Bon apetit

Bon apetit
17 oktyabr 2014
# 12:51

İlk dəfə “nuş olsun” sözünü eşitdiyim günü yaxşı xatırlayıram. Küçəmizdə yaşayan bir uşaq evlərindən pul oğurlamışdı. Bizi apardı univermağa. Şirniyyat şöbəsindən çoxlu şirniyyat aldıq. Şirniyyat şöbəsində iki-üç dəyirmi masa vardı. Aldığımız şirniyyatları masalardan birinin üstünə düzdük. Özümüz də oturduq masanın arxasında.

Kakaodan içib şirniyyatlardan yeməyə başladıq. Filmlərdə belə səhnələr olur. Bəzən uşaqların əllərinə hardansa pul keçir, onlar da ürəkləri istəyən təamlardan alıb işin sonunu düşünmədən xoşbəxtcəsinə yeyirlər.

Biz bilirdik ki, bu işin axırı yaxşı olmayacaq. Uzağı axşam səs-küy qopacaq. Bizi döyəcəklər. Söyəcəklər. Qarğış edəcəklər. Özü də həmin uşaq atasız idi. Onu anası böyüdürdü, amma buna baxmayaraq biz yenə də alınan şirniyyatları iştahla yeyirdik.

Şirniyyat şöbəsinə iki qız girdi. Geyimlərindən, yerişlərindən yerli qızlara oxşamırdılar. Hardansa başqa yerdən gəlmişdilər. Qızlar bizi gördü. Dörd uşaq masa arxasında oturmuşdu. Qabaqlarında da çoxlu şirniyyat. Yəqin ki, bu mənzərə onlara maraqlı gəldi. Çox güman biz kənardan maraqlı görünürdük. Qızlardan biri gülümsədi və bizə “Nuş olsun” dedi. Bu sözün mənasını başa düşməsəm də bildim ki, nəsə yaxşı söz dedi. Həyatımda ilk dəfə “Nuş olsun” sözünü o vaxt eşitdim. O vaxtdan əvvəl hardasa kimdənsə “Nuş olsun” sözünü eşitməyim yadıma gəlmir. Adətən adamlar bir başqasını yemək yeyən zaman gördükdə ürəkdən ya da söz xətirinə “gəl qonaq ol” və yaxud da əgər evlidirsə “qayınanan səni çox istəyir”, əgər evli deyilsə subaydırsa “qayınnanan səni çox istəyəcək” deyirdilər. Deyilənə görə lap əvvəldə yaşlı adamlar birini yemək yeyən zaman gördükdə “iştahlı ol” deyərmişlər.

Sözün açığı “Nuş olsun” sözünə bu günə qədər qulağım alışmayıb. Bu sözü eşidəndə bilmirəm nə cavab verəm. “Bon apetit” sözü mənə daha doğma gəlir. Bəlkə də biz əvvəldən “Nuş olsun” sözünün əvəzinə “bon apetit” ifadəsini işlətsəydik hadisələr başqa cür cərəyan edərdi. Müharibə olmazdı. İsa Şahmarlı intihar etməzdi. Yığmamız Xorvatiyaya 6:0 hesabıyla məğlub olmazdı. Çox istərdim ki, adamlar bir başqasını yemək yeyən zaman gördükdə “Nuş olsun” sözünün əvəzinə “Bon apetit” sözünü işlətsinlər.

# 4715 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
# # #