Rasim Balayev kino üçün nə edə bilər?

Zamin Hacı

Zamin Hacı

2 iyun 2022
# 09:00

Kulis.az Zamin Hacının "Babəkin sədr qoyulması" yazısını təqdim edir.

Hesablama Palatasının qoşun çəkib kinoçəkənlərin üstünə getməsi, dövlətin kinoya ayırdığı 6 milyon büdcə manatının tam yarısını kəsməyi tələb etməsi fonunda Azərbaycan Kinematoqrafiya İttifaqına məhz ünlü aktyorumuz Rasim Balayevin sədr seçilməsi cavab addımı sayıla bilər. Rasim müəllim qılıncını sıyırıb palatanın Xaqani küçəsində, keçmiş müxalifət qəzetinin turp əkilmiş redaksiyasının yerində Bəzz qalası kimi duran qərargahına hücum edər. Ac aktyorları, yalavac rejissorları, küçədə qalmış (sözün yaxşı mənasında) aktrisaları başına toplayan Babək uca Şirvinin ruhunu köməyə çağırsa bəsdir – kinoya büdcə yardımını kəsməyə kimsə cürət eləməz.

Hərçənd, vaxtilə nəyəsə görə buna bənzər tema açılanda, bir dəcəl, sarıdimdik, güllü koftalı və yaşıl tumanlı müxbir qız “Rasim müəllim, niyə filan haqsızlığa etiraz etmirsiniz, axı siz səhnəmizin Babəki olmusunuz!?” soruşanda dahi sənətkarımız fantastik, unikal, ekstraordinar, ultrakardinal cavab vermişdi: “Ay qızım, mən Babəki oynamışam ey, Babək deyiləm!”.

Nə etmək olar, körpə qəlbli uca millətimiz həmişə teatr və kino sənətinə inanılmaz məhəbbətiylə seçilmişdir, aktyorları oynadıqları rollarla eyniləşdirmişdir. Neçə aktyor bu məhəbbətin qurbanı olmuş, yataqda acından ölmüşdür.

Rasim müəllim kino üçün daha nə edə bilər? Məncə bunun sirrini sədr seçkisi iclasında aktrisa Həmidə Ömərova yaxşı izah etdi: “Rəhmətlik Rüstəm İbrahimbəyov həmişə iclaslarda üzünü Rasim Balayevə tutub danışırdı”.

Mühüm arqumentdir, indi tutmasın, əlbəttə. Mən bu cür superelektoral, psevdodemokrat arqumentin qabağında köləyəm. Heç kim Həmidə xanımın daşdan keçən sözünə qarşı çıxa bilmədi. Nə deyəsən? Üzünü ona tuturmuş!

İndi biz diqqət eləməliyik ki, Rasim müəllim danışanda üzünü kimə tutur. Məsələn, mənə elə gəldi Sevda Sultanovaya baxıb danışır. Hər halda, tarix üçün, mədəniyyət salnaməmiz üçün bunları qeyd eləyib saxlamaq vacibdir.

Rasim Balayevin son rollarının əsasən milis, polis rəisi olması, mənfi rolları çox oynaması da sədr təyinatında önəmli rol oynaya bilər. (Rol oynaması rol oynadı – fısqırıq cümlədir, qədrimi bilin. Onu da qeyd edim ki, mən həmişə kafedə yeyib-içəndə Seymur Baycana üzümü tutardım). Kino cameəmiz – təbrik edin, axır ki, bu zəhləmgetmiş ifadəni yazmağa fürsət tapdım – ümid edir Rasim müəllim öz rəislik qabiliyyətini kino sahəsinə yönəldəcəkdir və “qızım, mən rəisi oynamışam ey...” deməyəcək.

Yazının bu yerində mütləq “Rəisim” mahnısından bir kuplet oxunmalıdır. Oxuculardan dərmanlı çiyələk yeyib zəhərlənənlərin qusması üçün.

Ancaq kino sənətimizə maliyyə tapmaq, kinonu inkişaf etdirmək üçün büdcədənkənar imkanlar da çoxdur. Bunlardan birini keçmiş MTN generallarının qurbanları – biznesmen, bankir və məmurlar təzəlikcə açıqladılar. Onlar deyir pul yığırıq, başımıza gələn faciələr haqda “Çaqqallar vadisi” adlı kino çəkdirəcəyik.

Doğrudan da, niyə olmasın? Orda elə adam var, MTN-də 10 milyon manatını alıblar. Hazırda qaloşda gəzir, Neftçalada vaqonda qalır. Başqasının bankı əldən gedib, içindəki milyonlarla birgə. Üçüncüsünü ticarət mərkəzindən tutub aparıblar və sairə. Bu yoldaşlar hamısı potensial prodüserdir. Hətta təklif edirəm Ağır Cinayətlər Məhkəməsində elə işi soyutmadan, dərhal prodüser mərkəzi yaradılsın, hakim və prokurorların sənət üçün təklifləri dinlənilsin. Prodakşn da Ali Məhkəmədə olar. Sonra göndər Strasburqa, festivala.

Kino həyatla səsləşəndə maraqlı olur. Yadınıza salın, “İstintaq” filmi keçmiş ittifaq miqyasında səs-küy salan azsaylı filmlərimizdən biri olmuşdu.

Sözgəlişi, Kalyagin də sappasağ durur və bir suyu Eldar Mahmudova oxşayır. Dəvət edin, çəkilsin. İmtina üçün hansısa əsas görmürəm.

Nəhayət, bizdə iki dənə kinematoqrafiya ittifaqı var və belə görünür onların arasında qırğın-dava səngiməyəcəkdir. Xüsusən nəzərə alanda ki, o biri ittifaqın katibi Ayaz Salayev Rasim müəllimə biət eləmək fikrindən uzaqdır. Və Ayaz müəllimin üstəlik “Azərbaycanfilm” daxilində ekspert şurasına sədr qoyulduğunu da düşünsək, kinomuzun görəcəkli günləri hələ qabaqdadır. Ayaz müəllim Rasim müəllimin tayfasından olan rejissorlara büdcə vəsaitindən qoz qabığı verəcək. Yazıq Rasim müəllim... Onun tikəsi həmişə aslan ağzından çıxıb. Dəri soyma aktları da gözləyirəm.

Təklif edirəm bu iki ittifaqın davası serial kimi çəkilsin. Camaatı ekran qabağından yığışdırmaq olmaz.

# 1762 dəfə oxunub

Oxşar xəbərlər

# # #