Sənə ən yaxın divar

Sənə ən yaxın divar
25 may 2013
# 09:15

Adam yazıq olanda sığındığı divar da onu ovundura bilir. Heç başını divara söykəyib ağlamadınmı? Xatırla ...

Zəif düşüb ağlayanda alnını dayamaq üçün ən asan tapılan çiyin divardı. Sənə ən yaxındakı divar. Fərq etməz, kimin divarı. Yetərki əlin çatsın, alnına sıxasan... Sıxırsan və ürəyindəki daşı alnındakı daş yüngülləşdirir...

Dünyanın hər yerində divar var. Ev divarı, həbsxana divarı, dövlət divarı.

Əslində bunların hamısı irili-xırdalı teatr divarlarıdı...

Dünyanın hər yerində alnını söykəməyə divar var...

İstədiyin vaxt, istədiyin yerdə alnını daşa dayaya bilərsən demək. Kimsə desə ki, bəs qumlu səhralar? Orda ki, divar yoxdu? Deyəcəm, səhra iki yaşayış məntəqəsi arasında ən böyük divardı əslində...

Alnını dərddən divara dayayıb gözlərini yumursan. Yumursan və düşünürsən ki, indicə sərinlik gətirən əslində dərdinin baş daşıdır...

Məzar başına getməyə imkanın olmadısa, eyb etməz. Bir sakit divar tap (evdə və ya çöldə, fərqi yox) alnını daya, gözlərini yum. Və düşün ki, bu sənin hansısa bir itkinin baş daşıdır... Məsələn, Ananı itirmisənsə, Onun baş daşıdır alnındakı (məncə, baş daşları bu dünya ilə o dünya arasında ən canlı divardı)....

Sonra istədiyini pıçılda... Sonra sus. Sonra çevril, gözünü aç və get...

Amma dərdindən imtina etməyi heç ağlına da gətirmə. Əksinə, hara getsən onu özünlə götür.

İnsanı insan olaraq saxlayan onun dərdidir, biləsən. Özü də uzun sürən dərdi. Təxminən sağalmayan dərdi...

Bəzən dərd də qadın sinəsi kimidir. Sığınırsan, ovudub uyudur səni...

Ayılanda görürsən yağış yağır. Oturub baxırsan, baxırsan və gözlərini silib növbəti dərd, daş, yağış anına qədər bir az mutlu olursan...

Sonra yenə divar...

Olsun. Onsuz da həyat daş divarlardan ibarətdir. Hətta o divarlar ağacdan olsa belə...

Amma əslində bizə ən yaxın teatr divarı alnımızdı. Üstünə çıxıb, üzərindəki yazını oxuya bilməsək belə..

# 3659 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
# # #