İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?
30 oktyabr 2026
# 16:00

Kulis.az "Loqlayn" layihəsindən Keri Fukunaqanın "Beasts of No Nation" filmi haqqında məqaləni təqdim edir.

Uşaqlıq deyəndə ağlınıza nə gəlir? Məhəllədə dostlarla qaçdı-tutdu oynamaq, dizlərin qanaması, axşamüstü ananın səni yeməyə çağırması, bir də içində hər şeyin mümkün olduğuna inandığın xəyal dünyası...

İndi isə təsəvvür eləyin ki, bu rəngarəng, məsum dünya bir günün, hətta bir saatın içində tamamilə yanaraq külə dönür. Sənin uşaqlığını əlindən alırlar, yerinə isə səndən də ağır olan, soyuq bir avtomat, üstü qanla örtülmüş bir maçete (kəsici alət) qoyurlar. Biz adətən kinoda müharibəni böyük generalların, xəritə üzərində cızmaqara edən siyasətçilərin, ya da xilaskar, idealist əsgərlərin gözündən izləməyə öyrəşmişik. Müharibə filmlərində həmişə bir pafos, bir qəhrəmanlıq mifi, ən pis halda isə "bizimkilər və düşmənlər" bölgüsü olur. Bəs müharibənin heç bir məntiqi, heç bir ideologiyası yoxdursa? Bəs bu qanlı xaosun ən böyük qurbanları, eyni zamanda ən amansız cəlladları boyu silahdan kiçik olan uşaqlardırsa?

Review: Idris Elba Stars in Cary Fukunaga and Netflix's 'Beasts of No Nation'  - The Atlantic

Amerikalı rejissor Keri Coci Fukunaqanın 2015-ci ildə həm rejissoru, həm ssenaristi, həm də operatoru olduğu "Beasts of No Nation" (Vətənsiz vəhşilər) filmi tamaşaçını məhz bu dəhşətli, dözülməz və nəfəskəsən cəhənnəmin tən ortasına atır. Uzodinma İvealanın eyniadlı romanı əsasında çəkilmiş bu ekran işi bəlkə də müasir kinonun ən ağır təcrübələrindən biridir. Fukunaqa Hollivudun klassik "ağdərili xilaskar" şablonlarını, didaktik siyasi mesajları tamamilə kənara ataraq bizi Qərbi Afrikanın adsız, coğrafiyası qeyri-müəyyən bir ölkəsindəki vətəndaş müharibəsi ilə baş-başa buraxır. Məkanın adsız olması qətiyyən təsadüfi deyil; rejissor bununla demək istəyir ki, bu hekayə təkcə bir ölkənin yox, bütövlükdə insanlığın, müharibə gedən istənilən coğrafiyanın faciəsidir.

Filmin girişi qeyri-adi şəkildə hərəkətli və şəndir. Aqu adi, dəcəl bir afrikalı uşaqdır. O, dostları ilə birlikdə içi boş, ekranı olmayan bir televizor çərçivəsini götürüb kənddəki əsgərlərə "Xəyal televiziyası" kimi satmağa çalışır. Onlar çərçivənin arxasına keçib müxtəlif verilişləri, filmləri yamsılayırlar. Bu səhnə təkcə vizual bir zarafat deyil, filmin əsas fəlsəfi açarlarından biridir: Aqunun dünyası hələ təxəyyüllə, oyunla, xəyalla doludur. Amma bir neçə epizod sonra o xəyal televiziyasının çərçivəsi parçalanır, reallıq bütün qorxuncluğu ilə kəndə basqın edir. Hakimiyyət qüvvələri kəndi üsyançıların yuvası kimi qiymətləndirir, Aqunun anası və kiçik bacısı qaçmağa macal tapsa da, o, atası və qardaşı ilə birlikdə kənddə qalır. Aqunun atansı və qardaşı güllələnir. O, meşəyə qaçır.

Meşəyə girən o balaca, məsum oğlan uşağı oradan uşaq kimi çıxmayacaq.

Beasts of No Nation (2015) - IMDb

Filmin əslində, NDF (Milli Müdafiə Qüvvələri) adlı qruplaşmanın lideri, "Komendant" kimi tanınan obrazın ortaya çıxması ilə başlayır. İdris Elba, deyərdim ki, karyerasının ən mükəmməl işini ortaya qoyur. Komendant personajı dərsliklərə salınacaq bir manipulyasiya, sosiopatiya ustasıdır. Komendant klassik mənada bir qəddar deyil, o, daha təhlükəlidir, bir ata fiqurudur. Meşədə təkbaşına, ac-susuz qalan, ailəsini itirmiş Aqunu tapan Komendant onun öyük boşluğunu, yetimliyini dərhal hiss edir. O, uşaqları təkcə zorla əsgər etmir; o, onları beyni yuyulmuş fanatiklərə, özünü onun uğrunda ölümə atmağa hazır olan "oğullara" çevrir.

Elbanın oynadığı bu obraz bizə diktaturaların psixologiyasını əyani şəkildə göstərir. O, Afrika mistisizmindən, tilsimlərdən, cadulardan istifadə edərək uşaqları inandırır ki, güllə onlara bata bilməz. O, onlara bir ailə, bir aidiyyət hissi verir. Aqunun qanlı xaç suyuna salınma səhnəsini xatırlayaq. Komendant Aquya bir biçaq verir və əsir götürülmüş silahsız bir adamın başını kəsməyi əmr edir. Bu, bir uşağın ruhunun bədənindən zorla qoparılıb çıxarıldığı, insanın vəhşiyə çevrildiyi andır. Aqu əsirin başını kəsəndə əslində öz keçmişini, öz uşaqlığını, atasına olan xatirəsini kəsib atır.

Rumble in the Jungle: Beasts of No Nation - Filmmaker MagazineFilmmaker  Magazine

Fukunaqa operator kimi sanki tamaşaçını da həmin o boğucu, nəm və qan qoxuyan cəngəlliyə həbs edir. Kamera heç vaxt Aqudan çox uzaqlaşmır. Biz müharibəni ümumi, geniş planlarda yox, məhz uşağın göz səviyyəsində, onun sarsıntılı, titrəyən baxış bucağından izləyirik. Filmdəki cəngəllik təsvirləri çox paradoksaldır. Təbiət inanılmaz dərəcədə yaşıl, canlı və gözəldir; amma bu füsunkar gözəlliyin ortasında insanlığın ən çirkin, ən murdar əməlləri baş verir.

Uşaqlara döyüşdən əvvəl narkotik və barıt qarışığı verilir. Aqu narkotikin təsiri altına girir və bu an rejissor vizual reallığı sındırır. Cəngəlliyin rəngləri dəyişir; yarpaqlar, ağaclar, ətrafdakı hər şey qan qırmızısına, bənövşəyi və çəhrayı tonlara boyanır. Kadrlar sanki böyük bir kabusun, sürreal bir tablonun içinə axır. Fukunaqa bununla bizə uşağın zədələnmiş, travma almış beyninin müdafiə mexanizmini göstərir. O qədər vəhşət, o qədər qan var ki, uşağın şüuru bunu normal rənglərdə qəbul edə bilmir, gerçəkliyi bir növ fantastik nağıla, rəngli bir qarabasmaya çevirərək onu dəlilikdən qorumağa çalışır. Amma qorumaq mümkün deyil, çünki ayaqların altında basılan hər şey, meyitlər, kəsilmiş qollar, dağılmış kəndlər gerçəkdir.

Filmboyu Aqunun daxili monoloqları, onun Allahla səssiz söhbətləri filmin əsas fəlsəfi dayağıdır. Əvvəlcə o, Allaha dualar edir, ondan bağışlanma diləyir. "Mən pis uşaq olmuşam" deyir. Lakin hadisələr amansızlaşdıqca Aqu onlarla qadını, uşağı, günahsız insanı qətlə yetirdikdən sonra, o daxili səs yavaş-yavaş dəyişir. Bir nöqtədə Aqu Allaha danışmağı dayandırır. Çünki əgər Allah varsa belə, o, bu cəngəlliyin içinə, bu bataqlığa, bu qan gölünə baxmır. İnsanlıq özünü tamamilə tərk edib. Din, əxlaq, mənəviyyat Komendantın avtomatının lüləsində məhv olub.

Найкращі оригінальні фільми Netflix | kinowar.com

Filmin sonluğu isə hakimiyyətin, gücün və mifin necə çökdüyünün anatomiyasıdır. Biz əvvəldə Komendantı qüdrətli, yenilməz bir tanrı fiquru kimi görürük. Lakin müharibənin siyasi gedişatı dəyişdikcə, qruplaşma mühasirəyə düşdükcə və aclıq, ümidsizlik baş qaldırdıqca, o mif parça-parça olur. Komendantın əslində siyasi rəhbərlər tərəfindən istifadə edilib kənara atılan bir piyada olduğu üzə çıxır. O əvvəlki cəlbedici atadan, qorxaq, çarəsiz bir heyvana çevrilir. Hətta tabeçiliyindəki uşaqlara qarşı cinsi qısnama, təcavüz faktlarının üstü açılanda, onun necə iyrənc bir yırtıcı olduğu bütün çılpaqlığı görünür. Uşaqların, xüsusən də Aqunun onu tərk etməsi, ona silah çəkməsi və "Sən bizim atamız deyilsən" deməsi qulun zəncirlərini qırması anıdır. Amma bu qələbə deyil. Çünki o zəncirləri qırsalar da, artıq hamısının ruhu məhv olub, içlərindəki uşaq çoxdan ölüb.

Bəs bu qədər qandan, vəhşətdən sonra qayıdış mümkündürmü? Katarsis hardadır?

Fukunaqa tipik Hollivud sonluqlarından imtina edərək bizi BMT-nin reabilitasiya düşərgəsində açıq bir sualın qarşısında qoyur. Aqu dəniz kənarındadır. Dəniz həmişə kinoda təmizlənmənin, yenidən doğuşun, hüdudsuzluğun simvoludur. Qadın psixoloq onunla danışmağa çalışır. Aqu isə ona baxıb daxilindən bu amansız monoloqu deyir:

"Sən mənə baxırsan və balaca, günahsız bir uşaq görürsən. Amma mən uşaq deyiləm. Mən hər şeyi görmüşəm. Mən uşaq olmuşam, sonra qoca bir adam olmuşam. İndi isə bilmirəm kiməm".

Bu sözlər əslində filmin, müharibələrin yekun hökmüdür. Travma o qədər dərindir ki, onu sadəcə bir psixoloq seansı, ya da isti yeməklə sağaltmaq olmaz. İnsanın içindəki heyvan bir dəfə oyandısa, onu yenidən qəfəsə salmaq demək olar ki, qeyri-mümkündür.

Lakin əson kadrlarda Aqunun okeanın dalğalarına doğru qaçması, o ağır, qaranlıq buludların arasından sızan kiçik bir işıq şüası kimidir. O, uşaqlarla dənizdə oynayır. Hər şeyini itirmiş, bədəni və ruhu yaralarla dolu olsa da, suyun içində yenidən uşaq kimi gülməyə çalışır. Rejissor bununla bəlkə də insan təbiətinin ən dözümlü, ən ümidverici tərəfinə, həyatda qalma və bərpa olunma instinktinə işıq salır.

# 138 dəfə oxunub

Oxşar xəbərlər

55 ildir senzura altında saxlanılan film yenidən kinoteatrlara qayıdır

55 ildir senzura altında saxlanılan film yenidən kinoteatrlara qayıdır

17:00 30 oktyabr 2026
“Oskar”dan süni intellektlə bağlı mesaj -  İnsan yaradıcılığı əsas olaraq qalacaq

“Oskar”dan süni intellektlə bağlı mesaj - İnsan yaradıcılığı əsas olaraq qalacaq

18:40 29 oktyabr 2026
“Minions & Monsters”  ekranlara qayıtdı

“Minions & Monsters” ekranlara qayıtdı

18:00 29 oktyabr 2026
Liv Şrayber və Stiven Qrem yeni serialda

Liv Şrayber və Stiven Qrem yeni serialda

15:30 29 oktyabr 2026
Hollivudun klassik "kino qalası"  təhlükə altındadır? - “TCM”in gələcəyi sual doğurur

Hollivudun klassik "kino qalası" təhlükə altındadır? - “TCM”in gələcəyi sual doğurur

11:40 29 oktyabr 2026
Rüfət Əsədovun "Ananın duası"  sənədli filmi Moskva Yəhudi İcmasında  nümayiş olundu

Rüfət Əsədovun "Ananın duası" sənədli filmi Moskva Yəhudi İcmasında nümayiş olundu

10:08 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər