Oxuduğunuz, oxumaq istədiyiniz, amma heç cür vaxt tapa bilmədiyiniz kitabları evdən çıxanda özünüzlə yola götürün. Nə vaxtsa oxuyub qurtardığınız kitab da olar. Qətiyyən çantanıza qoymayın. Gizlətməyin. Hətta çalışın, daha çox adam görsün. Bir qaqaşın əlində gəzdirdiyi telefon kimi, açar kimi, siqaret kimi əlinizdən yerə qoymayın o kitabı. Təsbeh onlar üçün nədirsə, kitab da sizin üçün o olmalıdı. İctimai nəqliyyatda - avtobusda, metroda qapıdan içəri girən kimi kitabı açın və oxumağa başlayın. Ətrafa göz gəzdirin, kitaba uzaq hesab elədiyiniz insanlara daha yaxın dayanın... Mütləq kimsə boylanacaq.
Diş həkimində, bankda növbə gözləyəndə, avtobus dayanacağında kitab oxuyun. Getdiyiniz yerlərdə telefonla birlikdə kitabınızı da masanın üzərinə qoyun. Göz qabağında olsun. Gözlər öyrəşsin. "Book Cafe"lərdə onsuz da kitab olur, onlar artıq kitabla xəstələnmiş adamlardı, siz məhləyə, çayxanaya düşəndə özünüzlə kitab götürün. Əvvəlcə kitaba isinsinlər. Kitabla bir məkanı paylaşmağa öyrəşsinlər.
Xüsusən də sevgilinizlə küçəyə çıxanda əlinizdə mütləq kitab olsun. İmkan varsa, hər ikinizin əlində. Qoy hiss eləsinlər ki, kitablı insanlar daha rahat sevgili tapır...
Kim deyib ki, kitab "qız bişirmək" metodu, özünü göstərmək vasitəsi ola bilməz? Boş söhbətlərdir. Əvvəlcə kitaba cazibə yaratmalıyıq. O insanlar hiss eləməlidi ki, kitab "qız tutmaq" üçün təsbehdən, it gəzdirməkdən daha yaxşı vasitədi, kitabın ərə getmək üçün qağayı qaşlardan daha səmərəli vasitə olduğunu hiss eləmədilər.
Sizə kitabın siqaretlə ortaq cəhətini deyim? Hər ikisinə özünü göstərmək, yaxud dəb üçün başlayanlar sonradan onun aludəçisi olur, biləsiniz. Qoy bu adamlar dəb xətrinə sizə qoşulsunlar, sizin işiniz bura qədərdir, bir müddət sonra kitab özü onları ağuşuna alacaq.
Oxuduğunuz kitabları özünüzlə götürün və bilərəkdən avtobusda, metroda unudun. Ehtimal ki, onu tapacaqlar. Kitabdan qorxan biri tapsa, hesab eləyin ki, bu xalq üçün nəsə eləmisiniz. Narahat olmayın, mütləq kimsə o kitabı oxuyacaq. Həm də bir müddət sonra elə həmin avtobusdakı, küçədəki hərəkətlərdən kitablarınızın oxunub-oxunmadığını dəqiq biləcəksiniz...
Kitab hədiyyə eləmək gözəl addımdı, amma heç bir hədiyyə nəsə tapmaq qədər cazibəli ola bilməz...
Kitablarınızı itirin!
Qoyun tapsınlar. Onlar sizin itirdiyiniz kitabları onsuz da hədiyyə kimi qəbul eləyəcəklər... Allahın hədiyyəsi.