“Yaxşı oğlanlar”ın əxlaqsızlığı

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

27 yanvar 2022
# 09:40

Ötən gün məktəblərin birində çəkilmiş və tezliklə səs-küyə səbəb olan bir qrup məktəblinin sinif otağında nalayiq hərəkətlər etməsi artıq həyəcan zəngi idi. Artıq körpələr “yaxşı oğlan” olmağı qarşılarına məqsəd qoyub uçuruma yuvarlanır. Gələcəyimiz olan bu uşaqları qurtarmağın yeganə iki yolu isə təhsil və mədəniyyətdir.

Mən “yaxşı oğlan” olmaq istəmirəm. Əgər o “yaxşı oğlan” müəlliməsinin başına divardan asılan çərçivəni çırpmaq istəyirsə. Mən “yaxşı oğlan” olmaq istəmirəm, çünki o oğlanlar ayaqlarını partaya qaldırıb sinifdə “vorzakonluq” etmək istəyir. Mən ona görə “yaxşı oğlan” olmaq istəmirəm ki, küçə “panyatkası” ilə düşünüb cəmiyyətdə özünü apara bilmir və bütün əxlaqsızlıqları etmək potensialındadırlar. Ümumiyyətlə, mən tində dayanıb tum çırtlayan, çayxanada altı-qoşa üçün bir-birinin başını yaran, çaydanın lüləyinə görə bir-birinə bıçaq çəkən, musiqi və film zövqü dörd divarda qalmış oğlanlardan olmaq istəmirəm. Sevgilisi ilə əl-ələ tutub gəzən oğlanlara pis baxan, amma tək gəzən bir xanımın “həyatına girib”, onu bezar edənlərdən olmaq istəmirəm. Qeyrət, namus bayrağını öpüb alnına qoyan, evdə anasının, bacısının üstünə çəmkirməkdən çəkinməyən oğlanlardan olmaq istəmirəm.

Ümumiyyətlə, kimdilər, nədilər, hardan peyda olur “yaxşı oğlanlar”? “Yaxşı oğlan” olmağın kriteriyaları nədir? Niyə cəmiyyətimiz bu çuxurdan çıxma və “Çukur”dan gəlmə “yaxşı oğlanlar”la doludur? Səbəbləri asta səslə yazıram ki, “yaxşı oğlanlar” eşidib məni də tində tutmasınlar.

1. “Vorzakon” ideologiyasında mahnılar.

Yenə türmə, yenə qazamat,

Ay brat, ay brat...

Qulaq asıb türmə-qazamat eşqi ilə alışıb yanan gənclərimizin altşüuruna qazılmış türmə qanunları onların cəmiyyətdə aqressiv davranmalarına, hər şeyə burunlarını soxub yersiz mübahisələr yaratmaqlarına və ən əsası, başqaları üçün nəyin yaxşı, nəyin pis olacağına onların qərar verə biləcəkləri məcburiyyətində hiss etmələrinə gətirib çıxarır. Ətraflarındakı hər kəsin hərəkətlərinə bir don biçməyə can atan bu oğlanların çoxusu vaxt keçdikcə bir qırmızı donun altına girib “priznavat” eləmədikləri “paqonlardan” gizlənirlər.

Həmin o “yaxşı oğlanların” tum dənəsi boyda beyinləriylə istehsal etdiyi “musiqi əsərləri”nin mətnlərində narkotik, insan zorakılığı, cinayətə meyl əks olunur. Hallanıb, sonra bu kimi neqativ şeylərə meyllənənlərin toplum üçün nə qədər zərərli olduğunu hər gün xəbər saytlarındakı kriminal xəbərlərin başlıqları sübut edir. O oğlanların zövqsüz (xahiş edirəm, “zövqlər müxtəlifdir” deməyin), səviyyəsiz, barbar, qurşaqdan aşağı hədə-qorxulu mahnıları məktəb bufetlərindən tutmuş, universitet dəhlizlərinə kimi parazit misalı yayılır. Qolları güclü, belləri bıçaqlı, ağılları ciblərindəki 10 qəpik boyda olan o oğlanlar namus deyə-deyə qarşısından keçən xanımların vaginasını çoxdan təsəvvürlərindən keçirirlər. “Panyatka”dan dəm vuran o oğlanlar küçələrə “panyatka” paylayan mahnıları yüksək səslə oxudub camaatı narahat etməkdən zövq alırlar.

O mahnılar ki, onların xitabında “yetim”, “yetka”, “brat”, “bratva” kimi qulaqlarımızı cırmaqlayan küçə sanları var. Siqaret almağa pulu olmayan bu oğlanlar mahnının təsirindən çıxa bilməyib, Robinzon Kruzo olmaq istəyirlər. Robin Qud yox, Rövşən, Quli, Bəxtiyar olurlar. “Qanuni oğru”ların həyatından bəhs edən bir-iki musiqi mətnləri bu “yaxşı oğlanları” türmə romantikasına qapdırır. Kasıblara kömək etmək istəyən bu oğlanlar acından günorta oyanırlar ki, çox “rasxod” eləməsinlər.

2. İzlədikləri mafiya serialları.

“Kurtlar Vadisi”, “Ezel”, “İçerde”, “Çukur” və bu kimi mafiya-çete seriallarından təsirlənən beyni balaca “yaxşı oğlanlarımız” məhəlləyə adam buraxmırlar. Dostu üçün hər şeyi etməyə hazır olan bu bəylərimiz məhkəmədə hamını “cırığa” qoymağı əla bacarır. Bir neçə dəfə bədbəxt hadisələrdən yana düşdüyüm prokurorluq binalarında bu oğlanlar nə Memati, nə də Yamaç ola bildilər.

Mafiya kimi təşkilatlanmağa hazır olan, içləri anarxist hisslərlə dolub-daşan oğlanlarımız cəmiyyətin qara işlərində öndə getməyə hazır olurlar. Gələcəklərini təhsilə, özünü inkişafa həsr etməyənlər, idman zallarını musqulları şişənə qədər sevən, o zallardan çıxıb bir-iki qondarma mənası olan tatu vurdurub axşam evlərində atalarına niyə saat 10-dan sonra evə gec gəldiklərinin hesabatını verirlər. Bu oğlanlar təsbehi müqəddəs hesab edir, o yerə düşəndə üç dəfə yerə çırpıb götürürlər ki (niyə də?!), kənardan “qardaşları” ona baxıb fəxr eləsin. Ya da o təsbehləri gündə bir zavallının başında qırmaqla onu alçaltdıqlarını “bayram edirlər”. Seriallardakı qara paltarlardan geyinir, onlar kimi yeriyir, onlar kimi yeyir, danışır, tualetə gedəndə də ayaqları aralı gedib, aralı qayıdırlar. Serial obrazlarından təsirlənib aksesuarlar taxanlar sonra qulağına sırğa taxıb həyatını yaşayanlara gülürlər. Aqressiv düşüncəsindən qurtula bilməyənlər toplum üçün təhlükə mənbəyidir. Bağça uşaqlarından məktəblilərə qədər hamının beyninə girən filmlərin ssenari müəllifləri, dəqiq bilirəm ki, “yaxşı oğlan” deyil. Sadəcə “yaxşı oğlanların” beyni bu adamları belə mətnlər yazmağa vadar edir. Camaat pul qazanmalıdır, ya yox?!

3. “Qanuni oğrular”ın həyatı.

Süni şəkildə bu yolun yolçusu olduğunu iddia edən “yaxşı oğlanlar”, əmin olun ki, heç kimin mənafeyi uğrunda türmə kameralarına düşməyi istəməzlər. Ancaq bunu etiraf edə bilmirlər ki, “yaxşı qardaşlar”ı onları qınayar. Böyüklərə hörməti yadlarından çıxaran bu oğlanlar “böyüklərin” xətrini uca saxlayırlar. “Qanuni oğrular” haqqında kitablar çıxır, onlar haqqında filmlər çəkilir, həyatları araşdırılır. Və kimlərsə özlərini bu həyatın yolçusu etmək istəyirlər. Anlamadan, bilmədən, dərk etmədən. Özlərini onların yerinə qoyub eyforiyaya qapılırlar.

# 4851 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #