Qoca yazıçılara nəsihət

Qoca yazıçılara nəsihət
5 noyabr 2015
# 13:09

Bu yazını yazıçı Anar müəllim üçün yazdım, çatdırın mümkünsə...

Müəllif

İdarəçilik həvəsində olan qocalar azad gəncləri sevməzlər. Bu, bir qanunauyğunluqdur.

Amma müdrik qocalar qocalığa xas bu mənfi keyfiyyətə çox da qapdırmazlar özlərini. Götür-qoy edərlər, aşağı-yuxarı baxarlar, çalışarlar ki, qocalıq eqoları ilə həqiqət arasında uçurum əmələ gəlməsin. Əslində, ruhu cavandır ifadəsinin dərinliklərində bax bu hikmət vardır. Azad ruhlu gəncliklə nə qədər həmfikirsinizsə, o qədər gəncsiniz. Bu, yaş məsələsi deyil. Sözün təkcə məcazi yox, müstəqim mənasında da gənclik yaşla bağlı olmaya bilər. Məsələn, yaltaq cavan ruhunu satmış sayılır və onun bu satılmış ruhu özünə nə verir ki, yaşlı insan ona bənzəməklə nə qazansın? Ondansa elə öz qoca ruhunu daşıman daha məqsədəuyğundur.

Bəli, qoca adamların fikirləri, həyata münasibətləri təbii olaraq köhnəlir və yeni tendensiyalarla ziddiyyət təşkil edir. İçindəki təmizliyi, saflığı, yəni “gəncliyi” qorumayan qocalar azad ruhlu yeniliyə qarşı aqressiv olurlar. Onlara imkan daxilində pislik eləməklə yanaşı, yaltaq-yultaqları başına toplamaq, irəli çəkməklə gənclikdən qisas alırlar. Bax o zaman qoca adamın daxilində onun Tanrıdan olan işığı yox, İblisdən olan qaramatı böyüməyə başlayır.

Könlünün taxtına iblisi çıxaran qoca ədəbiyyat adamıdırsa fəlakət kuba yüksəlmiş sayılır. Zira əlində qələm olan qoca imtina mədəniyyətiylə Tolstoya, Nizamiyə doğru getməlidir, qamarlamaq ehtirasıyla Firona, Qaruna doğru deyil.

Bu yazım çoxuna, xüsusən mübarizə əzmini itirmiş bəzi gənclərə sadəlövh görünə bilər: camaat nə hayda, bu nə hayda! Elə deyil. Son ana qədər insana, insanlığa olan inamı itirmək olmaz. Bu hər şeyin sonu olardı. İnsanlığa son ümid tükənibsə yeganə yol intihardır. “Əşşi, boş ver, onsuz da düzəlməz heç nə” – qorxaqlığın, müqavimət hissini, etiraz ruhunu, hətta mənliyi və şəxsiyyəti qeyb etməyin simptomlarıdır. Əlində qələm tutub “Əşşi boş ver” havasında yaşayan adamlar bu yazını bağlayıb uzaqlaşsınlar lütfən. Onların kiflənmiş mənəvi dünyalarının qoxusu bu virtual uzaqlıqdan belə dəhşətli dərəcədə boğucu gəlir. Püf!

İnsan tamamilə qara rəngdən ibarət deyil.

O, tamamilə şeytanlaşa, içindəki işığı tamamilə söndürə bilməz.

Buna çalışsa belə...

Dünya, o cümlədən ədəbiyyat insanın içindəki o işığa doğru can atmalar hesabına ayaqdadır. Yüz min şeytanlaşmış qocaya bir işıqlı qoca bəs eləyər. Bir işığın hesabına yüz min qaramat həyata tutunar, yaşamağa səbəb tapar, dünyanı bürüyər, ancaq əsla və əsla o işığı söndürə bilməz. Çünki, bu dünyada nəyə əl atsan, görərsən ki, həmin işıqlı həqiqətlər səbəbindən mövcuddur, yalanlar səbəbindən deyil. Su həmişə sıfır dərəcədə donur, yüz dərəcədə qaynayır. Təbiətin aldatdığını gördünüzmü heç?

İnsan, uydurduğu şeytani təmənnalar ilə ən əvvəl özünü aldadır, ən əvvəl özünü qurban edir.

Qoca yazıçı unutmamalıdır ki, azad gəncliyə onun daxilindən gələn qısqanclıq təbiidir. Amma bu qısqanclığın inkişaf edib həsəd, paxıllıq və nifrət həddinə çatmasına imkan vermək olmaz. Gəncin öz səhvini düzəltmək imkanı var, qocanın yoxdur. Şöhrət hissi qoca qələm adamını azad gəncliyə nifrət həddinə gətirirsə, demək o, oxuduğu ciddi kitabların əsl mahiyyətini anlamayıb. Demək, yazdıqları da əsl məqsədə doğru deyil.

Qocalığın gələcəyi yox keçmişi var və qocalıq bu keçmişi gözdən salmaq, hətta üstünə “kres” qoymaq kimi qeyri-adi bir imkana malikdir.

Nizami görün nə yazır:

“Deyirlər, daş köhnələndə lələ çevrilir, amma bu fikir mübahisəlidir. Elə qələm əhli görmüşəm ki, qocaldıqca daha pis olur, dağlı arvadlar kimi deyinməkdən başqa heç bir şey bilmir. Qocalarda yeniyetmələrə qarşı insaf az olur, gənclərə dəstək olmağı sevmirlər. Necə ki, təzə açan gül ətir saçır, qocalanda tikana çevrilir. Təzə üzümdən tutiya olur, ilansa qaldıqca əjdahaya çevrilir. Ağıl qafa tasında qərar tutarkən, köhnə beyni qəbul etməz. Ulduzların rəsədnaməsini tərtib edənlər, köhnə təqvimi ləğv edərlər. Əgər qoca canavarlardan şikayət edirəmsə, mənim Yusifliyimi nəzərə alın...”

Sitat “Sirlər xəzinəsi”nin On beşinci məqalatındandır. Yusif söhbətində Nizami həm cavanlığına, həm də uzaqgörənliyinə işarə edir. Həm də demək istəyir ki, bu fikirlərimə görə məni Yusif kimi quyuya atmaq istəyənlər tapılacaqdır.

Qocalıb bütün bu yazdıqlarımı unudan qələm adamları içlərindəki son işıq damlalarını hökmən qorusunlar. Dəqiq bilmək olmaz, birdən gördün Allah həqiqətən də var və mizan-tərəzi həqiqətən də quruldu.

Onsuz da çıxış yolu yoxdur.

İnanmayanda əlinizə nə gəlir ki?

Sayğılarla, Sizin Yusifiniz...

# 1118 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #