belə...

Gördüm şeir-zad da qanmır üstəlik,

Sevdim mən bu qızı belə, qəribə...

Təzə qafiyəsini tapdım yağışın,

Sonra nə oldusa yadıma gəlmir,

Şeirini əzbərlədim Eldar Baxışın.

Sonra bir qız gördüm...

Mənim üçün mətnin əvvəlcədən müəyyən edilmiş bir mövzu sərhədi olmamalıdır. Gül haqqında yazarkən birdən başqa bir məsələyə keçmək mümkündür. Əsas odur ki, bu keçidlər süni görünməsin və mətnin daxili ahəngi qorunsun. Məncə, burada əsas məsələ ustalıqdır.



- Sonradan yazdığınıza görə peşman olduğunuz şeirlər olub?

- Yazdığıma görə peşman olduğum mətnlər var deməzdim. Sadəcə yeni kitabıma salmayacağım köhnə yazılarım var. Onlar iyirmi iki-iyirmi üç yaşımın mətnləridir. Peşman deyiləm, çünki həmin yazılar mənim gəncliyimdir.

- İmkanınız olsaydı, həmin mətnlərdən bəzilərini yandırıb məhv edərdinizmi?

- Yandırmaq həddinə çatmamışam. Sadəcə bəzi köhnə yazıları artıq yeni kitabıma salmayacağam. Onların arasında ölüm haqqında yazdıqlarım da var.

- Deməli, zaman keçdikcə özünüzdəki dəyişikliyi və böyüməni hiss edirsiniz?

- Böyüdüyümü hiss edirəm. Gənclikdə yazdığım bəzi mətnlərdə həqiqəti tam bilmədən danışmışam. Mən müəllifin əsas məsuliyyətlərindən birini həqiqəti saxtalaşdırmamaqda görürəm. Mətn oxucunu yalançı hisslərə sürükləməməlidir. Mənim də belə yazılarım olub, amma onları yeni kitabımda olmayacaq. Buna görə peşman deyiləm: iyirmi yaşında insanın dünyanı başqa cür görməsi təbiidir. Həyat dəyişdikcə, itkilər və təcrübələr artdıqca yazının həqiqəti də dəyişir.

- Dadaistlər qəzet parçalarını kəsib qarışdırır, sonra təsadüfi qaydada birləşdirərək şeir yaradırdılar. Belə bir üsula münasibətiniz necədir?

- Bunu bilmirdim. Maraqlıdır. Bizdə bəzən müəlliflər hər şeyi bilirmiş kimi danışırlar, amma mən bilmədiyimi deməyi daha doğru hesab edirəm. Maraqlıdır, çox yaxşı üsuldur. Mən də bunu sınamaq istəyərdim. Sərdar Amin bir dəfə hər müəllifdən bir misra götürüb dörd bəndlik bir mətn yaratmışdı. Çox maraqlı alınmışdı. Belə üsullardan istifadə etmək olar. Əsas odur ki, nəticədə maraqlı bir mətn yaransın.

- Sürrealistlər də bəzən şüurlu nəzarəti zəiflədərək ağla gələn ilk fikirləri yazırdılar. Bu yanaşma sizə yaxındırmı?

- Əslində bunu müəyyən mənada edirik. Mənim üçün yazıda ilk ağla gələn fikir önəmlidir. “Ən yaxşı variantı tapım” deyə çox düşünəndə həmin ilk hiss itə bilər. Bir dəfə bir qızın gözləri haqqında söz tapa bilmədim. Gözlərinin rəngini dəqiq müəyyənləşdirə bilmirdim və sonda “Saçları dalğalı, gözləri belə...” yazdım. Xüsusi təşbeh axtarmadım. Söz necə gəldisə, elə yazdım. Mənim üçün bu, yazının təbiətidir.

Sonra bir qız gördüm, yanağı dəlik,

Saçları dalğalı, gözləri...

Saçları dalğalı, gözləri belə...

Özüm də əlimlə “belə” göstərdim. Gözlərinin necə olduğunu dəqiq ifadə edən söz tapa bilmədim və elə saxladım. Mənim üçün həmin anın həqiqəti bu idi. Sonradan bəzəməyə ehtiyac görmədim.

- Tarkovskinin filmlərindən birində bir personaj tərcümə olunmuş şeir kitabını oxumaqdan tərəf müqabilini yayındırır və şeirin tərcümə edilə bilməyəcəyini deyir. Bu fikirlə razısınız?

- Tərcümə mümkündür, amma tərcüməçinin poeziyanı bilməsi çox vacibdir. Sadəcə dili bilən adam yaxşı poetik tərcümə edə bilməz. Tərcümə edən şəxs bu sahəni anlayırsa, hətta orijinaldakı mənanı başqa dildə daha yaxşı çatdıra bilər. Oxuduğum bəzi haykularda tərcüməçinin öz qatqısını da hiss etmişəm. Ən yaxşı variant odur ki, tərcüməçi özü də bu sahənin içindən gəlsin.

- Bəs texniki baxımdan necə? Məsələn, Füzulinin bir qəzəlini fransız dilinə tərcümə etmək mümkündürmü?

