Əminənin satılan saçları

Əminənin satılan saçları
11 dekabr 2014
# 09:00

Oğluma, Üzeyirə...

Çörəyi yerə atmazlar, kitabları dağıtmaq olmaz, adam oyuncaqlarını atanın-ananın başına vurmaz, oğlum! Bu qaşığı da ye, sənə bir əhvalat danışacağam. Nağıl deməyə dilim gəlmir, nağıllar bu qədər qüssəli ola bilməz.

Bunu anan danışıb. Özü də mən ac olanda, mən yorğun olanda, mən əsəbi olanda, mən qaşqabaqlı olanda...

Danışıb, susub, vəssalam.

Bizə qucaq açan bu uzaq və kasıb qəsəbədə bir qadın var. Məsələn, adı Sona. Sonanın evində iki uşağı. Biri qız, biri oğlan. Anan səni qonşuya verib mağazaya düşəndə Sonaya rast düşüb. Binamızın qabağındakı gözəllik salonuna gəlibmiş Sona. Qızı yanında. Tutalım, adı Əminə. Deyək, nənəsinin adını qoyublar. Əminənin uzun-uzun saçları nə saçlar, sünbül-qulac hörükləri nə hörüklər... Bizim bu kasıb qəsəbənin zavallı Sonası o uzun-uzun saçları sığala gələn yerdən öpüb hörüb, hörüb, öpüb, oğlum!

Bilə-bilə ki, onları kəsəcəklər...

Sona gözəllik salonunda işləyən qadına yalvarırmış. Bir az artıq pul versin deyə. Deyirmiş, şəhərdə saçın bir qarışına 50 manat verirlər, deyirmiş, məcburam satmağa, deyirmiş, uşağım xəstədir, deyirmiş, 30 azdır, heç olmasa, 40 elə, deyirmiş, saçı ancaq boynunun ardından kəsə bilərsən, çox yuxarıdan razı olmaram, deyirmiş, Əminə utanar məktəbə getməyə.

Gözəllik salonu qadın 30 deyib durub, boynunun ardından yuxarı olacaq deyib, dediyindən əl çəkməyib. Aparın şəhərə, orda bəlkə 50 manat verələr, bizdə qayda belədir, 50 versəm, dibdən kəsəcəm, deyib.

Onda tək Əminə utanmayıb ki. Sona da utanıb, anan da utanıb, ananın əlində sıxdığı 20 manat da utanıb, sənə almaq istədiyi nəm salfetlər, pamperslər, şirin kökələr, bir qab duru yağ, bir kilo düyü, bir toyuq, bir banka qatıq da utanıb...

Utanıb oğlum, utanıb! Ay adamlar heyy, ay adamlar heyy, deyib, utanıb, utanıb, deyib!

Sona sünbül hörüklü Əminənin əlindən tutub aparıb şəhərə.

O günün səhəri gözəllik salonu qadının oğlu, əri, bacısı nəvəsi qara bayraqlar götürüb Binədən Nardaran məscidinə İmam Hüseynə ağlamağa gediblər.

Bunu yəqin bilirəm: İmam Hüseyn özü Əminənin sünbül saçlarına ağlayardı!

Bu məmləkətdə çörəyi yerə atarlar, kitabları dağıtmaq olar, adam oyuncaqlarını atanın-ananın başına vurar, oğlum! Hələ o yana da keçər!

Görəsən, Əminənin o ipək saçları hansı qadının saçına qarışdı?!

İstəyirəm, Əminənin evdə xəstə yatan qardaşı sağalan kimi əlinə bir daş götürüb o gözəllik salonunun şüşəsini sındırsın, bağırsın bağıra bildiyi qədər:

- Qaytar bacımın saçlarını, qancıq!

# 1324 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
# # #