Bacı, məni unutma

Bacı, məni unutma
29 aprel 2013
# 12:08

Arxası «Stol üstə yumurta, bacım, məni unutma» kimi kövrək qafiyəli yazılar olan ağ-qara şəkillərimiz saralmaq üzrədir. Bir az da keçəcək, kiməsə onları göstərib «adı yadımdan çıxıb, uzaq qohumumuz idi» deyəcəklər.

...Zamanın qarşısında farağat dayanmışdıq sanki. Fotokameralardan quş çıxacagına inanmışdıq. İstər gözün qapalı oldu, istər saçın üzünə düşdü. Alıb baxmaq nəydi, düzəltmək nəydi - Olan oldu, düşən düşdü.

Biz anın hökmünü aydın dərk edirdik - bu farağatlıq ondan idi. Biz zamanın qarşısında belə dururduq...

Şəkil çəkdirmək, adi bir şey deyildi, biz bəzən də birovuz aldığımız paltarların yadlığından gərginləşib donardıq. “Aman gözüm bağlı düşməsin”, “Görəsən necə çıxacaq?”. Sonra da dırnaqlarını ovcumuza sıxdığımız tərli əllərimizi açıb həyəcan içində qaçardıq: “Biz indicə şəkil çəkdirdik”...

Sonra video kameralar gəldi, amma buzumuz hələm - hələm açılmadı. Kamera toy evinin deyən gülən adamlarını susdura-susdura gedirdi.

Arabir operator deyirdi- «ay xala, bir danışın, niyə donub qalmısınız?» Onda arvadlar bir ağızdan səs-səsə verib «xoşbəxt olsunlar, oğullu qızlı olsunlar, qoşa qarısınlar» deyir və başladıqları kimi qəflətən susardılar. Biz kameralara belə düşdük.

Əllərimizdə telefon kameraları- düyməni basdığımız an çəkə-guya əlimizdə olan zamanı saxlaya bilərdik, amma o əlimizin altından axıb getdi, qum kimi ələgəlməz oldu.

Biz yavaş-yavaş laqeyd seyrçiyə çevrildik. Baxdıq, baxdıq və inandıq ki, kameralar çəkəcək –insanlar deyəcək- güləcək, yaralanacaq, göz görə-görə öləcək amma o quş çıxıb kimisə xilas etməyəcək.

Silahı uşağa tuşlayacaqlar, uşaq daldalanacaqda gizlənmiş kameranın obyektivinə baxacaq; quş çıxmayacaq, kamerasa güllə səsini arsız-arsız imitasiya edəcək- “çıqqqq.”... Dəhşətli bir zarafatmış kimi... (bu fotoqrafiya haqda məşhur və qısa bir filmdəndi-yüz belə əhvalatın yaxşı çəkilmiş bir nümunəsi)

Bizsə hələ çox belə şəkillərə baxacağıq, çox da şəkillər çəkdirəcəyik. Şəkillərdə yenə adətimiz üzrə şəkillərdə ağzımıza su alıb susacağıq... Unudulacağıq... Və haqq olacaq bizə...

# 3691 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
#
#
# # #