- Füzulinin qəzəlini başqa dilə tam şəkildə çevirmək çox çətindir. Çünki qəzəlin bəhrləri, təfilələri və ölçüsü var. Sərbəst mətn daha rahat tərcümə olunur, amma qəzəldə formanın özünəməxsusluğu qorunmalıdır. Başqa dilə keçirəndə həmin ölçü və ahəng itə bilər. Qəzəl dar bir çərçivənin içində həm forma, həm də fikir baxımından çox şey deməlidir. Bu xüsusiyyətlərin hamısını başqa dilə olduğu kimi keçirmək mümkün deyil.

- İndiyədək nəsr əsəri yazmısınızmı?

- Nəsr əsərim olmayıb. Bəzən bir səhifəlik xatirələr yazmışam, amma ciddi olaraq bu sahəyə yönəlməmişəm.

- Sizcə, nəsr yazmaq, yoxsa şeir yazmaq daha çətindir?

- Məncə, nəsr daha çətindir. Mən yaza bilmirəmsə, deməli, mənim üçün çətindir. Nəsrdə çox oxumaq, müşahidə etmək və öz dilini yaratmaq lazımdır. Mən kitabı və filmi sadəcə “çox oxudum, çox baxdım” demək üçün istehlak etmirəm. İçimdə oxumağa ehtiyac, bir növ aclıq yarananda oxuyuram. Mənasızlıq hiss etdiyim, içimin boşaldığını düşündüyüm vaxt kitab mənə yenidən dolmağa kömək edir. Yazıçının öz dili olmalıdır. Oxucunu hadisə ilə yanaşı, danışıq tərzi, axıcılığı və dili ilə də saxlamaq lazımdır. İndi bu daha çətindir, çünki oxucunun telefon, televiziya, kompüter və başqa seçimləri var. Qısa bir mətni bir neçə dəqiqəyə oxuyursan, nəsr isə oxucunu saatlarla yanında saxlamalıdır.

Əvvəllər yazıçı oxucunun görməsini istədiyi hər şeyi sözlə təsvir etməli idi. Tolstoyda otağa girəndə stəkanın, nəlbəkinin, onun üzərindəki naxışların belə təsvirini görürük. İndi isə görüntünün alternativləri çoxdur. Oxucu istənilən şeyi bir neçə saniyədə ekranda görə bilər. Buna görə müasir yazıçı oxucunu başqa cür saxlamaq məcburiyyətindədir. Hadisə də sürətlənib. Film və seriallarda ilk dəqiqələrdə hadisənin başlaması gözlənilir. Amma məncə, əvvəlki kimi yavaş-yavaş atmosfer yaratmaq imkanını tam itirmək də lazım deyil.

- Parnasizmdə hadisənin birbaşa, bənzətməsiz və təsviri şəkildə verilməsinə xüsusi əhəmiyyət verilirdi. Belə bir üsulu sınamısınızmı və ya gələcəkdə sınamaq istərdinizmi?

- Məncə, sırf hadisəni olduğu kimi köçürmək poetik mətn deyil. Yazının ruhu olmalıdır. Yapon haykularında da çox sadə təsvirlər var, amma onların içində poetik nəsə yaranır. Mənim üçün mətn oxucuda təsir yaratmalıdır: bir xatirə oyatmalı, daxilində hansısa hissi hərəkətə gətirməlidir. Bunun nə olduğunu bəzən izah etmək çətindir, amma oxuduqdan sonra insanın içində nəsə baş verməlidir.



- Şairlik fəaliyyətinizin sizi gələcəkdə çatdırmalı olduğunu düşündüyünüz xüsusi bir dayanacaq varmı?

- Qətiyyən belə bir ali məqsədim yoxdur. Yazanda müəllif oluram, amma həyatımı “böyük olacağam, tarixdə qalacağam, dərsliyə düşəcəyəm” kimi məqsədlərlə qurmuram. Yazmaq həyatımda bəlkə də onuncu, on beşinci plandadır. Onu ciddi saymıram demirəm; sadəcə həyatda başqa məsuliyyətlərim və məqsədlərim var. Çatmaq istədiyim yerə aparan yolda bu fəaliyyət əsas dayanacaq deyil.

- Sonda oxucularımıza nə demək istərdiniz?

- Oxucular müəlliflərin yazdıqlarına aldanmasınlar və gözlərində həddindən artıq böyütməsinlər. Onlar mətnlərində göründükləri kimi olmaya bilərlər.

# 101 dəfə oxunub

Oxşar xəbərlər

Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd olundu

Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd olundu

10:11 5 oktyabr 2026
İnsan olmaq dərsi verənlərə... - Müəllimlərim məni necə xatırlayırlar?

İnsan olmaq dərsi verənlərə... - Müəllimlərim məni necə xatırlayırlar?

10:00 5 oktyabr 2026
Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirildi

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirildi

19:44 4 oktyabr 2026
Kitabı “yiyəsiz” qoymazdılar... - İndikilər nəvələrinə kimi oxumağı tövsiyə edəcəklər?

Kitabı “yiyəsiz” qoymazdılar... - İndikilər nəvələrinə kimi oxumağı tövsiyə edəcəklər?

11:30 4 oktyabr 2026
Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər