Özü gözəl, Adıgözəl, “Biləsuvar”

Özü gözəl, Adıgözəl, “Biləsuvar”
21 oktyabr 2021
# 09:00

Kulis.az Zamin Hacının “Özü gözəl, Adıgözəl, “Biləsuvar” yazısını təqdim edir.

Biləcəridən çıxıb “Biləsuvar” filminin təqdimatına gedirəm. Tədbirin başlanmasına saat yarım qalıb, ancaq Tbilisi prospekti dəhşət tıxac içərisindədir. Hər yan qıpqırmızı avtomobil işıqları. Birdən başa düşürəm ki, niyə virtual xəritələrdə tıxaclar qırmızı rəngdə göstərilir.

Arada fikirləşirəm, bəlkə düşüb qayıdım. Təcili yardım maşınının sirenasından qulaq tutulur. Heç kim ona yol vermək istəmir. 37 nömrəli avtobusun sürücüsü deyinir:

“Hər yoldan ötəni təcili yardıma sürücü götürürlər. “Avrasiya” klinikasına “20 Yanvar”dan azı üç yol tanıyıram. Bu isə gəlib girib Tbilisinin probkasına, pik vaxtında”.

Maşın böyrümüzdə dayanıb, üstündə klinikanın adı var. (Bu, yazının titrləridir).

Yol çiskin içindədir. Film də belə yağışlı-palçıqlı peyzajlarla başlayır. İlk anlarda çaşıram, sanki kinodan çıxıb kinoya girmişəm.

Azərbaycan Kinematoqrafçılar İttifaqının salonu ağzınacan dolmuş. Tənqidçi dostum Sevda Sultanova ilə rastlaşıram. Deyir, səni yüz ildir görmürəm. Doğrudan elədir. Nə yaxşı İbrahimbəyov uğursuz siyasətçiliyini atıb təzədən mədəniyyət sahəsinə qayıtdı və azərbaycanlıların bir-birini görəcəyi məkanlardan birinin qapısı təzədən açıldı.

İttifaqın katibi Əlisa bəy Cabbarov böyük lütfkarlıqla mənə salonda yer düzəldir. Ona sayt vasitəsiylə təşəkkürümü bildirirəm. Bu dəqiqə kim kimə yer verir ki? Hələ olsun bir mədəniyyət salonunda...

Biləsuvar rayonunun qabaqkı adı Puşkin olub. Görəsən Elvin Adıgözəl Biləcəri haqda da film çəkə bilərmi? Ancaq ondan qabaq “Binəqədi”ni çəkməlidir. Azərbaycanda 77 rayon var (bəlkə rəqəm fərqlidir, ancaq bu rəqəm mənim xoşuma gəldi). “Biləsuvar” filmini çəkmək üçün Elvin Adıgözələ azı 3 il lazım olub. 76 film çəkmək üçün neçə il yaşamalıdır? Mən istərdim bu uzundraz və qara oğlan çox yaşasın. Çünki “Biləsuvar” filmindən içimə dolan işıq mənə hələ uzun müddət bəsdir.

Pafos üçün yazmıram. Elvin Adıgözəl milli kinomuzun utancaq və təvazökar, bütün qapıları, maneələri özü açan və öz gücüylə aşmağa çalışan “Bənövşə” oyunçusudur. Adı gözəl, özü gözəl, bizdən sizə kim düşə... Bu adam da kinodan bizə düşüb.

Bir 1 kişi, ayakta, ekran ve şunu diyen bir yazı 'BİLOSUVAR Elvin Adıgözalin filminin Azarbaycan premyerası 19 oktyabr Kino Evi 19:00' görseli olabilir

Mən bundan qabaq Adıgözəlin “Buqələmun”, “Qaranlıqdan reportaj”, “Dumanda” filmlərinə, bir teatr tamaşasına baxmışam. Hamısını bəyənmişdim, ancaq “Biləsuvar”da böyük irəliləyiş gördüm. Bu filmdə çıxılmazlıq belə tamaşaçıya ümid verir. Kasıb kənd məktəbində bayram üçün yulğun qırıb “yolka” kimi bəzəyən müəllimlər qaldıqca, hər şeyin yaxşı olacağına inanırsan.

Elvin Adıgözəlin inanılmaz yumor duyğusu var. Bu, adamın ürəyinin sarı siminə toxunan yumordur. Onun qəhrəmanları söyüşü də şirin-şirin söyürlər. Rəhbərlik elədiyi teatrdakı aktrisanı öpmək üçün tamaşa quraşdıran və orda baş rolu özünə yazan rejissora həm gülürsən, həm yazığın gəlir, həm onu sevirsən. Bu hisslərin hamısını eyni zamanda yaratmaq üçün Adıgözəlin möhtəşəm duyumu (bu yazıda epitetlər bol olacaq, artıq öyrəşin), insan qəlbini oxumaq qabiliyyəti olmalıdır.

Bizdə kino sahəsi çoxlu problemlər içindədir. Ötən illərdə Elvin Adıgözəl vəziyyəti yaxşılaşdırmaq üçün əlaqədar orqanlara uzun təkliflər siyahısı göndərmişdi.

Təqdimat sonrası rejissor səhnəyə çıxıb. Hərə öz sualını verməkdə. Mən “o təkliflərin axırı nə oldu?” soruşmaq istərdim. Kimsə sual verir:

“Filmdə balıq səhnəsi vardı. Onu ssenaridə nəzərdə tutmuşdunuzmu?”.

Yox, bəlkə ayrı adam çəkib... Sualımı vermirəm – mənzərədən aydındır. Müəllif filmlərinə baxmaq üçün neçə tamaşaçı hazırlamışıq?

“Biləsuvar” sərt görkəmli Niyaməddinin sevdiyi qıza səsli ayrılıq mesajları göndərməsi (“məni bir də görməyəcəksən”) səhnələriylə başlanır. Ağlıma Mübariz İbrahimov, Hikmət Mirzəyev kimi biləsuvarlılar gəlir. Bəlkə Niyaməddin də əsgərlikdə onlar kimi olacaq? Biz bunu bilmirik. Amma mən Niyaməddində o potensialı gördüm.

Əvəzində başqa əhvalat yadıma düşür. Hardasa iyirmi il qabaq mətbu orqanlarımızdan birində səhər planlaşdırması zamanı baş redaktor iki rayona reportaj üçün müxbir göndərməyi qərara alır. Bunlardan biri Balakənə, o biri Biləsuvara getməlidir. Biləsuvara gedəcək jurnalist gopçunun, itoynadanın birisi. Balakənə gedəcək jurnalist isə coğrafiyadan xəbərsiz və sadəlövh. Gopçu redaksiyadan çıxanda onu aldatmaq qərarına gəlir:

“Dostum, belə edək, gəl rayonları dəyişək, sən Biləsuvara get, mən Balakənə. Biləsuvarda dağ, meşə, hər cür istirahət zonası... Balakəndə istidən öləcəksən”.

Yayın cırhacırı, təklif göydəndüşmə... Danışırlar ki, həmin gün Biləsuvar şəhər avtovağzalında bir nəfər taksidən düşmək istəmirmiş, sürücüyə deyirmiş, sən məni aldadırsan, Biləsuvar dağlıq, meşəlik olmalıdır.

Filmin prodüseri İntiqam Hacılı, operatoru Oqtay Namazov da çoxdan tanıdığım və sevdiyim insanlar çıxdı. Bu da məni daxilən qürurlandırdı:

“Bunu mənim dostlarım yaradıb”.

Hərçənd, Oqtayı ilk görəndə tanıya bilmədim. Əməllicə qaralıb. Elvinin filmləri azərbaycanlılar haqdadır, onlarda mən çox zaman özümü də görürəm. Bəzən gec tanısam da...

1990-cı illərdə Füzuli işğal ediləndə əmim, şair Vahid Əlifoğlu Biləsuvarda çadır düşərgəsində on ilə yaxın yaşamışdı. İki balaca qızı və xanımı ilə.

Deyirdi, yayda ayaq üstündə dayanıram, uşaqlarım kölgəmdə oynayırlar.

Deyirdi, bir gün uşaqları rayon mərkəzinə aparmışdım, Günel dedi, ata, ağaca bax, yarpağı da var.

Elvin Adıgözəl “Biləsuvar”ı soyuq havalarda çəkib. Qəhrəmanlar hara getsələr palçıq içindədir.

Elvin Adıgözəlin “Biləsuvar”ında ayağa bulaşan palçıq da işıq saçır.

# 10103 dəfə oxunub

Müəllifin son yazıları

# # #