"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi
16 sentyabr 2026
# 12:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsində Orxan Həsəninin ”Ekskursiya” hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Şərif Ağayar:

"Əhvalatı “a”-dan “z”-yə danışmayıb, incə detallarla arxa fona hörmək, daha ümumi desək, Heminquey kimi yazmaq sevdiyim üslubdur. Orxanın son hekayələri bu səpkilidir və məncə, uğurludur. Bu hekayələri şərti olaraq “Anka silsiləsi” adlandırardım. Müəllif demək istədiklərini məhz nəsrə çevrilən xüsusiyyətlərlə çatdıra bilir. Məşhur klişe ilə desək, şərh vermir, göstərir. Nəyi və necə yazmaq lazım gəldiyini bilir. Lakin hekayəni oxuduqca, sanki xaric vurmaqdan ehtiyatlanıb səsini qısan gənc xanəndə dinlədim. Açıq-aydın hiss etdim: müəllifin imkanları daha genişdir, lakin çəkinir, özünə lazımı qədər sərbəstlik vermir. Beləliklə “Ekskursiya” hadisənin lap kandarına gedib çıxsa da, bunu törətmir, törətmək istəmir. Gənc yaşda mətnin bu qədər “idarə olunması” bir yandan üstünlükdürsə, o biri yandan çatışmazlıqdır. Məncə, əyləci bir az buraxmaq lazımdır. Maşını daha yaxşı sürmək üçün sürəti çox azaltmaq doğru deyil. Yaxud rahat boğaz eləmək üçün bəmə çox enmək... İş sürətlə gedə-gedə ustaqlıq göstərməkdə, zil pərdələrdə zəngulə vurmaqdadır. Əks halda inqilabi dəyişikliyə çatmaq mümkün deyil. Məhz Orxanın cəsarətli davranmasında fayda var. Çünki bunun heç vaxt cahil cəsarəti olmayacağını dəqiq bilirəm."



Samirə Əşrəf:

"Orxanın hekayəsini oxuyandan sonra hekayənin məndə yaratdığı təəssüratı bu sözlərlə ifadə etməyə başladım: kədərli, ağır, tutqun, sevgisizlik, ümidsizlik və s. Ağır hekayə idi, amma mənim çox xoşuma gəldi. Nə qədər fikirləşdim ki, tənqid ediləcək nəsə tapım, nail ola bilmədim. Həsəninin hekayələri həmişə yaxşı olur, bu hekayəsi də tamam başqa bir müstəvidə yazılıb. Çox qəşəng hekayədir, ağır hekayədir, amma bu da həyat həqiqətidir və bunu heç cür danmaq olmaz. Hətta mətni oxuya-oxuya fikirləşdim ki, bu hekayə əsasında yaxşı film də çəkmək olar. Həsəniyə uğurlar arzulayıram və diləyirəm ki, davamı gəlsin, belə hekayələri tez-tez yazsın."



Alpay Azər:

"Orxan Həsəninin bu hekayəsinə “normal mətn” demək olar. Bəlkə də onun əvvəl oxuduğum hekayələri daha təsirli olub deyə, buna “Çox yaxşı hekayədir”, “Əla hekayədir” deyə bilmərəm. İstənilən halda, hekayə minimal nəsr kriteriyalırına cavab verir, çünki müəllif həm hadisə, həm də diaoloqlar müstəvisində bir günün içində bir ailənin problemlərini, eləcə də ata, ana və uşaq obrazlarını yarada bilib. Hekayəni uğurlu edən məqamlardan biri Ankanın uşaq dünyasıyla (kilidin deşiyindən baxaraq) baş verənləri seyr etməsidir. Alkoqolik atasının çox yalanını eşitdiyini, amma atası danışarkən yumruğunu sinəsinə vuranda bu cür edən adamların yalan danışmamasına Ankanın inanması, “Nədənsə yanaqları qızaranda Ankaya elə gəlir, atası yaxşı adamdır” kimi detallar Orxanın uşaq qəlbini duymasından xəbər verir."





Sevinc Elsevər:

"Hekayəni oxudum və bəyəndim. Hissləri çatdırmağı bacarıb gənc müəllif. Uşağın gözündən böyüklərin dünyasını anlatmaq, hisslərini, duyğularını açıb göstərmək, münasibətlərini araşdırmaq xüsusi həssaslıq tələb edir. Bu həssaslıq da müəllifdə kifayət qədər var. Bu günümüzün ailə faciələri, sosial problemlərin doğurduğu mənəvi bəlalar, körpə ürəklərdə açılan yaralar dəqiqliklə ifadə olunub. Təbrik edirəm gənc müəllifi, yeni-yeni uğurlar diləyirəm!"





Sara İbrahim:

"Orxan Həsəninin Kulis-də yayımlanan hekayələrinin demək olar, hamısını oxumuşam. Ona görə müəllifin son dövrlərdə yazdığı hekayələrinin əvvəlkilərdən xeyli fərqləndiyini əminliklə deyə bilərəm. Orxan Həsəni öz üzərində işləyən, yeniliklər axtarışında olan, ədəbiyyata sevgisiylə fərqlənən gənc müəlliflərdən biri və bəlkə də, birincisidir. Onun yazdığı son hekayələr dediklərimi sübut edir. Müzakirəyə çıxarılan hekayəsi də həmin uğurlu hekayələrdəndir.

Hekayədə hər şey yerindədir; təhkiyə, üslub, struktur. Müəllif natamam bir ailə tablosunu bizə göstərməyə cəhd edib və buna nail olub. Belə ailələr çoxumuza tanışdır; içkinin, yersiz qısqanclığın məhv etdiyi talelər. Orxan Həsəni Ankanın məktəbdə təşkil edilmiş ekskursiyasını ananın verdiyi qəti, son qərarla - “ekskursiya” sıyla çox yaxşı əlaqələndirib. Bəlkə, qadın çoxdan evdən biryolluq çıxıb getmək, yaşadığı dözülməz əzablardan qurtulmaq istəyirdi, amma buna qərar verməkdə çətinlik çəkirdi. Ankanın ekskursiyası anasını da yeni həyata “ekskursiya” etmək qərarını qətiləşdirdi. Anka və anası bu ekskursiya ilə yeni həyata başlayacaq, küllərindən yenidən doğulacaq.
Hekayədə xırda qüsurlar da var, bu da təbiidir; nə qədər diqqətli olsan da, gözdən qaçan redaktə səhvləri qalır.
Müəllifə daha maraqlı mövzularda uğurlu hekayələr yazmağı arzu edirəm."




# 1015 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər