Rafiq Tağının ad günündə...

Rafiq Tağının ad günündə...
4 avqust 2012
# 06:00
Avqustun 5-də yazıçı Rafiq Tağının 62 yaşı tamam olur. Doğum günü münasibətilə ailə üzvləri ilə söhbətləşmək üçün yazıçının evinə getdim. Soraqlaşa-soraqlaşa tapdığım evin qapısını üzümə R. Tağının həyat yoldaşı Mailə xanım açdı. Koridorun rəngi qaçmış divarlarını göstərən yazıçının həyat yoldaşı ərinin dünya malına həris olmadığını vurğuladı.

Qızı Qəmərlə olan Mailə xanımdan oğlu Asimanı xəbər aldım. Asimanın bir aydan çoxdur ki, Gəncədə hərbi xidmətdə olduğunu söyləyən Mailə xanım qəribə də olsa oğlunun andiçmə mərasimin ərinin doğum gününə təsadüf etdiyini də sözlərinə əlavə etdi. Mailə xanım avqustun 5-də həm oğlu ilə görüşmək, həm də ərinin məzarını ziyarət etmək istəyindədir. İki görüşü eyni günə sığışdıra bilməyəcəyindən bərk narahatdır: “İşə baxın. Çıxılmaz vəziyyətdə qalmışam. Həmin gün Rafiqin də məzarını ziyarət etmək istəyirəm. Yolumuz uzaqdır. Gedib-gəlmək çətin olacaq. Məcburam ki, Rafiqin məzarını sabah (müsahibə dünən olub-F.M.) ziyarət edim”.

Mailə xanım ərinin təntənəli ad günü keçirməyi sevmədiyini xatırlatdı. Həmişə ad gününü bir masa arxasında yalnız ailə üzvləri qeyd ediblər. Mailə xanım deyir ki, avqustun 5-də Rafiqin əhval-ruhiyyəsi yüksək olurmuş: “Oyanan kimi uşaqları öpüb qucaqlayardı. Deyib gülərdi. Süfrə açıb bir masa arxasında oturardıq. İndi çox çətin olacaq, Rafiq aramızda deyil...”

Mailə xanım axırıncı cümləni söylədikdən sonra göz yaşlarını saxlaya bilmədi. Anasının göz yaşları tökməsini seyr edən utancaq Qəmər isə atasının böyük nənələri haqqında yazdığı hekayəni çox sevdiyini dedi. 11-ci sinif şagirdi olan Qəmər atası kimi həkim olmaq niyyətindədir: “Yuxudan oyanan kimi atamı ilk olaraq mən təbrik edirdim. Atam kimi həkim olmaq istəyirəm. Həmişə deyirdi ki, bu peşəni mənə görə seçmə. Həkim peşəsinin çətinliyindən danışırdı”.Yazıçı kimi ciddi insan olan Rafiq Tağı həkim kimi əliyüngül həkim olub.

Həbs olunduqdan sonra Mailə xanım ərindən sərt yazılar yazmamaq üçün xahiş etdiyini də qeyd etdi: “Demirdim yazma. Mollalarla bağlı yazmamağını xahiş etmişdim. Həm özünə, həm də uşaqlara görə narahat idim. Həbsdən sonra mənə söz vermişdi deyə yazmırdı. Özümdə çalışıb, izləyirdim yazılarını. Son yazısından xəbərsiz olmuşam. Vurulandan sonra evə kimi gəlmişdi. Mətbəxdə dovğa bişirirdim, hətta məndən dovğa da istədi. Yaralı vəziyyətdə mənə dedi ki, necə demişdin elə də vurdular məni”.

Ölkəni tərk edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibəti isə dəqiq və qısa oldu: “Rafiqi burada buraxıb heç yerə gedə bilmərəm!”

Rafiq Tağının anası Hüzrə xanımın hələ də oğlunun ölümündən xəbərsiz olması onlara əlavə yükdür. Ad günündə zəng edəcəyini gözləyirlər, sadəcə hər dəfə yalan danışmaq onları sarsıdır: “Anasına deyiblər ki, Rafiq xaricə gedib. Buna dözə bilmirəm. Məcbur olub bir gün həqiqəti ona söyləyəcəyəm. İlk övladı olduğu üçün Rafiqi çox istəyir. Ölkəyə gəlməsini istəyir. Rafiqin niyə ona zəng etməməsini də tez-tez soruşur”.

Mailə xanımın 22 illik ailə həyatından qazandığı da, itirdiyi də Rafiq Tağı olub: “O gedəndən sonra yaşamaq istəmirəm. Həyat mənasız olub. Arzuları çox idi. Heyf, yarımçıq qaldı”.

Ərinə “allahsız” damğası vuranları ən boyük allahsız hesab edən Mailə xanım R. Tağının qəlbində daima allah sevgisi olduğunu söylədi: “Rafiq xurafatı yayan saxtakar din xadimlərinə qarşı çıxırdı”.

İstintaqın gedişindən narazıdırlar. Ancaq ümidsiz də deyillər. R. Tağının qatillərinin tutulub mühakimə ediləcəyi günü səbrsizliklə gözləyirlər.

Ərinin rəfdəki kitablarını hər gün silib təmizləyən Mailə xanımın tək təsəllisi R. Tağının qonaq otağını bəzəyən portretlərinə baxıb ağlamaqdır...

Fərid MİRZƏYEV
Fotolar Turan İnformasiya agentliyinə aiddir
# 2760 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər