Kulis.az tarixçi-tədqiqatçı Elvin Şıxaliyevin "Roma legionu Xəzərə niyə gəlmişdi?" yazısını təqdim edir.
Qobustan deyəndə ağlımıza 6 mindən çox qayaüstü rəsm, öküz, ov səhnələri gəlir. Amma Boyukdaş dağında bir qaya var ki, üzərində qaya keçisi yox, latın hərfləri həkk olunub. Və o hərflər tariximizi 2000 il geriyə, Roma imperiyasına aparır.
Qayada nə yazılıb?
Yazını ilk dəfə 1930-cu illərdə Qobustanın ilk tədqiqatçısı İshaq Cəfərzadə qeydiyyata alıb. Dəniz səviyyəsindən 70 metr yüksəklikdə, hamar əhəngdaşı üzərində iki sətir həkk olunub:
IMP DOMITIANO CAESARE AVG GERMANIC
LVCIVS IVLIVS MAXIMVS LEG XII FVL

Epigrafistlərin bərpası belədir: "İmperator Domisian Sezar Avqust Germanikin hakimiyyəti dövründə, XII İldırımlı Legionun senturionu Lusi Yuli Maksim".
Paleoqrafiya - yəni hərflərin forması Flavilər dövrünə, 84-96-cı illərə uyğundur. Tarixləndirmənin açarı "Germanicus" tituludur. Domisian bu titulu 83-cü ildə qazandığı qələbədən sonra alıb və rəsmi yazışmalarda 84-cü ildən sonra işlətməyə başlayıb.
XII Legion kimdir?
Bu, adi hərbi hissə deyil. Legio XII Fulminata - İldırımlı Legion.
E.ə. 58-ci ildə Yuli Sezarın özü yaradıb. Qalliya müharibələrini, Farsal döyüşünü görüb. Eramızın 70-ci ilində Yerusəlimin dağıdılmasında iştirak edib. Sonra imperiyanın şərq sərhədini qorumaq üçün Kapadokiyaya, indiki Malatya yaxınlığına köçürülüb.
Onun emblemi ildırım şüası idi. Buna görə "Fulminata" - İldırımlı adlanırdı.
İndi təsəvvür et: Malatyada dayanan legionun bir senturionu - yəni kiçik dəstəyə rəhbərlik edən zabiti 1000 kilometrdən çox yol qət edib Xəzər sahilinə, Qobustana gəlib çıxıb.

Roma niyə Qafqazla maraqlanırdı?
Antik müəlliflər - Strabon, Plini, Ptolemey Qafqaz Albaniyasını Xəzər sahilində ciddi dövlət kimi təsvir edir. Roma üçün Albaniya iki səbəbdən vacib idi: Birincisi, Parfiyaya qarşı müttəfiq. İkincisi, Xəzər vasitəsilə Şimal ticarət yoluna nəzarət.
Tarixçi Kassius Dion yazır ki, məhz Domisian dövründə Qafqaz istiqamətində kəşfiyyat güclənmişdi.
Buna görə alimlər 3 ehtimal irəli sürür:
1. Diplomatik missiya. Senturionun kiçik dəstəsi Albaniya hökmdarı ilə danışıqlara gəlib. Böyük ordu yox, kiçik nümayəndə heyəti - bu, hərbi işğal yox, diplomatiya izidir
2. Kəşfiyyat. Roma yolları, keçidləri, Xəzər sahilini xəritəyə salırdı.
3. Resurs kəşfiyyatı. Bu, ən maraqlısıdır. Böyük Plini "Naturalis Historia"nın VI kitabında Xəzər sahilində "yanar su"dan bəhs edir. Abşeron nefti antik dövrdən məlum idi. Roma ordusu isə mühasirə zamanı neft əsaslı yandırıcı qarışıqlardan istifadə edirdi.
Bəs Ramana?
Araşdırmada diqqət çəkən bir toponimik detal var. XIX əsr arxiv sənədlərində Ramana kəndinin adı bəzi rəsmi yazışmalarda "Romana" formasında qeyd olunur. Həmin sənədlərdə buranın qədimdən neft mənbəyi olduğu vurğulanır.
Tarixçi Abbasqulu ağa Bakıxanov da "Gülüstani-İrəm"də Abşeronda qədim izlərin qaldığını qeyd edib.
Ramana qalasının yerləşdiyi yüksəklik Qobustandan Abşerona gedən qədim yol üzərində müşahidə üçün əlverişlidir.
Bunu birbaşa "Ramana Roma legionu qurub" kimi demək elmi baxımdan doğru olmaz. Toponimik oxşarlıq birbaşa sübut deyil. Amma sual haqlıdır: Roma dəstəsi Qobustana gəlibsə, Abşeron yarımadasına - neftin olduğu yerə qədər irəliləyibmi? Bu, gələcək arxeoloji qazıntılar üçün istiqamətdir.
Nəticə nədir? Qobustan yazısı sübut edir:
1. Bu, Roma hərbi mövcudluğunun ən şərq epiqrafik sübutudur.
2. Azərbaycan ərazisi 2000 il əvvəl Roma diplomatiyasının xəritəsində olub.
3. Qobustan təkcə daş dövrü muzeyi deyil, həm də antik dünya ilə kəsişən nöqtədir.
Bu gün Böyükdaşdakı o yazı UNESCO siyahısındakı 6000 rəsmin arasında demək olar ki, kölgədə qalıb, amma o iki sətir sübut edir ki, Bakının da, ölkəmizin də tarixi düşündüyümüzdən qat-qat qədimdir...